Yeraltı dünyada gördüklərim: Qədim "zaman tuneli"ndən REPORTAJ - Bir az da aşağı ensəniz... - FOTO
Bizi izləyin

Xüsusi

Yeraltı dünyada gördüklərim: Qədim "zaman tuneli"ndən REPORTAJ - Bir az da aşağı ensəniz... - FOTO

Macar xalqı həyatın təqvimindən düşən hər vərəqə dərin hörmət və sevgiylə yanaşır və onu qoruyur. Keçmiş, keçmişdə yaşanıb bitmiş və artıq əhəmiyyətini itirmiş bir hadisə deyil, həmişə və hər yerdə səninlə yaşayan, duyğusunu ötürür. Bu, tək yerin üstündə deyil, altında da hiss olunur. Bir az da aşağı ensəniz, söhbətin nədən getdiyini anlaya və mənimlə ən qədim zaman tunelinə düşə bilərsiniz. Nə deyirsiniz, 1896-cı ilə qayıtmağa dəyər?

Biletimi alıb, balaca sarı vaqona yaxınlaşıram. Vaqona ilk dəfə minəndə mənə elə gəldi ki, növbəti stansiya 20-ci əsrin əvvəllərinə olacaq və az sonra vintaj stilində geyinmiş uzun ətəkli və şlyapalı xanımlarla qarşılaşacağam. Hətta bir az da qorxdum ki, tunel məni bu dəqiqə udacaq və burdan çıxa bilməyəcəyəm. Keçmiş dünya sizi hər tərəfdən əhatə edir və oyanmağa imkan vermir...

Publika.az dünyanın dördüncü, Avropanın isə Londondan sonra ikinci ən qədim metrosundan reportajı təqdim edir.

İlk metro xətti necə yarandı?

Budapeşt kontinental Avropada elektriklə çalışan metro xəttinə malik ilk şəhər rütbəsini qürurla daşıyır. M1 Budapeşt metropoliteninin dörd xəttindən ən qədimidir. Metrosunun ilk xətti 19-cu əsrdə, daha doğrusu 1896-cı ildə açılıb. Metronun açıldığı il təsadüfən seçilməyib. Həmin illərdə Budapeştin küçələri artıq elektriklə təchiz olunmuş və şəhərin tikintisi üçün yeni konsepsiya hazırlanırdı. Həddindən artıq izdihamlı omnibuslar gündüzlər Andraşşi prospekti ilə geniş xiyabanları olan mərkəzi prospekt boyunca hərəkət edirdi və ağır atlı elektrik tramvayları yalnız prospektdə dəmir yolu və tramvay xətlərinin çəkilməsinin qəti əleyhinə olan şəhərin varlı sakinləri üçün nəzərdə tutulmuşdu. Bu, Macar dövlətinin 1000 illiyi şərəfinə keçirilən bayram tədbirinin təşkilatçılarını xeyli narahat edirdi, odur ki, tıxaclardan xilas olmaq və ictimai nəqliyyatla bağlı problemi həll etmək lazım idi. Nəticədə, uzun illər prospekt boyu aparılan uğursuz cəhdlərdən sonra Budapeşt dəmir yolu şirkəti yeraltı dəmir yolu çəkməyə qərar verdi. Buna 1879-cu ildəki texnoloji sıçrayış da kömək etdi: Berlin Sərgisində “Siemens und Halske / Siemens & Halske” mütəxəssisləri dünyanın ilk elektrik dəmir yolunu nümayiş etdirdilər. Daha sonra “Siemens und Halske” Budapeştdə əfsanəvi yeraltı dəmir yolunun inşasına başladı. Və şirkətə metronu macar dövlətinin 1000 illiyinə qədər hazır olması tapşırığı verildi. Şirkət hökumətə söz vermişdi ki, Budapeştin dünyada ən böyük şəhərlərdən biri kimi reputasiyasını yüksəldəcək müasir dəmir yolu inşa edəcək. Beləliklə, 1984-cü il avqustun 9-da tikinti işləri başladı və 1 il 6 ay sonra Budapeşt metrosunun ilk xətti açıldı.

Metro stansiyalarının girişləri yeraltı keçidlər kimi dizayn edilib və “yeraltı” mənasını verən Földalatti yazılmış sarı lövhələrlə təchiz olunub. Földalatti təkcə Budapeştin tarixi metro xətti deyil, həm də şəhərin bir çox görməli yerlərinə çatmaq üçün əlverişli bir yoldur. Földalatti tunellərindən keçən qatarlar Budapeşt metrosundakı digər qatarlardan fərqlidir. 1973-cü ilə qədər “Siemens & Halske” metro vaqonlarından istifadə olunurdu. 1973-cü ildən bu günə qədər Ganz-MÁVAG metro qatarları fəaliyyətdədir. Onların hamısı XX əsrin 70-80-ci illərində istehsal edilib. Ona görə də, M1 xəttindəki qatarlar müasir qatarlardan qat-qat çox səs-küy yaradır və “qapılar bağlanır, növbəti stansiya filan yer anonsu əvəzinə, məktəb zəngi çalınır və qırmızı işıq yanır. M1 xəttindəki tunellər çox dardır və qarşıdan gələn qatarlar arakəsmə ilə ayrılmır, odur ki, həyəcanlanmamaq qaçılmazdır.

Bu kiçik, sarı qatar yalnız üç hissədən ibarətdir, vaqonlar bir akkordeonla birləşdirilir. Eni cəmi 4 oturacaqdan ibarətdir və o qədər dardır ki, qatardan çox tramvaya oxşayır. Metro qatarlarında cəmi üç vaqon var (yalnız M1 xəttində), müasir qatarlar isə 6 vaqonludur. Stansiya platforması da qatarın özü qədər kiçikdir. Bütün 11 stansiya eyni üslubda hazırlanıb. Budapeşt metrosunun sarı xəttində bir dənə də olsun eskalator yoxdur, bu onun dayaz dərinliyi ilə izah olunur. Xətlər bu günə qədər tikildiyi formada qorunub saxlanılıb, qatarlardakı köhnə taxta skamyaları əvəz edən müasir oturacaqları çıxmaq şərtiylə.

19-cu əsrin sonunda texnoloji sıçrayışdan sonra Budapeşt metrosu uzunmüddətli durğunluqla üzləşdi. Əvvəlcə Birinci Dünya Müharibəsi, bunun nəticəsində Macarıstan ərazisinin üçdə ikisini itirdi, sonra Budapeştin geniş miqyaslı dağıdılması ilə nəticələnən İkinci Dünya Müharibəsi, daha sonra 1956-cı il inqilabı. Bütün bu hadisələr metronun inkişafını təxminən yüz il ləngitdi.

M2 xətti 1970-1972-ci illərdə tikilib, sonuncu M4 xətti isə 2014-cü ilin martında istifadəyə verilib. Budapeştin qalan metro xətləri çox gəncdir. M3 xətti keçmiş SSRİ sakinlərini heç bir şəkildə təəccübləndirməyəcək, çünki o, sovet mühəndislərinin iştirakı ilə tikilib və Mıtişenski zavodunun vaqonları ilə təchiz olunub.

Budapeşt Metro Muzeyi

Budapeştdəki Metro Muzeyi “Deak Ferenc ter” stansiyasının çıxışlarından birində - istifadə olunmayan tuneldə yerləşir. Metronun girişində sizi böyük hərflərlə yazılmış muzey sözü qarşılayacaq. İçəri daxil olmaq üçün müasir sərnişin xidmət mərkəzindən keçmək lazımdır, qonşu qapı sizi metro muzeyinə aparacaq. Qaranlıqda tərk edilmiş metro tunellərində gəzmək maraqlı səslənsə də, sizi məyus etməli olacam. Muzeyin ərazisi böyük deyil. Burada cəmi 2 vaqon və Budapeşt metrosunun inkişaf tarixindən bəhs edən fotoları olan bir neçə stend nümayiş etdirilir. İçəridə o dövrün paltarlarını geyinmiş manekenlər qoyulub.

Birinci vaqon macar dövlətinin 1000 illiyinin geniş miqyasda qeyd olunması şərəfinə tikilib. Avstriya-Macarıstan imperatoru Frans İosif qatarın ilk sərnişinlərindən olub. Bu, o dövr üçün böyük əlamətdar hadisə idi. Budapeşt elmi-texniki tərəqqinin zirvəsində idi. Metro kimi möcüzə yalnız Londonda mövcud idi, hətta onda Vyanada belə metro tikilməmişdi. Yeri gəlmişkən, 20 nömrəli vaqon xüsusi olaraq Franz İosif üçün tikilmişdi. İmperator vaqonunda cilalanmış Belçika şüşə pəncərələri, taxta panellər, yumşaq parça oturacaqlar və Art Nouveau lampaları var idi. İmperatorun rəsmi səfərindən sonra yeraltı dəmir yolu "Franz İosif Elektrik Yeraltı Dəmir Yolu" adlandırıldı.

Muzeyə səhər saatlarında getsəm də, ziyarətçilər gəlməyə davam edirdi. Bu balaca muzeyə olan ziyarətçi axını məni təəccübləndirdi. Əgər tarixin qoxusunu hiss etmək istəyirsinizsə, həm M1 stansiyasını, həm də muzeyi görməyə dəyər. Əgər belə bir ehtiyacınız olmasa, yaxud gündə beş dəfə taksi tuta biləcək qədər zəngin olsanız belə, yenə də Budapeştin tarixi metrosuna minməyi məsləhət görürəm.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm