Hikmət Babaoğlu: “Yalan məlumatları məqsədli şəkildə təşkilatlanan KİV-lər yayır” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Hikmət Babaoğlu: “Yalan məlumatları məqsədli şəkildə təşkilatlanan KİV-lər yayır” - MÜSAHİBƏ

Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə son günlər ölkədə baş verən hadisələrlə bağlı mətbuatın, xüsusilə də elektron medianın mövqeyi müzakirə olunub, bir sıra mətbuat orqanlarının sensasiya xatirinə dəqiqləşməmiş informasiyalar yaydığı vurğulanıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu da Publika.az-a müsahibəsində bu məsələlərə, eləcə də dəyirmi masada gündəmə gətirilən mövzulara münasibət bildirib, mövcud durumu dəyərləndirib.

- Hikmət müəllim, bu yaxınlarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artmasına diqqət çəkdi. KİV-lərdə yalan məlumatların yayılmaması üçün ilk növbədə hansı addımlar atılmalıdır?

- Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov son dövrlərdə ölkə mətbuatında, xüsusilə də elektron mediada yayılan yalan informasiyalar haqqında ictimai qınaq mexanizminin işə düşməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirib. Əslində, bu problem xeyli vaxtdır ki, müzakirə olunur, bununla bağlı bir sıra addımlar atılıb və müəyyən nəticələr əldə olunub. Amma görünür ki, bu, yetərli deyil. Xüsusilə də elektron mediada şəxsiyyətin təhqir olunması, dövlət qulluqçuları haqqında qeyri-dəqiq informasiyaların tirajlanması və digər bu kimi hallar yolverilməzdir. Bu cür informasiyalar cəmiyyətdə xüsusi nüfuz sahibi olan dövlət qurumlarının adına ziyan gətirir.

Bundan başqa, bu kimi hallar ayrı-ayrı dövlət qulluqçularının şəxsiyyətinin təhqir olunmasına və hüquqlarının pozulmasına gətirib çıxarır. Doğrudan da bu məsələ indi çox aktualdır.

Noyabrın 20-də Mətbuat Şurası da bu kimi məsələlərlə bağlı xüsusi toplantı keçirdi. Həmin toplantıda Azərbaycanın bütün aparıcı elektron media nümayəndələrinin iştirakı təmin olunmuşdu. Tədbirdə bu kimi problemlər bir daha dinlənildi və müvafiq təkliflər səsləndirildi, problemlərin həlli ilə bağlı fikirlər irəli sürüldü. Hesab edirəm ki, bu format çox uğurlu idi. Həmin tədbirdə irəli sürülən bir sıra təkliflər problemin həllinə kömək edəcək.

Azərbaycan mediası kifayət qədər intellektual və hüquqi dövlətdə fəaliyyət göstərdiyinin fərqində olan mediadır. Əminəm, Azərbaycanda elə bir media rəhbəri yoxdur ki, peşəkar hüquqi məsuliyyətin nə olduğunu bilməsin. Əgər kim özünü bilməmiş kimi göstərirsə, deməli, o, bunu məqsədli şəkildə edir. Azərbaycan dövlətinin mükəmməl hüquq sistemi mövcuddur. Azərbaycanda ictimai qınaqdan vasitə kimi istifadə edən mexanizmlər mövcuddur ki, bunlardan biri də Mətbuat Şurasıdır. Əminəm ki, hazırda bu istiqamətdə atılan addımlar mövcud olan problemlərin tədricən aradan qaldırılmasına gətirib çıxaracaq.

- Sizcə, bir sıra KİV-lərdə son günlərin hadisələri ilə bağlı yalan məlumatlar məqsədli şəkildə yayılır?

- Şübhəsiz ki, bunların arasında məqsədli şəkildə yayılan informasiyalar da var, informasiya axınına qoşulub bunu təkrar yayan mənbələr də var. Ona görə də hesab edirəm ki, bu, təkcə media fəaliyyəti deyil. Həm də burada qarayaxma kampaniyası mövcuddur. Yəni, bir insanın əvvəlcədən müəyyənləşdirdiyi məqsədyönlü fəaliyyət, əslində, siyasətdir. Artıq burada media siyasi vasitəyə çevrilmiş olur. Yəni, kimsə KİV-lərdə və ya internet resurslarında hər hansı informasiyanı yayırsa və bunun arxasında siyasi məqsəd və ya dövləti gözdən salmaq məqsədləri varsa, artıq, bu, siyasət hesab olunur. Məsələnin ciddiliyi də buradadır. Azərbaycan xalqı dövlət qurmağı və onu qorumağı, bu dövlətin qanunları ilə yaşamağı bacaran xalqdır. Ancaq dövləti və ya onun nümayəndələrini gözdən salmaq, onların haqqında yalan məlumatlar yaymaq yolverilməzdir. Hesab edirəm ki, bu cür hallar dövlətə qarşı siyasət aparmaqdır. Hörmətli Əli Həsənov da bu məsələni ciddi şəkildə gündəmə gətirməklə çox düzgün həyəcan təbili çalmış oldu.

- Bəs bu cür hallardan çıxış yolunu nədə görürsünüz?

- Bu cür problemlər heç bir yerdə qısa müddətdə həll olunmur. Çünki bu problem böyük, aktual və ciddidir. Eyni zamanda, bu problemi yaradan mənbələrin də sayı bir, beş və ya on deyil, onlarla, yüzlərlədir. Ona görə də bu cür problemlərin aradan qaldırılması üçün ictimai qınaq cəzalarını düşünüb tapmaq lazımdır.

Digər tərəfdən isə Azərbaycanın hüquq sisteminin tələblərinə uyğun olaraq hüquqi cəza yollarını da tapmaq lazımdır. İndiki mərhələdə Azərbaycanda media azad olduğu və bu sahənin inkişafına hər cür şərait yaradıldığı üçün heç bir halda dövlət hüquqi platformada bu məsələ ilə bağlı sərt qanunları tətbiq etmək istəmir. Çünki bu istiqamətdə atılacaq addımlar hər an ölkə əleyhinə istifadə və manipulyasiya edilə bilər. Hələlik Azərbaycanın dövlət və ictimai qurumları bu məsələlərlə mübarizə üçün qanunun sərt üzünü göstərməsini effektiv görmürlər. Hesab edirəm ki, indiki halda ən effektiv vasitə ictimai fəallığı artırmaq və ictimai qınaq yolu ilə bu cür problemləri aradan qaldırmaqdır. Mətbuat Şurası da bildirdi ki, yaxın zamanlarda konkret adlar göstərilməklə ictimai qınaq metodu icra olunacaq və bu yolla həmin internet saytları ifşa olunacaq. Yəqin ki, bu cür problemlər qısa müddətdə aradan qaldırılmasa da, yaxın və orta müddətdə aradan qaldırıla bilər.

- Necə düşünürsünüz, medianın obyektiv və doğru məlumat yaymasında mətbuat xidmətlərinin fəaliyyəti qənaətbəxşdirmi?

- Bəzi hallarda doğrudan da mətbuat xidmətləri media ilə dialoqa arzuolunan səviyyədə açıq olmurlar. Təbii ki, bunlar da bir sıra problemlərə yol açır. Ancaq hesab edirəm ki, mediada yalan məlumatların yayılmasının əsas səbəbi məqsədli şəkildə təşkilatlanan müxtəlif KİV-lərdir.

Bununla yanaşı, mətbuat xidməti rəhbərləri də onlara qarşı bu cür iradların obyektiv olduğunu qəbul etməlidirlər. Çünki bütün hallarda medianı informasiyasız qoymaq olmaz. Mediada dəqiq informasiya olmayanda, dərhal dezinformasiya başlayır. Ona görə də mətbuat xidmətləri də öz fəaliyyətlərində bu məsələ ilə bağlı yeni keyfiyyət mərhələsinə qədəm qoymalıdırlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm