“Qadın yabayla kişiyə necə hücum çəkdisə...” - Füzuli məşhurların xatirələrində - VİDEO
Bizi izləyin

Haralısan

“Qadın yabayla kişiyə necə hücum çəkdisə...” - Füzuli məşhurların xatirələrində - VİDEO

Cəvahir təqdim edir

Bu el, bu oba, nə zər-butalı xalı-xalçasına, nə almasına, narına, nə də dilboz atlarına görə tanınmayıb. Bu torpaq Seyid Şuşinski, Ağabala Abdullayev, Dədə Süleyman kimi xanəndə, Seyran Səxavət kimi yazıçı, Bəhram Nəsibov kimi bəstəkar, Şamama Həsənova kimi pambıqçı qəhrəmanlar yetişdirib. Düz 23 ildir ki, füzulililər o yurd, o torpağa tamarzıdır, nə əli çatır, nə ünü yetir.

Yolumuz Füzuliyə olmalıydı, amma 1993-cü il avqustun 23-də işğal olunan bölgəni elə uzaqdan-uzağa seyr etməklə o yerlərə bir salam verəcəyik. Əgər salamımızı alacaqsa?

Qeyd etdiyim kimi, Füzuli ziyalıları, elm adamları, qəhrəmanları, sənətkarları ilə tanınıb.

Seyid Şuşinski - xanəndə

Ağabala Abdullayev - xanəndə

İslam Rzayev - xanəndə, xalq artisti.

İlyas Əfəndiyev - nasir, dramaturq, xalq yazıçısı

Əfsər Cavanşirov - bəstəkar, Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri

Bəhram Nəsibov - bəstəkar, şair

Rafiq Atakişiyev - rejissor

Şamama Həsənova - iki dəfə sosialist əməyi qəhrəmanı

Bəşir İmanov - milis general-mayoru

Bu gün də Füzuli məşhurları ilə fəxr edir. Gəlin görək, onlar öz bölgələrini necə tərif edəcək?

“Yusif Səmədoğlu Füzuliyə çatmamış soruşurdu ki...”

Seyran Səxavət, yazıçı:

- Füzuli Azərbaycanın ən bəxtəvər rayonu, gözəllər gözəli idi. Rayonun camaatı da Azərbaycanın bütün şəhər, rayon, kəndlərindən fərqlənir - sağlam yumorlu, istiqanlı olurlar. Füzulililərin hamısının sözü bir-birinin boğazından yağ-bal kimi keçib gedir. Həqiqət olsun, ya turşməzə həqiqət, fərqi yoxdur. Söhbət Füzulinin bəxtəvər vaxtlarından gedir. Müharibədən əvvəl Gəncədə, Naxçıvanda, Ağdamda teatr olmayanda Füzulidə Musiqili Dövlət Dram Teatrı fəaliyyət göstərib. İnsanları çox koloritlidir. Füzulinin təbiəti, torpağı əvəzsizdir. Torpağı o qədər münbitdir ki, ürəyində arzu tutub torpağa atsan, torpaq həmin daşı doğrudan da göyərdəcək.

Bizdə poçtalyon Qadir vardı, sinədəftər idi. Evlərə teleqram aparırdı. Bu adamın bir dəftəri vardı, siyahı tuturdu. Tutalım, iyulun 25-də kimin qonağı olacaq. Təsəvvür edin, Bakıdan yanıma qonaqlar gələndə birinci onu soruşurdular. Rəhmətlik Yusif Səmədoğlu Füzuliyə çatmamış soruşurdu ki, görəsən Qadiri görə biləcəyik? Qadirlə bağlı maraqlı əhvalat danışım sizə. Bir dəfə kəndlərin birinə teleqram aparıb. Elə olur ki, evin xanımından bərk xoşu gəlir. Qayıdanda Allaha yalvarır ki, kaş bir də o evə teleqram aparaydım. Aradan iki il keçir, bu qadının qızı Bakıda Maliyyə Kredit texnikumuna qəbul olur. Qız anasına teleqram vurur ki, ana gözün aydın, qəbul oldum. Qadir teleqramı vermək üçün taksi Sərkərlə həmin evə gedir. Görür ki, qarabağlıların təbirincə desəm, bu gözəl gəlin əlində yaba taya qurur. Gəlin poçtalyonu görən kimi sinəsinin tozunu çırpa-çırpa gəlir ki, ay Qadir, şad xəbər gətirmisən? Qadir deyir, hə, bəs qızın texnikuma qəbul olub, muştuluğumu ver. Qadın sevinir ki, canım da sənə qurbandı. Qadir də fürsəti əldən verməyib deyir ki, elə mənim də səndən xoşum gəlir. Bu sözləri eşidən qadın yabayla ona hücum çəkdi. Qadir özünü Sərkərin taksisinə çatdırır və üzünü qadına tutub deyir: ay qız sözün çətinini dedim, onsuz da bu iş nə vaxtsa olacaq.

Füzuli Ağabala Abdullayev kimi xanəndə yetişdirib. O vaxt rayondakı parkda vedrəyə oxşar radio vardı. Elan edirdilər ki, tutalım, filan saatda filan xanəndə oxuyacaq. Ağabala Abdullayevin “Zabul segah”ını dinləmək üçün camaat eyni vaxtda parka yığışırdı. Heç bir bölgədə belə bir şey yoxdur ki, hamı yığışsın bərabər xanəndəni dinləsin.

Füzuli camaatının bir mənfi xüsusiyyəti var, yerlipərəst deyillər. Bu mənim anlamımda pis xüsusiyyətdir. Dünyanın hansı laboratoriyasında istəyirsən qanını analizə ver, yerlipərəstlik çıxmayacaq. Bu reaallıqdır. Hərdən fikirləşirəm ki, Füzuli alınacaq, biz o yerlərə gedəcəyik. Evlərimizi də tikəcəyik, digər inşaat problemlərini də həll edəcəyik, amma görəsən, füzulililərin xarakterini özünə qaytara biləcəyikmi? Bax məni narahat edən budur.

“Kəndimizdə 60 ev vardı, onun 30-u bir-biriylə küsülüydü”

Eldəniz Məmmədov, xanəndə:

- Füzuli ziyalıları, sənətkarları, elm adamları ilə tanınır. Seyid Şuşinski kimi böyük sənətkar yetişdirib. Füzuli Ağabala Abdullayev, İslam Rzayev, Dədə Süleyman kimi sənətkarların yurdudur.

Ensiklopediyanın 10-cu seriyasını açıb baxın, orda atamın xalası Rəşxəndə Xalafovanın adı var. Füzuli camaatı o qədər savadlıdır ki, qızlarını da oxudublar. Elə mənim dörd bacımın dördü də müəllimədir. Bizim yerin kişiləri çox mühafizəkar, ciddi, ağırtəbiətli olur. Bizlərdə atanın yanında övladın üzündən öpməzlər. Uşağı əzizləmək-zad yoxdu biz tərəflərdə. Bu da abır-həyadan irəli gəlir. Bizim camaat zirəng olur. Bax, başımıza o qədər oyunlar gəldi, yerimizdən-yurdumuzdan didərgin düşdük, amma Füzuli camaatı yenə də düşdükləri yeri gülüstana döndərməyi bacardılar. Özlərini itirmədilər, zirənglikləri ilə hər yerdə baş çıxardılar. Bir pis xüsusiyyətimiz var, o da küsəyən olmağımızdır. Kəndimizdə 60 ev vardı, onun 30-u bir-biriylə küsülüydü. Biz bulaqdan da küsürdük. Bulaqdan su gəlmirdisə, səhəri o bulağa getmirdik. Küsürdük ki, dünən niyə suyun gəlmirdi, indi suyun bizə lazım deyil. Amma mehriban camaatdır. “Başına dönüm” kəlməsi dillərindən düşmür.

“Qoy, yetişsin, bir xaşa göndərəjəm”

Güldəstə Nəsibova, jürnalist:

- O yerlər uşaq vaxtı gördüyümdü. İndi oralar nə haldadı, Allah bilir. Ağlım kəsəndə, yetkinlik yaşıma çatanda Füzuli işğal olundu. Sonralar çox çalışdım, yaddaşımdakı Vətənin mənzərəsini bərpa eləyəm, amma hər dəfə o bütöv mənzərəni yarada bilmədim, hansısa detallar çatmadı. O çatışmayan detalların əhəmiyyətli və ya əhəmiyyətsiz olmasının indi bir əhəmiyyəti yoxdu. Əsas odu ki, bu - bəlkə də xırda - detallar o Vətənin bütöv mənzərəsinin yaranmasına imkan vermədilər, erməni Qarabağın qəsdinə durduğu kimi yaddaşın qəsdinə durdular.

Yadımdan çıxmayan odu ki, bizim kəndin girəcəyində suyu buz kimi kəhriz vardı. İlin hansı fəslində kəndə getsəm, o kəhrizin başında çiyni səhəngli qızlar görərdim. Suyla dolu səhəng çox ağır olurdu və nə gizlədim, mən bir şəhər uşağı kimi onu rahatca çiynində aparan qızlara həsəd aparırdım. Sonralar kəhrizdən su daşıyan qız-gəlinlər azaldı. Bu, hər kəs qapısında quyu qazdırandan sonra oldu. Ancaq kəhrizin başındakı qələbəlik azalmadı, xüsusən yayda paltar suya çəkən, yun isladan, gəbə yuyan qadınlar kəhrizə toplaşardı.

Kəndin ortasındakı birmərtəbəli məktəb indiki kimi yadımdadı. Lap əvvəllər səkkiz illikmiş, 9-10-cu sinifləri oxumaqçün uşaqlar hər gün 3 kilometr uzaqlıqdakı qonşu kəndə gedirmişlər. Bir neçə dəfə bibimqızı Sevdaya qoşulub mən də kənddə “dərsə getmişdim”. Xatirimdədi ki, kiçik sinif otaqlarında odun sobası yansa da, içəri o qədər də qızmazdı.

Kəndin düz ortasından keçən Qozluçay onu iki yerə bölürdü. Yaz aylarında hərdən çay daşardı. Nənəmgilin evi çayın sağ sahilindəydi. Nənəm bibimgillə çəpər qonşusuydu. Bibimin uşaqları mənlə yaşıd olduğundan kəndə onlara qaçardım. Nənəm bizi şirnikləndirməkçün qaysava bişirərdi. Qaysıdan (ərik qurusundan) bişirilən bu yeməyin dadı indi də damağımdadı. Bu yeməyi əsasən soyuq aylarda bişirirdilər. Çayın o biri sahilində - yalda yaşayan bibim qışda xaşıl bişirirdi. Yerdən süfrə sərərdi. Bir dəstə uşaq süfrənin ətrafında itələşə-itələşə özümüzə yer eləyərdik. Hər fəslin öz yeməyi vardı. Yayda sərin quyu suyuyla bir ayranlı aş düzəldərdilər ki, içdikcə içərdik.

Qəribə havası vardı. Yayda sərin, qışda şaxtalı, payızda yağışlı, palçıqlı. Elə havalarda atam maşını kəndin içiylə sürdükcə palçıq sıçrayıb şüşəyə dəyirdi. Kənd uşaqlarının rezin çəkmələrini (potu deyirdik) geyməkdən xüsusi ləzzət alardım. Hərdən bu evdən o evə gedənə qədər dizəcən zığa batardıq, heç vecimizə də almazdıq.

Yaz və yay ayları toyların mövsümü idi. Bir-iki dəfə nənəmə qoşulub “paltarbiçdi”yə getmişəm. Yalnız qadınların iştirak etdiyi toyda musiqiçilərdən başqa kişi xeylağı olmazdı. Səhərdən çalmağa başlayardılar. Adına “toybaşı” dedikləri, əlində uzun çubuğu olan bir qadın mağarın ortasında var-gəl edərdi. Oynamaq istəyən hər adam sifarişini ona deyir, o da musiqiçilərə çatdırardı. Toyun sonunda gəlinə alınan bütün hədiyyələr bir-bir çıxarılıb hamıya göstərilərdi.

Kəndin qəbristanlığı yalın başındaydı. Seyid Ababilin qəbri kənd camaatının and yeri olmuşdu. And içəndə “o seyidin hasarı haqqı”, ya da elə sadəcə, “hasar haqqı” deyərdilər. Bu andın qabağında kimsə duruş gətirməzdi, yumşalardı.

Nənəmgilin həyətində böyük qoz ağacı vardı. Yayda kəndə gedəndə hələ tam yetişməmiş qozu çırpıb sütül-sütül yeyərdik. Şəhərə qayıdanda nənəm dönə-dönə deyərdi: “Qoy, yetişsin, bir xaşa göndərəjəm”. Göndərərdi də.

Kəndimizin içindən meşə zolağı keçərdi. El arasında onun bir hissəsinə “Qarakollu bağı”, o biri hissəsinə “Güzdək bağı”, digər hissəsinə “Rəfədinli bağı” deyərdilər. Uşaqlara qoşulub neçə dəfə “Rəfədinli bağı”na getmişəm. Qəribə ağaclar vardı orda. Amma nədənsə “daş armud” daha çox yadımda qalıb. O qədər bərk idi ki, yayda, adətən, armud dəyən vaxtda ona diş batmazdı. Di gəl, payızda həmin daş armud elə yumşalırdı ki, dönüb olurdu bal armud.

Novruz bayramı xatirələri yaddaşımın qızıl fondundadı. Uşaqlar üz-gözlərini yumurta kimi boyayıb, özlərini tanınmaz hala salardılar ki, pay yığmağa gələndə onları kimsə tanımasın. Bir də papaq atıb qaçıb gizlənərdilər. Səhərə kimi kəndimizin içində gəzişən cavanlar çalıb oxuyar, şənlənərdilər.

Kəndimizin üstündəki yalda tənha, uçuq bir ev yadıma gəlir. Uçulub getmişdi, bircə divarı salamatdı. Adına “Pənah evi” deyirdilər. Niyə belə dediklərini bilmirəm, amma yadımda qalan odu ki, qızlarla orda “klas-klas” oynayardıq.

Və yaddaşımda əbədi yaşayacaq bir fraqment də var. Özünü doğma kəndində çox rahat hiss eləyən atam (məşhur bəstəkar Bəhram Nəsibov - C.S) həyətdəki qoz ağacının altında tarını sinəsinə sıxıb saatlarla ifa edərdi. Onda görürdün ki, səs eşidən qonum-qonşu toplaşdı. Gecə yarıya kimi oturardılar, söhbətləşərdilər. Gözəl günlərdi...

Dədənin-nənənin məzarı yanında basdırılmaq arzusu...

Füzulinin bir məşhuru da var - Süleyman Abdullayev. Hələ tay-tuşları fəxri ad almamışdı, amma o, Dədə adını qazanmışdı. Özü də xalqdan. Seyid Şuşinskininin axırıncı tələbəsi olan Dədə Süleymana “Füzulidən danışacağıq” deyəndə kövrəldi. Gözünün yaşı çöhrəsində gilələnən ustad xanəndə “Füzulisiz Füzulidən nə deyim, nə danışım”, - dedi: “Yuxularımda o yerlərə gedib, doğulub boya-başa çatdığım, laçın vaxtlarımda səsimi başıma atıb oxuduğum Qoçəhmədlini gəzib-dolanıb gəlirəm. Ən böyük arzum da Füzulidə Qoçəhmədlidə dədəmin-nənəmin məzarı yanında dəfn olunmağımdır. Başqa nə deyim, əlim çatmır, səsim yetmir”.

Füzulini buna görə sevmişəm...

...Düz sözə nə deyəsən ay Dədə. Doğulduğun, torpağında ayaqyalın bu baş-o baş qaçdığın, suyundan içib, meşəsində sərinləndiyin, havasından udduğun Füzulidən uzaqda torpaq, vətən deyəndə dodağın yeddi yerdən çat verməsin neyləsin? Heyf ki, Seyran Səxavətin təbirincə desəm, o bölgənin bəxtəvər çağlarında Füzuliyə getmək mənə qismət olmayıb. İnşallah, qismət olar, gedib biz də gəzərik, görərik. Yalan nə deyim, Füzuli camaatına o qədər bələd deyiləm. Amma nə gizlədim, bu eli, bu obanı daha çox Azərbaycanın əziz-təbərrik yazıçısı Seyran Səxavətə, bal kimi səsinə vurğun olduğum Dədə Süleymana, bir də mahnılarına doymadığım sevilən bəstəkar Bəhram Nəsibova görə sevmişəm. Heç yadımdan çıxmaz, uşaq vaxtı həmişə olmayan səsimi başıma atıb, Bəhram Nəsibovun bu məşhur mahnısını oxuyardım:

Bu çəmənlərdə gəzir, Vaqifin şux gözəli,

Ruhunu burdan alıb, Natəvanın qəzəli,

Anadır arzulara hər zaman Qarabağ,

Danışan dil-dodağı, tar-kaman Qarabağ

Qarabağ can Qarabağ, ana yurdum...

Onda Qarabağın bəxtəvər çağlarıydı... Ortada nə həsrət vardı, nə də nisgil.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm