Xüsusi
Astrologiyanı yaradan 7 min illik tayfa və at belində dolaşan 138 yaşlı qadın - AZƏRBAYCANDA
Publika.az-ın müsahibi sənətşünasıq üzrə elmlər doktoru, professor Kübra Əliyevadır.
- Kübra xanım, Lətif Kərimovdan sonra Azərbaycan xalçalarının ən sadiq qoruyucularındansınız. Necə oldu bu sənətə gəlişiniz?
- Biz əslən Şuşalıyıq. Tətilləri də orada keçirərdik. Bir dəfə istirahət vaxtı Lətif Kərimovla rastaşdıq. Atamla çox gözəl münasibətləri vardı. Valideynlərimə dedi ki, istəyirsinizsə, qızınız xalça sənəti ilə məşğul ola bilər. Heç o vaxtlar bilmirdim xalça nədir. Lətif müəllimin təklifindən sonra Elmlər Akademiyasına gəldim. Həmin gündən bu günə 51 il ötüb və mən bu müddət ərzində peşəmə sadiq qalmışam. Baxın, mənim əyləşdiyim bu kürsüdə vaxtilə Lətif Kərimov oturub. 36 ilə yaxın birgə çalışmışıq. Mən gələndə Lətif müəllimin kitabının yalnız birinci cildi çıxmışdı və biz tədqiqata başladıq. İkinci və üçüncü cildlər üçün material topladıq. Mənə “Azərbaycanın xovsuz xalçaları” adlı tədqiqat mövzusu verildi.
- Ölkəmizi yenidən kəşf etdiniz…
- Tədqiqata başlayanda belə bir ifadə işlətdim ki, Azərbaycan haqda anlayışım yoxdur. Təbii ki, coğrafiya, tarix dərsliklərindən kifayət qədər bilgili idim, lakin ölkəmizdə hansı etnik qruplar, xalqlar yaşayır, əsas məşğuliyyətləri nədir, antropoloji quruluşları necədir, bilmirdim. Bir neçə il Azərbaycanı qarış-qarış gəzib, tədqiq etməyə başladım. Anam da bu müddət ərzində məni tək qoymadı. Hər yerə birgə gedirdik. Arxeoloji qazıntılarda belə iştirak edirdim. Əntiqə xanım adlı bir qonşum vardı. Rusiyada təhsil almışdı. Baxmayaraq ki, məndən 20 yaş böyük idi, çox gözəl elmi, mənəvi dostluğumuz vardı. Bir müddət də Azərbaycan üzrə tədqiqatımızı onunla davam etdik. Əntiqə xanım daha çox talış bölgəsi, bu xalqın mədəniyyəti, milli geyimləri, adət-ənənələri ilə məşğul idi. Düz 6 il onunla talış zonasında qaldıq. Ümumiyyətlə, tədqiqat boyu Azərbaycan haqda çox geniş məlumat topladım. Daha sonra Qarabağ, Şirvan, Muğan bölgələrində oldum.
- Onların adətləri, mədəniyyətləri barədə danışaqmı?
- Onlar yarımköçəri həyat tərzi keçirirlər, özlərinə xas dünyagörüşləri var. Bayramları da bizim alışdığımız şəhər mühitindən tamamilə fərqlidir. Məsələn, Şirvanda İraq ərazisindən gələn "kamax" adlı türk tayfası olub. "Şamaxı" toponimi də buradan götürülüb. Bundan başqa, Qarabağ ərazisində məskunlaşan bir sıra tərəkəmə, yəni elat xalqalarının çoxu qarapapaqlılar adlanıb. Bilirsiniz, Azərbaycan olduqca maraqlı və rəngarəng yaşayış məskənidir. İnstitutun müdriyyəti mənim fəaliyyətimdən narahat idi. Çünki onları yalnız incəsənət maraqlandırırdı. Mənsə araşdırmalarımı hərtərərfli edirdim. Dəfələrlə xəbərdarlıq da etdilər, amma yolumdan döndərə bilmədilər. Tarix İnstitutu ilə də əlaqə saxlayıb, Cənubi Azərbaycanı öyrənirdim ki, sonralar bu biliklərimi kitabımda cəmləşdirdim. Cənubi Azərbaycan ərazisində tərəkəmələr, qaşqaylar, şahsevənlər və digər etnik qruplar var. Adətlərə gələndə isə bölgələrin mətbəxi, toy, yas adətləri bir-birindən çox fərqlidir. Hətta bir dəfə tərəkəmələrlə söhbətləşirdim. Onlara muğam dinlətdim. Başladılar ağlamağa. Səbəbini soruşdum, dedilər axı o ağlayır. Mən izah etdim ki, bu musiqidir, ifaçı mahnı oxuyur, ağlamır.
- Şaman da görmüsünüz?
- Yeganə insanam ki, Kəlbəcərin ən uca dağlarında şamana rast gəlmişəm. Məlum oldu ki, ata-baba ruhunu qoruyub saxlayırlar. Sonradan nə islam, nə xristianlıq, nə də bir başqa dini qəbul etməyiblər . Mən onların heç birini baş örtüyündə görmədim. Hamısı milli, gözəl geyimlərində idilər. Özlərinə uyğun Saya bayramları vardı. Demək, noyabr ayında qoyunları, keçiləri cütləşdirməyə başlayırdılar. Novruzun son çərşənbəsində isə o qoyunlar balalayırdı. Həmin gün müxtəlif şirniyyatlar bişirib, Saya bayramını qeyd edirlər. Azərbaycanda fəaliyyət göstərən çox dəyərli “Miras” ictimai birliyimiz var. Biz bu birliyin əməkdaşları ilə qərara gəlmişik ki, tərəkəmə çərşənbəsi keçirək. Bu çərşənbələr bilavasitə astronomiya ilə bağlıdır.
- Maraqlı faktdır.
- Bilirsiniz, astronomiyanın insan taleyi ilə sıx əlaqəsi var. Son illər alimlər bu qənaətə gəliblər ki, astronomiyanın yaradıcıları da tərəkəmələr olublar. Çünki onlar daim at belində olublar. Fəaliyyətləri bilavasitə təbiətdən asılı olub. Biz şəhər adamları Novruzu qeyd edirik. Lakin onların çərşənbələrinin hamısı ulduzların və Günəşin vəziyyəti ilə bağlı olub. Tərəkəmələr yazıb-oxumağı da bacarmırlar. Lakin göy cisimləri haqda kifayət qədər məlumatlıdırlar. Arxeoloqlar gəldiyi qənaət budur ki, tərəkəmələrin tarixi 7000 ildən çoxdur. Onlar daha çox mağaralarda yaşayıb, daşlardan özlərinə qala düzəldiblər. Azərbaycan incəsənəti 4 fəsildən ibarətdir. Onların birincisi tərəkəmələrin yaratdıqları incəsənətdir. Onların xalça üzərindəki bütün ornamentləri həyatları kimi ritmikdir. Adi addımları belə şəhər insanından tamam fərqlənir. Çünki başlarında daim yük daşıyırlar. Toy adətləri isə unikaldır. Toylarda mütləq tamaşa nümayiş olunur. Kilim asılır, onun arxasında isə tamaşa göstərilir. Heç bir şənlik aşıqsız ötüşmür. Aşıqlar kənd-kənd, oba-oba gəzib, gördükləri hadisələri nəğmələrə çevirirlər. Şəhərlə heç bir əlaqələri olmadığı üçün meşədəki ağacları kəsib, məişət və mətbəx əşyaları hazırlayırlar. Müxtəlif növ xalçalar toxuyub, sandıq kimi istifadə edirlər. Çanta, xurcun tipli bağlar toxuyur, qotazlarla bəzədirlər. Alaçıqlarına gedəndə elə bilirsən ki, saraya girirsən.
- Bəs yasları necə keçir?
- Yaslarda ağlamırlar. Hesab edirlər ki, ruh ata, baba ruhuna qoşuldu. Yalnız vaxtsız dünyasını dəyişən olanda ağı deyə bilərlər. Tərəkəmələrin sevgisi də əsl məhəbbətdir. Onlarda sevdiyinə qovuşmayan gənclər özlərini qayadan ata bilərlər. Ümumiyyətlə, həyatlarında hər zaman xalça da olub, heyvan da. Amma xalçaların üzərində heç vaxt heyvan ornamentləri toxumayıblar. Həmişə romb, kvadrat və dördbucaqlı naxışları təsvir ediblər. Romb qadın ilahəsinin, kvadrat və dördbucaqlı isə evin rəmzidir. Oturaq həyat hökm sürən şəhər mühitində isə informasiya bolluğudur. Yəni Avropa, Şərq ölkələri ilə əlaqə var. Odur ki, xalçaların naxışları daha zəngindir. Ümumiyyətlə, belə deyək, xalça üzərində yazı olan bir abidədir. Baxmayaraq ki, orada ritm, simmetriya, rəng var, bu bizim əcdadlarımızın bizə qoyduqları ən mühüm informasiyadır.
- Hansı qanunlarla yaşayırlar?
- Onların Quran kəlmələrindən da irəli atalar sözləri, tövsiyələri var ki, insanın həyatına işıq tutur. Saya bilmirlər, amma 12 qarmaqlı ornament çəkirlər. Deyirlər ki, üçü bizə yağıdır, üçü cənnət bağıdır, üçü vurub aparır, üçü yığıb gətirir. Bütün bunlar ilin fəsilləridir. Savadları olmasa da, hər şeyi çox gözəl dərk edirlər. Ümumiyyətlə, İslam bütün Azərbaycana yayılsa da, bəzi bölgələrə ayaq aça bilmədi. Bu gün tərəkəmələr İslamın nə olduğunu bilmirlər.
- Bəhs etdiyiniz xalqların taleyi necə oldu?
- Hazırda xalqımızla qaynayıb, qarışıblar. Lakin yenə də öz həyat tərzlətinə sadiqdirlər. Çox zəhmətkeşdirlər. Bəzən 24 saat bir parça çörək üçün çalışırlar.
- Zərdüşt haqda heyrətamiz faktların üstünü açmısınız...
- Ümumiyyətlə, məni tez-tez Avropaya dəvət edirdilər. Orada çox maraqlı insanlarla görüşürdüm. Meri Poys adlı, çox yaşlı bir alim vardı. Bu xanım bütün ömrünü Zərdüştün tədqiqinə həsr etmişdi. Məlum oldu ki, Zərdüşt heç də V əsrdə doğulmayıb, daş dövründə anadan olub və atəşpərəst olmayıb. Yunanlar astronomiya alimi kimi ona “zo aster”, yəni “ulduzları sayan” adını veriblər. Zərdüşt 7 müdrikdən biri olub. Farslar Midiyanı tutandan sonra mədəniyyətimizi əllərinə aldılar. Lakin əsas mədəniyyəti yaradan türk sülalələri olub. Xalçalarımızla bağlı çoxlu məqaləm var. Hər birində zərdüştlük haqda da məlumat vermişəm.
- Çərşənbələrimiz haqda nə deyə bilərsiniz? Qeyd etməliyikmi?
- Gəncəçaydan zərdüştlükdə istifadə edilən, üzərində göy cisimlərinin təsviri olan mərasim qab-qacaqları tapılıb. Qeyd etdiyimiz kimi Zərdüşt göy cisimlərilə məşğul olan alim idi. Biz həmin bayramı qeyd edirik. Sonradan jurnalistlər faktları təhrif edərək, əsassız çərşənbələr üzə çıxardılar. Su çərşənbəsi deyilən anlayış yoxdur. Zərdüştdən qalan əsl bayramımız da birinci çərşənbədir və yalançı sayılır. İkinci isə kül çərşənbədir. Ocaq yandırılır, külü ağacların dibinə tökülür ki, bərəkətli olsun. Üçüncü gül çərşənbəsidir, çünki ağaclar çıçəkləyir. Dördüncü isə ilaxır çərşənbədir. İndi qeyd olunan çərşənbələrin bayramla heç bir əlaqəsi yoxdur, tamamilə təhrif edilib.
- Sufilik haqda da dərin araşdırmalarınız var.
- İslamdan sonra sufilik gəldi. Sufilik bütün mədəniyyəti dəyişdi. Gözlə gördüklərimizi, hisslərimi daha da gözəlləşdirdi. Tanrıya sevgi incəsənətin, ədəbiyyatın istənilən sahəsinə yeni nəfəs gətirdi. Çünki sufilərə görə Allah hər yerdə gözəlliyi sevir. Sufilik mənim üçün ən mükəmməl təriqətdir. Onlar uzun illər elm öyrənib, yalnız ondan sonra zahid, pir olub, müəllim səviyyəsinə çatırdılar. Onlar günahlardan uzaq durmağa səsləyirlər. Hətta hazırda türk qardaşlarımızın bizdən mənimsədiyi səmavi rəqslər də sufizmin nailiyyətlərindən biridir. Bu rəqsləri Mövlanaya Şəms Təbrizi öyrədib. Onların ən böyük arzusu sufiliyi yaymaq olub. Lakin Mövlananın oğlu öz tərəfdaşları ilə Təbrizini öldürürlər. Bu rəqsin dərin fəlsəfi mənası var. Adətən səmazənlər rəqs edərkən meydanın ortasına qırmızı parça atılır. Bu Şəms adı verdikləri Təbrizinin simvolu sayılır. Sonda hər bir rəqqas gəlib, günəşin önündə baş əyməlidir.
- Kübra xanım, tədqiqatlarınızın hamısını qeydlərə köçürmüsünüz?
- Bir müddət Rusiyada təhsil aldım. Orada çox gözəl müəllimlərim vardı. Bilirsiniz də, Rusiya ərazisində də tərəkəmələr yaşayır. Xahiş etdilər ki, bütün adətlər haqda açıqlama verim, amma mən bunu etmədim. Bəzi şeylər var ki, gizlin qalsalar, yaxşıdır. Ümumiyyətlə, Azərbaycanı sevmək lazımdır. İndiyə qədər dünyanın çox muzeyində olmuşam. Bir dəfə Fransanın Luvr muzeyində idim. Gördüm ki, yalnız “Cokonda” əsəri şüşə altındadır. Bir də Londonun Viktoriya və Albert mzueyində Azərbaycan xalçası şüşə altında qorunurdu. Baxın minlərlə, milyonlarla şedevr var muzeylərdə, lakin heç biri bu qədər həssaslıqla qorunmur. Təkcə bu iki əsər və ən əsası bizim xalçamız göz bəbəyi kimi saxlanılır. Xalqımızın qadını, kişisi hər zaman gözəl olub, mərd olub. Bizdə tarixən monoailə olub. Bu o deməkdir ki, ailə iki nəfərdən ibarətdir. Təəssüf ki, III-IV əsrlərdə manixeizm adlı fəlsəfi cərəyan yarandı. Bu cərəyanın əsasını Mani adlı rəssam qoyub. O, deyirdi ki, hər bir oğlan anası ilə də, bacısı ilə də cinsi əlaqəyə girib, onlarla evənə bilər. Çünki ana sadəcə onu bətnində böyüdür, amma qohumluq əlaqəsi yoxdur. Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" kimi əsərlə xalqımızın tarixinə belə ləkə gətirdilər. Halbuki bu bizə aid deyil. Sasani sülaləsindən olan şahlar bu tip ailələr qurublar.
- İndi yeganə insansınız ki, Güləndamı görmüsünüz. 138 yaşlı bu gözəl xanımı yenidən yad edə bilərsiniz?
- Bəli, Aşıq Ələsgərin sevimli Güləndamını görən yeganə insan mənəm. Hətta Moskvada oxuyanda bir jurnala onun haqda maraqlı məqalə də vermişəm. Dedilər ki, 138 yaşlı bir qadın var, adı da Güləndamdır. Dağlıq ərazidə yaşayır. Nə isə... gedib onu tapdım. Dedim Güləndam nənə sizə qonaq gəlmişəm.
Dedi, xoş gəlmisən. Evə çağırdı. Oyuq balı ilə lavaş gətirdi, qoydu süfrəyə. Dedi, ye və başladı söhbətə.
O qədər də gümrahdır ki, düşündüm uzaq başı 80 yaşı olar. Dedi, 36 yaşımadək bir kişi ilə ailəli oldum, amma uşağım olmadı. Sonra boşandıq və başqa adama ərə getdim. Ondan da 8-9 uşaq doğdum. Dedim, bəs uşaqlarınız hardadır, cavab verdi ki, kəndə kimsə qonaq gələndə mütləq xəbər tutub, gəlirlər. Harda olsalar, indi özlərini yetirərlər.
- Bəs aşıq Ələsgərlə münasibətlərindən nə danışdı?
- Dedi, mən çox gözəl idim, uzun saçlarım vardı. O da gəlib, həyətdəki ağacın altında otururdu. Gah oxuyurdu, gah ağlayırdı. Amma ondan çox yaşlı idim. Razılaşmadım üçüncü dəfə ərə getməyə.
Soruşdüm ki, bəs nə ilə qidalanırsınız? Dedi nə olacaq, ağartı ilə. Ayda, ildə bir dəfə də heyvanımızın qıçı qırılar, bəlkə onda kəsib, bişirərik.
Dedi, hər uşağıma 8-10 dənə xalça vermişəm. Özü də oturub, toxuyurdu, o məqamda fotosunu da çəkdim. Əlavə elədi ki, mən kimə xalça hədiyyə edirəmsə, o mütləq xoşbəxt olur. Əlim çox yüngüldür. Sonra qapıdan bir-bir beli bükülmüş yaşlı kişilər girdi. Dedi, oğullarımdı. Onda həqiqətən inandım ki, bu qadının 138 yaşı var.
Sonra çıxdıq həyətə dedim, Güləndam nənə, gəlin sizə kömək edim, atın belinə qalxın, şəkilinizi çəkim. Nazlana-nazlana baxıb, cavab verdi ki, sən niyə kömək eliyirsən? Özüm qalxaram. Atın belində elə şux dayanmışdı ki, deyərdin 18 yaşı var.
Leyla Sarabi
Fotolar: Səfiyar Məcnun
(Ardı var)
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI