Təhlil
Georgetown Journal: Azərbaycan enerji inqilabının astanasındadır
Azərbaycan bir neçə il əvvəl təsəvvürü belə mümkün olmayan enerji inqilabının astanasındadır.
Publika.az-ın məlumatına görə, bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini, doktor Esmira Cəfərovanın "The Georgetown Journal of International Affairs" jurnalında dərc olunan məqaləsində deyilir.
Müəllif hesab edir ki, bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək.
Məqalədə qeyd olunur ki, Azərbaycan 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladıqdan bəri neft və qaz ölkənin enerji strategiyasını formalaşdıran əsas ehtiyatlar olub:
"Bir sıra iri transmilli korporasiyalarla birgə Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz borularının tikintisi yolu ilə uğurlu əməkdaşlıq modeli seçib. Bu iki layihə Azərbaycanın enerji ehtiyatlarının nəql olunmasında vacib mərhələdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracından əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəlib və nəticədə Azərbaycanda dövlətçiliyin bütün sahələri son 25 il ərzində çiçəklənib".
Müəllif bildirir ki, dünyada təmiz enerji mənbəyi olaraq təbii qaza verilən önəmin artması ilə Azərbaycan özünü qaz ixracatçısı kimi tanıdıb:
"Cənub Qaz Dəhlizi meqalayihəsi dörd tərkib hissədən ibarətdir: 1) "Şahdəniz" yatağının işlənməsinin ikinci hissəsi; 2) Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi; 3) Trans-Anadolu boru kəməri (TANAP) və 4) Trans-Adriatik boru kəməri (TAP). Layihə enerji ehtiyatlarının mənbə və marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Bu marşrutla Türkiyəyə qaz tədarükü 2018-ci ilin iyununda başlayıb. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji ehtiyatlarının ixracatçısı kimi regional və qlobal statusunun möhkəmlənməsində növbəti mərhələ olub".
Məqalədə qeyd olunur ki, Azərbaycanın bu cür nailiyyətləri ənənəvi enerji mənbələrinin istifadəsi çərçivəsindən çıxmağa, bərpa olunan enerji sektorunun işlənməsinə imkan verdi. / Trend
Müəllif bildirir ki, Azərbaycanda 2017-ci ildə Energetika Nazirliyinə yeni rəhbərliyin gəlişi ilə ölkə daxili enerji istehlakının şaxələndirilməsinə və enerji istehlakının ümumi balansında bərpa olunan enerji mənbələrinin payının artmasına doğru kurs götürdü:
"Azərbaycanda bərpa olunan enerji potensialı təxminən 27 min meqavattdır, bunun böyük hissəsi (23 min meqavatt) günəş enerjisinin payına düşür. Azərbaycanda kommunal xidmətlərin inkişafı üzrə strateji yol xəritəsi 420 min meqavatt gücündə bərpa olunan enerji mənbəyinin yaradılmasını nəzərdə tutur. Hazırda hökumət bu sahəyə yeni investorların cəlb olunması üçün investisiya mühitinin təkmilləşməsi üzərində işləyir".
Məqalədə qeyd olunur ki, Energetika Nazirliyi 2030-cu ilədək ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək artırmağı planlaşdırır:
"Hazırda bu göstərici 17-18 faizə yaxındır. Dekabrın 5-də Prezident İlham Əliyev "Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin icrası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Bərpa olunan enerji mənbələrinin inkişafına ayrılan xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək".
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi








.jpg)


























