Dünyanın ən qədim universitetinin azərbaycanlı müəllimi: "Misirdə efirə çıxıb elə şeylər danışırıq ki..."
Bizi izləyin

Xüsusi

Dünyanın ən qədim universitetinin azərbaycanlı müəllimi: "Misirdə efirə çıxıb elə şeylər danışırıq ki..."

Publika.az-ın müsahibi dünyanın ən qədim təhsil ocaqlarından olan Misirin əl-Əhzər Universitetinin ilk və yeganə azərbaycanlı müəllimi İnarə Osmanovadır.

- İnarə xanım, mədəniyyətin beşiyi sayılan Misirin elmi şərəfi sayılan əl-Əhzər Universitetinin tarixi haqda danışaqmı?

- Əl-Əzhər dünyanın ən qədim universitetlərindən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Bu tədris ocağının əsası miladi tarixi ilə 970-ci ildə Misir Fatimiləri dövründə qoyulub. Hətta ilk dövrdə universitet kimi yox, mədrəsə və məscid kimi fəaliyyət göstərib. Hətta dəqiq yaranma tarixini də bölüşə bilərəm sizinlə. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 969-cu ildə son İxşidi hökmdarı Əhmədi taxtdan salıb Fustata, yəni Qədim Qahirəyə daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə - "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilib. Tikinti işləri iki il uzanır və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul edir. Fatimi xəlifəsi Müizz Lidinillah Qahirəyə gələndən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəzə çevrilir. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 975-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərsləri deməyə başlayır. Günbəgün dinləyicilərinin sayı artır.

- Demək, məscid universitetə çevrilir...

- Elədir. Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin əslən azərbaycanlı Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlir və fəaliyyətini davam etdirir.

Sizə yalnız onu deyə bilərəm ki, min illik tarixi boyu əl-Əzhər fəaliyyətində öz prinsiplərinə sadiq qalıb. Bu tədris ocağı elm, xüsüsilə də islam dinini öyrənmək və tədqiq etməklə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır. Əl-Əhzər həmçinin müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir.

- İnarə xanım, sözün hər mənasında gündə bir avam fətva verib, insanları cahilliyə sürükləyən din xadimlərindən təngə gəlmişik. Universitetinizdə bunun qarşısını alan islahatlar aparılırmı?

- Təbii ki, tədris ocağımız müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir. Həmçinin universitetimiz dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.

1961-ci ildən etibarən əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açıb. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris ərəb dili ilə yanaşı, müxtəlif dillərdə də aparılır.

- Xarici tələbələrin sayı çoxdur?

- Əlbəttə. Bu gün universitetdə dünyanın 115 ölkəsindən gələn 500 mindən çox tələbə təhsil alır. Onların da 60 faizi oğlan, 40 faizi qızdır. Bu gün əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gələ bilərsiniz.

- İnarə xanım, ölkəmizi, tariximizi və mədəniyyətimizi ən əsası isə dilimizi bu nəhəng təhsil ocağında tədris edən ilk azərbaycanlı olmağınız qürur verir.

- Leyla xanım, uzun illərdir ki, Azərbaycanı yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Hər görüşümüzdə Azərbaycan dilindən, mədəniyyətindən və onun həqiqətlərindən insanlara bəhs edirik. Bu uzun müddət ərzində çoxlu sayda insanlar bizi yaxından tanıyır. Keçən il ümumi Misir üzrə Azərbaycan Diasporu Təşkilatının sədri seçilən tədqiqatçı alim Seymur Nəsirov Misir universitetləri ilə daha sıx əlaqə qurmağa başladı. Əl-Əzhər Universitetinin humanitar fakültəsinin Türk dili bölməsinin professorları ilə əlaqələr qurdu. İllər öncə əslən cənubi Azərbaycandan olan bir müəllim fars dili ilə yanaşı, Azərbaycan dilini də tədris etməyə çalışmışdı. Amma bir müddət sonra təqaüdə çıxdığı üçün bu vəzifə kafedranın türk dilli müəllimələrinə tapşırılmışdı. Onlar da Azərbaycan dili ilə bağlı bəzi məlumatlar verməyə çalışmışdılar, amma təbii ki, nəticə istənilən səviyyədə olmamışdı. Diaspora sədri Seymur Nəsirovun təklifi və danışıqları əsasında Azərbaycan vətəndaşı kimi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başladım.

- 115 ölkədən olan tələbənin təhsil aldığı universitetdə dilimizə maraq nə səviyyədədir?

- Tədrisə yeni başlamağımıza baxmayaraq, Azərbaycan dilini öyrənməyə rəğbət günü-gündən çoxalır. Çalışırıq ki, universitetin tələbələri arasında Azərbaycan dili və ədəbiyyatı mütəxəssisləri yetişdirək ki, dilimizin tədrisi daha geniş və davamlı şəkildə olsun. Hazırda Azərbaycan dili fakültəmizdə həftədə iki saat hər bir kursa tədris olunur. Mən 2-ci və 3-cü kurslara Azərbaycan dilini tədris edirəm . Bu kurslarda 100 dən çox tələbə təhsil alır. Vətənpərvər Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəalları olaraq Misirin ən mötəbər universitetlərində və Qahirədəki Diaspor Mərkəzində 600-dən çox misirli tələbəyə Azərbaycan dili tədris olunur. Bu tədrisdə məqsəd sadəcə Azərbaycan dilinin tədrisi deyil, Azərbaycanın tarixi, cooğrafiyası və həqiqətlərini çatdıraraq vətənimizi təbliğ etmək və ona dostlar qazandırmaqdır. Digər siniflərə isə dilimizi hazırda əslən misirli türkdilli mütəxəssislər keçir. Azərbaycan dili Türk dilinə yaxındır. Həm də tələbələr bütün dərsləri türk dilində keçdikləri üçün azərbaycancanı çox zaman türk dili ilə müqayisə edərək onlara anlatdıqlarımızı tez mənimsəyirlər. İlk vaxtlar tələffüzdə çətinlik çəkməklərinə baxmayaraq, çox sevirlər.

- İnarə xanım, bundan əvvəl pedaqoq kimi çalışmışdınız?

- Bu fakültədə dərs vermədən öncə Misirdə Azərbaycan Diaspora Mərkəzində Azərbaycan dilini tədris edirdim. 14 il bundan öncə Misirə gələndə Ərəb dilini öyrəndiyim əsnada nə qədər zəngin olduğunu gördüm. Hələ Misirin ən mötəbər universitetlərindən olan Ayn Şəms Universitetinin dillər fakültəsində təhsil aldığımda ərəb və Azərbaycan dilinin oxşar cəhətlərinə diqqət yetirərdim. Bunu da qeyd edim ki Azərbaycan İslam dünyası ilə xüsusən də, ərəb ölkələri ilə əsrlərdən bəri sıx dostluq və qardaşlıq münasibətləri içində olduğundan dilimizdə çoxlu sayda ərəb mənşəli sözlər var. Biz tədris əsnasında tələbələrimizə bunu bildiririk. Qeyd edə bilərəm ki, hər dilin özünəməxsus xüsusiyyətləri var. Bildiyimə görə mütəxəssislər ərəb dilinin dünyanın ən zəngin dili kimi vurğulayırlar və biz də bunu tərcümə əsnasında açıq-aşkar görürük.

Biz sadəcə universitetlərdə Azərbaycan dilinin tədrisi ilə məşğul olmuruq, eyni zamanda vətənimizi tanıtdırmaq məqsədilə çoxlu sayda tədbirlər keçiririk. Burada məqsəd ailələrimiz arasında vətənpərvərlik ruhunu gücləndirmək və onların əlaqələrini möhkəmləndirməkdir. Misir xalqına, Azərbaycan mədəniyyətini, turizm potensialını, adət-ənənələrini və mətbəxini tanıtdırmaq məqsədilə də müxtəlif televiziya kanallarında verlişlər təşkil edirik. Özümüz də bu proqramlarda iştirak edib, vətənimiz haqda söhbətlər edirik. Efirdə elə şeylər danışırıq ki, tamaşaçı ölkəmizi sevsin, haqqımızda geniş bilgi əldə edə bilsin.

- Əziz İnarə xanım, çox dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram.

- Təşəkkür edirəm!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm