Bitmiş layihələr
Anna Axmatova - Üç kralın xanımı
Bu gün Anna Axmatovanın anım günüdür.
Rus mədəniyyətində Anna Axmatova təxəllüsü ilə tanınan
şairənin əsl soyadı Qorenkodur və özünün ilk şeirlərini də bu xanım
öz qızlıq soyadı ilə çap etdirib.
Lakin son dərəcə zabitəli bir adam olan atası öz soyadının ədəbi
mühitdə hallanmasını yasaqladığı üçün Anna özünə başqa bir imza
tapmağa məcbur qalır və bu məqsədlə ulu nənəsinin soyadını götürür.
Beləliklə, “Anna Axmatova” imzası rus və dünya poeziya tarixinə
düşür.
Onun ilk şeirlərində çarəsizlik notları diqqəti çəkməkdədir, çünki
cavan yaşda öləcəyinə özünü inandırıbmış.
Doğma bacılarından ikisi vərəm xəstəliyinə tutulubmuş və ötən əsrin
əvvəllərində bu xəstəliyin müalicəsi imkansız imiş. Həqiqətən də,
qısa müddətdə Annanın bacıları bir-birinin ardınca vəfat edir.
Lakin taleyin əli Axmatovanın qara brilyantını nəinki qırır,
əksinə, görünməmiş sərtlik bəxş etməklə yanaşı, ona misilsiz
cilalar vurur.
“Gümüşü əsr”in təmsilçisi olan şair Nikolay Qumilyovla evlənməsi
Annanın nəhs taleyin pəncəsindən qurtulmasında növbəti işarət
sayıla bilər. Bu gənc qız tanınmış şairin gözünü-könlünü
əfsunlamışdı. Qumilyov bütün varlığıyla bağlandığı bu xanımın
sevgisini qazanmaq üçün əsl cəngavər kimi davranırdı.
Üstəlik, həmin dövrdə o, ən sevilən şairlərdən biri olmaqla, artıq
Blokun da rəqibi sayılırdı. Afrikada ov etməyi sevən, antilopların,
şirlərin və çaqqalların qəniminə çevrilən Qumilyov Annanın
ayaqlarına qapanmağı özü üçün əsla əskiklik saymadığından nikahdan
az sonra öz xanımını Peterburqun kübar aləminə təqdim etmişdi.
Ancaq görün, sonra nələr oldu.
Anna Akhmatova-nın rəsmi, rəssam: Amadeo Modigliani
Az sonra Qumilyovu ikinci plana atan Axmatova şairlikdə Blokla
özü yarışmağa başladı. Balerina fiqurasına və zadəgan
davranışlarına malik bu Şərq gözəlinin təkrarsız obrazı o vaxtkı
Peterburq ziyalılarının əksəriyyətini valeh eləmişdi.
Burnu xəfif donqar olan bu gözəlin portretini bir-birinin ardınca
estet Altman, pravoslav kubisti Petrov-Vodkin, bir qadın kimi
Annanın şöhrətinə qibtə edən Zinaida Serebryakova və formalizmin
təmsilçisi Tışler kətana köçürmüşdü.
Axmatova isə bütün bunlara məhəl qoymadan sənət tacını başında
gəzdirirdi. Annaya görə, söz-sənət mülkünün kraliçası, şairlər
şairi, zövqlər kahini, kişilərin qəlbini ovlayan bir pəri olmaq
sadəcə bir kişinin xanımı, bir ailənin anası, bir evin evdar qadını
olmaqdan daha üstün idi. Odur ki, arvadını sitayiş obyektinə
çevirən Qumilyov artıq özünü gülünc durumda hiss eləməkdəydi.
1910-cu ildə əriylə Parisə səfər edən Axmatova orada aşkar şəkildə
rəssam Amadeo Modilyani ilə məhrəm münasibətlər qurur. Çox qısa
sürən bu eşq macərasının izlərinə biz həmin rəssamın çevik əl
hərəkətləriylə çəkdiyi və Annanın çılpaq halda təsvir olunduğu
rəsmlərdə rast gəlirik.
Görünür, qadının hər cür qandaldan uzaq, sərbəst yaşamaq hüququnu
dəstəklədiyi üçün Axmatova bilərəkdən öz nüfuzuna xələl gələ
biləcəyindən zərrəcə ehtiyatlanmırdı. Həm də Ar-nuvo dönəmində bu
cür davranışlar həm müasirliyin, həm də yüksək dəbin göstəricisi
sayılırdı.
Təxminən əlli il sonra, Zoşşenko və Axmatovanın yaradıcılığı ilə
bağlı partiyanın verəcəyi qərarda Annanın bioqrafiyasındakı bu
macəraya istinad olunacaq, onun cəmiyyətdə özünü “gah rahibə, gah
da fahişə” kimi aparması başına qaxılacaqdı.
1912-ci ildə oğlu Lev Qumilyovun dünyaya gəlməsi Anna üçün müəyyən
problemlər yaradır. Sonralar oğlu (irsən elə anasından aldığı
amansızlıqla) Anna Andreyevnanın günahlarını əfv eləmir,
ictimaiyyət arasında onu “pis ana” adlandırır.
Qadının isə bununla razılaşmaqdan başqa çarəsi qalmır. Ruhu daim
gərgin təbəddülatlar içində çırpınan bir şairin ömrünü gündəlik
yaşantılara həsr eləməsi həmişə çətin olub. Elə buna görə də
ömrünün sonlarına doğru Axmatova adi insanlara xas səmimi bağlara
(nəvəsinin özünə bağlılığına, keçmiş rəfiqəsinin sədaqətinə və
sair) yüksək dəyər verməyə başlayır.
1917-ci il inqilabı hər şeyi alt-üst eləyir.
Xaos şəraitində yaşayan Peterburq ziyalılarının əksəriyyəti ölkədən
qaçmağı uyğun bilir. Onların arasında Axmatovanın yeni məşuqu,
rəssam və zabit Boris Antrep də olur. Lakin Axmatova Rusiyada
qalmaq qərarına gəlir, inanır ki, vətənin taleyi ilə yaşamaq –
şairin həm borcu, həm də alın yazısıdır.
O, əsla xoş ümidlər, şirin xəyallar qurmurdu, çünki dünənə qədər
siyasi fəaliyyətinə görə sürgünlərdə can çürüdənlərin fürsət tapan
kimi başqalarına necə divan tutacağını aşkar təxmin edirdi. Ancaq
o, öz seçimini anlayaraq, şüurlu şəkildə etmişdi və bu barədə
fikirlərini B.Antrepə yazdığı məktubda necə təsirli qələmə
almışdısa, rəssam İrlandiyadakı bir kilsə üçün yaratdığı freskada
(divar rəsmində - A.Y.) xaçpərəstlərin müqəddəs əzabkeşi Anna
obrazını yaradarkən A.Axmatovanın üz cizgilərindən
yararlanmışdı.
Anna Axmatova, əri Nikolay Qumilyov və oğulları Lev, 1915
Nəhs gözləntilər isə artıq gerçəkləşməyə başlamışdı.
1918-ci ildə şairənin əri Nikolay Qumilyov əksinqilabçı ağqvardiya
ilə işbirliyində təqsirləndirilərək həbsə atılır. Həyatdan dördəlli
yapışmağı öz ləyaqətinə sığışdırmayan Qumilyov Peterburq Fövqəladə
Komitəsində özünü çox sərbəst aparır və elə buna görə də üç
həftədən sonra, həm də yoldaş Leninin şəxsi göstərişinə əsasən
güllələnir. İnqilab rəhbərinin bu məsələyə birbaşa dəxlinin olması
faktı isə son dövrdə öz təsdiqini tapıb.
Beləcə, Annanın həyatındakı ilk kral qeybə qarışır.
Rusiyanın başının üstünü alan fəlakətin təsiriylə şairə iki
misilsiz şeir kitabını (“Podorojnik” və “Anna Domini”) yazıb,
tamamlayır. Əvvəlki üç kitabı (“Axşam”, “Təsbeh” və “Ağ sürü”) ilə
birlikdə bu beş şeir kitabı ilə Anna rus poeziyasının səmasında
özünəməxsus bir kəhkəşan yaradır.
O dönəmdə Axmatovanın qəlbinə yeni eşqin cınqısı düşmüşdü.
Qumilyovun güllələndiyi il o, görünməmiş istedad sahibi, 27 yaşlı
peterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir.
Bugünkü geniş oxucu kütləsinə bu şəxsiyyətin adı-soyadı, təəssüf
ki, tanış deyil. Halbuki hələ yeniyetməlik çağında V.Şileykonun
assurologiya sahəsindəki tapıntıları İngiltərə və Fransanın nüfuzlu
şərqşünaslarını heyrətə gətirirmiş.
Hələ 7 yaşında qədim yəhudi dilini öyrənməyə başlayan Şileyko öz
qısa ömrünün sonuna doğru düz 62 dildə danışa bilirmiş!!! Yaşca
Axmatovadan cavan olsa da, o, tezliklə xanımının mənəvi bələdçisinə
çevrilir, hətta poetik ustalıqda da ondan üstün olduğunu sübuta
yetirir.
Axmatovanın əl yazısı
Bizcə, Şileykonun şeirləri tamamilə bənzərsizdir. Əlimizdə olan
tarixi sənədlərdən birində Axmatova ərindən israrla xahiş edir ki,
karandaşla uğurlu şeirlərini işarətləsin, çünki çap əsnasında
adətən Şileykonun zövqünü əsas götürürmüş. Halbuki Axmatova bənzər
xahişlə vaxtilə nə Qumilyova, nə də Bloka müraciət etmişdi.
Şileyko qədim Şumerin araşdırılmasıyla yanaşı, praktik magiya ilə
də məşğul olurmuş. Mühacirətə gedən Georgi İvanov öz memuarlarında
yazır ki, 1915-ci ilin qışında o, qaranlıq düşəndən sonra Şileykoya
qoşulub, Peterburqda yaşayan xarrat və falçı Vennikovun yanına
gedibmiş. Şileykonun onu özüylə aparmasının tək səbəbi – aparılacaq
eksperimenti qeydə almaq imiş, çünki gənc alim özü hipnoz altına
düşməkdən yamanca qorxurmuş. Təcrübə əsnasında Şileyko muzey
kolleksiyasına aid və şüşə qabda saxlanılan Misir fironunun
mumiyasına məxsus əlin necə canlanacağının şahidi olmağı
umurmuş.
Lampa işığını söndürən xarrat çılğıncasına dualar oxumağa başlayıb.
İvanov xatirələrində dəhşət və çiyrinmə hissiylə yazır ki, magik
seans baş tutub: şüalara bürünən əl qəfil canlanıb və hətta
barmaqlarını da tərpədib...
Şileykonun mənzili Qış sarayının yaxınlığındakı Mərmər sarayda idi.
O dövrdə Şərqşünaslıq İnstitutu da həmin binada fəaliyyət
göstərirdi. Anna Axmatova da ömrünün dörd ilini əriylə həmin
mənzildə keçiribmiş.
Bolşeviklərin iqtidarda olduğu dövrdə Şileyko çox parlaq elmi
karyera qazanır, akademik seçilir və heç 40 yaşına dolmamış
Moskvada vərəmdən vəfat edir. Onun qəfil ölümünü Fransanın və Böyük
Britaniyanın elm aləmi ağır itki kimi dəyərləndirir.
Axmatovanın üçüncü əri isə daha bir parlaq istedad sahibi,
sənətşünas Nikolay Punin olub. Yeni hakimiyyət dövründə o da
karyera pillələrini uğurla fəth edir, incəsənət sahəsinə rəhbərlik
edir. Təhsil üzrə Xalq Komissarı təyin olunur, Rus Muzeyinin və
Ermitajın fəaliyyətindən məsul şəxs (komissar) seçilir, pedaqoji
fəaliyyətlə məşğul olur.
Bir müddət sonra Anna Axmatovanın oğlu Lev Qumilyov və
universitetin daha iki tələbəsiylə birlikdə Punin həbs olunur. Bu
hadisə 24 oktyabr 1935-ci ildə baş verir. Onlara qarşı irəli
sürülən ittihama - əksinqilaba dəstək suçuna - görə o vaxtlar ölüm
hökmü qaçılmaz sayılırdı.
Axmatova rus şairi Nayman ilə,1965
Axmatova başılovlu halda Moskvaya, Mixail Bulqakovun yanına
yollanır: həmin illərdə ədəbi mühitdə Stalinə necə yol tapmaq üzrə
Bulqakov əsl mütəxəssis sayılırmış. Axmatovanın Kremlə ünvanladığı
məktubun mətnini oxuyan Bulqakov fikrə gedir və ona məsləhət görür
ki, mətni makinada yox, əl xəttiylə yazsın.
O, deyir: “Axı, sən – şairsən. Sənin üçün bu, yolveriləndir”.
Axmatova məktubun üzünü köçürsə də, bundan nə isə çıxacağına heç
bir ümid bəsləmir. Ancaq bu iş öz bəhrəsini verir, şairənin Stalinə
əllə yazdığı məktub təsirsiz qalmır. Hər hansı rəsmi açıqlama
verilmədən şairənin yaxınları bir həftə sonra sərbəst
buraxılır.
Beləliklə, A.Axmatovanın həyatında dürdüncü və gizli ər kimi şəxsən
İosif Vissarionoviç Stalin peyda olur. Bunun da qəribə səbəbi var:
zalım Stalinin qızı Svetlana - Axmatova poeziyasının vurğunu imiş
və rəhbər qızının hisslərinə böyük önəm verirmiş. Həyat yoldaşı
ərinə etiraz əlaməti olaraq canına qıyandan sonra mənəvi əzablar
Stalinin yaxasını buraxmırdı. Bunu ört-basdır eləməkdən ötrü o,
qızını hədsiz dərəcədə ərköyün böyüdürmüş və həm də bunun pis
bitəcəyindən ehtiyatlanırmış.
Iosif Stalin
Gözdən salınmış bir şairəyə qızının bəslədiyi rəğbət bu dul və
zalım kişinin qəlbində qısqanclıq hissi də oyadırdı. Bu həsəd hissi
Svetlananın mərhum anasının yerini tutan, həm də buna sırf sənətkar
nüfuzu ilə nail olan qadına qarşı yönəlmişdi. Bu səbəbdən Axmatova
heç gözlənilmədən Stalin ailəsinin bir üzvünə çevrilir.
Həbsdəki ərinə və oğluna nümayişkaranə şəkildə azadlıq bəxş edən
Stalin Axmatovaya göstərmək istəyirdi ki, o, öz taleyinin kimdən
asılı olduğunu və əgər indiyədək ona dəyib-dolaşmayıblarsa, bunun
üçün şəxsən kimə şükür edəcəyini dəqiq anlasın.
Bundan bir müddət sonra Kremldə hökumət mükafatlarının təqdimat
mərasimində Stalin qəfildən ətrafındakılara nəzər salıb, saxta bir
təbəssümlə soruşur: “Bəs Axmatova haradadır? O, niyə heç nə
yazmır?”
Bu eyhamdan sonra şairənin “Altı kitabdan seçmələr” adlı kitabı və
“Seçilmiş əsərləri” nəşr olunur. Halbuki ondan əvvəlki 7 il boyu
ölkədə onun əsərlərinin çapına, demək olar ki, yasaq
qoyulmuşdu.
Axmatova özü də bu iki kitab barədə zarafatla: “Bunlar atanın
qızına hədiyyəsidir” deyirmiş.
Stalin isə zarafat eləmirdi. 1941-ci ildə o, Axmatovanın
mühasirədəki Leninqraddan Daşkəndə evakuasiyası barədə xüsusi
göstəriş verir. Onun “Şücaət saatı gəldi, yetişdi...” adlı şeiri
əvvəlcə “Pravda” qəzetində, daha sonra isə dəfələrlə ölkə
mətbuatında çap edilir. Şairə “Leninqradın müdafiəsinə görə” medalı
ilə təltif olunur.
Müharibədən sonra, 1946-cı ilin yazında Axmatova böyük Qələbənin
növbəti ildönümünə həsr edilmiş təntənəli iclasa dəvət alır. Bir
vaxtlar gözdən salınan şairə əvvəlki kimi, yəni poeziya kralıçası
kimi, əda ilə İttifaqlar Evinin Sütunlu zalının səhnəsinə çıxanda
tədbirin bütün iştirakçıları ayağa qalxıb, onu düz 15 dəqiqə
fasiləsiz alqışlayırlar.
O vaxta qədər ölkədə yalnız bir nəfəri bu cür təntənəyə layiq
görürdülər. İndi isə onların sayı ikiyə yüksəlmişdi.
Stalin bu fakta birtəhər dözür, təhəmmül eləyir.
Lakin az sonra Axmatova öz mənzilində ingilis filosofu və yazarı
İsayya Berlin ilə birlikdə Uinston Çörçillin nəvəsini qonaq kimi
qəbul edəndə Stalinin qısqanclığı təpəsinə vurur. Axmatovanın
mənzili o vaxt onsuz da dinlənilirdi və xarici qonaqlarla baş-başa
keçən gecənin lent yazılarını şəxsən dinləyən Stalin öz
əlaltılarına iradlarını bildirərkən demişdi: “Deməli, bizim rahibə
belə yaşayırmış?!”
Qapıldığı isterikanın təsiri altında o, Leninqradda çıxan “Zvezda”
və “Leninqrad” jurnallarının işiylə bağlı Mərkəzi Komitənin amansız
qərarını gündəmə gətirir. Axmatova özü də sonralar həmişə
təkrarlayırdı ki, bu qərarla onun İ.Berlini və Çörçillin nəvəsini
öz mənzilində ağırlaması arasında birbaşa, həm də nəhs bir bağlantı
var.
Az sonra Axmatova SSRİ Yazıçılar İttifaqı üzvlüyündən xaric olunur.
Əfv olunacağını uman şairə öz əyilməz qürurunu bir kənara qoyub,
Stalini mədh edən bəzi şeirlər yazır. Lakin rəhbər bütün bunları
görməzlikdən gəlir və göstəriş verir ki, Annanın keçmiş (onlar hələ
müharibədən əvvəl boşanmışdılar) əri Punini və oğlu Lev Qumilyovu
təkrar həbsə atsınlar. Bu zaman gənc Levin müharibədə igidliklə
döyüşməsi və ta Berlinə qədər şərəfli döyüş yolu keçməsi faktı da
nəzərə alınmır.
Bir müddət sonra hirsi soyuyan Kreml hökmdarı Axmatovanın Yazıçılar
İttifaqına təkrar bərpası barədə təlimat verir.
Şairənin oğlu 1956-cı ildə həbsdən buraxılır, keçmiş əri Punin isə
həbs düşərgəsində canını tapşırır.
Ömrünün son illərində Axmatova şair kimi dünya şöhrəti qazanır.
1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” ödülü verilir,
1965-ci ildə isə o, Oksford (İngiltərə) Universitetinin fəxri
professoru seçilir.
Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün son
illərini “ölkənin köhnə və yeni paytaxtları arasında gedib-gələn,
evsiz-eşiksiz kraliça kimi keçirmişdi”.
Anna Axmatova 5 mart 1966-cı ildə, 77 yaşında Moskvada vəfat etsə
də, Leninqradın ətrafındakı Komarovo şəhərində torpağa
tapşırılıb.
Bugünkü Peterburq şəhərində şairənin xatirəsinə dörd heykəl
ucaldılıb.
Azərbaycan dilinə çevirdi – Azad Yaşar
-
Magazin201:15
Arda Gülər sevgilisi ilə FOTOsunu paylaşdı
-
Qoroskop00:25
Günün qoroskopu: ən kiçik səbəbdən mübahisə yarana bilər
-
MDB17 May 23:05
Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
-
İdman17 May 23:00
7 qolun vurulduğu oyunda “Qarabağ” qalib gəldi
-
Magazin117 May 22:50
İçkimə nəsə qatmışdılar, həmin gecədən sonra... - Roza Zərgərlidən ETİRAF
-
İdman17 May 22:10
Messinin ilk müqaviləsi olan salfet hərracda bu qiymətə satıldı – FOTO
-
Hadisə17 May 21:10
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
-
Region17 May 21:00
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı