Xüsusi
Avropanın ən "təvazökar qızı"nı ziyarət edin: Şəhərin gizli xəzinəsindən REPORTAJ - FOTO
Qızıl payız dünyanın istənilən nöqtəsində gözəl ola bilər, lakin sizi əmin edirəm ki, Budapeşt payızı tamam başqa bir aləmdir. Yayı səs-küylü keçməsinə baxmayaraq, payızı bir o qədər sakit və həlimdir. Yayda küçələrdə turist səsindən ağız deyəni qulaq eşitmir, payızda isə onu aramsız yağan yağışın melodiyası ilə qış günəşi əvəz edir. Məşhurluğuna görə, Paris, Berlin və Vyanadan geri qalsa da, Budapeşt mənim gözümdə Avropanın ən təvazökar qızıdır. Noyabr Budapeşti kəşf etmək üçün mükəmməl vaxtdır, çünki ilin bu vaxtı payız rəngləri xüsusilə sehrli bir atmosfer yaradır. Odur ki, bu gözəllə tanış olmaq üçün tələsməyə həqiqətən dəyər.
Publika.az oxucuları bu yazıda Buapeşt payızı ilə tanış edir.
Macarıstanda qızıl payız adətən isti və uzun olur. Parlaq qırmızı və sarı ağaclar Budapeştin şəhər mənzərələrini təsirli şəkildə tamamlayır, saysız-hesabsız parkları və təpələrində isə sizi rənglərin daha nəhəng hücumu gözləyir. Noyabrda havalar burda dəyişkən olur, gündüz temperatur +20°C-ə çata bilər, lakin axşama doğru və gecələr hava nəzərəçarpacaq dərəcədə soyuyur, odur ki, axşam gəzintiləri üçün isti paltar götürməyi unutmayın.
Dunay nəhrində gəmi turuna çıxın
Macarıstanın paytaxtı Budapeşt tarixi memarlığı, termal hamamları və mənzərəli Dunay çayı ilə tanınan heyrətamiz bir şəhərdir. Dunay 3000 km uzunluğundadır və Volqadan sonra Avropanın 2-ci ən uzun çayı hesab olunur. Kruiz həvəskarları yaxşı bilirlər ki, Dunay Avropanın dörd paytaxtından keçir: Budapeşt, Vyana, Bratislava və Belqraddan. Odur ki, paytaxtı kəşf etmək üçün ən unikal yol gəmi ilə Dunay gəzintisinə çıxmaqdır. Gəmidə payızın həm heyrətamiz panoramik mənzərələrindən həzz alacaq, həm də Budapeştin ən gözəl görməli yerlərini görə biləcəksiniz.
Buda qalası ətrafında dolaşın
Səyahətinizi tarixi və mədəni sərvətlərlə dolu Buda Qala Sarayını, Balıqçı qalasını, Mattias kilsəsini, Milli Qalereyanı və Qayadakı Xəstəxananı kəşf etmədən başa vurmayın. Balıqçı qalası, Buda qalası və Dunay çayı sahili YUNESKO-nun Dünya İrsi siyahısına daxildir.
Buda qalasının funikulyoru sizə gözəl panoramik mənzərədən zövq alaraq qalaya tez və asanlıqla çatmağa imkan verəcək. Qala təpəsindəki terrasda haqlı olaraq özünüzü bu nağılın əsas qəhrəmanı hiss edəcəksiniz. Budapeştin xüsusilə Dunay və Macarıstan Parlamentinin heyrətamiz mənzərələri sizdə uzun müddət təsirindən çıxa bilməyəcəyiniz təəssüratlar oyadacaq. Budapeştin ən gözəl mənzərəsi şübhəsiz buradan görünür. Sırf bunun üçün buranı görməyə dəyər.
Nazlı Budin sarayı
Budapeştin zəngin tarixi və heyrətamiz memarlığı sizi hər addımda heyərtləndirə bilər. Şəhərin ürəyində yerləşən Macarıstan Parlamenti payız rəngləri fonunda elə bir valehedici kontrast yaradır ki, memarlığın bu şah əsərindən doymaq olmur. Möhtəşəm Macarıstan Parlamenti bütün əzəməti ilə ucalır, aşınmış damları isə zəngin keçmişindən xəbər verir.
Füsunkar Margit adasını gəzin
Margit adası Budapeştin gizli incisidir desəm, yanılmaram. Ona görə ki, ziyarətçilərinin böyük hissəsini əsasən yerlilər təşkil edir. Mərkəzdən 30 dəqiqəlik məsafədə yerləşən Margit hər fəsildə möhtəşəmdir, lakin qızılı yarpaqları və xoş havası payızda xüsusilə göz qamaşdırır. Gün ərzində adanın dolama yolları ilə gəzintiyə çıxa, Su Qülləsinin zirvəsindən Budapeştin möhtəşəm mənzərələrini seyr edə və sonra pedallı vaqona minə bilərsiniz. Axşam isə Lumina Parka baş çəkin, burada xüsusi işıq qurğuları səfərinizi xüsusilə yaddaqalan edəcək.
Vaxtınız qalsa, Margit adasındakı zooparka da gedin. Bu, Avropanın ən qədim və ən qabaqcıl zooparklarından biridir. Burada heyvanlar qəfəslərdə deyil, geniş açıq qapalı yerlərdə yaşayırlar, bəziləri hətta parkın cığırlarında sərbəst gəzirlər. Cüyür və ya kenquru ilə görüş həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə təsirli olacaq.
Qızınmaq üçün termal vannalardan birinə üz tutun!
Özünüzlə çimərlik geyimi gətirməyi unutmayın. Bəli, düz oxudunuz, çimərlik geyimi! Budapeşt müalicəvi hamamları ilə çox məşhurdur. Termal hamamlara nəinki sərin bir payız günündə, qarlı-şaxtalı havalarda da baş çəkə bilərsiniz. Hamamlar ictimai hovuzlardan, daha çox muzeylərə bənzəyir: Macarıstan tarixinin və mədəniyyətinin mahiyyətini çatdıran çox rəngli əyləncə... Seçeni Hamamı Avropanın ən böyük çimərlik komplekslərindən biri hesab olunur, bura həm də qitənin ən isti qaynar bulaqlarından birinə ev sahibliyi edir! Seçeni ilə yanaşı, Gellert, Rudaş və Lukaç Termal Hamamlarının termal hovuzları da əla istirahət və müalicə təklif edir!
2 nömrəli tramvay
Bu xəttin dünyanın ən gözəl tramvay yollarından biri olduğu deyilir. O, Dunay çayının yanında hərəkət edir və Buda təpələrinə gözəl mənzərələr təqdim edir. Vacib dayanacaqlar: Bu tramvay Budapeşt zəncir körpüsü, Macarıstan Parlament Binası, böyük bazar zalının yanından keçir və Dunay gəzinti yolunu gəzmək üçün asanlıqla enə bilərsiniz.
06.00-dan 19.00-a qədər hər 2-5 dəqiqədən bir yola düşür. Axşamlar və həftə sonları interval bir qədər artır.
Şəhər parkı
Budapeştin qüsursuz parklarını ziyarət edərək yarpaqların rənglərinin harmoniyasından zövq alın. Şəhərin səs-küyündən qaçmaq və mərkəzdə yerləşən təbii gözəllikləri duymaq istəyirsinizsə, Şəhər parkına yollanın. Parkın mistik cazibəsi bütün sıxıntılarınızı yuyub aparacaq. Burada sakit göllərdən tutmuş canlı bağ-bağçalara qədər hər şey var. Şəhər Parkı həqiqətən şəhər xaosunun ortasında salınmış gizli bir xəzinədir. 19-cu və 20-ci əsrlərin qovşağında tikilmiş Vaydahunyad qalasını isə iki dəfə görməyə dəyər: gündüz və axşam işığında.
Gellert təpəsi
Budapeştdə qaldığınız müddətdə Gellert Təpəsi, Sitadella və Azadlıq Heykəli mütləq ziyarət edilməli bir cazibədir. Təpənin başından Buda və Peştin ecazkar mənzərəsinə heyran olmaqdan əlavə, siz Sitadellada görülən nəhəng yenidənqurma işləri ilə tanış ola və meşəlik ərazidə təmiz havadan həzz ala bilərsiniz. Sitadellaya xüsusilə gün batımını izləmək üçün getməyi təklif edirəm. Gellert Hill, Sitadella və Azadlıq Heykəlini ziyarət etmək üçün ən azı 1 saat vaxt ayırın. Nəzərə alın ki, izdihamdan, hava və temperaturdan asılı olaraq orada 2 saat rahat vaxt keçirə bilərsiniz. Panorama ilin istənilən vaxtında gözəldir: qışda çılpaq ağaclar şəhəri daha aydın görməyə imkan verir, yazda, yayda və payızda isə qarşınızda tamam fərqli mənzərələr açılacaq.
Pesti Viqado
Dunay sahilindəki Pesti Viqado binasını ziyarət etməyə dəyər, burada bələdçi ilə gəzintiyə çıxa və Macarıstan mədəniyyəti və memarlığı ilə tanış ola bilərsiniz. Viqadoda müntəzəm konsertlər və sərgilər də keçirilir. 6-cı mərtəbədəki Panorama Terrasdan isə misilsiz mənzərədən həzz ala bilərsiniz!
Yəhudi Məhəlləsini kəşf edin!
Budapeştin Yəhudi Məhəlləsi də ziyarət edilməli yerlər siyahısına daxildir. Məhəllədə yəhudi mədəniyyətinin bir çox tarixi və mədəni görməli yerlərini kəşf edin. Kazinçi və Dohany küçəsi sinaqoqları həqiqətən unikal memarlığa malikdir.
Budapeşti noyabrda ziyarət etmək üçün ən gözəl bəhanələrdən biri də Milad şənlikləridir. Şənliklər adətən noyabrın ortalarında başlayır, mağazalar isə ayın əvvəlindən etibarən bayram konfetləri və bəzəkləri ilə dolub-daşır. Şəhərdə həmçinin 100-dən çox milad köşkləri qurulur, nəhəng açıq hava buz meydançası isə Avropanın ən gözəl Milad əyləncələsi hesab olunur.
Aytən Məftun
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?