İradə: “Ərimlə psixoloqa getdik” - Fotosessiya
Bizi izləyin

Tabloid.az

İradə: “Ərimlə psixoloqa getdik” - Fotosessiya

Gəlişim çox suallar yaratdı

Azərbaycan estradasında məhşurluğunu qoruyan və “Sənələr” mahınısı və klipi ilə sənətindəki uzun fasiləyə son qoyan müğənni İradə İbrahimova tamaşaçısına silsilə yeniliklər vəd edir. İradə xanım tezliklə sevənlərinin konsert intizarına da son qoyacaq. Tabloid.az-a müsahibəsində sənətçi həm planlarından, həm də ailəsində gözlənilən şad xəbərdən danışıb:

- Bacım Nigar bu ay ana olacaq. Sonadan sonra yenidən xala olmağın sevincini yaşayacam. Dəstək üçün o an bacımın yanında olacam. Bu il üçün çoxlu planlarım da var. Konsert verməyi düşünürəm. Bundan başqa, yeni mahnılar da hazırlayıram. Yaz aylarında “Olmamalıydı” mahnısına çəkilən klip yayıma buraxılacaq. Bir sözlə, planlar çoxdur.

- Ötən həftə Türkiyəyə getmişdiniz. Bakıya qızınız İpəksiz qayıtdınız? Burda olduğunuz müddətdə ayrılıq sizə, xüsusən, övladınıza çətin olmayacaq?

- İpəyi darıxmağa qoymayan atası, nənəsi var. Həm məktəbəqədər hazırlığa gedir. Dayəsi var. Bu səhər “skyp”la danışmışıq. Kefi kök idi. Hələ mənə mahnı da oxudu. Dedi: “Ana mən də müğənni olacam”. Ona dəstək verəcəyimi, hər bir seçimində yanında olacağımı söylədim. Bir-birimizə çox istədiyimizi bildirdik.

- Bakıya tez-tez gəlməyiniz həyat yoldaşınızla münasibətinizə pis təsir göstərməyəcək?

- Şox şükür, Ceyhun hər bir qərarıma hörmətlə yanaşır. Mən işlərimin qızğın dövründə sənətimə fasilə verib, özümü ailəmə həsr etdim. Övladımı böyüdüb, ona düzgün tərbiyə verə bildim. Onun nəticəsidir ki, İpək qızım 5 uşağın içində seçilir. O, yaşının az olmasına baxmayaraq, anasının ara-bir ondan uzaq olacağını anlayışla qarşılaya bilir. Ona mənimlə yanaşı, atası, ailəm də sevgi göstərir. Bir də qızıma başa saldım ki, Bakıda olduğum müddətdə ona istədiyi sevgini göstərməyə bilərəm. Çünki hər gün neçə çəkilişə gedirdim, vacib işlərim olurdu. Nəticədə də diqqətdən kənarda qalırdı. Odur ki, Türkiyədə olması məsləhətdir. Düzdü, razılaşdı, amma bəzən narazı qaldığı anlar da olurdu. Türkiyədə məni daim məşğul bir insan kimi görmədiyi üçün burada işimin çox olmasına alışması da asan olmadı. Ancaq bu vəziyyətə öyrəşməsini asanlaşdırmaq üçün də, ayrılığın asan keçməsi üçün də arada onu da özümlə gətirəcəyəm.

- Türkiyə İradəni neçə dəyişdi?

- Türkiyə sözün yaxşı mənasında məni çox dəyişdirdi. Düzdü, ilk vaxtlar çətinlik çəkdim. Əsasən də, dil problemim olurdu. Deyilənləri anlaya bilmirdim. Danışanda da sözlərdən yerində istifadə etmirdim. Bir dəfə qayınanama zəng etdim. Amma cavab vermədi. Sonra görüşəndə dedim ki, “zəng etdim, telefonu açmadın”. Əvvəlcə, “zəngini eşitməmişəm” dedi. Sonra məni incitmədən “telefonu açmadın” sözünün mənasını başa saldı. Sən demə, bu, zəngimi gördün, amma cavab vermədin, deməkdir. Əslində isə, “zəng vurdum, amma məşğuldunuz”, - deməliydim. Əvvəllər bu cür yanlışlardan, fərqli yanaşmalardan sıxılsam da, sonradan öyrəşdim. Ana olandan sonra isə övladım həyatıma yeni rəng qatdı. Səbrli olmağı öyrəndim. Əgər Bakıda ildə 2-3 kitab oxuyurdumsa, orda ayda 3-4 kitab oxuya bilirəm. Bundan başqa, ana olandan sonra da işlərim artdı. Məsələn, psixoloqla görüşüb lazım olan məsləhətlər aldım. Övladıma ən yaxşı olanı öyrətmək üçün bunu özümə borc bildim. Ətrafımda gördüyüm ən yaxşı olanları mənimsəməyə çalışdım.

- Sizdən çox, həyat yoldaşınızın arıqlamağı insanlarda təəccüb yaratdı. Sizə qədər özü arıqlaya bilmirdi?

- Anası Ceyhunu 9 yaşından diyetoloqlara aparıb. Amma bu, cüzi şəkildə təsir göstərib. Çünki yemək Ceyhunun xobbisi olub. Mən ailə qurub Türkiyəyə gedəndən sonra Ceyhun bizi ən yaxşı mətbəxi olan restoranlara aparırdı. Menyunu, kimin nəyi yeyə biləcəyini yaxşı bilirdi. Mən onu arıqlamağa məcbur elədim. Əvvəlcə, psixoloq yanına gedib, özümüzü buna hazırladıq. Sonra istədiyimiz nəticəni ala bildik. Mənin arıqlama pəhrizimi öyrənmək istəyən çoxlu insan var. Bu məqsədlə mənə çox yazırlar. Amma pəhrizimi paylaşmıram. Çünki bu, düzgün deyil. Mənim vücudum, kilom üçün yazılan pəhrizi başqalarının tətbiq etməsi doğru deyil. Bu pəhriz başqasına zərər verə bilər. Ancaq mənim bu davranışımı çoxları düzgün qiymətləndirməyib paxıllıq kimi qəbul etdi.

- Sənətdə olduğu üçün mətbəxdən, ev işlərindən maksimum uzaq olan İradə xanıma Türkiyədə ev xanımı olmaq çətin olmadı?

- Yox. Evimdə köməkçim olmasına baxmayaraq, mətbəxdə bişirmək həvəsim günü-gündən artdı. Həm türk, həm də digər mətbəxlərin təamlarını məharətlə bişirib süfrəyə gətirə bildim. Baxmayaraq ki, burdan ora təcrübəsiz getmişdim. Əlimin duzu var, deyirlər.

- İradə Türkiyədə rahatdı, ya burda?

- Mənim ruhum orda daha rahatdı. Burda qarışıqlıqdı. İnsanların diqqətini daim öz üzərimdə hiss edirəm. Geyimin, makiyajın, ətrafa yanaşmanda qüsur olmamalıdır. “Instagram”da bir foto paylaşıram, dərhal müzakirəyə çevrilir. Ən xırda detal belə böyüdülür. Türkiyədə bu cəhətdən sərbəstəm.

- Həmkarlarınız yenidən sənətə qayıtmaq xəbərini necə qarşıladı?

- Əslində, gəlişim çox suallar yaratdı. Bir misal çəkim... Kəndə qonaq gedəndə, ilk maraqlandıqları nə vaxt qayıdacağım, neçə gün qalacağım olurdu. Bilirəm ki, bunu bizi istəmədikləri üçün deyil, onlarla nə qədər vaxt keçirəcəyimizi bilmək üçün soruşurdular. Amma bir tərəfdən düşünəndə, yaxşı səslənmir. Hər halda az-az gəlib, tez getdiyim üçün belə suallar yarandı. Hərdən də “birdəfəlik gəlmisən?”, - deyə soruşanlar da olur. Sualların qoyuluşuna baxmayaraq, məni görən sevindi, boynuma sarıldı. Yəni, xoş münasibət görürəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm