“Ruhumda geyşalıq var” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Ruhumda geyşalıq var” - Fotolar

Türkiyənin ən gözəl qadınlarından biri də Burcu Esmersoydur

Türkiyənin ən gözəl qadınlarından biri də Burcu Esmersoydur. Sarı saçları, mavi gözləri, ideal bədən quruluşu ilə digər gözəllərin arasında dərhal seçilir. Əvvəllər idman xəbərlərinin aparıcısı olan Burcu məşhur produser Acun İlıcalının verilişlərində aparıcılıq etdikdən sonra daha da populyarlaşdı. Evlənib boşanması, fərqli dünyagörüşü, qeyri-adi davranışları və seksuallığı ilə daim gündəmə gəlməyin bir yolunu tapan bu gözəl qadını daha yaxından tanımağın maraqlı olacağını düşündük. Odur ki, bu dəfə tabloid.az-ın “Şirin söhbət”inə məhz Burcu Esmersoyun maraqlı açıqlamaları ilə yaddaqalan müsahibəsini təqdim etməyə qərar verdik.

- Bu gözəllik kimdən miras qalıb sənə, anandan yoxsa atandan?

- Anam məncə gözəl qadındır. Göz və üz quruluşumu ondan almışam. Digər fiziki xüsusiyyətlərim və xasiyyətim təəssüf ki, atamdan mirasdır.

- Niyə təəssüflənirsən ki?

- Çünki atam çox sərt, kobud insandır.

- Məndə heç sərt bir insan təəssüratı yaratmadın.

- Sənə qarşı elə olmaya bilərəm. Ancaq məni tanıyanlar kinli və soyuqqanlı olduğumu düşünürlər.

- Haqlıdırlar?

- Xeyir, çünki insanların kin kimi başa düşdükləri məqamları mən özümə olan güvənimin əlaməti hesab edirəm.

- Burcu Kamilə Esmersoy həmişə belə özünə güvənən bir qadın idi?

- Kamilə haradan çıxdı? (gülür)

- O sualı mən verməliyəm. Necə olub ki, adını Kamilə qoyublar?

- Əvvəllər elə bir adət var imiş. Ailələr uşaqlarına doğulduqları xəstəxananın adını verirdilər. Mən də Zeynep Kamil xəstəxanasında dünyaya gəlmişəm deyə, adımı Kamilə qoyublar.

- Uşaqlığın necə keçib?

- Anamla atam mənim hələ 3-4 yaşım olanda ayrılıblar. Ondan sonra yaşadıqlarım bir az cəfəngiyata oxşayır.

- Necə yəni?

- 30 il əvvəldən bəhs edirəm. Ərindən boşanan anam bacımı və məni götürüb atasının evinə qayıdıb. Ancaq nənəmlə babam deyiblər ki, “bu uşaqlara ərinin ailəsi baxsın”. Anam da bizi geri qaytarıb. Bizi düz 17 il axtarmayıb.

- Bəs atan?

- Bu qərarı anamla birlikdə alıblar. “Uşaqlara mən baxa bilmərəm, sən bax” deyə uzun-uzadı dava-dalaşlardan sıxılıb axırda bizi nənəmizlə babamızın himayəsinə qoyublar. Yəni mənim əsl valideynlərim nənəm və babam olublar.

- Bəs indi ananla, atanla münasibətin necədir?

- Atamla görüşmürəm. Anamla isə aramızda çox qəribə bir bağlılıq var. Məsələn, anam əlini kəssə, kilometrlərlə uzaqda olsam da, hiss edirəm. Ancaq birlikdə olanda danışmağa mövzu tapa bilmirik, onunla söhbət edə bilmirəm.

-Bəlkə ona hələ də əsəbisən?

- Yox, əsəbilik, ya da küsülülük deyil. Sadəcə olaraq uzun illər onunla heç nə paylaşmadan böyümüşəm, onunla danışmağa, dərdimi bölüşməyə alışmamışam, ona görə aramızda həmişə soyuqluq var.

- Sevgililərinin atana oxşamasını istəyərdin?

- Hər qız öz atasına oxşayan sevgili axtarır. Bəlkə mən də eləyəm. Əslində bəyəndiyim kişidə ataların hiss etdirdiyi gücü və güvəni axtarıram.

- Evliliyin niyə qısa çəkdi?

- Keçmiş ərim anama çox oxşayırdı, ona görə də ayrıldım. Atama oxşayan kişilərlə isə xoşbəxt oluram.

- Amma keçmiş ərin Massimo medianın marağı üzündən çox şıltaqlaşdığını və özünü Ancelina Coli zənn etdiyini, bu səbəblə səndən boşandığını deyirdi...

- O məndən boşanıb? (qəhqəhə çəkir)

- Hazırda sevgilin Sami Kiresepi ilə eyni evdə yaşayırsan?

- Sami mənim evimin yaxınlığındakı binada oturur. Mən bir insanla eyni evdə yaşamağın çox çətin olduğunu düşünürəm. Hətta evli olduğum vaxtlarda belə bu, məni narahat edirdi.

- Evlilik elə eyni evdə yaşamaq demək deyil?

- Bəzən insan yalnız qalmaq istəyir. Bir insanla sevgiliyəm deyə şəxsi həyatımın olmaması mənə çox qəribə gəlir. Məncə kiminlə münasibət qurmağımdan asılı olmayaraq iki tərəfin də öz şəxsi sirləri olmalıdır.

- Qısqancsan?

-Yox. “Kimə baxdın, nə elədin, kiminlə yazışdın”, deyə dır-dır edib, kiminsə başının ətini yemək kimi adətlərim yoxdur. Dostlarımı daha çox qısqanıram.

- O necə olur?

- Deyək ki, 4 nəfərdən ibarət dost qrupum var. Dostlarımın mənsiz görüşməkləri xoşuma gəlməz, çox qısqanaram.

- Hər halda sənin kimi gözəl qadının aldadılma qorxusu olmaz...

- Gözəl olmaq aldadılmaqdan siğortalamır. Aldadılaram deyə hər an tikan üstündə oturmuram, amma bunun imkansız olmadığının da fərqindəyəm.

-Burcu Esmersoy necə bir sevgilidir?

- Ruhumda geyşalıq var. Nənəm həmişə babama xidmət edirdi. Hər günorta yeməyindən sonra qəhvəsini hazırlayıb önünə qoyurdu. Bir qadının sevdiyi kişiyə xidmət etməsi çox gözəldir, mən də belə görüb, belə götürmüşəm. Sami ilə oturarkən bir an yerindən qalxmaq istəsə, tez soruşuram ki, “nəsə istəyirsən?” Məsələn, portağalın ağ qabıqlarını təmizlədikdən sonra yedizdirirəm. Belə kiçik jestlər təbiətimdə geyşalıq olduğunu göstərir.

- Həmişə havalı olmaqdan yorulmursan?

- Mən “cool” görünməyə çalışmıram. İbo da dinləyirəm, Dennis Ferrer da dinləyirəm. Məncə havalı olmaq elə olduğun kimi görünməkdir.

- 38 yaşında olduğunuzu eşidəndə insanlar şoka düşürlər.

- Hə, 38 yaşımda olduğuma inanmırlar. Bəzən Əslində özümü 38 yaşında hiss etmirəm.

- Elə bil, illər keçdikcə gözəlləşirsən.

- Üz cizgilərim oturuşur. Həm də özümü tanıdıqca daha çox bəyənirəm və təbii olmağa çalışıram. Məsələn, qaşlarımı qalınlaşdırmışam, daha az makiyaj edirəm, saç rəngimlə oynamıram.

- Ən önəmli gözəllik sirrini bizimlə paylaşarsan?

- Üç ildir ki, Sertap Erenerin də etdirdiyi "radyofrekans" prosedurasına müraciət edirəm. Mən ona dəri ütüsü deyirəm.

- Sarı saçlar və mavi gözlər sənin imzandır. Bəs heç imicindən sıxılıb dəyişiklik etməyi düşünmüsən?

- Bir dəfə saçlarımın rəngini tündləşdirmişdim. Amma bir neçə gün sonra yenə sarıya qayıtdım. Çünki həm özüm bəyənmədim, həm də sevənlərim “özünü nə günə qoymusan?” tərzində mesajlar yazdılar. Sarışın olmaq çox havalıdır. Həm də qarderobumu sarışın bir qadına yaraşan rənglərlə doldurmuşam - qırmızı, göy, narıncı. Saç rəngimi dəyişdirəndə bu paltarların heç birini geyinə bilmədim.

- Yataq otağından daha böyük bir qarderobun olduğu doğrudur?

- Hə, düzdür. Qarderobum sonsuzdur. Paltarlarımı başqalarına verməyi sevmirəm. Ona görə də istifadə etmədiyim libasları belə saxlayıram.

- Bir də əzələlərin məşhurdur.

- Davamlı olaraq idmanla məşğul oluram. Mən idmandan həqiqətən zövq alıram. Gündə 4 saat idman etdiyim vaxtlar olub.

- İnsanların səni evləndirmək üçün əlləşməklərinə nə deyirsən?

- Artıq vaz keçiblər. Kimi “Mütləq uşaq doğmalısan” deyir, kimi də “Ailə qurmalısan”. Amma unutduqları bir şey var ki, mən evdə qalmamışam, bir dəfə evlənib boşanmışam. Artıq necə xoşbəxt olacağımı bilirəm.

- Bəs birdən olsa, necə bir evlilik təklifi istəyərsən?

- Təbii ki, yük maşını ilə evimin qapısına güllər tökməsini gözləmirəm. Amma futbol matçında, hamının gözü qarşısında evlilik təklifi edənlər çox xoşuma gəlir.

- Kişi olsaydın, kimə oxşamaq istəyərdin?

- Metyu Makkonahini çox bəyənirəm. Həm fiziki baxımdan yaraşıqlıdır, həm yaxşı aktyordur, həm də həyat yoldaşına qarşı çox diqqətcil olduğu üçün onu çox sevirəm. Türkiyəli kişilərdən Fatih Terimi və Kıvanç Tatlıtuğu çox bəyənirəm. Kıvanç həm yaraşıqlıdır, həm də sevdiyi qadının arxasında dura bilən mərd adamdır. Mən İbrahimoviçə bənzəmək istəməzdim, amma onu da çox bəyənirəm, yəqin ki, onunla qarşılaşsam, dilim-ağzım quruyar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm