“Azərbaycanfilm”də hansı filmlər çəkilir?
Bizi izləyin

Art

“Azərbaycanfilm”də hansı filmlər çəkilir?

Hər il dövlət vəsaiti ilə “Azərbaycanfilm”də iki, üç, yaxud dörd bədii film istehsalata buraxılır. Vaxtaşırı filmlərin çəkiliş, postprodakşn mərhələsindən xəbərləri paylaşsaq da, bu yazıda bu il dövlət sifarişi ilə “Azərbaycanfilm”də istehsalatda olan bütün filmləri təqdim etmək qərarına gəldik:

“Köşk”

Tammetrajlı bədii filmin çəkilişlərinə iyun ayında start verildi.

Filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin, azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir.

Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.

Filmin çəkilişləri hələ davam edir.

“Həddən artıq uyğunluq”

Baş rolunda xalq artisti Afaq Bəşirqızının oynadığı, ötən ilin sonlarında başlayan filmin çəkilişləri bu ilin fevralında yekunlaşıb.

Çəkilişlər ABŞ və Azərbaycanda aparılıb.

Filmin ssenari müəllifləri Aleksandr Mərdan və Ramiz Fətəliyevdir. “Həddən artıq uyğunluq” rejissor Ülviyyə Könülün “Vəkil hanı?”dan sonra dövlət sifarişi ilə çəkdiyi ikinci filmidir.

Filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Evgeniya Orucova və digərləri canlandırırlar.

Film üzərində son tamamlama işləri aparılır.

“Üç gün və bir ömür”

Rejissor kürsüsündə Babək Şirinsifətin əyləşdiyi filmin çəkilişləri bu ilin aprel ayında başlayıb. Rejissorun cənubi azərbaycanlı olmasından dolayı uzun müddət gündəmdən düşməyən film doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmağından bəhs edir.

Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar. Çəkilişləri yekunlaşan film hazırda postprodakşn mərhələsindədir.

“Nar bağı”

Bu film rejissor İlqar Nəcəfin “Buta” filmindən sonra quruluşçu rejissoru olduğu ikinci tammetrajlı filmdir. Filmin ssenari müəllifi Asif Rüstəmov, İlqar Nəcəfdir. Hazırda aktyor seçiminin son mərhələsidir. Rejissor geyim və qrim sınaqlarına start verib. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm