Xüsusi
Azərbaycan musiqisi ilə əcnəbiləri ağladan ukraynalı xanım: "Yaponlara deyirəm ki..." - FOTO/VİDEO

O, Azərbaycan musiqisinin sehrini dünyanın o başına - Yaponiyaya qədər aparıb. Deyir ki, həyat yolumu tarın səsi, muğamın ovsunlayıcı gücü dəyişib. Söhbət Ukrayna əsilli, amma qəlbi Azərbaycanla döyünən tarzən Polina Desyatniçenkodan gedir. Belqradda doğulub, uşaq yaşlarında Kanadaya köçüb, bu gün isə Yaponiyanın nüfuzlu Vaseda Universitetində etnomusiqişünaslıq dərsləri keçir.
Əslində, onu dinləyəndə əcnəbi olduğunu düşünmək çətindir. Azərbaycan dilinə elə dərindən bələddir ki, danışığıyla, duyğularıyla, yanaşmasıyla sanki buranın öz insanıdır.
Tokioda yaşasa da, görüşümüz Bakıda - Mədəniyyət və İncəsənət Universitetində baş tutdu. Polina xanımı ustadı, Azərbaycanın görkəmli tarzəni, Xalq artisti Vamiq Məmmədəliyev müşayiət edirdi.
Tarzən Polina Desyatniçenko və Xalq artisti Vamiq Məmmədəliyevin Publika.az-a müsahibəsini təqdim edirik:
– Vamiq müəllim, sizi burada görmək çox xoş oldu.
– Polina xanım Bakıda olanda həmişə yanıma gəlir. Burada öyrənir, bilmədiyi nə varsa məndən soruşur. Artıq ailəmizin bir üzvü kimi olub.
– Polina xanım, istərdim Azərbaycan musiqisi ilə ilk tanışlığınızdan danışasınız. Sizi nə cəlb etdi?
– Mən uzun illər Kanadada yaşamışam. Təxminən 10 il əvvəl orada “İpək yolu” kamera orkestrinin konserti oldu. Orkestrin rəhbəri İsmayıl Hacıyev idi. Mən pianoda müşayiət edirdim. İlk dəfə orada muğama, tara qulaq asdım və valeh oldum. Tarda diqqətimi çəkən xüsusi bir sehr var idi. Çox sevdim və qərara gəldim ki, muğam və tar haqqında dissertasiya yazım. Beləliklə, etnomusiqişünaslıq üzrə doktoranturanı bitirdim. Amma tədqiqatlarımı hələ də davam etdirirəm.
– Azərbaycana ilk gəlişinizi necə xatırlayırsınız?
– 10 il keçib. Yadıma gəlir, birinci gün Bakıya gəldim, artıq ikinci gün tar almışdım. Burada heç kimi tanımırdım. Tar alıb, məşq etməyə başladım. Daha sonra Aslan Məhərrəmov və Ramiz Quliyevdən dərs almışam. Onları bura gələndən sonra araşdırıb tapdım. Gecə-gündüz çalışdım. Əlimdə və biləyimdə qabarlar əmələ gəlmişdi. Çətin idi, amma öyrənirdim.
– Alışmaq çətin oldu?
– Xeyr. Azərbaycan xalqı çox mehribandır, yardımsevərdir. Özümü əcnəbi kimi hiss etmirdim.
– Sizi dinləyəndə mən də əcnəbi olduğunuzu unuduram.
– Çox sağ olun. Elə deyirlər (gülür). Şanslıyam ki, Vamiq müəllimlə tanış olmuşam. Onunla dərslərimiz fəlsəfə kimidir, görüşəndə 3-4 saat danışırıq, müzakirə edirik. Hər dəfə yeni bir şey öyrənirəm. Muğam sanki bir dəryadır.
– Vamiq müəllim, Polina xanımla yollarınız necə kəsişdi? Sizcə, ifasında və xarakterində onu başqalarından fərqləndirən hansı xüsusiyyətlər var?
– Polina xanım çox həvəsli və istedadlı musiqiçidir. Çox adamın yanına gedib, Ramiz Quliyev, Elxan Müzəffərov, Valeh Kərimov, Elxan Mənsurov və Aslan Məhərrəmovdan dərs alıb. Sonra mənim yanıma gəlib soruşdu: “Məni qəbul edərsinizmi?”. Neçə ildir bizə gəlib-gedir. Ailəmizin üzvü kimidir. Mən ona çox muğam öyrətmişəm: Nəva, Dəşti, Bayatı-Şiraz, Xaric Segah, Hümayun, Şur. Çətindir, amma onun həvəsi var idi və öyrəndi. Çoxlu rəqs mahnılarını da mənimsədi. İstedadlı və çalışqan xanımdır.
Bakıya gələndə həmişə yanıma gəlir. İndi də Abşeronun qadın qəzəlxanları haqqında film çəkir. Azərbaycana boş gəlməz, həmişə planlı olur. Bu yol çətindir, hər kəsin gücü çatmır. Amma Polina xanım həm bacarır, həm də ürəklə edir. Çoxları onu tanıyır, çünki daim insanların arasında olub. Azərbaycan musiqisini və muğamı təbliğ edir, həm də çox gözəl ifa edir. Azərbaycanda konsertlər verib, ustad dərsləri keçirib.
– Bir ustad tarzən olaraq deyə bilərsinizmi, əcnəbi tələbəni öyrətmək çətin işdir?
– Polina xanım Azərbaycan dilini öyrənib, çətinlik çəkmirəm.
– Məncə, dilimizi çox yaxşı bilir.
P. Desyatniçenko: Deməzdim (gülür). Çalışıram, hələ də öyrənirəm.
V. Məmmədəliyev: Azərbaycanın adət-ənənələrini də mənimsəyib. Hətta bir dəfə Bakıya gələndə oruc tuturdu. Bayramlarımızı bilir, qeyd edir. Ölkəmizi sevir. Mən deyərdim ki, o, Azərbaycanın fəxri vətəndaşıdır.
– Bu ruhu musiqidə də hiss etdirir.
V. Məmmədəliyev: Əlbəttə. Ruh olmasa, belə gözəl ifa edə bilməz. Heç kəs onu məcbur etmir, özü istəyir, çalışır və bacarır.
– Müsahibədən əvvəl söhbətimizdə Polina xanım dedi ki, siz ona məsəl və atalar sözləri də öyrədirsiniz.
– Həmişə öyrədirəm. Hansı biri yadında qalıbsa, qoy, özü desin.
P. Desyatniçenko: “Ağır otur, batman gəl” - bu məsəli Vamiq müəllim həmişə deyir. Çünki muğam çox ciddi sahədir, məsuliyyətlidir. Gərək hər şeyə diqqət edəsən. O deyirdi ki, bu məsəli fəaliyyətində də tətbiq et. “Əziyyət çəkməyən, bal yeməz”, “Dostunu göstər, kim olduğunu deyim”... Çoxlu atalar sözləri öyrədib.
– Azərbaycan dilini necə öyrəndiniz?
– Müəllimim Töhfə Məlikova idi. İlk vaxtlar o öyrətdi. Sonra insanlarla ünsiyyət quraraq və dərslərdə öyrəndim. Tədqiqatla məşğulam, müsahibələr alıram, bu dili öyrənmək mənim üçün çox vacibdir.
– Vamiq müəllim, Polina xanım ilk vaxtlar necə danışırdı?
– Deyirdi ki, mənimlə yalnız Azərbaycan dilində danışın. Elə də öyrəndi. Dil elədir ki, gərək, daim istifadə edəsən, yoxsa unudulur. Polina xanım də daim öyrənir, danışır.
– Azərbaycana tez-tez gəlirsiniz?
– Yaponiyada universitetdə işləyirəm. İldə iki dəfə gəlmək imkanım olur. Yayda və Novruz bayramı ərəfəsində. Tokioda universitetdə etnomusiqişünaslıq dərsləri keçirəm. İpək yolunun musiqi tarixi, muğam haqqında dərslərim var. Bütün dünyadan - Koreyadan, Çindən, Avropadan - tələbələrim olur. Tədris ingilis dilindədir.
– Çətin deyilmi Azərbaycan musiqisini müxtəlif ölkələrdən gələn tələbələrə öyrətmək?
– Mənim üçün çətin deyil. Dərsə tar aparıram, ifa edirəm, muğam haqqında danışıram. Onlar üçün çox maraqlıdır, diqqətlə dinləyirlər. Mən Azərbaycan xalqını, musiqisini, ədəbiyyatını çox sevirəm və təbliğ edirəm.
– Polina xanım, bildiyimə görə, həyat yoldaşınız da azərbaycanlıdır, qarabağlıdır.
– Bəli, iki övladımız var – Atilla və Davud.
– O da musiqiçidir?
– Xeyr, professordur, yapon dili üzrə mütəxəssisdir.
– Uşaqlarınız Azərbaycan dilində danışırmı?
– Əlbəttə. Hətta kiçik oğlum Davudun 2 yaşı var, amma Azərbaycan dilində çox yaxşı danışır. Atilla da həmçinin. Əslində, mən də onlarla birlikdə öyrənirəm.
– Müsahibələrinizin birində demişdiniz ki, muğam sanki duadır. Niyə belə düşünürsünüz?
– Bunu sözlə ifadə etmək çox çətindir. İlk dəfə Azərbaycana gələndə təəccüblənmişdim, çünki insanlar muğama qulaq asanda duyğulanır, hətta ağlayırdılar. Hətta muğamdan danışanda belə təsirlənirdilər. Təəccüblüdür, bu hissləri ifadə etmək üçün sözlər kifayət etmir. Muğamda çox dərin mövzular var - eşq, səbr... Bu musiqi sehrlidir, dua kimidir. Hisslər çox güclüdür, bu sehr insanı cəlb edir. Qəzəllər də eynilə belədir.
– Qəzəl bilirsinizmi?
– Bəli. Məhəmmədəli Şəfainin qəzəllərini oxuyuram. Məsələn:
Dün gecə yarımla söhbət məclisi meyxanədə,
Bir məqamə yetdi ki, məst oldu mey peymanədə.
Eşqi şərtindən deyil divanə olmaq, söylədi,
Qoy deyilsin Leyli-Məcnun söhbəti əfsanədə.
– Xaricdə dinləyiciləriniz ifanıza necə reaksiya verirlər?
– Yaponiyada ifa edəndə tələbələr yanıma gəlib deyirlər: “Bu necə musiqidir?! Çox emosionaldır, biz də öyrənmək istəyirik. Tarı haradan alaq?”. Mən də deyirəm ki, Yaponiyada tar yoxdur, Azərbaycana gedin (gülür). Onlar sözləri başa düşməsələr də, duyğuları hiss edirlər.
Onlar muğamı dinləyəndə hətta ağlayırlar. Çünki idmanda emosional hisslər oyadır. Məsələn, namaz qılanda insanlar duyğulanırlar, amma səbəbini izah edə bilmirlər. Bu, musiqidə də belədir.
– Konsertləriniz olur?
– Universitetdə iki dəfə böyük konsert təşkil etmişik. Mən orada muğam və xalq mahnıları ifa etmişəm. Hər kəs gəlib maraqlanır, suallar verirdi. Yapon dinləyicilər sözləri anlamırdılar, amma hiss edirdilər, təsirlənirdilər.
– Azərbaycanda kimlərlə səhnə almısınız?
– Ramiz Quliyevlə bir neçə dəfə konsertdə çıxış etmişəm, Qədim Musiqi Alətləri Ansamblında da ifa etmişəm.
– Hansı muğam sizi daha çox cəlb edir?
– Şur. Amma Vamiq müəllim həmişə deyir: “Şor yox, Şur çal!” (gülür).
V.Məmmədəliyev: İfa alınmayanda şor olur da... (gülür)
– Polina xanım, film üçün Bakıya gəldiyinizi söylədiniz. Çəkilişlər necə gedir?
– Çəkilişlər demək olar ki, bitib. Layihə mənə Londondan verilib. Film Abşeron kəndlərinin muğam və qəzəl üçün önəmini göstərir. Çəkilişlər Maştağa, Kürdəxanı və Buzovnada olub. Filmdə əsasən şairlərin mühitini göstərmək istəyirəm, xüsusilə qadın şairlərə fokuslanmışam, çünki onlar haqqında kifayət qədər məlumat yoxdur. Məqsədim qadınların da çox maraqlı qəzəllər yazdığını göstərməkdir. İnşallah, film bir ildən sonra hazır olacaq.
– Azərbaycanda haraları gəzmisiniz?
– Qəbələ, İsmayıllı, Şəki, Lənkərana getmişəm. Qarabağı isə hələ görməmişəm. Amma çox istəyirəm, xüsusilə də Şuşanı.
– Mətbəximizlə aranız necədir?
– Əladır. Yaponiyada olanda çox darıxıram. Özüm plov, dolma bişirirəm. Kabab və qutabı da çox sevirəm. Bişirməyi qayınanam öyrədib. Burada yeməklər çox dadlıdır, xüsusilə də ət. Yaponiyada belə deyil.
– Dünyada bu qədər savaşın baş verdiyi bir zamanda, sənət adamı kimi bu mənzərəyə necə baxırsınız?
– Musiqi ilə insanlara ümid, ilham verə bilərik, amma təəssüf ki, savaşların qarşısını ala bilmirik. Mənim Ukrayna səfirliyi ilə layihəm olmuşdu, xalq mahnılarını ifa etmişdim. İstəyimiz təkdir: sülh. Kaş savaşlar olmasa...
“Muğam insanı başqa bir aləmə aparır”. Polina xanımın bu sözləri elə ifasında da təsdiqini tapdı. Görünür, bu sehr hələ uzun illər onun yaradıcılıq yoluna işıq saçacaq.
Sözlər susur, musiqi danışır. İfa edir: Polina Desyatniçenko
Akqabay Mıradov
Foto: Roza Şəfiyeva













-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO
-
Sosial11:08
Noyabrda ardıcıl 4 gün iş olmayacaq - VİDEO
-
Dünya10:32
NASA Ayda kənd salır: Kimlər yaşayacaq?
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ