Hesabat
Elman Rüstəmov Prezidentə hesabat verdi
“2014-cü ildə qlobal iqtisadiyyatda qeydə alınan mürəkkəb proseslərin fonunda iqtisadiyyatımız daha da inkişaf edib. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası və yaradılmış potensial qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaratdı”.
Publika.az xəbər verir ki, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Elman Rüstəmov deyib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində ötən ildə də sosial-iqtisadi tərəqqi
davam edib. Mərkəzi Bankın sədri 2008-ci ildən bəri davam edən
maliyyə böhranının bütövlükdə qlobal iqtisadiyyata sirayət etdiyini
vurğulayıb: “Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi
artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil
edib ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım
tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il
ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa
doğru iki dəfə dəyişib. Qloballaşma şəraitində iqtisadi artımın
bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf
etməkdə olan ölkələr üçün xarakterikdir.
Biz zəifləyən qlobal iqtisadi aktivliyin dünya ticarətinə və
əmtəə bazarlarına da əhəmiyyətli təsirinin şahidi oluruq. Nəticədə
bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il
ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox,
eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşüb
və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir.
Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə
müəyyən çağırışlarla üzləşib”.
Azərbaycanın dünya iqtisadiyyatının mühüm tərkib hissəsi
olduğunu deyən E.Rüstəmov son 10 ildə milli iqtisadiyyatımızın
qlobal iqtisadiyyata inteqrasiyasının əhəmiyyətli dərəcədə
dərinləşdiyini bildirib: “Hazırda əmtəə və xidmətlər üzrə xarici
ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini
təşkil edir. Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının
göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər
üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. Milli
iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq
möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə
balansının cari hesabında 11 milyard dollardan çox profisit
gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcəkdir. Son illər
ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin
ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, -
xarici ticarət balansına müsbət təsir edib.
Ölkənin strateji valyuta ehtiyatları, artıq qeyd olunduğu kimi,
artıb və bu gün ümumi daxili məhsulun 70 faizinə çatır. Bu
göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur.
Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir
və 3 illik əmtəə və xidmət idxalını örtür”.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq kreditor mövqeyi
daha da yüksəlib: “Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici
aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. 2014-cü ildə artıq
qeyd etdiyim kimi, ölkədə ümumi iqtisadi artım 3 faiz təşkil etmiş,
iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7
faiz artıb. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının
başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27
faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz yüksəlib.
Ötən il ölkədə tam makroiqtisadi sabitlik qorunub. Son 10 ildə ən
aşağı inflyasiya müşahidə olunub. İnflyasiya cəmi 1,4 faiz təşkil
edib. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan
təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına
beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir.
Bildiyiniz kimi, ötən il bir sıra ölkələrdə müəyyən xarici və
daxili amillərin təsiri altında əsl valyuta böhranları baş verib.
Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi
devalivasiyaya uğrayıb. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz,
türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90
faiz, türk lirəsi 8 faiz ucuzlaşıb”.
E.Rüstəmov deyib ki, Prezidentin dəfələrlə qeyd etdiyi kimi,
manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə
də sosial sabitliyin vacib amilidir: “Sabit məzənnə əhalinin
gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və
korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox
mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda
manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən
stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət
perspektivlərini qeyd ediblər. 2014-cü ildə qonşu ölkələrdə,
bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji
təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində
manatın məzənnəsi sabit saxlanılıb. Bunun üçün Mərkəzi Bank valyuta
bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik
tənzimləmə tədbirləri görüb”.
Onun sözlərinə görə, ölkədə hökm sürən möhkəm makroiqtisadi
stabillik Azərbaycanın yüksək rəqabət reytinqlərinin
formalaşmasında müəyyənedici rol oynayır: “Cənab Prezident, artıq
bu haqda Siz qeyd etdiniz. Lakin mən onu qeyd etmək istəyirəm ki,
bu rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq
yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol
oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin
tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. 2014-cü
ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin
olunub, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə
proseslərini dəstəklənib. Azərbaycan maliyyə sisteminin 90 faizini
təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha
da gücləndirib, bankların kapitalizasiyası davam etdirilib. 2012-ci
ildə bankların minimum kapitalının artırılması və onların əlavə
kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu
kapitalı təxminən 2 dəfə artıb. Qlobal maliyyə turbilentliyi
şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə
sabitliyinin əsas dayağıdır.
Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19
faiz təşkil edir. Bank sektorunun aktivlərinin 99 faizinə malik
banklar minimum kapital tələblərini yerinə yetirib. Ona yaxın
bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır.
Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə
qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna
nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə
bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78
faizə çatıb. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur.
2014-cü ildə bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18
faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artmış, biznes
kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditləri 18
faiz, o cümlədən sənaye 36 faiz artıb. Regionlara kredit
qoyuluşları isə 39 faiz çoxalıb. 2014-cü ildə həm bank sektorunun,
həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq,
Sizin verdiyiniz tapşırıqlara əsasən, istehlak kreditlərinin
artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilib.
Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə
1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla
isə cəmi 13 faizə enib.
Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31
faiz aşağı düşüb.
Ölkədə əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında ipoteka
mühüm rol oynayır. 2014-cü ildə bank sektoru tərəfindən yaşayış
sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artıb.
İpoteka Fondu tərəfindən ötən il 97 milyon manat ipoteka krediti
verilib, artıq ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min
800-ə qədər ailə ipoteka krediti alıb. İpotekanı əldə etmək
mexanizmini sadələşdirmək, bu sahədə olan bürokratiyanı azaltmaq
üçün elektron ipotekanın tətbiqinə başlanıb.
2014-cü ildə bank sektoruna inam daha da güclənib. Əhalinin
əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçib. Adambaşına
əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə
üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar
təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri
yarım milyard manatı ötüb keçib və bank sektoru bu istiqamətdə
mühüm sosial rol oynamağa başlayıb.
Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı
davam edib, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşib.
Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona
qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi
düşür. Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və
ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə
sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son
illərdə əhəmiyyətli işlər görülüb. Ölkədə hər yüz min nəfərə düşən
bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır.
2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam edib. Son
illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə
düşüb. Lakin bir sıra təminatçı istehlak kreditləri və
mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim
burada görəcəyimiz hələ çoxlu işlər var.
2014-cü ildə ölkədə ödəniş infrastrukturunun inkişafı davam edib.
Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ümumi
daxili məhsulun iki mislini təşkil edir. Plastik kartların sayı
artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların
həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki
dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf
edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil
bankçılıq xidmətləri göstərir.
Möhtərəm cənab Prezident, beynəlxalq təşkilatların rəyinə görə,
2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik yenə də davam
edəcək. Bu, öz növbəsində, bütövlükdə beynəlxalq konyukturaya,
əmtəə bazarlarına da öz təsirlərini saxlayacaq. Bu, bizim üçün yeni
makroiqtisadi reallıqdır, çağırışlardır. Lakin Mərkəzi Bankda
aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə
aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan
iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu
risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və
potensiallara malikdir. Bizim qarşımızda duran əsas vəzifə iqtisadi
qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş
vasitəsilə bu potensialı reallaşdırmaqdan ibarətdir. Bütövlükdə,
fikrimcə, yeni makroiqtisadi reallıqlar bir sıra makroiqtisadi
siyasət sahəsində müəyyən manevrləri zəruri edir və artıq Siz öz
giriş nitqinizdə bu haqda danışdınız. Əgər son 10 ildəki iqtisadi
siyasətimizə baxsaq, bu siyasəti belə xarakterizə etmək olar: Sizin
tərəfinizdən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli,
güclü büdcə siyasəti və təmkinli, sabitləşdirici pul kredit
siyasəti. Əsas xarakteristikalar bunlardır. Lakin bütövlükdə
beynəlxalq konyukturada baş verən proseslərə baxsaq görərik ki,
hesablamalara görə, hazırkı neft qiymətlərində təxminən 1 trilyon
dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının
xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın
tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir.
İlk növbədə, pul kredit siyasəti haqqında danışmaq istəyirəm. Cari
ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə
olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya
ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər,
defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək
inflyasiyanın qarşısını almaq. Bunun üçün əlimizdə olan bütün
vasitələrdən bir neçəsini qeyd edəcəyəm.
Manatın sabitliyi. Siz artıq öz çıxışınızda bu məsələni qoydunuz.
Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da
bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas
lövbəridir. Hesab edirəm ki, bu, zəngin Heydər Əliyev irsinin,
strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət
makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi
sabitlik üzərində qurulur. Buna görə, cari ildə də manatın
sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və
biz bu məqsədin reallaşmasını təmin edəcəyik. Müəyyən beynəlxalq
konyukturadan irəli gələn proseslərə görə, yəqin ki, bir qədər
təmkinli büdcə siyasəti həyata keçiriləcəkdir. Lakin beynəlxalq
praktikadan Siz yaxşı bilirsiniz ki, məsələn, Amerika Birləşmiş
Ştatları Mərkəzi Bankı, Yaponiya Mərkəzi Bankı və bu yaxınlarda
Avropa Mərkəzi Bankı da bu məqsədlə öz müəyyən monetar genişlənmə
planlarını açıqladılar. Yəni Sizin də həmişə görüşlərdə qeyd
etdiyiniz bu siyasətin iqtisadi artıma, məşğulluğa olan məlum
təsirlərini aradan qaldırmaq üçün monetar genişlənmənin həyata
keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi
kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin
genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və
məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə
olacaqdır.
Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı,
real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz
dərəcələrinin aşağı salınması qarşımızda duran əsas vəzifələrdən
biri olacaqdır”.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ