AXC iqtisadiyyatının prioritet istiqamətləri
Bizi izləyin

Təhlil

AXC iqtisadiyyatının prioritet istiqamətləri

1918-20-ci illərdə mövcud olan və cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hər bir azərbaycanlının qürur mənbəyidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq tarixi uğurlara imza atan Cümhuriyyət iqtisadi uğurları ilə də yadda qaldı.

AXC dövründə də neft ölkə iqtisadiyyatın aparıcı sahəsi idi. O zaman neft həm də dünyada aparıcı mövqeyə malik idi. Bunu çox gözəl anlayan hökumət üzvləri dünyanın neft bazarı ilə bağlı məlumatlar əldə edir, təhlillər aparırdı.

Azərbaycan neftinin alıcısı ilk illərdə Rusiya olsa da, sonradan Avropa ölkələri də bu prosesə qoşulub. Rusiyada inqilab nəticəsində Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu. Neft ixracının artması ölkəmizdə bütün istehsalat sahələrinin inkişafına təkan verdi.

Qeyd edək ki, demokratik respublikanın mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə isə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.



Neft Azərbaycanda ixracatın əsas mənbəyi olduğundan hökumət onunla əlaqədar əvvəlki dövrlərdə olan iqtisadi əlaqələri bərpa etməyə çalışırdı. Rusiya bazarı respublika üçün itirildiyindən bütün diqqəti Azərbaycanın dünya bazarına neft ixracına imkan verən Bakı-Batumi neft kəmərindən istifadə etməyə yönəltmək lazım gəlirdi. Bu kəmərin taleyi çox mürəkkəb idi. Onun tikintisinə hələ XIX əsrin sonlarında - 1897-ci ildə başlanmış, 1907-ci ilin iyulunda isə başa çatdırılmışdı. Ümumi uzunluğu 830 kilometr olan neft kəməri Zaqafqaziya dəmir yolu boyunca uzanıb gedirdi. Bakı neft sənayeçiləri onun inşasına lap başlanğıcda etiraz etmişdilər. Uzun və gərgin mübarizədən sonra Zaqafqaziya Dəmir Yolu İdarəsinə Bakı-Batum magistral boru xəttini yol boyu inşa etməyə icazə verilmişdi. Amma bu dəfə kəmərlə ağ neftin nəqli nəzərdə tutulduğundan onun inşasına neft sənayeçiləri etiraz etmədilər. Çünki bu halda Bakı neft emalı zavodları sahiblərinə Qara dəniz sahillərində rəqiblər meydana gəlməsi təhlükəsi sovuşur, Bakının mövqeyi neft emalı sənayesi mərkəzi kimi möhkəmlənirdi. Təəssüf ki, sonralar, 1917-ci il iyulun 1-də ağ neft kəməri qara neft kəmərinə çevrildi. Azərbaycanın müstəqilliyi elan olunduğu məqamda neft kəməri işləmirdi və Bakı-Batum marşrutu ilə neftin ötürülməsi yalnız 1918-ci il dekabrın 12-də bərpa olundu. Bunun ardınca 1918-ci il dekabrın 26-da Azərbaycan və Gürcüstan arasında “Azərbaycan dəmir yolunun Zəyəm stansiyasından Gürcüstan dəmir yolunun Saloğlu stansiyasınadək neft ötürülməsinin müvəqqəti qaydaları” haqqında tranzit müqaviləsi bağlandı.

Qeyri neft sahələri - aqrar sektor

Maraqlıdır ki, neft aparıcı sahə hesab olunsa da Azərbaycan daha çox aqrar ölkə kimi tanınırdı. AXC-nin aqrar proqramının əsasını aqrar islahatı haqqında “Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın.

“Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapıb. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.



AXC-nin ilk illərində torpaq məsələsi əvvəlki kimi həllini gözləyən başlıca məsələlər sırasında qalırdı. 1918-ci il iyunun 22-də Azərbaycan hökumətinin aqrar sahə ilə bağlı qəbul etdiyi qərarda Zaqafqaziya Seymi tərəfindən torpaq islahatına dair qəbul edilmiş qanunun icrasının Müəssislər Məclisi çağırılanadək tə­xi­rə salınması nəzərdə tutulmuşdu. Həmin vaxta qədər istər xüsusi şəxslərin, istərsə də dövlətə məxsus olan zəbt edil­miş torpaqların geri qaytarılmasını, torpaq məsələsinə dair tezliklə lazımi məlumatların toplanmasını, bədəl (vı­kup) tədiyələri haqqında məruzələrin təqdim edil­mə­sini, yaxın müddətdə torpaq komissiyalarının yenidən qu­rul­ması və ləğv edilməsi haqqında məru­zə­lərin təqdim olun­masını nəzərdə tutan bu qərar torpaq münasi­bət­lə­ri­nin çözülməsində tələskənliyə yol verilməməsi ilə bağlı idi.

Torpaq komissiyalarının vəzifələrinə torpaq sahəsi əldə etmək istəyən hər bir kənd icmasının, yoldaşlığın, ayrı-ayrı şəxslərin torpaqlarının olub-olmamasının yox­lanması, torpaqla təmin ediləcək şəxslərin sayının, hər bir kənd icması üçün tələbatına uyğun torpaq normasının müəyyənləşdirilməsi, dövlət və xüsusi sahibkar torpaq­larının hesabatının aparılması daxil idi.

Mülkiyyət hüquqları

AXC öz iqtisadi platformasında mülkiyyət plüralizminə xüusi önəm verirdi. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.

AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”. Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi...

Sosial siyasət

Cümhuriyyətin fəaliyyətində sosial yönüm də diqqət mərkəzində olan xüsusi sahələrdən idi. Bu, təsdiq olunan qanunlarda və həyata keçirilən konkret tədbirlərdə özünü göstərirdi. İstiqlalın görkəmli öndərləri olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının sosial-iqtisadi baxışlarında elə bir demokratik cəmiyyətin qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik də aradan götürülsün.

Cümhuriyyət dövründə hökumətin ilk kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi “Hümmət” partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olunub. Peterburq Yol Mühəndisliyi İnstitutunun məzunu olan Şeyxülislamov İstiqlal Bəyannaməsinin qəbulunda iştirak edib.



AXC-nin rəhbərliyi dövlətin sosial siyasətini həyata keçirmək üçün ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatı səviyyəsinin yüksəldilməsinə nail olmaq nəzərdə tutmuşdu. Lakin mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yoluxucu xəstəliklər, keçmiş İrəvan quberniyası ərazisində ermənilərin soyqırımına məruz qalan 150 mindən çox soydaşlarımızın tarixi vətənlərindən didərgin düşərək Azərbaycana pənah gətirməsi, əhalinin çoxluğunu təşkil edən kəndlilərin həyat şəraitini yaxşılaşdırmağın əsas amili olan torpaq məsələsinin həll olunmaması və s. sosial vəziyyəti xeyli çətinləşdirirdi. Belə ağır şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökuməti sosial gərginliyi aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunub və onlardan 10-u sosial sahəni əhatə edib. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilib və onlardan biri 1918-ci il avqustun 28-də verilən “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxanlara xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərib. Birja 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı.

1918-ci il dekabrın 26-da 14 nəfərdən ibarət üçüncü koalisyon hökumət təşkil edilib. Hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Aslan bəy Səfikürdski təyin olunub. Onun rəhbərliyi dövründə hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Parlamentin 1919-cu il yanvarın 21-də qəbul etdiyi qərarla Xalq Cümhuriyyəti hökumətində əmək münasibətləri və onunla əlaqədar digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis edilib. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirib. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alınıb. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişikliklər edilməsi barədə qərar çıxarıb.

Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Üçüncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilib.



Azərbaycan hökuməti milliyyətindən asılı olmayaraq sosial vəziyyəti ağır olanlara yardım göstərirdi. Məsələn, hökumət 1919-cu ildə Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, rus və yəhudi xeyriyyə cəmiyyətinə, erməni və yəhudi milli şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və digər əhali qruplarının saxlanılması üçün xeyli vəsait ayırıb, 1920-ci ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yardım edib.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə təşkil edilən Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabinetində Aslan bəy Səfikürdski Ədliyyə və əmək naziri təyin edilib. Həmin dövrdə inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin əsas prioritetlərini təşkil edirdi. Elə bu məqsədlə parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında işləyənlərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əməkhaqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunlar qəbul edib. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə dair bir sıra qanun və qərarlar qəbul olunub...

Asif Nərimanlı

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm