Xüsusi
Bakıda bu kafedə sevginin yaratdığı inanılmaz mühit: Onun arxasında kimlər durur? - FOTOLAR
Hansısa kafedə oturub qəhvə içərkən onu kimin və necə hazırladığını düşünmüsünüzmü? Bəlkə də bu prosesin arxasında təkcə yaxşı resept deyil, həm də böyük bir iradə, sevgi və cəmiyyətə inteqrasiya hekayəsi dayanır. Bakıda fəaliyyət göstərən “Kashalata” kafe də məhz belə hekayələrin ünvanıdır.
“Trendyol”un təşkilatçılığı ilə baş tutan mediatur çərçivəsində bir qrup jurnalist həmkarımla birlikdə şəhərin fərqli ünvanlarından birinə - “Kashalata”ya yollandıq. Bura təkcə qonaqlara çay, qəhvə və başqa təamlar təqdim edən məkan deyil, həm də ölkənin ilk inklüziv kafe modelidir. Burada autizmli və digər neyromüxtəlifliyi olan gənclər tipik əməkdaşlarla birlikdə çalışaraq həm peşə bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyətə inteqrasiya edirlər.
Burada keçirdiyimiz qısa müddət ərzində insanların bir-birinə dəstək olduğu zaman necə böyük dəyişiklik yarada bildiyinin şahidi olduq. Gəlin, bu səmimi mühitdə müşahidə etdiyimiz hekayələrə birlikdə nəzərə yetirək.
Ölkənin ilk inklüziv kafesi
Məkanın ab-havası ilə tanışlığımız davam edərkən, bu böyük ailənin və ideyanın arxasında duran əsas sima - “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və “Kashalata” kafenin qurucusu Aytən Eynalova bizə ətraflı məlumat verir. Aytən xanım 15 ilə yaxındır neyromüxtəlifliyi olan insanlara dəstək olduqlarını bildirdi:
“Bu müddət ərzində neyromüxtəlifliyi olan insanlara, ailələrinə dəstək olmuşuq. İnklüzivliklə, autizmlə, müxtəlifliklə bağlı uzun illərdir maarifləndirmə işləri həyata keçiririk. Çox uğurlu layihələrə imza atmışıq. Bir sıra dövlət qurumları və qabaqcıl özəl sektorla əməkdaşlığımız çox uğurlu alınıb”.

22 yaşlı autizmli övladın anasıyam...
A.Eynalova oğlunun da bu kafedə çalışdığını qeyd etdi: “22 yaşlı autizmli övladın anasıyam. Oğlum Həmzə “Kashalata”da aşpaz köməkçisidir. Onunla qürur duyuram. Ona diaqnoz qoyulan zaman autizmin nə olduğunu bilmirdim, amma onunla öyrəndim. Həmzə ilə birlikdə həyat fəaliyyətimin hədəfini, yönünü dəyişdirmək məcburiyyətində qaldım, öz üzərimdə həddindən artıq çox işlədim və gördüyümüz işlərlə qürur duymağa başladım. Məqsədim cəmiyyətimizə daha faydalı dəstək verməkdir”.
“Kashalata” ideyası necə yarandı?
Aytən Eynalovanın sözlərinə görə, kafe ideyası 2017-ci ildə pilot layihə kimi başlayıb.
“Kashalata Birliyin layihəsidir. 2024-cü ilin oktyabrın 1-dən etibarən ölkəmizdə geniş tanıdıldı. Bunu qürurla deyə bilərəm ki, hazırda kafedə tipik əməkdaşlarla yanaşı 10 neyromüxtəlifliyi olan əməkdaş çalışır. 20-yə yaxın əməkdaş burada inklüzivliyi təmin edərək, bir-birlərinə dəstək olurlar. Bizim üçün layihənin davamlılığı çox önəmlidir. Çünki hər layihədə olduğu kimi, onun uzunmüddətli olması və neyromüxtəlifliyi olan insanların cəmiyyətə inteqrasiyası vacibdir”.

Autizm qlobal məsələdir
Aytən xanım autizmlə bağlı statistikanı da diqqətə çatdırdı: “Autizm artıq qlobal məsələdir. CDC dediyimiz dünyanın ən qabaqcıl araşdırma mərkəzlərindən biri olan, xəstəliklərin müəyyənləşdirilməsi və müdaxilə mərkəzi olaraq adlandırılan qurumun 2024-cü il statistikasına görə hər 31 uşaqdan biri autizmli olaraq dünyaya göz açır. Bu, ABŞ-də 8 yaşlı uşaqlar arasında aparılan araşdırmadır. Amma dünya üzərində bu sayın digər ölkələrdə də bu cür olduğu söylənilir. Ölkəmizdə də rəsmi statistika olmasa belə, əhalinin 1-2 faizinin autizmli olduğu deyilir. Bu, çox ciddi rəqəmdir.
Bu insanların cəmiyyətə inteqrasiyası üçün erkən müdaxilə modellərinin düzgün olması, məktəb yaşlı övladlarımızın bir sıra fəaliyyətlərə cəlb olunaraq onların cəmiyyətə inteqrasiya edilməsi, daha sonrakı həyatlarında onların məşğulluğunun təmin edilməsi və bütün detallar vacibdir. Nə qədər çox erkən, doğru və intensiv müdaxilə edilsə, autizmli şəxslərin 40 faizə yaxını cəmiyyətə inteqrasiya olunur və hətta universitet oxuya biləcək səviyyəyə gəlirlər. Bizim kafedə çalışanlardan da ali məktəbdə təhsil alanlar var”.

Layihəyə verilən dəstək
Layihə bir sıra qurumların dəstəyi ilə həyata keçirilir. Əsas 5 tərəfdaşları var: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Trendyol” “Pasha Holding”. ‘’Trendyol 2 ildir ki, kafedə fəaliyyət göstərən 10 əlilliyi olan kafe əməkdaşının maaşlarını ödəyir.
Məkan “PAŞA Holding” tərəfindən təmin olunub. Biz onların vasitəsilə cəmiyyətə çox böyük bir mesaj çatdırdıq. Neyromüxtəlifliyi olan insanlara çox kiçik bir məkanda belə olsa iş imkanı təqdim etdiyiniz, onların yanlarında həqiqətən doğru insanlar doğru yol göstərdiyi müddətcə, onların bacarmayacağı heç nə yoxdur. Biz bu kafedə bunu canlı şəkildə görürük”, - Aytən Eynalova qeyd etdi.
Kafedə çalışan gənclər müxtəlif vəzifələri icra edirlər. Burada neyromüxtəlifliyi olan 10 əməkdaşın bir neçəsi bar arxasında barista köməkçisi işini icra edir, bəziləri isə qonaqları qarşılayır, onlara xidmət edir, qonaqlar getdikdən sonra isə təmizlik işlərini həyata keçirirlər. Kafedə 2 aşpaz köməkçisi var: Orxan və Həmzə.

Dəstək gücdür
“Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova layihə haqqında danışarkən bildirdi ki, şirkət sosial təsir proqramı vasitəsilə insanların həyatına müsbət təsir göstərməyə çalışır:
“İnsanların həyatına müsbət təsir gəstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol’’un sosial təsir hədəflərinə daxildir. Azərbaycanda fəaliyyət göstərdiyimiz gündən bəri müxtəlif sahələrdə, korporativ və sosial məsuliyyət, eləcə də dayanıqlılıq strategiyamıza uyğun layihələr icra etmişik. Bu layihələrin bir çoxunu da Azərbaycandakı strateji partnyorumuz “PAŞA Holding” ilə birlikdə həyata keçirmişik. Onlardan biri də “Kashalata” kafesinə olan dəstəkdir. Biz iki ildir ki, “PAŞA Holding” ilə birlikdə kafenin fəaliyyətinə dəstək oluruq”.
“PAŞA Holding”in Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova vurğuladı ki, icra olunan layihələr yalnız yardım xarakterli olmamalı, gələcəkdə öz-özünü davam etdirə bilən və dayanıqlı olmalıdır. “Kashalata” da məhz belə bir layihədir:
“Bu dövr ərzində neyromüxtəlifliyi olan gənclərə müxtəlif istiqamətlərdə dəstək göstərməyə çalışmışıq - konfransların təşkili, “Kashalata” kafenin yaradılması və s. “PAŞA Holding”in əsas məqsədi cəmiyyətə töhfə vermək və bunun real nəticələrini görməkdir. Burada çalışaraq gənclər həm bacarıqlarını nümayiş etdirir, həm iqtisadi fəallıq və müstəqillik əldə edirlər. İstəyirik ki, bu tip layihələr ölkəmizdə artaraq inklüzivliyi təşviq etsin və gənclərin cəmiyyətə inteqrasiyası daha rahat olsun”.

Adaptasiya prosesi
Söhbətimiz davam etdikcə kafedə çalışan gənclər öz dəstəkçi mentorları ilə birgə bizə yaxınlaşırlar. Onların hər biri bu gənclərin cəmiyyətə qazandırılmasında bir körpü rolunu oynayır:
Dəniz Əzizova “Kashalata”da gənclərin adaptasiyasına, iş mühitinə uyğunlaşmasına kömək edir.
Nuridə Qasımova SOCAR-da fəaliyyət göstərir. Buradakı iş istiqaməti isə autizmli gənclərin mühitə uyğunlaşmasına kömək etməkdir. Gənclərin işlə təmin olunmasında da onun rolu var.
Aytac İsmayılova isə həm “Birgə və Sağlam” İB-də çalışır, həm də kafedə uşaqların adaptasiyasına dəstək olur. Gənclərin işlə təmin olunmasına və burada uyğunlaşmağa kömək edir. İki gənc onun sayəsində işlə təmin olunub, digərləri üçün də iş axtarışları davam edir.

Daha sonra burada çalışan gənclər öz fəaliyyətlərindən danışırlar. Onların hər birinin simasında işlərinə olan sevgi və məsuliyyət hiss olunur:
Əziz bar arxasında kömək edir, kafenin təmizliyini izləyir.
Elmar isə təmizlik edir, qonaqları qarşılayır, burada işləməkdən məmnun olduğunu deyir.
Kənan masaları silir, çay hazırlayır, qonaq qarşılayır. Həmçinin pianoda ifa edir və bundan zövq alır. Əminəm ki, onun ifası qonaqların da qonaqların da xoşuna gəlir.
Hüseyn də masaları silir, qonaqlara xidmət göstərir.
Əlisahib həm də tələbədir. Kafedəki işi ilə yanaşı dərslərinə də vaxt ayırır: “Mədəniyyət və İncəsənət Universitetində təhsil alıram, həm də paralel olaraq “Kashalata”da işləyirəm. Qonaqlara içki hazırlayıram, həmçinin pianoda da ifa edirəm”.
Nazim isə tortların hazırlanmasında iştirak edir və baristalara kömək edir. Yumor hissi ilə seçilən Nazim deyir: “Hər ikinci fasilədə özümə qəhvə süzüb içirəm...”.

İlyasın çay sevgisi
Aytən xanım burada çalışan gənclərin səmimiyyətini göstərən maraqlı bir məqamı bizimlə bölüşür:
“İlyas çayı çox sevir. Fasilə zamanı hər kəs sevdiyi içkini içib dincəlir. Bir dəfə Ombudsman Səbinə xanım Əliyeva kafemizi ziyarətə gəlmişdi. Hamı qəhvə içirdi. Səbinə xanım İlyasdan soruşdu ki, “bəs sən niyə qəhvə içmirsən?” O da çox səmimi şəkildə dedi ki, “mənə burada qəhvə vermirlər”. Əslində isə demək istəyirdi ki, özü çayı seçib. Səbinə xanım da zarafatla dedi: “Nə? Onun hüquqları pozulur?” Beləliklə, hamının üzünü güldürən maraqlı bir vəziyyət yarandı”.
İlyas öz işi haqqında inamla danışır: “Barista vəzifəsini icra edirəm. Espresso, amerikano və kapuçino hazırlayıram. Ən çox isə kapuçino hazırlamağı sevirəm”.

Kafenin iki bacarıqlı gənci ilə söhbətimizi bir az daha dərinləşdiririk:
Hüseyn Hüseynzadə, 21 yaşı var. Deyir ki, kafe yaranandan bəri burada çalışıram:
“Ofisiant işini öhdəmə götürmüşəm. Müştərilər razı qalır, deyirlər ki, çox xoşdur. Hiss edirəm ki, yeni təcrübələr qazanmışam. İşim maraqlıdır, masaları toplayıram, təmizləyirəm, qonaqları qarşılayıram. Buradakı iş yoldaşlarımla da münasibətimiz çox yaxşıdır”.
“Özümü burada xoşbəxt hiss edirəm”
Bu gün doğum gününü qeyd edən 20 yaşlı Əziz Qəmbərovun hekayəsi və gələcək hədəfləri heyranlıq doğurur:
“İki ilə yaxındır buradayam. Əvvəl “Birgə və Sağlam” İB-nin könüllüsü idim, gördülər ki, bacarıqlıyam, məni burada işlə təmin etdilər. Diqqətli, gülərüz və mehribanam. Bu məqamlar xidmət sahəsində çox vacibdir. Müştərilər də bu keyfiyyətlərimə görə məndən həmişə razı olurlar. Özümü burada xoşbəxt hiss edirəm, müsbət aurası var. Arzularım çoxdur, istəyirəm ki, həyatımda hər şey ideal olsun, çoxlu ölkələr gəzim, həm də qəşəng maşınım olsun. Gürcüstanda və Türkiyədə olmuşam, Türkiyənin dini arxitekturasını çox sevmişdim. Yaponiyanı, Taylandı da görmək istəyərdim. Burada aldığım maaş məni qane edir”.
Əziz kafeyə gələn xarici qonaqlarla rus və ingilis dillərində ünsiyyət qurur. Dili necə öyrəndiyini soruşduqda isə məlum olur ki, o, Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi üzrə 3-cü kurs tələbəsidir. Məzun olduqdan sonra isə universitetdə çalışmaq istəyir:
“Səhər dərsə gedirəm, günorta kafeyə gəlirəm. Əvvəllər yorulurdum, amma sonra anladım ki, bu müvəqqətidir, zamanla öyrəşdim. Boş vaxtımda həyatı analiz edirəm, şəkil çəkirəm və ya gəzməyə gedirəm”.

Melodiya ilə bitən gün
Daha sonra gənclərlə birlikdə barın arxasına keçirik. Birlikdə qəhvə hazırlayırıq.
Bu xoş əsnada Əlisahib və Kənan növbə ilə pianoda ifa edirlər. Kafedə ab-hava bir anda dəyişir. Hər kəs onları dinləyir. Onların barmaqlarından süzülüb tökülən notlar bizə sanki uca səslə bir şeyi pıçıldayır: Məhəbbət və dəstək olan yerdə, həqiqətən də, heç bir maneə keçilməz deyil.
Ümidin və imkanların qapısının hər gün yenidən açıldığı bu məkandan xoş təəssüratla ayrıldıq. Həm də çay içərək...
Akqabay Mıradov
-
Nida Xəbər 11:12Bu şəxslər ömürlük pensiya ALACAQ - Ali Məhkəmə qərar verdi
-
Dünya10:12İran müharibəsi bu ölkənin əhalisini sevindirdi: 4 günlük iş həftəsinə keçdilər
-
Sosial09:48Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
-
Region09:24İsraildən Müctəba Xamenei açıqlaması: Mütləq ovlayacağıq
-
Region09:00İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı
-
Magazin106:16Almaxanımın mahnısı trendə düşdü
-
Hadisə06:00Binəqədidə güclü yanğın tam söndürüldü - VİDEO/YENİLƏNDİ





































