Bu kampaniyanın qarşısını alacağıq YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Bu kampaniyanın qarşısını alacağıq YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda "dəyirmi masa" keçirilir.

Publika.az-ın məlumatına görə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir: “Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.

Millət vəkili Zahid Oruc deyib ki, müstəqillik dövründə çoxlu müxtəlif regional hadisələrlə rastlaşmışıq: “Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlar ortaya çıxarıb. Bu, əminəm ki, iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var. Səbəb nədir ki, artıq abşpərəstlik, ABŞ yönümlü olmaq böyük bir təhlükəyə çevrilib? Düşünürəm ki, bu, Azərbaycan hakimiyyəti ilə bağlı deyil. ABŞ-ın hazırkı dünya siyasəti ilk növbədə onun demokratikləşmə siyasətinə və Azərbaycanla olan münasibətlərinə zərər vurur. ABŞ artıq öz tərəfdarlarını itirməkdədir. Azərbaycanı cəzalandırmaq siyasəti Qərbin maraqlarına daha çox zərbə vuracaq”.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Qərb ölkələri özlərini demokratik inkişaf etmiş hesab edirlər: “Onlar hesab edirlər ki, bəzi ölkələrdə insan hüquqları sahəsində ciddi nöqsanlar var. Lakin araşdırmalar göstərir ki, onların özlərində çox ciddi nöqsanlar var. Onlar bunu görmürlər”.

Millət vəkili Asim Mollazadə söyləyib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə böyük önəm verir: “Bugünkü müzakirələri isə anti-Avropa və anti-Amerika müzakirələri kimi qəbul etmək düzgün deyil. Çünki Azərbaycan hər iki tərəflə münasibətə önəm verir. Azərbaycanın dəstəyi ilə bu gün ABŞ öz əsgərlərini döyüş bölgələrinə apara bilir. Həmçinin Azərbaycan enerji təminatında böyük rol oynayır. Bu da bir çox dairələri narahat edir. Onlar istəyirlər ki, istənilən üsullarla Azərbaycanı vursunlar. Bunun üçün isə çox böyük vəsait ayrılıb. Bunu isə erməni diasporaları təşkil edir. Bu gün Azərbaycan gücləndiyinə görə ABŞ-ın daxilində Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub. Bu, onu göstərir ki, Azərbaycanın ABŞ-da, Avropada dostları var. Lakin onu da unutmayaq ki, Azərbaycana qarşı təzyiqlər var. Bu da təbii ki, qəbul olunmazdır. Biz çalışmalıyıq ki, bu qarayaxma kampaniyasına qarşı I Avropa Oyunlarını yüksək səviyyədə təbliğ edək”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu istiqamətdə səylər gücləndirilməlidir: “Biz maraqlarımızın müdafiəçisi kimi çıxış etməliyik. Bu tədbir vasitəsilə güc nümayişi göstərmirik. Sadəcə, onların bizə qarşı rahatlıqla hansısa niyyətlərini həyata keçirməsi mümkün olmayacaq. ABŞ bir dəfə olsun deyə bilərmi ki, Ermənistanın əleyhinə hansısa sənədə səs verib. Nə olsun ki, ABŞ-ın 25 ştatında Xocalı soyqırımı tanınıb. Bir dəfə də haqq-ədaləti müdafiə etsinlər”.

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov ABŞ-ı və Qərb dövlətlərini qeyri-səmimilikdə ittiham edib: “Azərbaycan cəmiyyəti elə bilirdi ki, ölkəmizə qarşı aparılan kampaniyada ABŞ dövlətinin, Konqresin xəbəri yoxdur. Amma yanılmışıq. ABŞ-ın 68-ci dövlət katibi olan Con Kerri Azərbaycana qarşı aparılan işlərin fövqündə dayanır. 2003-cü ildən bu vəzifədədi, heç bir ciddi nailiyyət əldə etməyib.

Bizə qarşı təzyiqlərin səbəbi müstəqil siyasət yürütməyimizdir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razılaşsaydıq, Qarabağ məsələsində susqunluq nümayiş etdirsəydik, deyəcəkdilər ki, ölkədə heç bir problem yoxdur. Buradan görünür ki, onlar bizə qarşı qərəzlidirlər”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə qeyd edib ki, ABŞ-ın Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirməsi təbiidir: "Çünki ABŞ dəfələrlə ermənipərəst mövqe nümayiş etdirib. ABŞ-ın Azərbaycanın milli maraqlarına bu cür mövqe nümayiş etdirməsi qəbuledilməzdir.

Bu gün Amerikada əliyalın insanlar polis tərəfindən zorakılığa məruz qalır, küçənin ortasında güllələnir. Bu cür hallar insanda dəhşət yaradır. ABŞ insan hüquqları deyəndə ilk növbədə bunlara diqqət etməlidir".

N.Orduxanlı onu da bildirib ki, indi Azərbaycanda Avropa Oyunlarına ciddi hazırlıq işləri görülür: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu oyunlarla bağlı təşkilat komitəsinin sədridir. Onun rəhbərliyi altında çox uğurlu hazırlıq işləri görülür".

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, milli maraqlar prioritet təşkil edəndə, dövlətçilik məsələsi önə çəkiləndə iqtidar-müxalifət məsələsi bir kənara qoulur:

"Hesab edirəm ki, bu gün biz də mövqeyimizi ortaya qoymalıyıq. Әgər dünyada Azərbaycana qarşı ikili standartlar mövcuddursa, biz buna qarşı öz mövqeyimizi sərgiləməliyik. Bu gün ABŞ-da faktiki olaraq kütləvi mitinqlər, aksiyalar misli görünməmiş dərəcədə artıb və bu gün də davam edir. Hətta Baltimor şəhərində komendant saatı tətbiq edilib. Şəhərə qvardiya əsgərləri yeridilib. Vəziyyət dözülməz dərəcədə ağırdır. Bu ölkədə ən sərt qanunlar mövcuddur, kütləvi qanun pozuntuları mövcuddur. Axı biz bunları niyə demirik? Bu gün Azərbaycanın siyasətini, mədəniyyətini, iqtisadi inkişafını dünyaya təqdim etməyin zamanıdır. Ümummilli məsələlərdə biz bir olmalı və mübarizəmizi birgə aparmalıyıq. Bu gün Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası yeni deyil, paytaxtımızda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də ölkəmizə qarşı qaragüruh hücumları təşkil edilmişdi, ölkəmizin nüfuzunu gözdən salmağa çalışırdılar. Amma onlar öz istəklərinə nail ola bilmədilər. Hesab edirəm ki, Azərbaycanın milli maraqları, gələcək uğurlarımız, inkişafımız naminə mübarizəyə hazır olmalıyıq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm