Sumqayıt Teatrında yeni tamaşalar
Bizi izləyin

Art

Sumqayıt Teatrında yeni tamaşalar

Sumqayıt Dövlət Dram Teatrı repertuarını yeni tamaşalarla zənginləşdirir.

Bu yaxınlarda teatrın səhnəsində Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb”, Atol Fuqardın “Qan qardaşları” və İsi Məlikzadənin “Sultanqulu körpüsü” əsərlərinin premyeraları olacaq.

Rəhman Əlizadənin “Sabah çoxdan başlanıb” pyesi ailə-məişət mövzusunda yazılıb. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Rollarda əməkdar artist Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov, Akif Mirzəyev, Xatirə Süleymanova, Şəmistan Süleymanlı, Vəfa Qurbanova, İlahə Səfərova, Elmir Mehdiyev oynayırlar.

Atol Fuqardın “Qan qardaşları” psixoloji ailə dramına teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov quruluş verib. Rolları əməkdar artist Rauf Ağakişiyev, aktyor Oktay Mehdiyev canlandırırlar.

Qaradərili, qul taleyi yaşayan iki qardaşın həyat uğrunda mübarizəsi əsərin süjet xəttini təşkil edir. Onlar acınacaqlı həyatlarını qismən dəyişməkdən ötrü yığdıqları qəpik-quruşla ferma almaq arzusu ilə yaşayırlar. Lakin ağdərili adamların hökmranlıq etdiyi cəmiyyətdə hər şey qardaşların əleyhinə işləyir. Buna baxmayaraq, onlar mənəvi keyfiyyətlərini qoruyub saxlamağı bacarırlar.

İsi Məlikzadənin “Sultanqulu körpüsü” sosial komediyasında baş verən hadisələr də sovet rejimi dövrünə təsadüf edir. Əsərdə 80-ci illərdə Azərbaycan kəndinin ictimai ab-havası öz əksini tapıb. Rollarda əməkdar artist İlahə Səfərova, aktyorlar Mövsüm Hüseynov, İlqar İbrahimov, İlham Səfərli, Dağlar Rüstəmov, Mətləb Səfərli, Yalçın Səlimov və başqaları çıxış edirlər.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm