Avropanın ən böyük iqtisadiyyatı təhlükədə, neft nəhəngləri “qan itirir”, “üzən məzənnə” tengeni boğdu -HESABAT
Bizi izləyin

Hesabat

Avropanın ən böyük iqtisadiyyatı təhlükədə, neft nəhəngləri “qan itirir”, “üzən məzənnə” tengeni boğdu -HESABAT

Yola saldığımız həftə birjalar üçün gərgin keçdi. Neft həftənin əvvəlində ucuzlaşsa da, sonuna doğru cüzi də olsa, bahalaşdı. Dollar ABŞ-da işsizlik göstəricilərinin açıqlanması ilə əksər valyutalara qarşı dəyər qazandı. Yunanıstanda parlament növbəti islahat paketini təsdiqlədi, Almaniyada sənaye mallarına olan tələb 2011-ci ildən bu yana ilk dəfə gerilədi. Səudiyyə Ərəbistanı “Standard & Poor's”a qəzəbləndi...

Okeanın o tayında üzlər güldü...

Başlayaq ABŞ-dan. Amerika Birləşmiş Ştatlarında işsizlik azalıb. Oktyabr ayına olan statistik rəqəmlərə əsasən, işsizlik nisbəti son 7 il ilin ən aşağı səviyyəsinə düşüb. Belə ki, sentyabr ayında 5,1 faiz işsizlik qeydə alınmışdısa, oktyabrda bu nisbət 5 faizə geriləyib. Qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin dekabrda artırılması üçün diqqət etdiyi göstəricilərdən ən əsası işsizlik statistikasıdır. Lakin görünən odur ki, FES faiz artımı mövzusunda hələ də qərarsızdır. Ötən həftə keçirilən yığıncaqda faiz dərəcələrinin eyni qalması istiqamətində qərar qəbul edilib.

ABŞ-ın pul genişləmə siyasətini dəyişdirməməsi Orta Şərq də daxil olmaqla, beynəlxalq bazarları silkələdi.

Yeni Zelandiya dolları və yapon yeni ən çox təsirlənən pul vahidləri oldu. Yeni Zelandiyanın Mərkəz Bankı faiz dərəcələrini sabit tutaraq ölkənin pul vahidi üzərindəki təzyiqi azaltdı. Yaponiya Mərkəz Bankı isə pul siyasətində dəyişikliyə getməyərək pul genişləmə nisbətini illik 80 trilyon yen ilə sabit tutdu.

Almanlar pul xərcləmək istəmir...

Bu həftə Yunanıstanda parlament növbəti islahat paketini təsdiqləyib. İslahatlara Yunanıstanın limanlarının özəlləşdirilməsi ilə bağlı bürokratik maneələrin qaldırılması rəvac verib. Beləliklə də, yunanların 86 milyard avroluq yardım paketindən 2 milyard avro almaq şansları artıb. Xatırladaq ki, paket çərçivəsində Yunanıstan avqustda 13 milyard avro alıb.

Bu arada, Avropa Mərkəzi Bankının stress testi qiymətləndirməsinin nəticələrinə görə, Yunanıstanın dörd böyük bankı -“National Bank”, “Piraeus Bank”, “Eurobank Ergasias” və “Alpha Bank” təcili 14,4 milyard avro əlavə sərmayə tapmalıdır. İyul ayından bu yana nəzarət altında olan bankların sözügedən vəsaiti xüsusi sərmayə fondlarından alacaqları ümid edilir.

Bu həftə Almaniyadan da xəbər var. Ölkədə sənaye mallarına olan tələb 2011-ci ildən bu yana ilk dəfə geriləyib. Ən pisi də odur ki, proses artıq 3 aydır davam edir. Belə bir vəziyyət Avropanın ən böyük iqtisadiyyatının 2015-ci ildə proqnozları doğrultmayacağına dair narahatlıq yaradıb. Sentyabr ayında Almaniyada fabrik sifarişləri xarici tələbin zəifləməsi səbəbindən 1,7 faiz nisbətində geriləyib.

Məlumat üçün bildirək ki, alman hökuməti istehlak və ictimai xərclərin artması nəticəsində iqtisadiyyatın bu il 1,7, gələn il 1,8 faiz olacağını proqnozlaşdırır.

Kralı küsdürdülər...

Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi isə ölkənin kredit notunu salan “Standard & Poor's”dan (S&P) narazıdır. Belə ki, S&P Səudiyyənin kredit notunu AA-dan A+-a endirib. Ərəblər düşünür ki, qərar ədalətsiz olub. Nazirlikdən verilən şərhdə bildirilir ki, “Standard & Poor's” dəyişən bazar faktorlarına görə qərar verib. Onu da deyək ki, dünyanın digər iki dərəcələndirmə qurumunun ölkə ilə bağlı fikirləri daha çox optimistdir.

Dollar tengeyi 300 dəfə üstələdi...

Qonşu Qazaxıstandan da xəbər var. Yola saldığımız həftə ölkədə dolların məzənnəsi tarixi maksimuma çatdı. Valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi 301 tengeyə yüksəldi. Bununla da tenge 16 sentyabrdakı maksimal məzənnəsi olan 284,6 tenge/dolları keçərək tarixi maksimalı yenilədi.

Xatırladaq ki, 2015-ci il avqustun 20-də Qazaxıstan monetar siyasətində dəyişiklik etməklə valyuta dəhlizi rejimindən imtina edərək üzən məzənnə rejiminə keçib. Bu qərardan sonra tenge 26% ucuzlaşıb və məzənnə 255,26 tenge/dollara çatıb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq və valyuta ehtiyatlarını qorumaq üçün başqa alternativ yoxdur.

İş dünyası

“Toyota” 2015-ci ildə əldə edəcəyi satış gəliri ilə bağlı proqnozlarını endirib. Yapon avtomobil istehsalçısının bu uzaqgörənliyinə Asiya ölkələrində tələbin azalması səbəb olub. “Toyota”ya görə, İndoneziya və Taylandda bu ilin 3-cü rübündə satışlar azalıb. Bu da illik gəliri 1 faiz azaldaraq 206 milyard avroya salacaq. Xatırladaq ki, “Toyota” bu ilin sentyabr ayına qədər dünya üzrə 7,49 milyon avtomobil satıb.

“Facebook” yenə qaz vurub qazan doldurur. Sosial şəbəkənin aylıq aktiv istifadəçilərinin sayı sentyabrda 1,55 milyard nəfərə yüksəlib. Bu rəqəm avqustda 1 milyard idi.

Statistika göstərir ki, “Facebook” istifadəçilərinin 900 milyon nəfərə yaxını hesablarına mobil telefonlardan daxil olur.

Şəbəkənin rəhbəri Mark Zukerberq acıqlamasında saytda hər gün 800 milyon dəfə video izlənildiyni bəyan edib.

“Facebook” bu ilin 3-cü rübündə 4,1 milyard avro gəlir və 820 milyon avro mənfəət əldə edib. Şirkətin ümumi reklam gəlirinin 78 faizi mobil reklamlardan əldə olunub. Məlumat üçün deyək ki, “Whatsapp”ın aylıq aktiv istifadəçilərinin sayı 900 milyon, “İnstagram”'ın 400 milyon, “Messenger”in isə 700 milyon nəfərdir.

Neft su qiymətinə...

Neft şirkətlərindən də xəbər var. Ən böyük neft şirkətlərindən olan İtaliyanın enerji şirkəti “ENI SpA”nın xalis zərəri ilin 3-cü rübündə 257 milyon avro təşkil edib. Şirkətin gəlirləri 30 faiz azalaraq 18,841 milyard avroya düşüb. İlin 9 ayında şirkətin xalis gəliri 530 milyon avro olub. Bu da ötən ilin eyni dövründən 6 dəfə azdır.

ABŞ-ın “Chevron” neft şirkətinin xalis mənfəəti 2015-ci ilin 3-cü rübündə 2,8 dəfə azalaraq 2 milyard 37 milyon dollar təşkil edib. Bir səhmə düşən gəlir 1,09 dollar olub. Şirkətin əsas fəaliyyətdən daxil olan gəliri 36,5% azalaraq 52 milyard dollardan 33 milyard dollara qədər düşüb. Şirkətin press-relizində deyilir ki, 2017-18-ci illərdə “Chevron” qənaət proqramını genişləndirəcək. Nəticədə 6-7 min iş yeri azaldılacaq.

Şirkətin məzənnə fərqindən zərəri bir il əvvəlki 366 milyon dollar gəlirə qarşı 394 milyon dollar təşkil edib.

“Chevron” 3-cü rübdə gündə 2,54 milyon barel neft ekvivalenti neft və qaz hasil edib. “Upstream” (kəşfiyyat və hasilat) sahəsində şirkətin gəliri bir il əvvəlki 4,65 milyard dollara qarşı 59 milyon dollar təşkil edib.

“Downstream” (emal və satış) bölməsində şirkətin gəliri 2,21 milyard dollara qədər artıb. “Chevron” 2016-cı ildə kapital qoyuluşunu 25-28 milyard səviyyəsində gözləyir.

Amerikanın neft-qaz nəhəngi “ExxonMobil”in xalis mənfəəti 2015-ci ilin 9 ayında 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 47% azalaraq 13,37 milyard dollar təşkil edib. Şirkətin gəliri 35,6% azalaraq 209,075 milyard dollar olub. Hesabat dövründə bir səhmə düşən gəlir 3,18 dollar təşkil edib.

2015-ci ilin 3-cü rübündə “ExxonMobil” 4,24 milyard dollar təmiz mənfəət əldə edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır. Üçüncü rübdə şirkətin karbohidrogen hasilatı 2,3% artaraq gündə 3,9 milyon neft ekvivalenti təşkil edib. Neft emalından əldə edilən rüblük gəlir iki dəfə artaraq 2 milyard dollar təşkil etdiyi halda, kəşfiyyat və hasilat bölməsində gəlirlər 1,4 milyard dollara qədər azalıb.

Azərbaycan

Gəldik çıxdıq ölkəmizə. Həftənin önəmli xəbəri ev satışı zamanı vergi ödənilməsi sistemində Vergi Məcəlləsinə dəyişiklik oldu. Milli Məclis tərəfindən qəbul edilərək təsdiqlənməsi üçün Prezidentə təqdim edilən dəyişikliklər təsdiqlənəndən sonra qanun 2016-cı ildən qüvvəyə minəcək.

Məlumat üçün deyək ki, dəyişikliklərin nədən ibarət olması haqqında rəsmi mənbələrdə hələlik heç bir məlumat yoxdur. Rəylərə görə, dəyişikliklər yaşayış evləri və mənzillərin alqı-satqısı əməliyyatlarının vergiyə cəlb edilməsi qaydalarını nəzərdə tutur. Belə ki, bundan sonra vergi satılan əmlakın sahəsinə uyğun olaraq hər kvadratmetr üçün hesablanacaq. 1 kv.m. üçün hesablanacaq verginin baza məbləği 15 manat təşkil edəcək. Ehtimal etmək olar ki, bu məbləğ, eyni zamanda, Bakı şəhəri üzrə baza məbləği kimi çıxış edəcək. Baza məbləği satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsallarına uyğun olaraq dəyişəcək. Nazirlər Kabineti tərəfindən əvvəllər müəyyən edilmiş qaydalara görə, Bakı şəhərində 12 zona müəyyən edilib və bunlar üzrə əmsallar 0,7-dən 1,5-ə kimi dəyişir. Yəni, Bakı üzrə minimal vergi məbləği hər kv.m. üçün 10,5 manat, maksimal məbləğ isə 22,5 manat təşkil edəcək. Zonalara uyğun olaraq yerləşmə nə qədər yaxşı olsa, vergi məbləği o qədər çox olacaq. Qanundakı hazırki dəyişikliyi gözlənilməz hesab etmək olar. Çünki tətbiq edilən yeni vergi dərəcələri əvvəlki yanaşmadan əksər hallar üçün əlverişlidir. Məsələn, bundan sonra 1-ci zonada satılan 100 kv.m. mənzilə görə 2250 manat vergi ödəniləcək. Belə ki, 1-ci zona üzrə əmsal 1,5-dir və 15 manat baza məbləğini 1,5 zona əmsalına vuranda, 1 kv.m. üçün 22,5 manat təşkil edir və bunu 100 kv.m. vuranda, 2250 manat təşkil edir”.

SOCAR Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində həyata keçirəcəyi "Petrojen" layihəsi (kömürlə işləyən, elektrik enerjisi istehsal edən stansiya) üçün maliyyə vəsaiti axtarır. Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəhbərinin müavini Zaur Qəhrəmanov bildirib. Onun sözlərinə görə, SOCAR bunun üçün Türkiyə, Çin bankları, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən, "Exim" bankla danışıqlar aparır.

"Bu ilin sonuna kimi bütün tenderlər tamamlanacaq və gələn ildən tikinti işlərinə başlanılacaq. Tikinti işləri 2-2,5 ilə tamamlanacaq. SOCAR artıq elektrik enerjisi sektoruna da daxil olur. Bu layihə həm "Petkim", həm "Star" layihələrinin ehtiyaclarını, həm də İzmir əhalisinin tələbatını ödəyəcək", -SOCAR rəsmisi deyib.

Həftənin daha bir önəmli, həm də bədbin xəbəri dövlət büdcəsinin kəsirlə icra edilməsi xəbəri oldu. İlin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-nin 0,2 faizi) təşkil edib. Halbuki ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra olunmuşdu. Beləliklə Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur. Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-nin 11,6 faizi) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir. Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib.

Məndən bu qədər. ..

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm