Həcərin ermənilərə qan udduran nəvəsi - Qaçaq Nəbi və Həcər haqda yeni FAKTLAR - FOTOLAR
Bizi izləyin

Həyat hekayəsi

Həcərin ermənilərə qan udduran nəvəsi - Qaçaq Nəbi və Həcər haqda yeni FAKTLAR - FOTOLAR

Açığı, Qaçaq Nəbi, onun həyat yoldaşı Həcər haqda Publika.az-da bir neçə gün əvvəl dərc olunmuş müsahibənin bu qədər müzakirələrə yol açacağını gözləmirdik. Yazı xəbər portalımızda dərc olunduqdan sonra oxucular el qəhrəmanlarının övladları, onların nəsillərinin sonrakı taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirdilər. Bəziləri onların ümumiyyətlə övladlarının olmadığını, bəziləri isə bunun əksini iddia etdilər. Biz də öz növbəmizdə qərara aldıq ki, bu mözvunu ətraflı araşdırıb, yeni faktları axtaraq. Araşdırmanı təqdim edirik.

"Onların heç birinin sübutu, dəlili yoxdur..."

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev əvvəlcə Qaçaq Nəbinin mübarizəsinin ilk illərindən söhbət açdı. Bildirdi ki, Nəbinin Yuxarı Mollu kəndindən olan Həcərlə ailə qurması, Həcərin həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparması bir sıra sənədlərdə əksini tapıb. Yalnız bu cütlük deyil, onların qohumları da azğın bəylərə, pristavlara, çar hökuməti nümayəndələrinə qarşı mübarizədə yer alıblar. Nəbinin baldızı Mehri xanım da bu mübarizənin aktiv iştirakçılarından olub.

Hətta Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulanlar arasında idi. Məhəmməd bir qədər sonra həbs olunaraq 10 il azadlıqdan məhrum edilib.

Bir sıra rəvayətlərə, həmin dövrdə yaşamış şəxslərin dediklərinə görə, atası Nəbini Aşağı Mollu kəndindəki varlı ailəyə muzdur verib. Lakin kəndlilərin torpaqlarını ələ keçirmək istəyən mülkədarın bu istəyi Nəbinin xoşuna gəlmir. Bütün bunlar və digər hadisələr onun mübarizəyə başlamasının əsas səbəblərindəndir.

Dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq etmiş Nəbi uzun illər zülmkarların qəniminə çevrilib. O ki qaldı onun həyat yoldaşı, qaçaq xanım haqda söylənilənlərə, həmsöhbətimiz deyir: "Həcər haqqında yayılanlar hamısı böhtanlardır. Bütün bunlar son vaxtlar ortaya çıxıb. Belə şayiələr əsasən erməni mənbələrində geniş yayılıb. Məqsədsə bəllidir. Görünür, bununla ondan qisas almaq istəyirlər. Böhtan kampaniyaları təkcə Həcər, Nəbi yox, ayrı-ayrı vaxtlarda Azərbaycanın digər görkəmli xadimləri, mütəfəkkirləri, xalq qəhrəmanları Koroğlu, Üzeyir Hacıbəyov haqqında da aparılıb. Onlara hər cür böhtanlar atıblar. O qədər cəfəng şeylər uydurublar ki..."

Şayiələrin yayılmasında əsas məqsəd...

Alimin sözlərinə görə, ermənilər xalqımızın qəhrəmanlarını nüfuzdan salmaq üçün davamlı belə kampaniyalar aparır: "Şayiələrin yayılmasında əsas məqsəd tarixi şəxslərə ləkə vurmaqdır. Lakin bu cür şər-böhtanlarla heç nəyə nail ola bilməyəcəklər.

Həmin dövrün şahidləri, ötən əsrlərin hadisələrini qələmə alan tarixçilərin qeydləri, nəsillərdən nəsillərə ötürülən söhbətlər, tarixi sənədlər, arxiv sənədləri var.

Təəssüf ki, bizim xalq qəhrəmanlarımızı, tarixi şəxsiyyətlərimizi gözdən salanlar arasında özümüzünkülər də var. Belələri dəqiqləşdirilməmiş, yarımçıq araşdırmalarla tarixi şəxsiyyətlərimizi ləkələyirlər. Babəki, Koroğlunu, Şah İsmayılı, Üzeyir Hacıbəyovu ermənilər də ləkələyir, bizim "araşdırmaçı"lar da.

Fikir verin! Görün bu şəxsiyyətlərin hansı haqda yalanlar yazılmayıb. Hətta bir zamanlar Qasım bəy Zakirin arvadının guya rus əsgərinə ərə verilməsindən də yazırdılar. Bütün bunlar ya qəsdən edilmiş tarixi cinayətlərdir, alçaldıcı kampaniyadır, ya da böhtan kampaniyasıdır. Tarixi şəxslər haqqında uydurmalar insanların qanını qaraldır. Belə kampaniyalarda hansı azərbaycanlı araşdırmaçı yer alırsa, çox böyük səhvə yol verir. Əgər hər hansı faktları ortaya qoya bilirlərsə, qoysunlar. Yox, əgər faktları, dəlilləri yoxdursa, cəfəngiyyat danışmasınlar. Onların heç birinin sübutu, dəlili yoxdur. Yalan danışmaq onların özlərinə də yaraşmır".

Həcər nəslinin yadigarları...

Qaçaq Nəbi 1896-cı ilin martında qətlə yetirilib. Onun ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilib: "Böhtan atanların şayiələrinin əksinə olaraq bəzi mənbələrdə Həcər xanımın Nəbidən sonra Həmzə adlı çobana ərə getməsi haqda məlumatlar var. Bildirilir ki, qadının bu nikahdan üç övladı - iki oğlu, bir qızı dünyaya gəlib. Oğlanların adı Xəlil və Əhməd olub. Lakin Həcər xanımın qızının adı tam dəqiqləşdirilməyib".

1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində dünyasını dəyişmiş Həcərin məzarı Aşağı Mollu kəndində idi: "Qubadlıda Nəbinin də, Həcərin də abidələri vardı. Ermənilər həmin abidələri çoxdan məhv ediblər.

Yeri gəlmişkən, Qubadlının şəhidləri arasında Həcər xanımın nəvəsi - qızının oğlu Əliş kişi də var. O, son vaxtlara qədər yurdunda yaşayıb. Əliş kişi hətta Böyük Vətən müharibəsində də iştirak edib. Müharibədən orden-medallarla qayıdıb. 1988-ci ildə başlamış Ermənistan-Azərbaycan münaqişəsinə qədər Qubadlıda yaşayıb. Əliş kişi hətta ermənilərə qarşı vuruşub".

Tarixçinin sözlərinə görə Həcər nəslinin yadigarı Qubadlının sonuncu müdafiəçilərindən olub: "Əliş kişi son ana qədər yurdunu tərk etməyib. Yəni, evini qoyub getməyib. Döyüşlərdə bir neçə ermənini də məhv edib və düşmənə qarşı qeyri-bərabər mübarizədə qəhrəmanlıqla şəhid olub".

Əliş kişinin övladları indi Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Həcər nəslinin digər törəmələri isə Türkiyədə və dünyanın başqa ölkələrində yaşayırlar: "O ki qaldı bu övladların kimdən dünyaya gəlməsinə, Qaçaq Nəbi ömrü boyu, Həcər isə onun qətlə yetirilməsindən sonra da təqib olundu. Nəbi dünyasını dəyişəndə, Həcərin 30-dan bir qədər artıq yaşı vardı. Onu çox incidirdilər. Tək yaşamaq bir zamanlar əlinə silah alıb döyüşmüş dul qadın üçün çox çətin idi. Ona görə də Nəbinin qohumu Həmzəyə ərə gedib. Özü də evlilik təklifini Həcər özü edib".

Əksər mənbələrdə Nəbinin Həcərdən övladının olmadığı bildirilir. Q.Hacıyev isə deyir ki, ola bilsin, onların övladı olub: "Çünki çar Rusiyası müəyyən dövrlərdə qaçaqların övladlarına qarşı güclü təzyiqlər göstərirdi. Ola bilsin, həmin uşaqlar Nəbi ilə Həcərin nikahından dünyaya gəlib. Onlar övladlarını qorumaq üçün adlarını gizlədiblər. Yaxud övladlarını qorumaq üçün uşaqların Nəbidən yox, Həmzədən dünyaya gəldiyini bildiriblər. Bu da ola bilər".

Tarixçi qeyd edir ki, bir çoxları Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan əvvəl, bəziləri isə ondan sonra adlarını, soyadlarını dəyişiblər: "Övladların Nəbinin olub-olmamasını təsdiqləyən fakt yoxdur. Onu təkzib edən sənəd də yoxdur. Yazılı mənbələrdə bununla bağlı heç nə yoxdur. Tarixçilər də, ədəbiyyatçılar da susur. Tarixdə heç nəyə nöqtə qoymaq mümkün deyil".

Erməni baş redaktor tariximizi necə saxtalaşdırmaq istədi?

Qaçaq Nəbinin həyatını əks etdirən "Atları yəhərləyin" filminin rejissoru Əbdül Mahmudov da deyir ki, bu ekran əsəri lentə alınarkən həmin dövr görkəmli tarixçilərlə, araşdırmaçılarla, filoloqlarla bir daha tədqiq edilib: "Həmin vaxt aparılan araşdırmalarda Həcərin erməniyə ərə getməsi haqda hər hansı bilgiyə, sənədə, yazılı qeydə rast gəlmədim. Filmin ssenarisini yazanda, Zəngəzuru, Qafanı, Qubadlını, Batabatı, Gorusu, Naxçıvanı və başqa yerləri gəzdim. Nəbi ilə bağlı faktları, qocaların yaddaşında qalan xatirələri topladım. Hansı erməni kəndinə gedirdimsə, deyirdilər ki, "ara, Nəbi yaxşı kişi idi". Həmin yerlərin sakinləri ilə görüşdə heç kimin dilindən Həcərin erməniyə ərə getməsi haqda heç nə eşitmədim. Bir daha qeyd edirəm ki, filmin çəkilişləri ərəfəsində apardığımız araşdırmalar zamanı Həcər xanımın erməniyə ərə getməsi ilə bağlı hər hansı bilgiyə rast gəlmədik. Bu səbəbdən də söylənilənlər boş cəfəngiyatlardır".

Rejissor da vurğulayır ki, son vaxtlar Həcər barəsində yayılan şayiələr məqsədli kampaniyanın tərkib hissəsidir: "Bəsdir, yetər artıq tarixi şəxsiyyətləri ləkələdilər! Gah deyirlər Şah İsmayıl şiə-sünni söhbətini ortaya salıb. Ağa Məhəmməd şah Qacar Qarabağı dağıdıb. Nadir şah guya filan şeyi filan edib. Tarixi şəxsiyyətlərimizi hələ də bolşevik ideologiyası ilə aşağıladığınız, onlara şər atmağınız, qara yaxmağınız ayıb deyilmi?

Əvvəlcə iddia etdilər ki, Həcər guya erməniyə ərə gedib. Gördülər, bu uydurmaları ifşa edildi, keçdilər başqa məsələyə. Yəni, uşaqların atası məsələsinə. Həcərin Nəbinin qonşusu olmuş Həmzə adlı kişiyə ərə getməsi haqda müəyyən məlumatlar var. Niyə? Çünki Qaçaq Nəbi yüzlərlə pristavın, ağanın, çar Rusiyasına yaltaqlanan bəyin, habelə ermənilərin qatı düşməni idi. Onun qətlə yetirilməsindən sonra düşmən ocaq başında idi. Qadını ləkələmək üçün əllərinə fürsət düşmüşdü.

Bəzi mənbələrdə qeyd edilib ki, Həcər xanım böhtanlarla üzləşməməsi üçün elin adət-ənənəsi ilə, kəbinlə yaxın qonşusu olan kasıb kişiyə - Həmzəyə ərə gedib. Bir daha qeyd edim ki, bu, söz-söhbətlərin, şayiələrin yayılmasının qarşısını almaq üçün idi.

Belə məlumatlar da var ki, Həcərin övladları ikinci həyat yoldaşından dünyaya gəlib. Çünki Nəbi ilə birlikdə daim at belində, odlu mübarizələrdə olan qadın dağlarda, dərələrdə ana ola bilməzdi. Həcərin Nəbidən övladı vaxtından əvvəl olub. Yəni, o, uşağı salıb. Mən bunu filmdə bir epizodda verə bildim. Bundan başqa kim nə deyirsə, yalan uydurur".

Ə.Mahmudovun sözlərinə görə, el qəhrəmanları haqda uydurmalar heç də təsadüfi deyil: "Ermənilər bir zamanlar onlara qan uddurmuş qəhrəmanlarımızdan qisas almağa çalışırlar. Film çəkilən vaxtda da "Atları yəhərləyin"ə mane olmaq istədilər. Bütün bunların başında SSRİ Kinematoqrafiyasının vəzifəli şəxslərindən olan Vladimir Medvedev adlı erməni dayanırdı".

Baş redaktor vəzifəsində çalışan bu şəxs filmə çox müdaxilələr edibmiş: "Bir rus tələbə yoldaşım bu sirrin üstünü açdı. Nəticədə Medvedev işdən qovuldu. Lakin filmdə ermənilərlə bağlı bəzi epizodlar artıq montaj olunmuşdu. O, bizə ziyan vura bildi.

İndi Həcərə qarşı yeni kampaniyaya başlayıblar. Buna ilk öncə erməni tarixçiləri start verdilər. Böthanları isə içimizdəki milli mənliyi olmayanlar davam etdirirlər".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm