Xüsusi
Kembric Universitetinin azərbaycanlı professoru koronavirusla bağlı vacib faktları açdı: “Əlavə fəlakətlərə gətirib çıxara bilər”
Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat qrupunun rəhbəri, həmyerlimiz, professor Qərib Mürşüdov koronavirus pandemiyası ilə bağlı aparılan tədqiqatlar və yaşadığı ölkədə bu virus ilə mübarizə tədbirlərindən danışıb.
Görkəmli professor Publika.az-a müsahibəsində molekulyar biologiya elminin qarşısında duran vəzifələrindən və çətinliklərdən də söz açıb. O, bildirib ki, molekulyar və struktur biologiya sahəsində əldə edilən nəticələr bu gün imkan verir ki, HİV kimi xəstəliklərin müalicəsi həyata keçirilsin.
Qeyd edək ki, Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması, struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının, alqoritmlərin qurulması kimi istiqamətləri əhatə edir.
- Molekulyar biologiyanın tədqiqat sahələri çox geniş olsa da, qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Odur ki, çalışdığınız Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında sözügedən virusun araşdırılmasını necə qiymətləndirmək olar?
- Elm hələ tam mükəmməl deyil və təbiətdə baş verən hadisələrin tam başa düşülməsinə çox vaxt lazımdır. Viruslar və epidemiyalar belə problemlərdən biridir. Hazırda dünya elminin, tibbinin və mühəndisliyin demək olar ki, bütün qüvvələri bu virusla mübarizəyə yönəldilib. O cümlədən bizim institutun da bir qüvvəsi məlum virusun öyrənilməsi üzərində çalışır. Mövcud olan müasir üsullar COVID-19-un molekulyar səviyyədə öyrənilməsinə tətbiq olunur. Əgər virusun molekulyar quruluşu öyrənilərsə, ona qarşı mübarizə aparmaq üçün dərmanlar hazırlanması prosesini sürətləndirmək olar. Əsas istiqamətlər: 1) Tez cavab verən testlərin hazırlanması; 2) Test edərək insanların virusa yoluxub sağalmasını bilmək; 3) Virusdan müalicə üçün dərmanların hazırlanması; 4) Virusun yayılmasının qarşısını almaq üçün vaksinlərin hazırlanması.
Bu yaxınlarda birinci və ikinci problemin həllini gözləmək olar. Üçüncü və dördüncü problemin həlli isə uzun vaxt tələb edir. Əsas problemlərdən biri dərmanların digər effektlərinin olub-olmamasını yoxlamaqdır. Hazırda dünyada beşdən çox vaksinin insanlar üzərində yoxlanılmasına başlanıb. Onlardan biri Böyük Britaniyada həyata keçirilir.
- Professor, sizcə niyə olduqca nəhəng ixtiralara imza atan dünya alimləri koronavirus qarşısında müəyyən mənada desək, aciz qalıb. Ümumiyyətlə dünya əhalisini karantin rejimində saxlamaqla evdə qalmağa məcbur etmək elmin təbiət sirləri qarşısında acizliyini bildirir?
- Bu problemlərin başa düşülməsi və həlli elmi üsulların genişlənməsini, elmə mövcud olandan dəfələrlə çox vəsaitlərin ayrılmasını tələb edir.
a) Təbiətdə olan bütün prosesləri biz hələ tam başa düşmürük. Belə proseslərə iqlimin dəyişməsinin insanlara təsiri daxildir və bu problemə çox ciddi yanaşmaq lazımdır; b) Zəlzələlər və vulkanlar; c) Xəstəliklərin səbəbləri və təsiri; d) Viruslar və onların insanı yoluxdurmasına başlanma prosesi.
Bundan əlavə daha çox fundamental və praktiki problemlər var ki, elmin hazırkı inkişafı onları tam başa düşməyə, qarşısının tamamilə alınmasına imkan vermir. Çox problemlər var, amma bu o demək deyil ki, onlar həll olunmayıb. Məhz elm, təbabət və texnologiya inkişafının birbaşa nəticəsidir ki, 19-cu əsrin əvvəlində dünyada orta yaş müddəti 40 idisə, indi 72-dən yuxarıdır. Bu misalı həmişə texnologiyaya qarşı çıxan adamlara cavab kimi istifadə etmək olar.
Digər tərəfdən gəlin 1918-ci ildə yayılan İspan qripi və COVID-19-a qarşı mübarizə tədbirlərini müqayisə edək. İspan qripinə 500 milyon insan yoluxub, ondan ölənlərin sayı isə 50 milyona yaxın olub. Qrip yayılan dövrdə viruslar haqqında biliklər cüzi idi. Yeri gəlmişkən, virusların öyrənilməsi 19-cu əsrin sonlarına təsadüf edir, 1920-ci illərdə ancaq bir neçə virusun mövcudluğu məlum idi. Riyazi epidemiologiya, riyazi modellər, təbiət, qavranış psixologiyası, tibbi cihazlar və s. mövcud deyildi, yoluxmanı azaltmaq üçün dövlətlərin effektiv strateji planları yox idi. Birinci riyazi model 1927-ci ildə qurulub, bu modelin əsasında İspan qripinin öyrənilməsi dayanır.
Gəlin indi bir az viruslar haqda danışaq. Bu, necə problemdir və həqiqətənmi təbii, qeyri-təbii yarana bilər? Bir neçə il əvvəl nəşr olunmuş virusologiya dərsliyində deyildiyi kimi virusların ümumi sayı kainatda olan ulduzların sayından dəfələrlə çoxdur – hardasa 1024. Əlbəttə bunlar qiymətləndirilmədir, dəqiq sayını heç kim bilmir. İndiyə qədər məlum olan hər bir orqanizmə uyğun viruslar məlumdur, bakteriyalardan başlayaraq, bitkilərə və insanlara qədər. Bir orqanizmi yoluxduran virus sürətlə bölünərək həmin orqanizmin məxsus olduğu bütün orqanizmlərin sayı qədər ola bilər. Məsələn, bir insanda bölünən bir növ virusun sayı 7 milyarddan çox ola bilər. Gəlin bu fikri davam etdirək: yüksək orqanizmlər çoxalanda onların genləri orqanizm daxilində ciddi yoxlanılır və əgər hər hansı yeni gen əvvəlkindən fərqlidirsə onda bu geni məhv etmə mexanizmi başlayır. Viruslarda bu mexanizm zəifdir, bundan əlavə RNT-dən asılı olan müəyyən viruslarda bu yoxlama mexanizmi yoxdur. Buna mutasiya mexanizmi deyilir. Və bunun nəticəsində viruslarda dəyişiklik çox sürətlə gedir. Bundan əlavə, bir növə məxsus olan viruslar genlərini bir-biri ilə dəyişə bilirlər. Buna rekombinasiya mexanizmi deyilir. Bu özü çox maraqlı sahədir. Beləliklə, iki virus genlərini dəyişərək və mutasiya edərək əvvəl yoluxmadığı orqanizmləri yoluxdura bilir. Bizə məlum olan qrip virusu məhz bu mexanizmə görə quşdan, dəvədən və ya yarasadan/panqolindən insana keçə bilir. Əslində epidemiyaların baş verməsi qeyri-adi hadisə deyil, onların az olması daha çox təəccüb doğurur.
21-ci əsrdə bildiyimiz yeni epidemiyaların sayı 6-dır. 20-ci əsrdə belə epidemiyaların sayı 15-dən çox olub. Bu epidemiyaların qarşısını o halda almaq olar ki, bütün dünya alimləri, həkimləri, mühəndisləri, siyasətçiləri öz gücünü bu işin öyrənilməsinə və problem meydana çıxan kimi dərhal həllinə sərf etsinlər, bu yolda birgə işləsinlər. Təəssüflər olsun ki, hazırda dünyanı parçalayan millətçi qüvvələr daha güclüdür və belə birləşməni bu yaxınlarda gözləmək olmaz. Digər tərəfdən dünyanın müxtəlif hissələri bir-birilə əlaqəlidir, təyyarələr və maşınlar səyahətlərə imkan verir. Bu da o deməkdir ki, əvvəl lokal olan epidemiyaların dünyəvi xarakter almasına təəccüblənmək lazım deyil.
Əslində əksər virusologiya və epidemiologiya dərsliklərində pandemiyanın demək olar ki, zəruriliyi haqda danışılır və belə hadisələrə hazır olmağa çağırılır. Adətən gözlənilən epidemiya kimi yeni qrip epidemiyası misal göstərilir.
- Qərib bəy, 21-ci əsrdə dünyada molekulyar biologiya elminin qarşısında hansı çətinliklər və vəzifələr dayanır?
- Problemlərin sayı çoxdur, onları sadalamaq qeyri-mümkündür. Ancaq bir neçəsini qeyd edə bilərəm: a) Xəstəliklərə qarşı mübarizə, onların qarşısının alınması və müalicə üsulları. Bura neyro, xərçəng xəstəlikləri, genetik xəstəliklər daxildir.
b) Beynin öyrənilməsi. Sonuncu, indiyə qədər bəşəriyyət tərəfindən cəhd edilən ən çətin problemdir. Bir insanın beynindəki neyronların sayı 100 milyarddan çoxdur və orta hesabla neyronlar arasında əlaqələrin sayı 10 mindən artıqdır. Bu neyronların və əlaqələrin öyrənilməsi çox mürəkkəb problemdir. Hətta biz bu problemi həll etsək də, yenə beyində gedən prosesləri tam başa düşməyəcəyik. Neyronların öyrənilməsi bizə proseslərin bir məqamda şəklini verir. Proses isə dinamikdir. Bütün neyronların bir-biri ilə əlaqəsi, orqanizmin ayrı hüceyrələrinin bu proseslərə təsiri, ətraf mühitin təsiri və sair. Bu problem şəbəkə dinamikası deyilən riyaziyyatın bir hissəsinə daxildir. Problem həddən artıq böyükdür. Bütün dünyada olan kompüterlərdən istifadə etsək də, bütün insanlar bir problemlə məşğul olsa da, bunu tam həll etmək qeyri-mümkündür.
c) qida problemi. Bu haqda geniş danışmaq olar.
d) bakteriyalar və onların xəstəliklərdə, ayrı proseslərdə rolu. Bakteriya növlərinin sayı digər orqanizm növlərinin sayından dəfələrlə çoxdur. Hərdən belə fikir irəli sürülür ki, Yer kürəsi bakteriyalara məxsusdur. Onlar çox müxtəlif şəraitdə yaşaya bilirlər və s. Bu problemlerin hər biri ilə böyük tədqiqat institutları məşğuldur.
- Son illərdə hansı xəstəliklərin molekulyar səviyyədə araşdırılması onların müalicəsinə dair ümidlər vəd edir?
- Məhz molekulyar və struktur biologiyada əldə olunan nəticələr sayəsində HİV kimi xəstəlikləri müalicə edə bilirik. Ümumiyyətlə hər hansı problemi həll etmək üçün onun başa düşülməsi çox vacibdir. Əgər biz problemi başa düşürüksə, onda həm onun qarşısını almaq, həm də müalicəsi üçün üsullar fikirləşə bilərik. Məsələn, Parkinson, Altsheymer xəstəliklərinin molekulyar səviyyədə tam başa düşülməsi gələcəkdə həm onların qarşısını almaq, həm də müalicəsinə dair imkanlar yaradacaq.
- Koronavirus pandemiyasından sonra yeni dünya sisteminə keçidlə bağlı çox danışılır. Ortaya atılan iddialar nə qədər sui-qəsd nəzəriyyəsinin məhsulu kimi görünsə də, diqqətçəkən bəzi məqamlar da var. Xüsusilə bütün insanların virusdan qorunmaq adı altında çiplənməsi, yeni dünyada izlənilməsi, hərəkətlərinə yön verilməsi və digər fikirlər təsadüfən peyda olmur. Bu günlərdə hər kəsin diqqəti “Microsoft”un qurucusu Bill Qeytsin üzərindədir. Qeyts bu iddiaları təkzib edir, amma demək olar ki, hər gün yeni versiyalar, iddialar ortaya çıxır. Bütün bunlar mifologiyadır, yoxsa gerçəklik payı olduğunu demək olar?
- Mən adətən cəfəngiyatlara əsaslanan və heç bir elmi əsası olmayan sui-qəsd nəzəriyyələri haqda danışmıram. Belə nəzəriyyələr həmişə olub. Başa düşmədiyimiz hadisələri izah etməyə çalışırıq. Ya ilahi qüvvə ilə, ya da digər güclərlə əlaqələndiririk... Çox güman ki, əksər dinlər belə meydana çıxıb, masonlar barəsində cəfəngiyatlar da belə yayılıb. Problemin dərindən başa düşülməsi dərin biliklər və çox əmək tələb edir. Amma bunun hər hansı, bizdən asılı olmayan və çox qüdrətli qüvvələr tərəfindən yaradıldığına inanmaq daha asandır. Sizə bir misal deyə bilərəm: Əvvəllər Britaniya cəmiyyətində olan bir çox problemlərdə müsəlmanlar və miqrantlar günahlandırılırdı. Belə xəbərlər yayan “Express” və “Dailymail” kimi qəzetlər koronavirusun Çində yaradılması və 5G xarakterli olması kimi cəfəngiyat yayırlar.
Çox xahiş edirəm, yalan məlumatlara inanmayın. Bunun qarşısını alın. Əsasən də ziyalılara müraciət edirəm: Yalan xəbərləri yaymayın! Bütün xəbərləri yoxlayın. Rəsmi məlumatlara istinad edin. Belə fövqəladə hallarda yalan məlumatların yayılması əlavə fəlakətlərə gətirib çıxara bilər.
- Pandemiyanın böyük dövlətlərin laboratoriyalarında yetişdirilməsi iddiaları haqqında nə deyə bilərsiniz?
- Cəfəngiyatdır. Elmi məlumatlar göstərir ki, virus təbii yaranıb. Yuxarıda dediyim kimi, epidemiyanın meydana çıxması təəccüblü hadisə deyil.
- Koronavirus pandemiyası ötüşəndən sonra Azərbaycanda ən son tələblərə cavab verə bilən molekulyar laboratoriyaların yaradılması real görünürmü? Elm və texnologiyanın inkişafına diqqət artırıla bilərmi? Bu sahədə əsas problemlər nələrdir?
- Buna biz ancaq ümid edə bilərik. Bu siyasi qüvvələrdən asılı olacaq. Bir şey aydındır. Təhsil, elm, texnologiya, təbabət, sənaye inkişaf etməlidir. Bunların kifayət qədər sürətlə inkişafı üçün insanların söz və yaradıcı azadlığı mövcud olmalıdır. Kifayət qədər maliyyə olmalıdır, mütəxəssislər nəticələrə əsasən qiymətləndirilməlidir, elmi dərəcələrə və ya tərifləmə qabiliyyətinin olmasına görə yox.
- Tədqiqatlarınızı həyata keçirmək üçün dövlət və ya sponsor dəstəyi axtarmaq çətindir? Resurslar haradan gəlir və dövlət hansı yardımı göstərir?
- Bizim institutun əsas maliyyəsi dövlət təşkilatı olan MRC (Medical Research Council) vasitəsi ilə gəlir. Amma özümüz əlavə maliyyə də gətiririk. Müxtəlif qruplar bunu müxtəlif üsullarla həyata keçirir. Qrupumun əlavə qrantları BBSRC və “Wellcome Trust” təşkilatlarından gəlir. Bundan əlavə həm Avropa, həm dünya qrantları mövcuddur. Özəl və xeyriyyə təşkilatlarından da qrantlar almaq olur. Ən böyük xeyriyyə təşkilatlarından biri “Bill” və “Melinda Gates” xeyriyyə təşkilatlarıdır. Biz bundan istifadə etmirik. Ümumiyyətlə bizim institutda maliyyə pis deyil. Hər halda qeyd etməliyəm ki, Britaniyada da elmin maliyyələşdirilməsi ilə bağlı müəyyən problemlər mövcuddur.
- Yapon alimləri süni ətin hazırlanmasına dair artıq müəyyən nailiyyətlər qazanıb. Onlar iddia edir ki, qlobal ət istehlakı artacaq və tələbatın təbii yolla ödənilməsi mümkün olmayacaq. Gələcəkdə ərzaq qıtlığı olarsa, laboratoriyalarda yaradılan süni ətin, ərzaqların satışa buraxılması nə dərəcədə mümkün görünür və təsirləri barədə əvvəlcədən fikir söyləmək mümkündürmü?
- Bu qida istehsalı sahəsidir. Əlbəttə elm və texnologiyaya əsaslanan qida istehsalı olmasa, ərzaq problemini həll etmək çox çətin olar. Ümumiyyətlə hər bir ölkənin özünün qida təhlükəsizliyi siyasəti var. Mən bilən məhz bu məsələ Azərbaycanda çox ciddi nəzarət altındadır.
Hər hansı qidanı və ya dərmanı bazara çıxarmazdan əvvəl çox ciddi şəkildə yoxlanılır. Odur ki, bazara çıxarılan qidalar təhlükəli deyil. Onlar haqqında yazılan çox cəfəngiyatlar genetika, molekulyar biologiya və qida metabolizminin başa düşülməməsindən irəli gəlir. Mənim üçün hazırda qida sənayesi haqqında şaiyə yayanlar daha çox təhlükəlidirlər.
- Bu yaxınlarda “AUKAA Expert Talks”a verdiyiniz onlayn müsahibədə söylədiniz ki, nağılları çox sevirsiniz. Sizcə, nağıllar həqiqətən uşaqların beyin inkişafında mühüm rol oyanır, yoxsa müəyyən mənada həyatın mövcud gerçəkliyini qəbul etməsinə mane olur?
- Qutudan kənar problemin həllini tapmaq üçün fantaziya və hadisələrə yaradıcı yanaşma vacibdir. Amma gerçək aləm də eyni dərəcədə mühüm rol oynayır. Bunlar arasında balansı tapmalı və qorumalısan.
- Ümumiyyətlə, uşaqlar öz reallığını yaradarkən nəyə söykənməlidir, sərhədsiz fantaziyalarına, ya ətraf mühitin qəbul etdirməyə çalışdığı acı reallığa?
- Hər ikisinə. Dünya ancaq ağ və qaradan ibarət deyil. Rənglərin sayı çoxdur. Odur ki, konkret seçim etmək düzgün olmazdı. Bu baxımdan qızıl ortanı tapmaq əhəmiyyətlidir. Bunun necə inkişaf etdirilməsi isə ayrı mövzudur.
- Bu gün təəssüf ki, gənclər arasında elm populyar deyil. Çoxları biznesə, dövlət qurumlarına gedir, çox az adam elmin işığına sığınır. Gənclərin elmi fəaliyyətini stimullaşdırmaq üçün nə məsləhət verə bilərsiniz?
- Bu problem dünyanın çox yerlərində mövcuddur. Problemi dövlət islahatları ilə həll etmək olar. Gənclər məqsədyönlü olmalıdır. Uğur qazanmaq istəyirsinizsə, qarşınıza ciddi iddialar qoymalı və ona doğru addımlamalısınız. Mənim və digər elm xadimlərinin uğur hekayələrini nümunə çəkmək olar. Elm ucu-bucağı görünməyən sərhədsiz ümmandır, onun qapıları elmlə məşğul olmaq istəyənlərə hər zaman açıqdır. Amma uğur arxasında çox işləmək, fikirləşmək, oxumaq durur.
Gənclərə tövsiyəm odur ki, internetdən yalan xəbərlər oxumaq əvəzinə, biliklərini genişləndirmək məqsədilə istifadə etsinlər. Çətinliklər olacaq, onlardan qorxmaq lazım deyil. Haqsızlıqlar olacaq, onlar sizi sındırmamalıdır. Hər halda çətinliklər insanı daha mübariz, döyüşkən və güclü edir. Haqsızlıqlar iradənizi möhkəmləndirməlidir. Bu insan təbiətidir – həmişə kimsə sizi istismar etmək istəyəcək. Ən əsası peşəkar olmağa çalışın. Peşəkar olmaq vətənpərvər olmaqdan daha vacibdir.
Aytən Məftun
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO