Həyat hekayəsi
“Hər dəfə onları aparıb saunaya düşürəndə ölüb yerə girirəm” - “Həyatın içindən“
O gecə barlarında fahişəlik edən qadınları, saunaya, evə, bara aparıb-gətirməklə məşğuldur. Beləliklə həyatın içindəkilərlə tanışlıq davam edir....
Bomj yoxsa dərviş?
...Şəhərin mərkəzində bir xeyli avaralandan sonra əldən-ayaqdan uzaq, gecə həyatına bir o qədər də aidiyyəti olmayan, daha çox avaraların, əcnəbilərin və fahişələrin toplaşdığı bara tərəf yollandım. Xeyli piyada gəzişdiyim üçün, taqətdən düşmüş vəziyyətdə barda boş yer tapıb vəhşi musiqinin sədaları altında guya ki, dincəlməyə qərar verdim.
Səs-küy, şit rəqslər, fahişələrin him-cimindən yorulmağa başlayanda, ağlıma qəribə bir ideya gəldi: Barın girişiylə üzbəüz, yerdə bardaş qurub oturmaq və gəlib-gedənləri müşahidə eləmək.
İlk baxışdan çox yöndəmsiz ideya olsa da, içimdəki "bomj"a söz keçirə bilmədim. Çantamı qarşıma qoyub divarın dibində bardaş qurdum. Təbii ki, polisə, yanımdan keçib söz atanlara verəcəyim cavabları əvvəlcədən düşünmüşdüm. Bir siqaret yandırıb, bara daxil olanları və çıxanları, gecənin bu saatında, kitabdan və oxumaqdan uzaq düşmüş ölkənin baş şəhərində, küçələri ürəkbulandıran meqapolisdə gecə həyatından xəbərsiz insanların mənasız hərəkətlərini izləməyə başladım. Özüm də başa düşmədim ki, bu, özümü "bomj"lara bənzətmək istəyidir, yoxsa dərviş kimi görünmək həvəsi...
Məni dilənçi bildilər...
Hər yaş kateqoriyasına aid insanlar, qadınlar və kişilər... Üzlərində heç bir ifadə olmayan fahişələr... Gülüş səsləri, şit zarafatlar...
Bunlar bizimkilərdir. Bir də xaricilər gəlir bu bara. Ağır iş günündən sonra dincəlməyə, işin yorğunluğunu və stressini atmağa. Əksəriyyəti kişilərdir. Amma orta yaşlı, bəzək-düzəksiz, səntirləyə-səntirləyə bardan çıxan qadınların üzünə baxan kimi, "buralı" olmadıqları bilinir.
Bardan çıxan yabançı qadınlar özlərini olduqca yaxşı aparır. Ədəb-ərkanla taksilərdən birinə yaxınlaşır, gedəcəyi yeri söyləyib arxada əyləşib bardan uzaqlaşırlar. Növbəti müştərini gözlərimlə yola salandan sonra, bir dəstə heyvərə gənc qışqıra-qışqıra yanımdan keçir. Aralarında nisbətən sakit danışmağa çalışan biri yoldaşlarından ayrılıb mənə yaxınlaşır. Portmanatını çıxarıb bir xeyli eşələnəndən sonra qabağıma qoyduğum çantanın üstünə bir manat atır.
Sakitcə pulu götürüb özünə uzadıram. Hərəkətimdən bir şey anlamasa da, üst-başıma göz gəzdirib məni səhv saydığına əmin olur. Başını bulaya-bulaya, böyük ehtimalla ürəyində məni söyə-söyə dostlarının arxasınca bara girir.
Taksi sürücüsü Elxan dayı...
Bara girənlərdən çox ordan aşa-aşa çıxanlar maraqlıdı. Kişilər də, qadınlar da bir-birinə bənzəyir. Hərdən üzünə külli-miqdarda kosmetika yaxmış fahişələrdən biri nazlana-nazlana bardan çıxır, yaxınlıqda dayanmış taksi şoferlərinə işarə eləyir, taksiyə oturub naməlum istiqamətdə çıxıb gedir.
Elə yerdə oturmuşdum ki, taksilər istər-istəməz düz yanımdan, gözümün qabağından keçirdi. Çoxusunun üzündəki narazı ifadəni görmək üçün maşının qapısının açılması və salonun işığının yanması kifayət eliyirdi. Qəribədir ki, bəzilərinin üzündəki həyasız hiss olunurdu ki, nə iş gördüklərinin onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Növbəti taksi yanımda dayananda, başımı adəti üzrə qaldırıb taksi şoferinin üzünə baxdım. Ola bilməz... Bu ki qonşum Elxan dayıdır... Vay bə...Təsadüfə bax... Qəfildən baxışlarımız toqquşdu və Elxan dayı könülsüz halda şüşəni aşağı saldı.
-Axşamın xeyir, müəllim, deyəsən, çox içmisən.
Sərxoş olmasam da, dediklərini başımla təsdiqlədim.
-Bir azdan gəlirəm, burdasan?
Yenə başımı yellədim.
Hə, bircə bu çatmırdı. Məni az-çox tanıyan bu taksi sürücüsü ürəyində fikirləşəcək ki, bu nə axmaq adamdı...Yəqin zaman-zaman elədiyim söhbətlərə, özümü yazıçı kimi təqdim eləməyimə ürəyində gülür. Ayağa qalxıb bir siqaret yandırdım. Düşdüyüm durumdan çıxış yolu tapmaq üçün fikirləşməyə başladım. Yox, deyəsən yaman yerdə axşamlamışam.
Elxan dayı qayıdıb gələnə qədər fikirləşsəm də, bir yerdə bardaş qurub oturmağıma bir ad tapa bilmədim. Polisə, tanımayan adama bir təhər izah edə bilərdim bu durumu... Amma qonşuma nə isə izah eləmək mümkün deyildi... Axırda qərara gəldim ki, bu barədə heç nə danışmayım. Həm də axı onun da "əskisi tüstülüdür" mənim yanımda.
Sürücülər öz aralarında fahişələrə xidmət göstərən taksiləri "ət maşını" adlandırır... Saata baxıram. Vay-vay... Artıq gecə 12-ini keçib... Qonşumun getdiyi yarım saatdan çoxdur. Amma gözləməyə dəyər. Çünki gecənin bu saatında ən uğurlu tapıntım onu söhbətə tutmaqdır.
Gecə küçələr sakit olur...
10-15 dəqiqə gəzişəndən sonra yanımda dayanan maşından gülə-gülə qonşum düşür:
-Gəl, müəllim gəl, deyəsən, evə gedirsən.
-Hə, evə gedəcəm.
-Burda neynirsən?
-Nə bilim, evdə darıxdım. İstədim bir az bara gəlib-gedənlərə baxım. Həm də gecə taksiləri haqqında yazı yazmaq istəyirəm.
-Bəs yerdə niyə oturmuşdun? Taksi sürücüləri odeeey, orda yığışıb.
-Nə fərqi var ki? Adam gərək həmişə özünü ağıllı aparsın?
-(Ürəkdən gülür) Gəl otur.
-Bir az söhbət edək, gedərik.
-Qonşu, bir saata gedib "qızı" götürməliyəm saunadan.
-Burdan evə 20 dəqiqəlik yol var. Məni düşürdüb gedərsən.
Üz-gözündən hiss eləyirəm ki, "obyekti" tərk eləməyə həvəsi yoxdur. Amma aramızda salam-kəlam olduğu üçün xahişimdən keçə bilmir.
Elxan dayı küçə lampalarında üzünə düşən işıqda bir anda o qədər zavallı və məzlum göründü ki, verəcəyim sualı dəyişməli oldum.(Əslində bu gördüyü işdən utanıb-utanmadığını soruşacaqdım.)
"Qız"lar yaxşı pul verir
-Həmişə səni evinizin yanında dayanan görmüşəm. Bu yaşında niyə gecələr işləyirsən ki?
-Gecə küçələr sakit, tıxacsız olur. Həm də evin yanında bütün günü boş-boşuna müştəri gösləyirəm. "Kliyent"lərin çoxusu da tanış, qonşu, qohum... Yaxşı qiymət də demək olmur. Bax, indi sənə necə deyim ki, 5 ver, 10 ver? Deyə bilmirəm də... Amma burda qiymət oxumaq olur. Həm xaricilər, həm də "qızlar" yaxşı pul verir.
-Gecəyə nə qədər qazanırsan?
-50 manat, bəzən 30 manat. Hərdən elə olur ki, 5-6 manat ancaq qazanıram.
-Daimi müştərilərin varmı?
-Burdakı qızların bəzisi daimi "kliyent"imdi. Yaşlı adam olduğuma görə mənə etibar edirlər. Səhər saat 6-da aparıram qaldıqları evə. Çox vaxt evdən də mən gedib gətirirəm. Görüşə gedəndə aparıram, yaxşı pul verirlər.
-Mən bilən "qız" daşımağa taksi şoferləri pis baxır. Yoxsa münasibət dəyişib?
-Qonşu nə "qız" daşımaq? Uşaq-uşaq suallar vermə. Nəvəm üstümə qaçanda ki, "baba, pul ver" bütün dünya gözümdə dəyişir. 7 nəfərlik külfət saxlayıram eee. Onu deyənlərin ağzı isti yerdədi.
-İncimə, fikrini soruşdum. Bəs heç səni aldadan, pulunu verməyən olur?
-İncimirəm, qonşu. Sadəcə ləzzət eləmir belə söhbətlər. İndi bu yaşımda gedib oğurluq edəsi deyiləm ki? (Dayanıb fikrə gedir) Müəllim, mənim "qız" daşımağıma pis baxırsan? Özüm ölüm, kefimdən eləmirəm. Məcburam. Bilirsən nə qədər əziyyətdi? Hər dəfə bu onları aparıb saunaya düşürəndə ölüb yerə girirəm. Eləsi var ki, aylarla borclu qalır. Hamısı problemli adamlardı. Deyirsən, borclu qalan, aldadan olurmu? O qədər olur ki, belə şeylər...
Bir "qız" vardı burda. Hər gün mən gətirib-aparırdım. Saunaya da mənim maşınımda gedirdi. 150 manatdan çox borcu vardı. Bir gün qəfildən yoxa çıxdı. İki ay səs-soraq çıxmadı. 2 aydan sonra zəng elədi ki, Türkiyədəyəm. Dedim, neynirsən elə, pulumu göndər. Dedi, narahat olma, bir aya gələcəm.
Zəng elədiyi nömrəyə uşaqlar baxdı (kənarda dayanmış sürücüləri göstərir), dedilər, Bakı nömrəsidi. Bir həftə sonra zəng elədim, bir oğlan götürüb məni hədələdi ki, "bir də mənim həyat yoldaşıma zəng eləmə".
Dedim, həyat yoldaşın mənə pul borcludu, əgər qeyrətli oğlansansa gətir pulumu ver. Üstündən bir həftə keçməmiş "qız" zəng elədi, heç nə olmamış kimi şirin-şirin dedi ki, "Türkiyədən gəlmişəm, hardasan pulu gətirim".
Hərdən 50-60 manat borcu olan "qız" yerli dibli yoxa çıxır. Burdakı sürücülərin bu bardakılardan kalan alacağı var.
-Bəs xaricilər?
-Türklər xəsisdir. Amma "sarıbaşlar"(sonradan öyrənirəm ki, ingilisləri deyir) yaxşı pul verir. Yəni biz insaflı qiymət deyirik, onlarda əlavə söhbət eləmir.
Hiss elədim ki, söhbət uzandıqca qonşum sıxılır. Sakitcə keçib maşında əyləşdim. O da danışmağa həvəsli deyildi. Başa düşdüm ki, onu sorğu-suala tutmağım xoşuna gəlməyib. Sağollaşıb maşından düşəndə, uzatdığım pulu götürmədi.
-Bu gün qonaqsan, pul versən inciyərəm. Bir də nə isə yazmaq istəsən yaz ki, heç nədən utanmıram. Gecələr "qız " daşımaq, acından ölməkdən yaxşıdır. Əsil biqeyrətlik 7 nəfər külfəti ac saxlamaqdı. Mən biqeyrət deyiləm!
Cəlil Cavanşir
Publika.Az
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal6 Dekabr 19:05
Ramin Deko saxlanıldı