Xüsusi
Okeanın o tayındakı “Azərbaycan”: 20 ildir uşaqlar orada ana dilimizdə danışırlar - Fotolar
Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı uşaqlara ana dilimiz tədris olunur. Toronto Təhsil Mərkəzinin Xarici Dillər Bölməsində yer alan dillər sırasında Azərbaycan dilinin (Azerbaijani Classes in Toronto) tədris olunması təbii ki, qürurvericidir. Hazırda Torontoda yaşayan həmvətənlərimiz üçün bu məktəb doğma ocaq kimidir.
Ana dili məktəbi 2006-cı ilin sentyabrında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə yaradılıb.
Azərbaycan dili siniflərinin rəhbəri və baş müəllimi Yeganə Cəfərova gələn il 20 yaşı qeyd ediləcək məktəbin fəaliyyəti uğrunda daim təşəbbüslər göstərir.
Azərbaycan dili siniflərinə övladlarını qeydiyyatdan keçirən valideynlər: “Biz Azərbaycandan uzaqda olsaq da burada kiçik Azərbaycan yaşadırıq”- deyə sevinclərini bölüşürlər.

Dilimizi unutmağa qoymayan məktəb
Məktəbdə oxuyan uşaqların əksəriyyəti Kanadada doğulub. Onlar Azərbaycanın dilini, atributlarını, tarixini və adət-ənənələrini bu məktəbdə öyrənirlər.
Valideyn Dürdanə Hüseynova 5 yaşlı övladını Ana dili məktəbinə yazdırıb: “Sevinirəm ki, övladım burada rəqslərimizi öyrənir, uşaqlarla münasibət qurur. Ən əsası Ana dilimizi unutmur”- deyir.
Azərbaycan Qadın Cəmiyyətinin üzvü Könül Baloğlanovanın qızı 8-ci sinifdə oxuyur. “Biz Ana dili məktəbinə dəstək göstəririk. Uşaqlar burada Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənirlər. Bu dəyərlər bizim üçün çox əzizdir”, - K.Baloğlanova söyləyir.
Lalə Həmzəyeva məktəbdə yeni valideyndir. Övladının 4 yaşı var: “Artıq Azərbaycanın gerbini, bayrağını tanıyırlar. Bu məktəbdə uşaqlarımız milli ruhda böyüyürlər”.

Dinara Mahmudovanın isə 3 övladı ana dili sinfində oxuyur: “Bu məktəbə gələnə qədər heç biri Azərbaycan dilində bilmirdi. Evdə artıq ana dilimizdə danışırlar, şeir deyə bilirlər. Burada milli dəyərlərimizi, mədəniyyətimizi öyrənirlər, səhnəciklər qururlar. Həmçinin məktəbdə bayramları, tarixi günləri birlikdə qeyd edirik”.
Lalə Manafovanın 4 yaşlı əkiz qızları da məktəbə həvəslə gəlir: “Ailə olaraq Kanadaya köçmüşük. Məktəbin yerləşdiyi ərazidən bir az uzaqda yaşayırıq. Həmin ərazidə belə məktəb yoxdur. Ona görə uşaqları bu sinfə gətirirəm. Rəqsə, milli mahnılarımıza maraqları var. Buna görə məktəbin müəllimlərinə təşəkkür edirəm!”
Zemfira Ağabəyova artıq 6 aydır ki, məktəblə əməkdaşlıq edir. “Bu məktəb dilimizi unutmağa qoymur”- deyə o, sevincini bölüşür: “Tarixi günlərdə, milli bayramlarda burada müxtəlif tədbirlər keçirilir. Övladlarımız öz aralarında Azərbaycan dilində danışır, milli ruhda böyüyürlər. Bu məktəbdə ancaq Azərbaycan dili eşidilir. Özünü vətəndəki kimi hiss edirsən”.

İndi bilirlər ki, Azərbaycan haradadır
Gülnar Nəsirova 2020-ci ildən Ana dili məktəbində müəllim işləyir: “Uşaqların əksəriyyəti burada doğulub-böyüyüblər. Əvvəl ölkəmizi tanımırdılar. Bu məktəbə gələndən bəri artıq Azərbaycanın harada yerləşdiyini bilirlər. Uşaqlara dilimizi sevdirməkdən qürur duyuruq. Məqsədimiz burada yaşayan, dilimizi bilməyən uşaqlara ana dilimizi sevdirmək, onları milli ruhda böyütməkdir. Bizim zəngin ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz var. Onları yaşatmalıyıq. Çalışırıq ki, uşaqlar dilimizi unutmasınlar, ənənələrimizi, mədəniyyətimizi sevsinlər”.
Məktəbdə çalışan Mikayıl Bəylər, Qəmər Peyğəmbəri və Ramin Şadrup kimi müəllimlər də uşaqlara rəqslərimizi, musiqimizi və incəsənətimizi öyrətmək üçün böyük həvəslə çalışır və bu işdən zövq alırlar.
3-cü sinfimizi açmağa çalışırıq
Ana dili məktəbinin rəhbəri Yeganə Cəfərova 2006-cı ildə bu məktəbi yaratdıqlarını deyir: “Hər şənbə günü dərsimiz keçirilir. Artıq 50-ə yaxın şagirdimiz var. Bir sinfin açılması üçün 25 şagird olmalıdır. Hazırda iki sinfimiz fəaliyyət göstərir. Müraciətlər çox olduğundan üçüncü sinfimizi açmağa çalışırıq. Məktəbə qəbul üçün uşaqlar hər il qeydiyyatdan keçməlidir. Çünki dərslər Toronto Şəhər Təhsil Mərkəzinin məktəblərində keçirilir. Azərbaycan dili rəsmi olaraq xarici dillər bölməsində tədris olunur. Bunun üçün uşaq məktəbə hazırlığa getməli, daha sonra ana dili sinfinə yazılmalıdır. Məktəbimizdə 1-8-ci sinif şagirdləri oxuyur. Hazırda iki – kiçik və böyük məktəbəqədər sinifləri mövcuddur. 3-cü sinfə qədər Gülnar müəllimənin, 3-dən 8-ci sinfə qədər mənim sinfimdə təhsil alırlar. Uşaqlara “Azərbaycan dili” tədris olunur. Bununla yanaşı mədəniyyətimizi, tariximizi, təbiəti öyrədirik”.

Y.Cəfərova bildirir ki, böyük yaşlı şagirdlər Azərbaycan və Qarabağ haqqında layihələr icra edir, oxuduqları məktəblərdə həmin layihələri nümayiş etdirir və bayramlarımızı tərənnüm edirlər: “Dil səviyyələrinə görə şagirdləri bölürük. Elə uşaq var ki, 8-ci sinifdə oxuyur, amma dili bilmir. Onun üçün sıfırdan başlamalısan”.
Mənəvi bağ
Y.Cəfərovanın sözlərinə görə, valideynlər də məktəbə çox bağlıdır: “Yayda dərsimiz olmayanda da yığışırıq. Valideynlər də bir-birləri ilə ünsiyyət qururlar. Uşaq ana dilində danışmırsa, mənsub olduğu mühitdə böyümürsə, bu, kiçik balığın okeanda böyük balıqların yemi olması kimidir. Sonra uşaq başqa səmtlərə yönəlir, öz soykökündən kənarda qalır. Uşaq Azərbaycana getmək istəmir, “mən o dili, mədəniyyəti bilmirəm” deyir. Bunun üçün uşaqlarla və valideynlərlə bir yerdə olanda bir-birimizlə mənəvi bağ qururuq”.
Y.Cəfərova deyir ki, məktəbdəki dərsdən sonra icmaya gəlir, burada tamaşalar qoyur, müxtəlif fəaliyyətlər həyata keçirirlər: “Uşaqlara milli rəqslər öyrədilir, gitara dərsləri keçirilir. Keçən il Məhəmməd Füzulinin “Meyvələrin söhbəti”ni səhnələşdirdik. Bu işdə Mikayıl müəllim çox kömək edir. Başqa ölkələr də bizi dəvət edir. Keçən yay Makedoniyaya dəvət almışdıq. Türk uşaq festivallarında iştirak edirik. Hər il festivalda Azərbaycan çadırı qurur, ölkəmizin mədəniyyətini, tarixini nümayiş etdiririk. Biz uşaqlara “Siz bizim davamçılarımız olacaqsınız”- deyəndə sevinirlər. Hətta 8-ci sinfi bitirəndən sonra yenidən məktəbə gəlmək istəyirlər. Onlardan biri könüllü kimi məktəbə qayıdıb”.

15 sinif də aça bilərik
Y.Cəfərova məlumat verir ki, məktəbin vebsaytının xarici dillər bölməsində “Azərbaycan dili” əlavə olunub: “Pandemiya dövründə Azərbaycan əlifbasını məktəbə daxil elətdirdik. Əgər Xocalı soyqırımı günü şənbə gününə təsadüf edərsə, uşaqlar da, müəllimlər də məktəbə gəlməyəcək. Müəllimlər isə o gün üçün əmək haqlarını alacaqlar”.
Məktəbin rəhbəri dilimizlə bağlı müəyyən maneələrlə qarşılaşdıqlarını da bildirir: “Bizim yay dərslərimiz olur. Yayda ana dilinin siyahıda olmadığını gördüm. Valideynlər qeydiyyatdan keçmək üçün axtaranda tapmırdılar. Dərhal müraciət elədik. “Səhv olub” dedilər. Biz daim dilimizin tədrisi uğrunda mübarizə aparırıq”.

Yeganə xanım dərsliklərlə bağlı məktəbdə mövcud olan problemlərə də toxundu: “Azərbaycan dili ilə bağlı dərslikləri Azərbaycandan gətirirəm. Kitabxanalara da mən vermişəm. Amma burada uşaqlara dərs ləvazimatları verilir. Dəfələrlə Bakıda təhsil mərkəzinə, Diasporla İş üzrə Dövlət Komitəsinə də müraciət etmişik. “Bu sinfi biz açmamışıq” deyirlər. Amma Kanada dövləti bizim dilimizə hörmət edərək onu rəsmi olaraq tədris edir. Heç olmasa dərsliklərlə bağlı köməklik olunsa, yaxşı olar”.
Y.Cəfərova bildirir ki, gələn il məktəbin 20 illik yubileyi qeyd olunacaq: “Artıq bu məktəbin şagirdləri universitetlərdə təhsil alırlar. Məqsədimiz odur ki, dilimizi, adət-ənənələrimizi yaşatsınlar. Uşaqlarımız öz millətimizdən özlərinə dost seçsinlər, xoşagəlməz çevrəyə düşməsinlər. Artıq onlarda vətənpərvərlik hissi oyanıb. Valideyndən də çox şey asılıdır. Əgər valideyn vətənini sevərsə, uşaq da sevəcək. Artıq 3-cü sinfimizi açmaq üzərində çalışırıq. Mən həmişə deyirəm ki, lap 15 sinif də aça bilərik, təki valideynlər istəsin”.
Təranə Məhərrəmova
Toronto, Kanada
Xüsusi olaraq Publika.az üçün
-
İdman11:00Ulduz futbolçu təsdiqlədi: Özündən 7 yaş böyük xanım reperlə eşq yaşayır - FOTOLAR
-
Sosial10:03Bakı metrosunda daha bir PROBLEM - Sərnişinlər təcili düşürüldü
-
Ekopublika.az09:36Şuşanın “İskəndər”lə vurulduğunu gözlərimlə gördüm - Kerobyandan etiraf
-
Region08:48Türkiyə səhər saatlarında silkələndi
-
Magazin108:24"Kasıb yaşayacağamsa, nə edirəm sevgini?"
-
Cənubi Qafqaz08:12Fransa prezidenti Ermənistana gəlir
-
Avropa08:00Makron Meloniyə qəzəbləndi - “Şərh bildirməyi dayandır”
-
İdman06:46Modriçin “Milan”dakı taleyi necə olacaq?






































