"Deyirlər sənin şeirlərindən həm qərbin, həm də şərqin ətri gəlir..." - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Deyirlər sənin şeirlərindən həm qərbin, həm də şərqin ətri gəlir..." - MÜSAHİBƏ

Həyat yoldaşımla Praqa küçələrində gəzirdik. Təsadüfən Yan Qusun heykəlinin önündə dayandıq. Niyəsə bu heykəl mənə İmadəddin Nəsimini xatırlatdı. Hər ikisinin həyat və yaradıcılığını müzakirə etməyə başladıq. Danışdıqca, belə bir nəticəyə gəldik ki...

Davamını Çexiyada yaşayıb fəaliyyət göstərən şair, ssenari müəllifi, diaspor fəalı Leyla Bəyimin Publika.az-a müsahibəsində oxuya bilərsiniz.

- Leyla xanım, ixtisaslaşdığınız sahə ilə yaradıcılığınız bir-birinə ziddir.

- Bəli. İxtisasım neft kimya sahəsi üzrədir. Amma peşəm üzrə heç vaxt çalışmamışam. Xarici şirkətlərdə çalışmışam. Amma daim yaradıcı sahəyə meylim olub.Vaxt gəldi çatdı, bir məqamda yenilik, dəyişiklik istədim. Yoldaşım da memardır. O, da mənim kimi daim yeni maraqlar ardınca getməyi sevən yaradıcı insandır. Şeir yazmağa çox həvəsli idim. Amma heç vaxt paylaşmırdım. Günlərin bir günü əlyazmalarımı məşhur şair və tərcüməçi Vilayət Rüstəmzadəyə göstərdim. Dedi sən bu işlə ciddi məşğul olmalısan. O vaxtdan şeirlərimi paylaşmağa başladım. Ürəyimin dərinliyinə enib, duyğularımı anlamağa çalışdım. Uzun illərdir Çexiyada yaşayırıq. 4 övladımız var.

- Amma bildiyimiz qədər yaradıcılığınız poeziya ilə məhdudlaşmır.

- Şeirlərimi rusca yazıram. Məşhur çex tərcüməçi Milan Dvorjak isə öz dilinə tərcümə edir. O, mənə həmişə deyir ki, sənin düşüncələrində həm qərb, həm də şərq ətri hiss olunur. Bəlkə də müxtəlif janrlara meyl etməyimin əsas səbəbi budur. Bir neçə il əvvəl öz zərgər brendimi açmağa qərar verdim. Bu Avropanın ilk Azərbaycan brendi idi. Əsərlərimin əsas konsepti təbiətdə yaranmış qiymətli daşların poeziyası idi. Bu işlər unikal və individualdır. Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərirdik.. Əsərlərimizdə mələk, kəpənək və digər obrazlara üstünlük verirdim. Bu brend kifayət qədər məşhurlaşmışdı. Təəssüf ki, müəyyən səbəblərdən fəaliyyətimə davam edə bilmədim. Ümumiyyətlə, yaradıcı insan daim axtarışdadır. Bəlkə bu sahəyə yenidən qayıdacam, bilmirəm.

Aucune description disponible.

Hazırda fəal ədəbi yaradıcılıqla məşğulam. Çexiyanın rusdilli şairlərinin icmasını qurmuşuq. Əsasən komandamızın tərkibi MDB ölkələrindən olan şairlərdir. Mütəmadi olaraq Praqada toplaşırıq.Britaniya Poeziya İcmasının və və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.

- Leyla xanım, illər boyu Qarabağ yaradıcılığınızın əsas mövzusu olub.

- Bu günlərdə Günel Anarqızı ilə birgə Qarabağa həsr olunmuş əsərlərimizdən ibarət "Cry" kitabımız çap olundu. Kitab rus dilində yazılıb, amma bir sıra dillərə tərcümə olunub. Kitabın təqdimatı Çexiyadakı səfirliyimizdə baş tutdu. Hazırda "Qarabağ şikəstəsi" adlı miniatür kitabım Zərifə Salahovanın Miniatür Kitab Muzeyində qorunur. Kitabı alman dilinə Mixael Hess çevirib.

- Məşhur alman nəsimişünası...

- Bəli. Bildiyiniz kimi Mixael azərbaycanca da danışır. Bu kitab həmçinin fransız və digər dillərə də tərcümə olunur. Qarabağ mövzusunda şeirlərimdən əlavə pyeslərim də var. Yəqin “Yarımçıq qalmış” tamaşasından xəbərdarsınız.

Aucune description disponible.

- Əlbəttə.

- Bu əsər arzularla yaşayan balaca oğlanın həyatından bəhs edir. Əsəri mərhum Vaqif Əsədov səhnələşdirmişdi. Aprel hadisələri zamanı çox təsirlənmişdik. İsraildə yaşayan ssenari müəllifi, rejissor Yefim Abramovla birgə pyesi ərsəyə gətirdik. Hamımız çox kədərli idik. Heç nə barədə danışmaq, yazmaq istəmirdik. Lakin gənc heykəltaraş Samir Kaçayev şəhid olandan sonra özümüzü şəhidlərimizin xatirəsini əbədiləşdirməyə borclu bildik. Odur ki, “Xəyallar quran oğlanlar” şeirini yazdım. Şeir qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başladı. Lakin hiss edirdim ki, duyğularım yarımçıqdır və Yefim bəylə birlikdə eyni adlı pyesi ərsəyə gətirdik. Vaqif Əsədov isə bu əsəri “Yarımçıq qalmış...” adı ilə səhnələşdirdi. Tamaşa 5 ildir ki, Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılır.

- Dediniz ki, Şərqlə Qərbin vəhdəti əsərlərinizdə çox duyulur. Bizcə, Avropada yaşayan şərqli qadın üçün bu cəhət xarakterikdir. Hansı məqamları bölüşə bilərsiniz bizimlə?

- Bir hadisə danışım. Həyat yoldaşımla Praqa küçələrində gəzirdik. Təsadüfən Yan Qusun heykəlinin önündə dayandıq. Nədənsə bu heykəl mənə İmadəddin Nəsimini xatırlatdı. Hər ikisinin həyat və yaradıcılığını müzakirə etməyə başladıq. Danışdıqca, bu qərara gəldik ki, bu iki böyük şəxsiyyət arasında bənzərlik çoxdur. Çünki Yan Qus da rahib olmaq istəyib, amma yolunu dəyişib. Nəsimi ilə Yan Qus hətta eyni ildə dünyaya gəliblər. Biri şərqdə, digəri isə qərbdə ali missiya yerinə yetirib. O, hətta İncili çex dilinə tərcümə edib ki, rahiblərin sizə oxuduğunu anlamadan onlara necə güvənirsiniz?! Nəsimi isə əsərlərini azərbaycan dilində yaradıb. Hər ikisinin sonu eyni faciəvi şəkildə bitib. Evə qayıdıb çox düşündüm. Hətta qəribə yuxu gördüm. Ümumiyyətlə, mən yuxularımdan ilhamlanıram. Pyes yazdım. Bu pyes şeirlər üzərində qurulub. Vaqif Əsədov Heydər Əliyev Fondunun dəstəyi ilə pyesin bir hissəsini “İmmolatio” (Qurbanvermə) adı ilə səhnələşdirdi. Premyeraya diplomatlar da gəlmişdilər. Əsər hər kəsdə dərin təəssürat oyatdı. Hətta mərhum Rüstəm İbrahimbəyov də mənə xoş sözlər söylədi. Tamaşamız Londonun tanınmış teatrlarından da dəvət aldı. Odur ki, pyes üzərində hələ də çalışıram. Bu əsər yəqin ki, rok-opera şəklində də izləyicilərimizi sevindirəcək. Deyə bilərəm ki, bu, mənim böyük arzularımdan biridir.

Aucune description disponible.

- Eşitmişik pandemiya dövründə də işşiz qalmadınız...

- Bəli. İspaniyada yaşayan həkim, yazıçı soydaşımız Azər Ağalarovla birgə qısametrajlı film çəkdik. Filmin bütün mərhələsində birgə iştirak etdik. “Divarın o tayında” adlı bu ekran əsərini beynəlxalq film festivallarına göndərdik. Təsəvvür edin, 15 festivalda 9 mükafat qazandıq.

(ardı var)

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm