Xüsusi
"Universitetdə qohumumun işlədiyini göstərən olsa..." - Kamal Abdulla
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla jurnalistlərlə görüş keçirib.
Publika.az xəbər verir ki, mətbuat konfransında payız semestrinin imtahan sessiyasındakı yeniliklərlə bağlı məlumat verən rektor daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Professor nitqinə jurnalistlərə minnətdarlıq bildirməklə başlayıb:
Biz sizinlə bu zamanadək qarşılıqlı əməkdaşlıq çərçivəsində işləmişik. Aramızda səmimi və obyektiv münasibətlər var. Buna görə sizə təşəkkür edirəm. Mənim aləmimdə, obyektiv və xoş demək deyil ki, siz hökmən bizim gördüyümüz işləri tərifləyib göylərə qaldırasınız. Buna sizin oxucularınız birbaşa qiymət verir. Obyektivlik hər şeyi olduğu kimi qeyd etməkdir.
Universitetimizin ən ağır və məsuliyyətli dönəmi başlayır. Bu, sessiya imtahanları dövrüdür. Bilirsiniz ki, imtahan sessiyası olduqca həssas, cəmiyyətlə birbaşa bağlılığı olan, cəmiyyətin daxilinə işləyən damarlardır. Bu imtahanların gedişatı və nəticələri nə cür qurulursa, cəmiyyət də ona adekvat şəkildə davranır.
“Valideynsiz keçən imtahanları ləğv etdik”
Bu gün tələbələrin imtahana hazırlığı və nəticələri imtahan prosesinin necə qurulmasından asılıdır. Biz də bu məsələ ilə bağlı qərargah yaratmışıq. Buraya universitetin müəllimləri və prorektorları daxildir. Ötən ilə nisbətən imtahanlarla bağlı bəzi yeniliklər də etmişik. Onlardan biri budur ki, biz imtahan prosesində tələbələrə mümkün qədər isti və anlaşıqlı münasibət formalaşdırılsın. İlk olaraq, imtahan prosesində iştirak etmək üçün bütün valideynləri dəvət etmişik. Valideyn hansı imtahanda istəyirsə, o imtahanda iştirak edə bilər. İstər öz övladının, istər onun tələbə yoldaşlarının. Hətta biz ötən il valideynsiz keçirilən imtahanların nəticələrini ləğv edib, yenidən təşkil etmişik. Bizim üçün imtahanlarda valideynlərin iştirakı vacib məsələdir. Mənə elə gəlir ki, valideyn üçün bundan dəyərli an yoxdur. Bu zaman tələbənin də məsuliyyəti və sevinci artır, məsələyə münasibəti dəyişir. Biz imtahan prosesinin ictimailəşdirilməsi niyyətindəyik. İmtahan prosesinin açıq və şəffaf şəkildə keçirilməsi onun ictimailəşdirilməsi ilə bağlıdır.
“Apelyasiya prosesinin müddəti uzadıldı”
İkinci yenilik isə apelyasiya prosesi ilə bağlıdır. Əvvəl tələbə imtahan nəticəsi elan olunandan sonra yalnız 1 gün ərzində apelyasiyaya müraciət edib nəticəsini dəyişə bilərdi. Bu da xaosa və qaçdı-qovduya gətirib çıxarırdı. Biz isə apelyasiya müddətinin növbəti imtahan qədər uzatdıq. Yəni indi tələbə sakit şəkildə düşünə və apelyasiyaya müraciət etməyin lazım olub-olmadığını götür-qoy edə bilər. Bununla da tələbələri psixoloji gərginlik yükündən uzaqlaşdırmaq istəyirik.
“İmtahanlar 3 saat və daha çox davam edəcək”
Üçüncü yenilik isə imtahan prosesinin müddəti ilə bağlıdır. İmtahan zamanı tələbələrin vaxt məhdudiyyətinin olması onların zərərinə işləyirdi. Çox zaman şikayət edirdilər ki, 2 saat sualları cavablandırmağa kifayət etmir. Biz də bu şikayətləri nəzərə alıb imtahan prosesinin müddətini 3 saat təyin etdik. Əgər 3 saatdan bitdikdən sonra belə tələbə yazmağa davam edirsə, ona əlavə zaman tanınacaq. Yəni 3 saatın bitimində tələbədən yazı kağızını almaq olmaz. İşini bitirməsini gözləmək lazımdır. Lakin mənə elə gəlir ki, 3 saat kifayət edəcək.
“Burada məsuliyyət müəllimin üzərinə düşəcək”
Bundan başqa, imtahan zamanı müəllimin masasının üzərində hökmən lüğət və proqram olacaq. Tələbə ehtiyacı olduğu halda, həmin vəsaitlərdən istifadə edəcək. Bəzən bunları etməklə tələbənin imtahan prosesini asanlaşdırdığımızı deyirlər. Lakin bu, qətiyyən belə deyil. Hər insan hansısa bir sözü unuda bilər. Biz yalnız ona bu işdə köməklik göstərəcəyik. Keçmişdə imtahan zamanı müəllimin qarşısında dərslik belə olurdu. Lakin indi buna ehtiyac yoxdur. Tələbənin proqramı köçürmək məsələsinə gəldikdə isə burada məsuliyyət müəllimin üzərinə düşür. Yəni qiymətləndirmə prosesi zamanı müəllim bilməlidir ki, tələbə proqramı köçürüb, ya yox. Bu dəyişikliklərlə biz tələbələrin psixoloji gərginliyini azaldıb, cəmiyyətə və ailələrə doğru addım atılmasını təmin etdik. Universitetimizdə 6500 tələbə təhsil alır. Bu dəyişikliklərdən 5 nəfər narazı ola bilər. Amma 6495 nəfərin razı olması mənə bəsdir.
-Növbəti sessiya üçün hansı yeniliklər nəzərdə tutulub?
- Hələ görək bu sessiyanı necə başa vururuq. Növbəti sessiya haqqında daha sonra düşünəcəyik. Hər sessiya başlayanda yeni ideyalar ortaya çıxır. Mən burada müxtəlif kurs tələbələri ilə il boyu görüşürəm. Şikayətlər, ideyalar, təkliflər də bu görüşlərdə üzə çıxır.
“Bu, birbaşa qanun pozuntusudur”
-Təhsil haqqı ilə bağlı hansı problemlər ortaya çıxır?
- Əlbəttə, problemlər hər zaman olur. Daha çox qaiblərlə bağlı problemlər yaşanır. Qaib məsələsi Nazirlər Kabinetinin qoyduğu qaydalar əsasında tənzimlənir. Əgər tələbə semestr boyu müəyyən fənnin 25 faizindən çox qaib alırsa, həmin fənni yenidən keçmək məcburiyyətindədir. Biz də buna əməl etməliyik. Bəzən olur ki, kimsə özbaşına şəkildə icazələr verir. Bu isə birbaşa qanun pozuntusudur. Biz bunu rektoratlıqda müzakirə edirik. Əlbəttə ki, bu məsələ mənim səlahiyyətlərimə daxildir. Buna mən özüm təkbaşıma qərar verə bilərəm. Lakin biz rektoratlıqda hər bir məsələyə individual şəkildə baxırıq. O ki qaldı təhsil haqqı məsələsinə, universitetimizdə yeni ənənə qoyulub. Əgər tələbə ərizəsində yazıb söz verirsə ki, təhsil haqqını filan müddətə qədər ödəməyə söz verir. O zaman mən icazə verirəm. Bizdə heç kimdən təhsil haqqını məcburi şəkildə almırlar. Biz tələbələrə imkan yaradırıq. Təhsil haqqının isə ölkə başçısı tərəfindən qoyulmuş prinsipləri var. Hələ olmayıb ki, kimsə ərizə ilə müraciət etsin, mən onun xahişini nəzərə almayım.
Son günlər rəhbəri olduğunuz universitetin baş mütəxəssisi Elmira Baxşəliyeva, daha sonra dekan Vüsalə xanım sizə qarşı iddialarla çıxış etdi. Orada qeyd edilir ki, Kamal Abdulla universitet rəhbərliyində özünə yaxın, tanıdıqları, qohum olan adamları yığıb. Bunlarla bağlı nə deyə bilərsiniz?
- Söhbət iki xanımdan gedir. O məsələlərdən biri hazırda məhkəmədə olduğu üçün mən bu haqda geniş danışmaq istəmirəm. Məhkəmədə olan işin iddiaçısı məsələ qaldırır ki, onu haqsız olaraq vəzifəsindən kənarlaşdırıblar. Halbuki, o, universitetdən kənarlaşdırılmayıb. Bir şöbədən başqasına keçirilib. Bu barədə əmr də var. Bu əmr əvvəldən belə olub, məhkəmədən sonra dəyişdirilməyib. Onun da səbəbi bundan ibarətdir ki, bu xanım neçə illərdir universitetdə işləyib, ancaq ona gözün üstə qaşın var deyən olmayıb. Və öz işində kifayət qədər ciddi nöqsanlar buraxıb. Təsəvvür edirsiniz, öz şöbəsinin işçisini bir ildə üç dəfə məzuniyyətə göndərib. Bunu necə təsəvvür etmək olar? Bu iqtisadi, siyasi pozuntudur. Birbaşa saxtakarlıqdır. Bundan başqa, məlum oldu ki, həmin şəxsin yaşı da keçib. Ali savadı belə yox idi. Mənə dedilər ki, onun ancaq masaj kursunu bitirməsi barədə sənədi var. Lakin bu şəxs Kadrlar şöbəsində uzun illər baş mütəxəssis işləyib. Onun qol çəkdiyi müqavilə sənədində maaşın həcmi yazılmayıb. Bu necə olur? Mühasibatda bir maaş yazılıb, kadrlar şöbəsində başqa cür. Onun narazılıqlarının heç bir əsası yoxdur.
O ki qaldı qohum məsələsinə. Mənim burada bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Məndən əvvəl burada kafedra müdiri kimi işləyib. İngiltərədə ingilis dilində kitabı çıxıb. Noam Homskinin kitablarını tərcümə edib. Və o, bəlkə də, Azərbaycanda Noam Homskinin tanıdığı, onunla ünsiyyətdə olan yeganə insandır. Burada ikinci qohumumu kim göstərə bilirsə, göstərsin. Ulu öndər məni Slavyan Universitetinə rektor göndərənə qədər mən burada 17 il kafedra müdiri kimi işləmişəm. Əlbəttə ki, mənim burada dostlarım, tanışlarım olacaq. Mən buraya rektor kimi qayıdanda gərginliyi aradan götürmək üçün inandığım insanlarla işləməli idim. Burada Multikulturalizm labaratoriyası, Rusiyaşünaslıq laboratoriyası yarandı. Bütün bunlar xarici dil hesabına olmadı. Bu strukturlar iki məqsədə xidmət edir. Birincisi ölkənin tədris, dövlətçilik siyasəti ilə Azərbaycan gəncinin formalaşdırılmasına xidmət edir, ikincisi, həmin ixtisasların tədrisi xarici dillər daha təkmil formada öyrədilməsinə xidmət edir.
-Bir də 4 il ərzində burada təhsil alan tələbələrin xarici dili yaxşı bilməməsi iddiası var idi...
- Yəqin ki, universitetdə elə tələbələr var. Lakin başqa tələbələr də var. Universitetimizin məzunları Azərbaycanın müxtəlif qurumlarında çalışırlar. Bu gün bu universitetin məzunları ən yüksək dövlət orqanlarında işləyən şəxslərdir. Mən isə 1,5 ildir burada işləyirəm. Mən bu müddət ərzində xüsusi səylə çalışsam da, bu tələbələri savadsızlaşdıra bilmərəm. Onun savadlı olmasına illərdir burada işləyən müəllimlər, dekanlar cavabdehdir. Həmin iddianı qaldıran şəxslər cavabdehdir. Özləri özlərini ittiham edirlər.
“Belə halda istənilən maaşı yazmaq olarmış”
- Əməkhaqları ilə bağlı qanun pozuntularının olması məsələsi var. Bununla bağlı hər hansı dövlət qurumlarına müraciət etmisinizmi?
- Xeyr, etməmişəm. Çünki bu faktları elə dövlət qurumları üzə çıxarıb. Mən sadəcə vəziyyəti düzəltməyə çalışmışam. İndiki halda, kadrlar şöbəsinin cədvəli ilə mühasibatın cədvəli tam şəkildə uyğunlaşır. Mənə gələn şikayətlərdən biri odur ki, işçinin maaşı rəsmi şəkildə qeyd olunmayıb və o əldən yüz manat maaş alıb. Lakin ona müəyyən sənədlər lazım olan zaman öyrənib ki, onun adına əslində, iki yüz manat maaş yazılıb. Deməli, belə halda istənilən maaşı yazmaq olarmış.
“Mən onları məhkəməyə verməyəcəyəm, qoy onlar versin”
-Problemlərlə bağlı kimsə cəzalandırılıb?
-Əlbəttə. Baş mühasib işdən çıxarıldı. O da məni məhkəməyə verdi. Kadrlar şöbəsinin müdiri işdən azad edildi. Burada kimi işdən çıxarırsan, deyir ki, ya intihar edəcəm, ya da Cənab Prezidentə müraciət edəcəm. Bir adam özünə güzgüdə baxıb demir ki, görəsən, mən niyə töhmət aldım? Nəyə görə işdən çıxarıldım? Mən əslində, bunu daha öncə etməli idim. Öz komandamla gəlməli idim. Amma mən zaman verdim ki, müşahidə edim görüm nələr olur.
Əslində tələbələrin savadsız olmasına həmin dekan məsuldur. Dekan tələbələrin savadsız olmasını niyə töhmət alandan sonra qaldırır. Akt zalında şeirimi əzbərdən deyən dekan deyir ki, Kamal Abdulla tələbələri savadsızlaşdırır, lüğətdən istifadəyə icazə verməklə tədrisdə cinayətə yol verir. Bunlar hamısı böhtandır. İşindəki nöqsanlara görə töhmət verilən kimi özünü bu cür aparmağa başladı, bunu heç cür qəbul edə bilmirəm.
Soruşurlar, niyə onları məhkəməyə vermirəm? Mən verməyəcəyəm, qoy onlar versin, mən də əks iddia ilə çıxış edəcəyəm. Müəllim tələbəni imtahanla təhdid edir. Bu barədə ailələr müraciət edir. Kiməsə qarşı ədalətsiz hərəkət eləsəm, gecə yata bilmərəm, gəlib həmin şəxsdən üzr istəyərəm. Əslində bu şəxslər özləri özlərini ittiham edirlər. Görək universitetin həyatını bu günə qoyanlar nə cavab verəcək?
-Bəs tələbələri iğtişaşa səsləyən müəllimləri cəzalandırmısınız?
- Onlara töhmət vermişəm. Dərsdən, imtahandan kənarlaşdırmışam. Tələbələr məktubla müraciət edir ki, müəllim gəlib, deyir imtahana girməyin, kəskin etiraz edin, hətta müəllimin səs yazısı da var.
Zümrüd Kərimova
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO