Rusiya çalışır ki, Qarabağda... - SENSASİON DETALLAR
Bizi izləyin

Xüsusi

Rusiya çalışır ki, Qarabağda... - SENSASİON DETALLAR

Artıq bir neçə həftədir ki, Ermənistanda ara qarışıb. Müxalifət meydanlara axışıb. Ekspertlər düşünür ki, bu vəziyyət Azərbaycanla Ermənistan arasındakı post-münaqişə dövründəki proseslərin nizamlanması mərhələsində “taym-aut”a gətirib çıxara bilər. Üstəlik, Qərb Ermənistanda baş verən həbslərə görə səsini çıxarmır. ABŞ-ın “National Endowment for Democracy” fondu Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 dollar təşkil edir. Bir çoxları düşünür ki, bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.

Bəs ABŞ-ın qrantların arxasında nə dayanır? Qərbin Ermənistandakı zorakılıqlara susqunluğunun kulisində hansı səbəblər durur?

Suallarımızı politoloq Qabil Hüseynliyə ünvanladıq.

Q.Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Rusiya çalışır ki, ümumiyyətlə, danışıqlar və sülhyaratma prosesi dayansın. Moskva istəyir ki, yalnız bu onun nə zaman könlünə düşərsə, həmin vaxt onun istədiyi formada sülhyaratma prosesi yenidən bərpa etdirilsin.

- Qabil bəy, artıq bir neçə həftədir ki, Ermənistanda ara qarışıb. Müxalifət meydanlara axışıb. Bu vəziyyət Azərbaycanla Ermənistan arasındakı post-münaqişə dövründəki proseslərin nizamlanması mərhələsində “taym-aut”a gətirib çıxara bilərmi? Yəni sərhədlərin delimitasiya və demarkasiyası ləngiyə bilərmi?

- Bəli, bu mümkündür. Ermənistanda baş verən qarışıqlıq və ya hərəkatlar öz coğrafiyasını günü-gündən genişləndirir. Bu proses artıq İrəvandan çıxaraq bəzi iri şəhərlərə də yayılıb. Nəticə etibarilə baş verən proseslər Ermənistandakı ictimai-siyasi həyatı bir növ “tormoz”layıb. Danışıqlar prosesində əlaqələr yerində qalır. Yəni danışıqları aparan qruplar mütəmadi olaraq görüşürlər. Amma bütövlükdə danışıqlar prosesini kompleks halında həyata keçirilməsi hələ ki, arzu edilən sürətlə getmir. Bu, həm də Rusiyanın arzusu, Kremlin sifarişidir. Rusiya çalışır ki, ümumiyyətlə, danışıqlarvə sülhyaratma prosesi dayansın. Moskva istəyir ki, yalnız bu onun nə zaman könlünə düşərsə, həmin vaxt onun istədiyi formada sülhyaratma prosesi yenidən bərpa etdirilsin. Kremlin arzuladığı isə Bakının arzuladığı deyil.

- İki həftədir ki, Ermənistanda siyasi fəallar, müxalif düşərgənin ünlü simaları həbs olunur. Amma Qərb dairələri İrəvanda baş verənlərə görə Ermənistan hakimiyyətinə heç nə demir. Etiraz edilmir. Amma Azərbaycanda kimlərsə həbs olunanda, dərhal hay-küy qaldırılır. Sizcə səbəb nədir?

- Bəli, Qərb dairələri hələ də İrəvanda baş verənlərə görə, öz etiraz səsini ucaltmayıb. Biz də belə hesab edirik ki, Azərbaycanda xırda bir nüans da olan kimi Qərb ölkələri dərhal ona reaksiya verirlər. Amma bu gün Ermənistanda polis zorakılığı var. Partiya liderlərinin, onların müavinlərinin həbsi məsələsi də mövcuddur. Eyni zamanda, baş verən hadisələrin miqyasını kiçiltmək, daraltmaq və yox etmək üçün göstərilən cəhdlər də göz önündədir. Amma Qərb dünyası, eləcə də müxtəlif insan hüquqları üzrə müdafiə təşkilatları bu məsələlərdə səs çıxarmırlar. Öz mövqelərini bildirmirlər. Zənnimcə, bunun kökündə ikili standartlar da var. Amma burada bir qədər fərqli nüans da var.

- Yəni Qərbin Koçaryan və Sarkisyanın tör-töküntülərinin müdafiə etməməsinin başqa səbəbləri də var?

- Bəli. Burada bir qədər subyektivizm də olacaq. Axı, nəyə görə Robert Köçəryanın və onun başına topladığı quldur tör-töküntülərini Qərb müdafiə etməlidir?! Bunlar qolları dirsəyə qədər qana batmış adamlardır. Onların böyük bir qismi azərbaycanlılara qarşı Xocalı, Meşəli, Qaradağlı, Başlıbel, Ağdaban soyqırımılarını törədiblər. Onlar Azərbaycan torpaqlarını işğal ediblər. Üstəlik, işğal prosesində azərbaycanlılara qarşı olmazın müsibətlər həyata keçirmiş alçaqlardır. Onlar həm də öz xalqlarına qarşı amansızlıq etmiş adamlardır. Məsələn, 2008-ci ilin martındakı hakimiyyət dəyişikliyini yadımıza salaq; Robert Koçaryan 10 illik hakimiyyətini başa vurub öz hakimiyyətini Serj Sarkisyana təhvil verərkən etiraz dalğası başlandı. Etirazçılara o vaxt atəş açmaqla bağlı əmri verən elə Robert Koçaryanın özü idi. Həmin dövrdə yayılan rəsmi məlumatlara görə, 34 nəfər ölmüşdü. Amma 102 nəfər insanın aksiyalar zamanı öldürülməsi ilə bağlı müxalifət nümayəndələri məlumat yaymışdılar. Belə adamları nəyə görə və onların nəyini müdafiə etməlidirlər. Elə indi də onların tutduqları mövqe konstruktiv deyil. Fikrimcə, Qərb hesab edir ki, hazırda Qafqazda sülh prosesləri yaranır. Həmin sülh proseslərinin yaranmasına ən başlıca əngəli Rusiya yaratmaqdadır. Qərb Rusiyanı sülhyaratma prosesindən, eləcə də beynəlxalq təşkilatlardan təcrid etmək fikrindədir. Qərb həm də Rusiyanı Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırmaq niyyətindədir. Bu səbəbdən də Ermənistanda müxalifət dediyimiz adamın hansını qaldırırsan o, Rusiya xüsusi xidmət orqanlarının agenti çıxır. Robert Koçaryan, Serjik Sarkisyan da öz karyerasına oradan başlayıb. Seyran Ohanyan və Vanetsyan da öz karyerasına oradan başlayıb və bunu sübut edən faktlar, dəlillər mövcuddur. Yəni bu gün Ermənistanda aranı qarışdıran, ortamı gərginləşdirən adamların böyük bir hissəsi Rusiya xüsusi kəşfiyyat orqanlarına xidmət edənlərdir. Onların muzdlu işçiləridirlər. Əgər hakimiyyət belə adamlara qarşı sərt tədbirlər görürsə, bu kimi sərt tədbirlərdə insan haqqları və buna bənzər elementləri axtarmaq məncə, başadüşülən olmalıdır. Çünki bunlar bölgədə sülhün yaranmasını istəmirlər. Rusiyanın sifarişləri, tapşırıqları ilə oturub-dururlar. Elə bu səbəbdən də Qərbdən, o dediyimiz insan haqqlarının müdafiəsi ilə bağlı reaksiyalar gəlmir, gəlməyəcək də...

- ABŞ-ın “National Endowment for Democracy” fondu Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235 dollar təşkil edir. Bir çoxları düşünür ki, bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Sizcə, bu qrantın arxasında hansı amillər dayanır?

- Azərbaycanda möhkəm dövlət qurulub. Bu dövlət Qarabağ müharibəsində qalib gəlməklə, erməniləri diz çökdürməklə adını tarixə həkk etdirib. Bu gün kimlərinsə, hər hansı qrant hesabına mitinqlərin, hərəkatların həyata keçməsi oturuşmuş və xalq arasında kifayət qədər populyar olan hakimiyyətə hər hansı ziyan verilməsinə gətirib çıxara bilməz. Üstəlik, hakimiyyətin özü siyasi reforma xəttini seçib. Hakimiyyətin özü ölkənin siyasi quruluşunda dəyişikliklər etmək niyyətindədir. Bunun üçün müəyyən layihələr hazırlanıb və onu həyata keçirməyi düşünür. Ona görə də Azərbaycan üçün nəzərdə tutulan hər hansı qrant layihələr və yaxud da Azərbaycanda siyasi fəallığın artırılması üçün nəzərdə tutulan hər hansı hərəkətlər ölkəmizdə mövcud olan, formalaşmış harmoniyanı heç cür poza bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm