Azərbaycanlı professordan İNANILMAZ AÇIQLAMALAR: Yeni kəsilmiş qoyunun gözünü əzirik ki...
Bizi izləyin

Xüsusi

Azərbaycanlı professordan İNANILMAZ AÇIQLAMALAR: Yeni kəsilmiş qoyunun gözünü əzirik ki...

Publika.az-ın müsahibi sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevadır.

II HİSSƏ

ƏVVƏLİ

- Kübra xanım, ta qədimdən xalçalarımızın əsas funksiyalarından biri də bəd nəzəri geri qaytarmaq olub. Xalqımız gözə, nəzərə yaman çox inanıb.

- Nəzər, pis göz Azərbaycan xalqı arasında geniş yayılmış çox qədim inancdır. Əcdadlarımız pis gözə çox inanıblar və ondan qorunmaq ücün müxtəlif üsullardan və əşyalardan istifadə ediblər. Bunlardan biri və ən geniş yayılmışı gözə qarşı istifadə edilən müxtəlif muncuqlardır. Bu muncuqlardan ən məhşuru və qədimi isə kaurilərdir. Onlara elmi ədəbiyyatda qarnıyarıqlar da deyilir. Kauri balıqqulağı tipli, dəniz məmulatı olub, Hind okeanında əmələ gəlir. Bəzi mənbələrə görə, İran və Gürcüstan ərazisində də rastlanır. Arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif zonalarında bu muncuqlardan külli miqdarda tapılıb. Arxeoloqlar kaurilərin, yəni qarnıyarıqların Azərbaycan arxeologiyasında tarixin 3 min il olduğunu qeyd edirlər. Bundan əlavə, göz işarəsi olan muncuqlardan tutmuş, üzərliyə qədər nəzərdən qoruyan vasitələr istifadə olunub. Hətta Azərbaycanın ən qədim abidələrindən biri olan "Avesta"da bəd nəzərin divlərin əməli olduğu haqda məlumat verilir. Ən pis əməlləri ilə bir-birlərindən fərqlənən10 divin adı çəkilir. Məsələn, Akunan adlı div insanlar arasında nifaq salır, Kundak adlı div isə cadugərlik yaradır. Aqaş divinin vəzifəsi insanları gözə gətirib, məhv etməkdir.

- Digər xalqlar da yaman gözə bizim kimi inanırlar?

- London Universitetinin çox məşhur bir professoru var - Bostermark... Bu sosioloqun bəd nəzərlə bağlı çox dərin tədqiqatları var. O, uzun illər Şərqin bir çox ölkələrini gəzib, gözün insana təsiri və insanların ondan qorunmasına həsr etdiyi cox qiymətli kitab yazıb. Kitabın adı “İslam mədəniyyətində əski, bütlərə tapma dövründən qalma inanclar”dır. Kitabın başlanğıcında yazılmış məqrib və Qərbi Afrikada geniş yayılmış atalar sözləri, gözün insana gətirdiyi bəlaları çox aydın ifadə edir. Məsələn, “pis göz evləri boşaldır, məzarları doldurur“, "məzarların üçdə ikisi nəzərə aiddir” və s. Əlcəzairdə yerli əhali özlərini bəd nəzərdən qorumaq ücün sağ əllərini pis gözlü adama qarşı qaldırıb, barmaqlarını açaraq pıçıltı ilə “beş gözünün içinə, beş gözünün üstünə”, sonra da eyni hərəkəti sol əli ilə icra edərək bu dəfə "beş və kiçik beş” və “beşlər” deməklə, təhlükəli nəzərin gələn yolunu bağlayırlar. Mərakeşdə bir ev, bir dükan tapılmaz ki, onun üstündə bədnəzərdən qorunmaq işarəsi olunaraq barmağı aralı əl təsviri olmasın. Azərbaycanın görkəmli araşdırmaçılarından olan alim-etnoqrof Güllü Yoloğluna görə, türk xalqlarının əksəriyyətində atəşlə təmizlənmək adəti bu günə qədər davam edir. Hətta çobanlar yazda qoyun sürülərini bir-bir yanan tonqalın üzərindən keçirib sonra dağa yola düşərmişlər. Qədim misirlilər xaç şəklindən bir tilsim olaraq istifadə etmişlər. Onların inancına görə xac şəkli pis gözün ilk şüasını çəkir.

Hazırda yaponlar pis gözün şüasını bədəndən çıxartmaq üçün topuqlarına keramika parçasını leykoplastlarla bərkidirlər. Azərbaycanda isə müasir gənclər təəssüf ki, qədim dünya görüşü ilə əlaqədar olan pis göz, pis nəzərin törətdikləri bəlaları köhnəliyin qalığı hesab edirlər.

- Maraqlıdır, siz özünüz inanırsınızmı pis gözə?

- Mənim şahidi olduğum bir neçə hadisə olub. Bacım Bərdə rayonunda yaşayırdı. 3 yaşlı qızı Tünzalənin gözəlliyindən heyrətə gələn qonşumuzun “İlahi, bu gözəllikdə qızmı olar, elə bil 15 yaşı var” sözləri ilə sağ-salamat qızın partlamaya düşüb, ölməsi arasında 24 saat vaxt keçdi.

Bir də xatırlayıram ki, mənimlə AMEA-da uzun illər bundan əvvəl işləyən və pis gözü olması ilə tanınan bir qadın vardı. Bir dəfə bu qadının mənə baxmağı ilə düm-düz dəhlizdə onun ayaqları altına yıxılmağım eyni anda baş verdi. Xoşbəxtlikdən yalnız dərin olmayan sıyrıntılar ilə qurtula bildim. Lakin həmin andan bir ay titrətmə, qızdırma ilə yataqda yatdım. Xəstəliyimin dərmanı tapılmırdı. Çox müəmmalı vəziyyət idi. Rəhmətlik anamın hər gün yandırdığı üzərlikdən sonra güclə ayağa qalxdım və sonralar həmin qadından gizlənmək məcburiyyətində qaldım. Bir də yaxşı yadımdadır, kollecdə oxuyan bir tələbəm iki dəfə bizə gəlmişdi. 1-ci dəfə stəkanda ona çay gətirərkən, qızın bir baxışı ilə stəkan nəlbəkinin içindən yarım metr yuxarıya doğru atılıb, çilik-çilik oldu. Mən bunu təsadüf hesab etdim. İkinci gəlişində isə kiçik kasada onu dovğaya qonaq etmək istədim. Eyni hadisə yenidən təkrar olundu. Psixoloq, nevropotoloq Ağabəy müəllim sağlığında evində olan çex qabının eynilə qonağın qabı tərifləməsilə iki parçaya bölündüyü faktını qeyd etmişdi. Ümumiyyətlə, pis, yaman gözün törətdiyi hadisələri dilə gətirsək, gərək günlərlə bu haqda danışaq.

- Bəd nəzəri, yaman gözü necə xarakterizə edə bilərik?

- Nəzər - gözdə olan yüksək enerjidən fırlanıb çıxan şüadır. Bekon bunu təsdiq edir. Nəzərdən çıxan şüanı, ildırım şüası ilə də müqayisə etmək olar. Çünki ikisi də güclü və öldürücüdür.

Uzun illər bundan əvvəl təsadüfən bir məqalə oxudum. Demək, Gürcüstanda alçaq iki dağ arasından keçən hər kəsin dərhal ölümcül hala düşməsi, yəni qan təzyiqinin qalxması, ürək döyüntülərinin artması, dizlərin titrəməsi və müvazinətini itirməsi, baş ağrısı, ürək bulanma hallarının keçirtməsi müşahidə edilirmiş. Həmin hala düşən adamları bir qarı həyata qaytarmış. Deyilənə görə, bir ağacı yandırıb, onun kömürünü, bədənin müəyyən hissələrinə sürtməklə insanları ölümün yaxasından alırmış. Novosibirsk alimlərinin tədqiqatı nəticəsində məlum olur ki, bu iki yaxın təpəlikdə həddən artıq maqnit vard. Sonralar göz-nəzərlə məşğul olmağa başladığım zaman bu məqalə yadıma düşdü və mən özlüyümdə belə bir nəticəyə gəldim. Həmin dağın arasından keçən adamla, nəzər dəymiş adam eyni halı keçirir. Yəni nəzər dəyən adamında başı ağrıyır, mədəsi bulanır, təzyiqi qalxır, dizləri əsir, göz, nəzər dəyən adam da eynilə kömürlə, yəni, üzərliyin dənəsinin yanmış kürəciyini insanın əsəb uclarına, yəni ayağın üstünə, topuqlara, əllərinin üstünə, dizlərə, dirsəklərə, çiyinlərə, boynunun arxasına, alına, gicgahlarına, burnunun yanlarına, çənəyə çəkməklə nəzər şüalarından qurtulur. Deməli, belə bir nəticəyə gəlirik ki, insanın gözündən fırlayıb, çıxan şüanın maqnitlə, onun dalğası ilə əlaqəsi var. Çünki hər ikisinin doğurduğu nəticələr və müalicə üsulları eynidir.

- Hazırda bununla məşğul olan elm sahəsi var?

- Xeyr. Görünür bu məsələnin dəqiq elmi əsaslarını öyrənilməsi gələcək nəsillərin, kimya, fizika elmləri ilə məşğul olan alimlərin öhdəsinə düşəcək.

- İnanmaq çətindir, amma hansı insanların bəd nəzərinə tuş gəlmək şansımız daha çoxdur?

- Pis, yaman göz, nəzərlər, əsasən insana, heyvana, mala-mülkə, cansız əşyalara zərər verən, baxışlardan fırlanıb çıxan çarpıcı, öldürücü bir gücdür. Pis gözü olan adamlarda bu şüanın bayıra çıxmasının əsas səbəbi həmin adamın həsrət, qısqanclıq, xainlik hissləri ilə əlaqədar olaraq meydana gəlir. Yəni məndə yoxdur, onda var kimi hisslər bu insanların qəlbinə, mənəviyyatına hakim kəsilir.

Pis göz və nəzərlə yanaşı, pis nəfəs və pis deyim də var. Azərbaycan xalqı arasında pis nəfəsə düçar olub, bədbəxtliyə uğrayanlar belə gileylənirlər: “İt nəfsinə keçmişik” - yəni həmin adamın pis nəfsini itə bənzədirlər. Nəzər, göz də iki cür olur, unutmayın. Öldürücü nəzər və kəsəri olmayan zəif nəzər. Tədqiqatçıların fikrinə görə yaşlı qadınların və bir də gəlinlərin gözləri daha qorxuncdur. Və bu təhlükəli gözə malik olanların əksəriyyətinin gözləri çuxurda olub, qaşları bir-birlərinə yaxın olur. Şərqdə açıq mavi gözlərin də qorxulu olması haqda mülahizə yürüdülür. Azərbaycanın müxtəlif bölgələrində pis gözə malik olanlar göy göz, dişi aralı kişi olduqda üzünün tükü seyrək kimi xarakterizə edilir. Özü də deyim ki, təkcə pis göz yox, ağız da var. Birisi həsəd apardığı bir şeyi dilinə gətirib, söyləyirsə, o gözün, nəzərin öldürücü qüvvəsi birə-beş artır.

- Kübra xanım, xahiş edirəm, bizə bəd nəzərdən qorunmağın qaydalarını da izah edin.

- Gözdən qorunmağın ən birinci üsulu pis gözə malik olan adamdan qaçmaq və ondan qiymətli şeyləri gizlətməkdir. Azərbaycanda pis nəzər dəymiş və ya ondan qorunmaq üçün olan ən əsas üsullar təbii halda, yumru, ortasında və ya bir ucunda deşik olan qəmbərlər, yəni nəzər daşları hesab edilir və evin girəcəyində, üzərində çoxlu meyvəsi olan ağacların, eyni zamanda limon ağacının üsutündən asılır ki, bəd nəzər dəyməsin. Gözü pis adama rast gələrkən, onun söylədiyi təriflərə baxmayaraq "Tfu gözünə" deyilir və yan qaşınır. Dağlarda bitən və müqəddəs sayılan dağdağan ağacının budaqları kəsilib deşilir, üzəri isti alətlə dağlanır və onu sapa və ya sancağa taxıb uşağın paltarına çiyindən və ya qolundan asırlar. Yaşlıların dediyinə görə, üzərində dağdağan olan atlı da qüvvəli gözün təsirindən xilas olur. Tarix elmləri doktoru, etnoqraf Nərgiz Quliyevanın soylədiyinə görə, onun ata-baba torpağı Goranboyun Sofikürd kəndində qocalar dağdağanın göz şüasını aldığını iddia edirlər və bildirirlər ki, ona çox baxmaq olmaz. Bundan əlavə, it nəcisi, it tükü, kəlləsi, iydə dənəsi, dəvə tükü, xərçəng çənəsi, duz pambıq, soğan qabığı, yumurta və s. kimi vaistələr var. "Quran" ayələri yazılmış kağız parçaları ücbucaq şəklində bükülüb paltardan asılır. Ümumiyyətlə, üçbucaq formalı əşyalar azərbaycanda bir çox türk xalqlarında olduğu kimi qoruyucu xarakter daşıyır. Üçbucaq rəsmi qədim keramika, metal və xalça sənətində müxtəlif variantlarda öz əksini tapıb, nəzərdən qoruyur. Şəvə (qara rəng) daşı üçbucaq formada kəsilir, bir küncündən deşik açılıb, sapa keçirdilir. Kauri-qarnıyarıq muncuq sapa keçirilərək, paltara bərkidilir. Azərbaycanda qarnıyarıqlar ən çox dəvənin baş bəzək əşyasında istifadə edilir. Üzərlik də bəd nəzərə qarşı istifadə edilən ən qədim vasitədir. Azərbaycanda üzərlik müqəddəs bitki hesab edilir. Onu toplamaq üçün bitkinin bitdiyi yerə nəzir qoyulub sonra toplanır. Nəzər dəymiş adamın üzünə yanan üzərlik tüstüsü üfürülür, üzərliyin dənələrini yanmış kömürü xəstənin alnına, gickahlarına, qulağının arxasına, əllərinin və ayaqlarının üstünə və ən nəhayət dizlərinə və boynunun ardına sürtüb, səhərəcən saxlanılır. Bilirsiniz, uşaqlar təmiz və zəif olduqları üçün həmin dəqiqə bəd nəzərə gələrək xəstələnir, bəzən də ölürlər. Kənd yerlərində nəzər dəyib, ölən uşağın bədənində göz yaraları olduğunu söyləyirlər. Nəzər dəyib hələ ölməmiş uşağı ilk mərhələdə yeni kəsilmiş qoyunun gözünü əzərək xınaya qatıb və göz yarasına sürtməklə xilas edirlər. Qurğuşunla müalicə də türk xalqları arasında geniş yayılıb. Türkiyədə “kurşun tökmək” anlamı da bununla bağlıdır.

Yeri gəlmişkən, qurğuşunla müalicə və xəmirdən, ağacdan, gildən fiqurlar hazırlayıb, insanı şər ruhlardan xilas etmək Azərbaycanda qədim şamalıqla əlaqədardır.

Azərbaycan ərazisində, o cümlədən Şamaxı, İsmayıllı, Mingəçevir və Qafqaz Albaniyasının digər yerlərindən eramızdan əvvəl və bizim eranın I əsrinə aid külli miqdarda başı, qolu sındırılıb, yanına qoyulmuş kiçik qadın heykəlləri tapılıb ki, bunlar şaman ayinlərində xəstəliyin səbəbkarı olan həmin şər ruhlu, bəd nəzərə malik ruhlarla əlaqədar fiqurlardır. Çox güman ki, sadaladıqlarımızdan başqa da yüzlərlə bədnəzərə qarşı üsulları olub və hazırda da var. Məsələn, Azərbaycanda da falçı, ocaqçı adı ilə indiyə qədər fəaliyyət göstərənlər su ilə dolu kasaya fala baxır, qızmış dəmirlə müalicə edir, adamları və evləri tüstüyə verməklə bəd ruhlardan təmizləyir ki, bu da Şərqi Türküstan şamanlarının kecirtdiyi ayinlərlə oxşardır.

- Kübra xanım, ətraflı fikirləriniz üçün minnətdaram. Bəd nəzərdən uzaq olmağınızı arzulayıram.

- Siz də, əzizim.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm