Bir üsulla övladının həyatını dəyişən ana: Bu yolla çox uşağı xilas etmək olar - FOTOLAR
Bizi izləyin

Xüsusi

Bir üsulla övladının həyatını dəyişən ana: Bu yolla çox uşağı xilas etmək olar - FOTOLAR

Müsahibim autizm koçu, defektoloq Günay İsmayılovadır. O, hazırda Belçika Krallığında Elmi-Tədqiqat İnstitutunda işləyir. Belçikada kiçik bizneslə məşğul olan İsmayılovanın həm həyatı, həm də karyerası 8 il əvvəl qızının autizmli olması xəbərini aldıqdan sonra dəyişir. Onun mübarizəsi bundan sonra başlayır.

Bakıda linqvistika üzrə magistraturanı bitirən Günay İsmayılova, daha sonra Belçika Krallığında Ortamolekulyar qidalanma üzrə təhsil alıb. Ardınca autizmli və digər nitq problemli, inkişaf gecikməsi olan uşaqlara yardım etmək üçün erqoterapiya, ən sonda Kvant sahəsinə yönəlib.

- Günay xanım, necə oldu ki, bu metoddan istifadə etməyə başladınız? Tomatis metodunu hansı səciyyəvi xüsusiyyətlər fərqləndirir?

- Gördüm ki, dərmanlar insanlara hər zaman yardım etmir. Bəzən alternativ metodlara da ehtiyac var. Hazırda tətbiqi davranış analizi öyrənirəm. Buna ABA terapiya (Applied Behavior Analysis) da deyirlər. 10 yaşlı autizmli övladım var. Artıq 1 yaş yarımında qızımda problemlərin olduğunu hiss edirdim. Həkimlər düzələcəyini deyib zaman itirməyimə səbəb oldular. İki yaşında gördük ki, hələ də danışmır. Bağırsaqlarında problem olduğuna görə qulaqları cəmi 30 faiz eşidirdi. Xroniki qulaq iltihabı vardı, əməliyyat olundu və ümid verildi ki, ondan sonra danışacaq. Təəssüf ki, danışmadı, narkozdan sonra vəziyyəti daha da pisləşdi və epilepsiya üzə çıxdı. Belçika Krallığında əgər bir uşaqda inkişaf pozuntusu varsa, ona etiket (diaqnoz) yapışdırırlar. Məsələn, uşaq ağır dərəcəli autizmdirsə, ümidi üzürlər, ona “investisiya” etmirlər. Hətta o vaxt bir professor mənə dedi ki, “uşağı internata qoyun, zamanınızı itirməyin, bu uşaq heç vaxt danışmayacaq”. Çox ağır dərəcə autizmlidir. Bu, genetik testlərdə də təsdiqləndi. Mənim autizmlə mübarizəm məhz bundan sonra başladı. Araşdırmadığım tədqiqat, oxumadığım kitab, keçmədiyim təlim qalmadı.

- Tomatis metodu ilə tanışlığınız necə oldu? Bu metodun autizmli uşaqlar üçün hansı əhəmiyyəti var?

- Qızım 3 yaşına çatdıqda - 2017-ci ildə Tomatis metodunu ixtira edən otolarinqoloq-həkim Alfred Tomatisin tələbəsi olan Jozef Velfrod ilə tanış olduq. Onun öz Elmi-Araşdırma İnstitutu var. O, bizə ümid verdi. Velfrodun da övladı 5 yaşına qədər danışmayıb. O, Alfred Tomatisin bu metodunu tətbiq edərək, övladında nitq qabiliyyətini formalaşdırıb.

Həmin vaxt Tomatis terapiya ilə bağlı ilk kursu keçdik. İki həftənin tamamında qızım 10-a qədər saymağa başladı. Amma mən Tomatislə yanaşı, başqa şeylər də edirdim. Ona görə də valideynlərə məsləhətim odur ki, bir metodu etdikdə nəticəni gözləsinlər, ardınca digərinə başlasınlar. Çünki həmin vaxt övladımın Tomatis terapiyaya görə, yoxsa pəhriz sayəsində danışmağa başladığını dəqiq bilmədim. İlk kurs 12 gün çəkir. Ananın səsi qeydə alınıb xüsusi tezliyə gətirilir (6000 Hz) və uşaq sanki ana bətnindəymiş kimi səsləri eşidir. Bununla da beyində neyron əlaqələr yaranır. İki ay sonra kurs təkrarlanır. Növbəti kurslar isə 5 gün davam edir.

- Bu metod hansı formada tətbiq olunur? Həmin cihazdan uşaqlara nə dinlədilir?

- Tomotis terapiya beyni aktiv edən “Elektron qulaq” cihazı vasitəsilə aparılır. A.Tomatisin nəzəriyyəsinə əsasən uşaqda inkişaf pozuntusu ana bətnində baş verir. Buna virus və ya ananın keçirdiyi stresslər səbəb ola bilər, nəticədə uşağın beynində düzgün neyron bağlantılar yarana bilmir. Dölün ana qarnında ilk inkişaf edən orqanı qulaqdır. Ananın səsini və duyğularını lazımı şəkildə almayan uşaq düzgün inkişaf etmir. Nəzəriyyə bundan ibarətdir. Məhz buna görə də qulaqlarda əlavə olaraq əmgək hissəni stimulyasiya edən vibratorlar olur.

Tomatis terapiyada uşağa ana səsi və inkişaf problemindən asılı olaraq Motsartın fərqli əsərləri xüsusi tezliklərə gətirilərək filtrə olunmuş formada dinlədilir. Buna “toyuq effekti” deyilir. Yəni uşaq bir qulağından səsi aldıqda, digərindən almır, musiqi növbələşdirilir və beynin hər iki yarımkürəsi stimulyasiya olunur. Bu metod yeni dilləri öyrənmək üçün də idealdır. Cihaz neyron əlaqələrin beyində yaranmasını tezləşdirir.

- Uşaq qulaqlıqdan dinləməyə razı olur? Rahat adaptasiya ola bilirmi?

- Bu, bizim çətinlik çəkdiyimiz məsələdir. İlk günlər bəzən çətin olur. Animasiya hazırlamışıq, onu əvvəlcədən valideynlərə göndəririk. Məsləhət görürük ki, evdə adi qulaqlıqlar taxmağa başlasınlar. Terapiya zamanı isə xüsusi qulaqlıqdan istifadə olunur. Bütün qulaq qapağını örtməlidir. Sağ qulağı stimulyasiya etdikdə sol beyin yarımkürəsi aktivləşir, sol qulaq stimulyasiya edildikdə isə əksinə olur. Ola bilər ki, uşaqlar ilk gün narahat olub imtina etsinlər, amma sonra özləri də hiss edirlər ki, bu, onlara yardım edir, sakitləşdirir. Hətta özləri qulaqlığı tələb edirlər. Qulaqlarına rahat şəkildə taxırlar, oyun oynayırlar, onlar üçün mərkəzdə hər bir şərait var. İlk iki gün beyin yüksək frekanslara hazırlanır. Terapiyanın üçüncü günü ana səsi dinlədilməyə başladığı an, uşaqda dəyişiklik baş verir. Valideynlər özü bunu hiss edirlər.

- Nə qədər müddət sonra effekt göstərməyə başlayır?

- Uşağın diaqnozundan asılı olmayaraq ilk 12 günlük kursdan 3 həftə sonra mütləq nəticə olur.

- Bu metodun ziyanı varmı?

- Sadəcə ağır epilepsiya xəstələrinə ziyan ola bilər. Stimulyasiya etdiyi üçün beyin həddindən artıq aktiv olduğu zaman qıcolmalar arta bilər. Autizmli uşağın epilepsiyası da varsa və gündə 10 dəfə sudurqa keçirirsə, o zaman məsləhət görülmür.

- Paralel olaraq bu müddətdə nələrə diqqət edilməlidir? Qidalanma ilə bağlı hansı tövsiyəniz var?

- Bununla bağlı “Autizmin müasir korreksiya metodları” adı kurs hazırlayıram. Valideynlər məndən soruşurlar ki, “autizmli uşaqla səyahətə çıxırsınız, çətin olmurmu?”. Məhz buna görə ortomolekulyar qidalanmanı oxumuşam. Demək olar ki, bütün autizmli uşaqlarda bağırsaqla bağlı problem olur. Bağırsaq da ikinci beyindir. Bütün serotonin, oksitosin, dopamin və neyrotransmittorların 80 faizi bağırsaqda ifraz olunur. Bağırsaq da düzgün işləmədiyi zaman dəlikli (keçirgən) bağırsaq sindromu yaranır və uşağın qəbul etdiyi hər şey onun qan dövranına keçir. Uşağın başı ağrıyırsa, onu təlimə çağıra bilmərik. Ona görə də pəhriz vacibdir. “Xüsusi pəhriz” (ət və tərəvəzdən ibarət, emal edilmiş qidalar olmadan) məsləhət görülür. İlkin mərhələdə taxıllar olmaz, pəhriz yoxlanmalı və əsasən qlütensiz qidalar olmalıdır. Çünki bu proteinləri həzm etmək autizmli uşaq üçün ağır olur. Bəzi ət çeşidləri də məsləhət görülmür. Məsələn, təcrübəmə əsasən deyə bilərəm ki, mal əti yaxşı təsir etmir. Bağırsaq düzgün fəaliyyət göstərdiyi zaman uşaqlarda fiziki ağrılar varsa, azalır və inkişafında irəliləyişlər olur. Buna görə də pəhriz çox önəmlidir.

- Başqa hansı metodlar etmək olar?

- Refleksoloji masaj. Barmaqların uclarında neyron bağlantılar var, beyinlə çox əlaqəlidir. Niyə uşaqlara kiçik qayçı, plastilin verilir? Çünki bu, beyni inkişaf etdirir, rahatladır, parasimpatik sinir sistemini işə salır.

- Autizmli uşağın müalicəsində valideynlərin də üzərinə böyük iş düşür. Siz də bu yollardan keçmisiniz. Valideyn nə etməlidir?

- Ən birinci və önəmlisi valideyn qəbul etməlidir ki, onun belə özəl qayğıya ehtiyacı olan övladı var. Bunu bəzi insanlar bəla, ya da cəza olaraq görür. Xeyr! Əslində seçilmiş anasan ki, sənə belə övladı böyütmək şərəfi verilib. Qəbullanmadıqda isə dəyərli zamanı boşuna itirirsiniz.

Tomas Edison - elektrik lampasını ixtira edən dahi şəxs - uşaq vaxtı anasına bir məktub verir. Deyir ki, “bu məktubu məktəbdən veriblər, anan oxusun, başqa heç kimə vermə”. Ana göz yaşları içərisində məktubu oxumağa başlayır. Deyir, məktəbdən yazıblar ki, sizin oğlunuz dahidir, bizim məktəbdə sizin oğlunuza, təlim, tərbiyə, təhsil verəcək müəllim yoxdur. Ona görə də məsləhət görürük ki, oğlunuzu məktəbdən çıxarıb, özünüz evdə təhsil verəsiniz. Artıq 24 yaşında Edison ixtiraçı, mühəndis, minlərlə patentə sahib dahi şəxsiyyət olur. Anası dünyasını dəyişdikdən sonra həmin məktubu tapıb oxuyur. Orada belə yazılmışdı: “Sizin oğlunuz zəkasızdır, bizim məktəbdə oğlunuza təhsil verəcək müəllim yoxdur. Ona görə də məsləhət görürük ki, onu məktəbdən çıxarıb, özünüz evdə təhsil verəsiniz”.

- Buradan hansı dərsi çıxara bilərik?

- İnsan həqiqətən də nəyə inanarsa, özünü nəyə proqramlayarsa, onu da əldə edər. Tomas Edison gündəliyində bu sözləri yazır: “Tomas Edison zəka geriliyi olan uşaq idi, qəhrəman anası onu dahiyə çevirdi”. Bunu öz həyatımda yaşamışam. Keçən ilin aprelində qızımı məktəbdən çıxarıb dedilər ki, “davranış problemləri var, ola bilər ki, ağıllıdır, IQ-sü yüksəkdir, amma emosional intellekti zəifdir və biz onunla bacarmırıq”. Qızım bir il ev təhsilində oldu. Belçika Krallığında buradakı kimi inklüziv məktəb yoxdur. Azərbaycanda autizmli uşaqlar normatipik, neyrotipik uşaqlarla eyni məktəbə oxuya bilirlər. Hər kəsdə güzgü neyronları var, uşaqlar bir-birindən öyrənir. İstər-istəməz neyronlar aktivləşir, amma 8 autizmli uşağı bir sinfə yığdıqları zaman, bir-birinə baxıb digər davranış problemlərini təkrarlayırlar.

- Bəs bir il ev təhsilində qızınıza hansı metodları sınaqdan keçirdiniz?

- Belçikada autizmli uşaqların sayı gündən-günə artır. Dövlət həqiqətən də bunun qarşısını ala bilmir. Məhz bu an xatırladım ki, o vaxt Tomatis terapiya bizə kömək etmişdi, yenidən bu metodu yoxladıq. İyunda yenidən ana səsinə 12 günlük başladıq. Bu kursdan sonra qızımın həm davranış problemləri düzəldi, həm də birdən-birə 10 yaşında ilk dəfə yazmağa, oxumağa başladı. Toplama-çıxmanı, vurma cədvəlini artıq bilir. Cihazı alıb evə qoydum ki, hər gün terapiya ala bilsin. Gündüzlər Motsart, gecələr ana səsi dinləyir. Nəticə olaraq düz bir ildən sonra qızımı məktəbə geri çağırdılar. Sinif yoldaşları isə hələ də üzdən oxumağı öyrənə bilməyiblər.

Valideynlər heç bir şəkildə ümidlərini itirməsinlər. Mən karyeram üçün uşağımı internata qoymadım. Peşman da deyiləm. Azərbaycana gəldim, hamı deyir ki, sənin uşağında heç nə yoxdur. Çünki ağır autizmdən yüngül formasına keçib. Düzdür, ola bilər autizmli olaraq qalacaq, lakin önəmli olan odur ki, gələcəkdə özünü idarə edə bilsin. Valideynlər, ümidinizi itirməyin, siz güclüsünüz. Edisonun anası kimi biz də bunu bacara bilərik!

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm