Xüsusi
Elçiliyimə Polad Bülbüloğlu ilə Əli İnsanov gəlmişdi: Cefri Verbokun keçmiş xanımı danışdı - FOTOLAR
Məşhur amerikalı kamança ifaçısı Cefri Verbokla 2025-ci ildə apardığım müsahibə yayımlananda böyük maraqla qarşılanmışdı. Həm o zaman, həm də elə bu gün həmin müsahibə gündəmə gələndə sosial şəbəkə paylaşımının şərh bölməsində insanlara cavab verən bir xanım diqqətimi çəkirdi. O, Cefri Verbokun keçmiş həyat yoldaşı, hələ də onun soyadını daşıyan Aynur Verbokdur (Vəzirova). O, mənə yazaraq maraqlı detalları bölüşdü, Cefri bəyə Azərbaycan dilini mərhum anasının öyrətdiyini bildirdi və ötən günlərdən, xatirələrindən söz açdı. Hər ikisinin bu gün ayrı-ayrı ailələri, öz həyat yolları var. Lakin Aynur xanım Cefri Verboku hər zaman böyük rəğbət və xoş xatirələrlə yad edir, onun musiqi istedadından danışır.
Elə bu səmimi söhbətdən və təsadüfi tanışlıqdan yaranan müsahibəni Publika.az oxucularına təqdim edirik.
- Aynur xanım, Ceffri Verbokla necə tanış olmusunuz?
- Cefri ilə 1989-cu ildə Bakıda tanış olmuşam və həmin vaxt Azərbaycanda Qarabağ müharibəsinin başlayacağı gözlənilirdi. Onun Azərbaycan musiqisinə və kamançaya olan sevgisi mənim üçün də xüsusi maraq doğurmuşdu.
- Toy Bakıda oldu?
- Toyumuz həm Bakıda, həm də Nyu-Yorkda keçirildi. Məhdud sayda qonaq var idi, yalnız yaxınlarımız iştirak edirdi.
- Elçiliyə ABŞ-dan gəlmişdilər?
- Elçiliyimə Azərbaycanın sabiq mədəniyyət naziri Polad Bülbüloğlu və sabiq səhiyyə naziri Əli İnsanov gəlmişdi. O zaman onlar Cefri ilə dost idilər.

- Cefri Verboka Azərbaycan dilini siz öyrətmisiniz?
- Cefri Azərbaycan dilini əvvəlcə Kaliforniyada yaşayan dağ yəhudisi, kamança və tar müəllimi Zavalun Avshalumovdan, daha sonra isə müəllim anam Rəfiqə Vəzirovadan öyrənib. Anam onunla çox ciddi və istedadlı bir tələbə kimi məşğul olurdu. Bundan əlavə, mənimlə, Azərbaycan musiqiçiləri və dostları ilə ünsiyyət vasitəsilə dili daha da mənimsəmişdi və Azərbaycan dilinə marağı musiqisimizə olan dərin sevgisindən yaranmışdı.
- Hazırda keçmiş həyat yoldaşınızla əlaqəniz varmı?
- Cefri ilə şəxsi əlaqəmiz yoxdur. İki övladım var. Təəssüf ki, onların da ataları ilə müntəzəm ünsiyyəti yoxdur.

- Övladlarınız nə işlə məşğuldurlar?
- Onları Azərbaycan dilini eşidərək, Azərbaycan mədəniyyətini tanıyaraq və evimizdə milli dəyərləri yaşayaraq böyütmüşəm. Azərbaycan dilini müəyyən qədər anlayırlar və dilimizə, mədəniyyətimizə münasibətləri həmişə həyatlarının bir hissəsi olub. Oğlum Dəniz bionanotexnologiya üzrə dissertasiya müdafiə edib. Hazırda professorluq dərəcəsi alıb. Beş dildə danışır. Yaponiyada ABŞ Hərbi Dəniz Qüvvələrində (Navy) dörd il xidmət edib və hazırda veteran sayılır. IQ göstəricisi isə 186 olub. Uşaqlıqdan vunderkind idi. Qızım Adilə ailəlidir, evdar qadındır. Əslində, Adilə ondan da ağıllıdır, amma oxumağı sevmirdi. Hələ nəvəm yoxdur.
- O zamanlar cənab Verbok Zeynəb Xanlarovanın ansamblında çıxış edirdi. Zeynəb xanımla şəxsi tanışlığınız və ünsiyyətiniz olubmu?
- Xeyr, Zeynəb xanımla həmin konsertdən sonra ünsiyyətimiz olmadı.
- Mərhum prezident Heydər Əliyev sizi qəbul etmişdi. Həmin görüşü necə xatırlayırsınız?
- Çox yaxşı yadımdadır. Cefri Heydər Əliyevi konsertinə dəvət etmişdi və həmin görüşdə çox maraqlı, hətta gülməli bir hadisə baş verdi. Cefri Heydər Əliyevə dedi ki, sizə iki nəfərlik bilet verə bilərəm. Hamı güldü. Sonra Heydər Əliyev mənim əlimi sıxdı və bizim evliliyimizlə çox səmimi şəkildə maraqlandı. Mən onu şəxsi tanışlıq zamanı çox təbəssümlü və xoşniyyətli insan kimi gördüm. O, çox mehriban, xeyirxah və xoş ünsiyyətli insan idi.

- Amerikada həyatınız necə keçir və hazırda hansı fəaliyyətlə məşğulsunuz?
- 1990-cı ildən ABŞ-da yaşayıram. İna Vez ləqəbi ilə şeirlər yazıram. 2016-cı ildən bu günədək beş kitabım çap olunub. İlk kitabım “Soul, Mind and I” ingilis dilində nəşr edilib. Bu, ABŞ-da ingilis dilində yazılmış, azərbaycanlı müəllifə məxsus yeganə poeziya kitabıdır. “Wisened Soul” kitabım Moskvada Nabokov və Puşkin mükafatlarına namizəd göstərilib. Sonuncu, üçdilli kitabım “Food for Thought” isə 2025-ci ildə nəşr olunub. Bu kitabda Molla Nəsrəddin lətifələrini ilk dəfə ingilis dilində şeir formasında işləyərək Bakıda kitab şəklində nəşr etdirmişəm.
Rusdilli məktəbdə təhsil almağıma baxmayaraq, ABŞ-da Azərbaycan dili üzərində çox çalışmışam. Nəhayət, 2017-2018-ci illərdə Azərbaycan dilində də şeirlər yazmağa başlamışam. Eyni zamanda sahibkar və estetik mütəxəssisiyəm. Uzun illərdir burada peşə fəaliyyətimlə yanaşı, yaradıcılıqla da məşğulam. Hazırda Floridada yaşayıram və üç dildə - ingilis, rus və Azərbaycan dillərində yazıb-yaratmağa davam edirəm.

- Amerikada Azərbaycan dilində yazmaq və kitab nəşr etdirməkdə məqsəd nə idi?
- Bu, mənim üçün həm yaradıcılıq, həm də ana dilimi qorumaq baxımından vacibdir. Əsərlərimin əsas istiqaməti fəlsəfi poeziyadır və insan, həyat, mənəviyyat, azad düşüncə, kimlik və insanın öz həqiqətini axtarması kimi mövzulara toxunuram. Müxtəlif platformalarda paylaşım edərək dilimizin Amerikada da eşidilməsinə çalışıram. Mənim üçün dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı və düşüncə tərzidir. Azərbaycanı çox sevirəm. Ora mənim üçün sadəcə doğulduğum və ya mənsub olduğum ölkə deyil, qəlbimdə daşıdığım bir Vətəndir.
- Azərbaycana gəlirsinizmi?
- Azərbaycanla bağlarım heç vaxt qırılmayıb və ailəm, dostlarım, xatirələrim və dilim vasitəsilə Vətənlə əlaqəm həmişə canlıdır. Azərbaycana səfərlərim mənim üçün sadəcə ziyarət deyil, öz köklərimə qayıdışdır. İnsan harada yaşamasından asılı olmayaraq, öz dilini və mədəniyyətini yaşatmaqla gələcək nəsillərə kim olduğunu ötürür. Yoldaşım estoniyalıdır. Ötən il ailə qurmuşuq. Birlikdə Azərbaycana dönmək və ömrümüzün qalan hissəsini orada keçirmək fikrimiz var.

- Hansı milli dəyərlərimizi evinizdə hələ də qoruyub saxlayırsınız?
- Azərbaycanı evimdə mətbəximiz, musiqimiz, bayramlarımız və ailə ənənələrimiz vasitəsilə yaşadıram. Harada olmağımızdan asılı olmayaraq, azərbaycanlı olduğumu gündəlik həyatımda təbii şəkildə qoruyur və bununla fəxr edirəm. Hətta deyə bilərəm ki, Allah bilir, neçə amerikalı mənim sayəmdə nəhayət xəritədə Azərbaycanın harada olduğunu bilir. Milli bayramlarımızı heç vaxt unutmur, hər il evimizdə xüsusi həvəslə qeyd edirik. Adətlərimizi Amerikada da yaşatmağa çalışırıq. Belə anlarda sanki bir anlığa doğma Azərbaycana qayıtmış kimi oluruq.
- Səmimi söhbətə görə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq!
Müəllif: Akqabay Mıradov
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi




















.jpg)

















