“Arazbarı” təqdim olundu – FOTOLAR
Bizi izləyin

Art

“Arazbarı” təqdim olundu – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə aid olan “Arazbarı” mahnısına həsr edilmiş eyniadlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, ifası Bəyimxanım VəliyevaEhtiram Hüseynov, qiraəti İlham Əsgərova məxsus musiqi kompozisiyasının çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb.

Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib.

Filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır.

“Nə qədər Azərbaycan xalqı var bu muğam ifa ediləcək”

Layihənin rəhbəri, deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, Arazbarı içimizdədir, tariximizin bir hissəsi, coğrafi məkandır: “Əminəm ki, bu muğamımızı Xan Şuşinski, Arif Babayev, Alim Qasımov və digər musiqi korifeylərimiz ifa ediblər. Nə qədər Azərbaycan xalqı var bu muğam ifa ediləcək. Fikrimcə, yaxşı musiqinin heç bir xalqa aidiyyatı yoxdur. Nə qədər bəşəriyyət var Azərbaycan musiqisi, muğamlarımız həmişə səslənəcək. “Arazbarı” vətən simvoludur, cənuba, şimala, bütövlükdə dünyaya səpələnmiş 50 milyonluq azərbaycanlıları birləşdirən Azərbaycançılıq simvoludur”.

“Sona xanımın yazdığı sözləri oxuyanda çox həyəcan keçirdim”

Bəstəkar Tahir Əkbər “Arazbarı”nı yaradıcılığının bir mərhələsi saydığını deyib: “Amin” və “Ya rəbb”dən sonra belə əsər yazmaq çox mükəmməl iş idi. Sona xanımın yazdığı sözləri oxuyanda çox həyəcan keçirdim. Xahiş etdim ki, bu sözlərə musiqi bəstələyim. Tərəddüd etmədən bu işi mənə həvalə elədi. Layihəyə böyük qüvvələr cəlb olunub. Musiqi və sözün vəhdəti önəmlidir. Mərhum qiraətçimiz İlham Əsgərov bu filmdə gözəl şeir səsləndirib. Sona xanım özü də bayatı söylədi, xanəndələrimiz Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Mansurov qardaşları musiqini çox gözəl müşayiət elədi.

“Arazbarı” ritmik muğamlarımızdan biridir. Ağrılı acılı tariximizə həsr edilib, belə bir əsərə biganə qalmaq olmazdı, bacardığım qədər gözəl musiqi bəstələməyə çalışdım. Bu əsər yaşayacaq, sabaha inam yaradacaq. Hesab edirəm ki, bu şeir Sona xanımın yaradıcılığında da böyük mərhələdir”.

“Arazbarı”nın dərin kökləri olduğunu deyən deputat Xanhüseyn Kazımlı bildirib ki, bu cür əsərlərə xalqımızın böyük ehtiyacı var: “Belə layihələr hesabına tarixi gerçəkliklərimizi daha yaxından dərk edə bilirik”.

"Əsərdə yaralı yerimizə toxunulub"

Xanəndə Bəyimxanım Vəliyeva bu əsəri Ehtiram Hüseynovla ifa etdiyinə görə şad olduğunu deyib: “Ehtiram bəyin sənətinə böyük hörmətim var, inanıram ki, bu əsər dinləyicilər tərəfindən rəğbətlə qarşılanacaq. Əsərdə yaralı yerimizə toxunulub. İnanıram ki, tez bir zamanda itirilmiş torpaqlara və bu əsərə keçmiş xatirə kimi baxacağıq, tezliklə düşmən tapdağında olan torpaqlarımız işğaldan azad ediləcək”.

Araz boyunda böyüdüyünü deyən Umud Rəhimoğlu filmdə öz əksini tapan tikanlı məftillərin ona tanış olduğunu qeyd edib: “Elə olurdu yaşlı adam gəlib tikanlı məftilin o tayından deyirdi ki, Məhəmmədhəsən kişiyə xəbər verin, xalası dünyasını dəyişib. Bu cür hadisələrin şahidiyəm. Ona görə bu əsər də mənə çox təsir elədi. Yüksək işə görə kollektivi təbrik edirəm”.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, “Arazbarı” olduqca təsirli musiqi kompozisiyasıdır: “Sona xanımın müəllifi olduğu şeirlərə bir çox musiqilər yazılıb, amma hesab edirəm ki, bu, tamamilə başqa bir əsərdir, hələ beləsi olmayıb. Belə yüksək səviyyəli əsərə görə bütün yaradıcı heyətə təbrik düşür”.

Ssenari müəllifi Bəxtiyar Qaraca uzun müddət çəkilişlər aparıldığını vurğulayıb: “Allaha təala qismət elədi bu gün izləyicilərə təqdim elədik. Çox mürəkkəb bir layihə idi. Əsas odur ki, belə bir ağır əsəri ərsəyə gətirə bildik”.

Nərgiz Ehlamqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm