Avropanın ən yaxşı Yeni İl yarmakarsından reportaj: kələm dolması, lanqoş, punş, şərab, palinka... - FOTO\VİDEO
Bizi izləyin

Xüsusi

Avropanın ən yaxşı Yeni İl yarmakarsından reportaj: kələm dolması, lanqoş, punş, şərab, palinka... - FOTO\VİDEO

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə tale hamıya yeni həyatın qapılarını açır. Yeni il ərəfəsində bütün arzuların reallaşmaq kimi xüsusi gücü var, lakin arzu və istəklərinin say-hesabını bir günə sığdıra bilməyən avropalılar hesab edir ki, Santa baba bunun öhdəsindən bir gündə gələ bilməcəyək. Odur ki, Yeni İl hazırlıqları 2 ay əvvəldən başlanır. Budapeşt də bayramın böyük coşqu ilə qeyd edildiyi şəhərlərdən biridir. Noyabrın ortalarından etibarən mağazaların vitrinlərini şirnikləndirici hədiyyələr, rəngbərəng çilçiraqlar, zərlər, qırmızı yanaq santa klauslar, marallar və başqa oyuncaqlar bəzəyir. Tramvaylar belə milad işıqlarına sarılır və bu, bayram hazırlıqlarının ən vacib hissəsidir. Evlərdə də eyni təntənə yaşanır və macar xalqının inanclarına görə, evinizdə nə qədər çox bayram işiqları və şamları yanırsa, gələn il bir o qədər təhlükəsiz ötüşəcək. Başqa bir inanca görə, şamlar bütün pis ruhları və neqativi qova bilir.

Publika.az Budapeştdə Yeni İl həyəcanı haqqında reportajı təqdim edir.

Böyük Yenil İl sevinci piştaxtalarda daha çox gözə dəyir, bayram ərəfəsində bütün mağazalarda ilboyu görmədiyim şokolad və şirniyyat çeşidi ilə qarşılaşdım. Bayramın əlamətdar hadisəsi sözsüz ki, şəhərin mərkəzi küçələrində qurulan kristmas marketləridir. Budapeştdəki Milad bazarları Avropanın ən yaxşılarından biri hesab olunur. Təkcə Budapeştin mərkəzində ondan çox Milad bazarı var. Dekabrın ilk bazar günündən etibarən Budapeştdə Milad mövsümü başlayır və şəhərin hər yerində müxtəlif yarmarkalar açılır. Peşt və ya Budada olmağınızın fərqi yoxdur, istənilən izdihamlı Milad bazarlarında özünüzü asanlıqla itirə bilərsiniz. Ən məşhuru, həm də Avropanın ən böyük yarmarkalarından biri, şəhərin tam mərkəzindəki Vöröşmarti meydanındadır. Açıldığı gündən bəri bu, Avropanın ən qədim, eyni zamanda ən gözəl və alqışa malik bazarlarından biridir. Yarmarka hər il minlərlə turisti cəlb edir!

Milad bazarları ağzının dadını bilənlər üçün əsl yemək festivalıdır. Növbənöv yeməklər, şərablar, şirniyyatlar və daha nələr var, nələr... Məsələn, “töltött kaposta” (macar kələm dolması). Kələm dolmasının milli macar mətbəxinə aid olduğunu bilmək mənim üçün nadir tapıntı idi. Təəssüf ki, adətən donuz ətindən bişirilir. Amma dolmaların qızardılmış qalın soğan təbəqəsinin üzərinə düzülərək bişirilməsi fikrini bəyəndim. Qoxusu adama gəl-gəl deyirdi. Pirojki xəmirindən hazırlanan və üzərinə sarımsaq qatığı tökülərək yeyilən lanqoş yarmarkanın göz bəbəyidir. Qurmanlara ət və kartofdan hazırlanan qulyaş da təqdim olunur.

Siz təkcə ənənəvi macar mətbəxini deyil, həm də Macarıstanın ən yaxşı şərablarını və palinkalarını dada biləcəyiniz saysız-hesabsız köşklər tapa bilərsiniz. Buz kimi havada böyük qazanlarda bişən isti şərabla punşun qoxusu yoldan keçən hər kəsi bihuş edirdi. Satıcıların sözlərinə görə, bayram yarmarkasında ən çox satılan da elə punş və şərablardır. Ona görə gündə bir neçə qazan bişirməli olurlar, punşun dadına baxmaq üçün mən də bir az gözləməli oldum. Vanilli, darçınlı tridelnik qoxuları da bir yandan “Pəhrizini pozub məni yeməlisən” deyirdi. İstəyə görə, şokolad da əlavə edə bilərsiniz. Ən dadlısı hansıdır deyə soruşsanız, əlbəttə ki, qozlu! Yarmarkada ziyarətçilərin, elə mənim də narazı qaldığım tək məqam qiymətlər idi. Macarlardan eşitdiyim qədər bu il qiymətlər ötən illərlə, hətta Vynadakı kristmas marketlərlə müqayisədə bir qədər bahadır.

Əziz oxucu, əgər bu yazını bura qədər acqarına oxumusansa, bu əzaba son verməyin vaxtıdır. Mətbəx və şərab dequstasiyası ilə yanaşı, yarmarkada yerli sənətkarlar tərəfindən hazırlanmış keyfiyyətli hədiyyələr və çox seçilmiş əl işləri təklif olunur - təkcə ənənəvi deyil, həm də müasir dizaynlarla. Sakinlərin əlləriylə hazırladıqları sənətkarlıq nümunələri yarmarkalarda satışa çıxarılır. Dəri papaqlar, əlcəklər, çantalar, təbii kosmetik məhsullar, sabunlar, müxtəlif aksesuarlar, taxta oyuncaqlar, uşaq geyimləri, qab-qacaqlar, meyvə qurularından hazırlanan yeni il bəzəkləri və bir çox məhsul öz alıcısını gözləsə də, deməliyəm ki, burada qiymətlər lap çox əl “yandırır”.

V (beşinci) rayonda, Budapeştin əsas Milad bazarından təxminən 500 metr aralıda, Müqəddəs Stefan Bazilikasının qarşısında başqa bir bazar yerləşir. Bu, daha kiçik bir yarmarka olsa da, bir çox yeni xüsusiyyətlər və fəaliyyətlər təklif edir, eyni zamanda eyni növ yemək köşkləri və ərzaq dükanlarını tapa bilərsiniz. Müqəddəs Stefan Bazilikası gözəl memarlıq abidəsidir, lakin onu daha da maraqlı edən fasadına proyeksiya edilən işıq şousudur. Siz rəngli işıqlar, göz qamaşdıran 3D animasiyalar, müşayiət olunan musiqilər, qrafik illüziyalar, milli nağılların görüntülərini izləyə bilərsiniz.

Bayram üçün şəhərin bir çox yerlərində buz meydançaları da fəaliyyətə verilir. Balansı qoruya bilirsinizsə, buyurun, meydan sizindir. Qəhrəmanlar Meydanı və Vajdahunyad qalası arasında yerləşən açıq hava meydançası heyrətamiz mənzərələr təqdim edir. Əsas meydançanın sahəsi 12.000 kvadratmetrdən çoxdur, lakin uşaqlar üçün konkisürmə kursları da var. Bu gözəlliyi lentə almaq üçün bir neçə kadr çəkib uzaqlaşıram. Və başa düşürəm ki, deyəsən, mənim üçün Yeni İl heç vaxt bu qədər sehrli və mistik şəkildə olmayıb.

Bayram ərəfəsində evindəki bütün köhnə əşyaları küçələrə tullamaq da bayram hazırlıqlarına daxildir. Yox, elə düşünməyin ki, hamı eyni gündə bütün əşyaları küçəyə tullayır və hər yer zibilliyə dönür. Bu, sistemli şəkildə həyata keçirilir. Bələdiyyə bunun üçün hər küçəyə həftənin müəyyən günlərini təyin edir və axşam bütün zibillər yığışdırılır.

Yeni İl hazırlıqları kilsələrdə xüsusilə hiss olunur. Əhalinin böyük hissəsi inanclıdır. Dindar macarlar kilsələrə gedir, dualar oxuyur və İsanın doğuluşunu qeyd edirlər.

Harada və necə qeyd etməyimizdən asılı olmayaraq, inanıram ki, Yeni İl hamımıza sevinc və xoşbəxtlik üçün 365 səbəb gətirəcək! Milad ağacını bəzəyin, bütün inciklikləri unudun, əzizlərinizi daha tez-tez qucaqlayın və ən əsası unutmayın, dekabr möcüzələr ayıdır!

Aytən Məftun

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm