Xüsusi
Yüzlərlə insanın həyatını xilas edən 102 yaşlı qəhrəman: "Bakıdan Berlinə qədər..."
“Hər il 9 may gələndə bütün keçmiş hadisələr yadıma düşür. Sağ-salamat bu günə kimi gəlib çıxmışam. Ağır müharibəni görüb 102 yaşıma çatmışam. Həyatımda o qədər hadisələr olub ki... Ağır müharibələrin və zəfərin şahidi olmuşam. İkinci Dünya müharibəsində Azərbaycanın xidməti, fəaliyyəti, rolu çox böyük olub”.
Bu sözləri 102 yaşlı İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Publika.az-a müsahibəsində deyib.
İkinci Dünya müharibəsindəki qələbədən 79 il ötür. Olanlardan, keçənlərdən, yadda qalanlardan danışmaq üçün Fatma Səttarovanı ziyarət etdik, həmin günləri yada saldıq.
- İstəyirəm 79 il əvvələ qayıdaq. Geriyə dönüb baxanda o illəri necə xatırlayırsınız? Müharibəyə gedən yol haradan başladı?
- Mən evin yeganə övladı idim. Tibb Texnikumunun Mamalıq ixtisasını bitirmişəm, diplomla yanaşı bizə hərbi bilet də vermişdilər. Leytinant rütbəsi ilə hərbi biletimi almışdım. Biletimdə yazılmışdı ki, əgər müharibə başlayarsa, elə ilk gündən Bakı hərbi komissarlığına getməliyik. Müharibə başlayanda texnikumu bitirən qızlarla birlikdə İçərişəhərin Qoşa qala qapıları yaxınlığında yerləşən hərbi komissarlığa getdik. Komissarlıq əşyaları yığmaq üçün bizə üç gün vaxt verdi. Üç gündən sonra dəmiryolu vağzalına getdik, orada artıq 15 çağırışçı bizi gözləyirdi. Müharibənin elə ilk illərində 600 mindən çox Azərbaycan kişisi və 200 min qadın cəbhəyə getdi. Mən də bir şəfqət bacısı kimi cəbhəyə yollandım. Müharibənin ilk günündən cəbhə bölgəsində yaralılara təcili tibbi yardım göstərirdik. Hərəmizə bir cəbhə düşmüşdü. Mən də Stalinqrad cəhbəsinə düşdüm, oradan da Leninqrada göndərdilər. Əsas Leninqrad cəbhəsində xidmət göstərmişəm, oranın blokadasında iştirak etmişəm. İndi bilmirəm qalıb-qalmayıb, o vaxt Lelinqrad cəbhəsində iştirak edən bütün Azərbaycanlı şəfqət bacılarının şəkilləri orada muzeydə saxlanılırdı. Demək olar ki, müharibənin sonuna kimi cəbhədə oldum. Bir şəfqət bacısı kimi Berlinə qədər gedib çıxmışam. Müharibə bitmək üzrə idi, 18 vaqonda yaralılara nəzarət edə-edə cəbhə xəttindən Bakıya yollandıq. Bakıda bizi təntənə ilə qarşıladılar. Həmin dövrdə Bakı məktəblərindən xəstəxana, hospital kimi istifadə edirdilər. Mən də 41 saylı məktəbə düşdüm, orada yaralılara tibb bacısı kimi xidmət etdim. Savaş bitəndən sonra evimə, ailəmin yanına qayıtdım.
- Müharibənin başa çatması, qələbə sevinci, məhz o gün yadınızda necə qalıb?
- Biz hiss edirdik ki, müharibə bitmək üzrədir, qələbə Sovet İttifaqınındır. O gecəni danışmaqla izah etmək çətindir mənə. İnsanların sevinci, həyəcanı, kədəri, gülüşü hamısı bir-birinə qarışmışdı. Bu həmin qələbə idi ki, biz hamımız onu 5 ildir gözləyirdik. Hər kəsin gözlədiyi var idi: birinin yaralısı, digərinin vəfat edəni, kiminin isə müharibədən qayıdanı... Demək olar ki, Bakının 80 faiz cavanları müharibədə iştirak etmişdi. Etməyənlər isə gecə-gündüz zavodlarda top-tüfəng hazırlayıb cəbhəyə göndərirdi. Azərbaycan xalqı müharibədə çox böyük hünər göstərib. Mən də fəxr edirəm ki, Vətənimin qızı kimi müharibədə Azərbaycanın adını həmişə uca tutmuşam, əlimizdən gələn hər bir köməyi etmişik.
- Şübhəsiz ki, müharibə vaxtı çox ağır günlər keçirmisiniz. Bəs ən ağrılı hadisəni necə xatırlayırsınız? Bu günə kimi yadınızda qalan ən ağrılı məqam hansıdır?
- Ağır günlərim çox olub. Biz cəbhə xəttində olanda hər dəqiqə düşmən təyyarəsinin uçuşu ən ağır anımız olurdu ki, indi bombalar başımıza töküləcək. Ağır yaralılara ilkin təcili tibbi yardımdan başqa heç nə edə bilmirdik. Çünki hər yer dağılmışdı, tibbi ləvazimatlar demək olar ki, yox idi. Elə adam var idi ki, ayağının yarısı yox idi, onu əməliyyat edib qanı dayandırmaq lazım idi, edə bilmirdik. Yalnız yod və bintdən istifadə edirdik. Çox vaxt bintləri yuyub təkrar yaraları sarıyırdıq. Yaralılar da necə yaralılar... Ayağı, qolu, barmağı gedən, ağır bədən yaraları alan. Çox çətin günlər idi.
- Fatma xanım, yaralılar nəsə danışırdılar sizə?
- Çox əziyyət çəkirdilər. Ana çağırırdılar... Analarını köməyə səsləyirdilər. Ana yazıq haradadır? Necə gəlsin? Hardan bilsin balası nələr çəkir? Sonra birdən eşidirdik ki, “sestra”, “sestra” çağırırlar. Dərhal köməyə qaçırdıq. Yaralarını təmizləyirdik, bintləri dəyişirdik, əlimizdən gələni edirdik. Bir tibb işçisi kimi öz vəzifəmizin öhdəsindən layiqincə gəlirdik. Yada salıb xatırlamaq da çətindir.
- Heç olubmu ki, yaralarını sarıdığınız, yardım etdiyiniz əsgərlərlə Bakıya qayıdandan sonra görüşmüsünüz? Tale sizi qarşılaşdırıbmı?
- O qədər olub ki... Biz Bakıya qayıdandan sonra bütün xəstəxanaları gəzirdik, yaralılarla görüşürdük. Hospitalda elə yaralıları görürdüm ki, müharibədə yaralarını sarıdığım, yardım etdiyim əsgərlər idi. Tez yaxınlaşıb maraqlanırdım özlərini necə hiss edirlər. O günləri yada salıb bir xeyli söhbət edirdik. Mənə o qədər təşəkkür edirdilər ki, deyirdilər “sən olmasaydın qanım axıb gedəcəkdi, bəlkə də sağ qalmayacaqdım, bizə ilk yardımı sən etmisən”. Belə hadisələr, görüşlər çox olub. O vaxt müharibə iştirakçıları zavod və fabriklərə tez-tez görüşə gedərdilər. Bir də görürdüm ilk yardım göstərdiyim əsgər “Fatma sestra” deyib mənə yaxınlaşırdı, təşəkkür edirdi. Elə olub ki, yardım etdiyim əsgərlərdən ailə quranlar məni öz həyat yoldaşları ilə tanış ediblər. “Fatma “sestra” yaramı bağlayan, məni həyata qaytaran birinci adam olub”, deyirdilər. O qədər belə gözəl xatirələr var.
- Müharibədə iştirak etmisiniz, can qoymusunuz. Savaş bitəndən sonra tibb sahəsində işinizi davam etdirmədiniz, iqtisadiyyat sahəsini seçdiniz. Səbəb nə idi? Gördüyünüz o dəhşətlərmi gözünüzü qorxurtmuşdu?
- Müharibədə gördüyüm o ağır günləri bir də görmək istəmirdim. Bildim ki, həkim olsam yenə əməliyyatlar, qan, yara... O anları yada salmaq istəmirdim. Bacarmazdım! Mən çox ağır yaralılar görmüşəm. Ayağı kəsilən, qanı axan, sümüyü qırılan, əti parçalanan (kövrəlir). Çox vaxt bint belə tapmırdım, xalatları cırıb yaraları sarımışam. Gözümün qabağında cavan şəfqət bacısına güllə dəydi, elə orada can verdi. Ona kömək edə bilmirdim. Gücüm gözümün yaşına çatırdı. Ağlayırdım... O hadisələri ki, mən görmüşdüm, həkim olmaq istəmədim.
Müharibəyə gedəndə Fatma Səttarova 5 ayın gəlini idi. Müharibədən sonra o, 3 oğul, 1 qız anası olub. 11 nəvə, 25 nəticə sahibidir.
Fatma xanımla sağollaşanda bizə dediyi sözləri olduğu kimi təqdim edirəm: “Mən dövlətimin, xalqımın yolunda canımı qurban verməyə həmişə hazır olmuşam. İndi də Vətənimi qorumaq üçün sinəmi sipər etməyə qadirəm. Baxmayın ki, 102 yaşım var, tüfəngi əlimə ala, dövlətimi, prezidentimi, xalqımı qorumaq üçün sinəmi güllə qabağına verə bilərəm. İnsan Vətən üçün hər şeyi gözə alır. Ölüm belə sənə adi gəlir həmin an. Mən o ölüm hissini hələ sağlığımda yaşamışam”.
Cəmilə Hətəmxanova
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI
-
Hadisə15:35
Təyyarənin qəzaya uğradığı yeri çəkən bloger saxlanıldı - Bu görüntülərə görə
-
Hadisə14:58
Aktauya düşən təyyarənin salonundan görüntülər yayıldı - VİDEO
-
Rəsmi xronika14:24
İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
-
Sosial14:02
Təyyarə qəzasında sağ qalanların sayı artdı - Ən son məlumat
-
Hadisə13:56
Qəzada sağ qalanların adları - SİYAHI