“Avropa Oyunları Azərbaycana üç əsas dividend gətirəcək”
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunları Azərbaycana üç əsas dividend gətirəcək”

“Partiya olaraq I Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirik. Hesab edirəm ki, bu məsələdə müxalifət və iqtidar birləşməli, ümummilli maraqlardan çıxış etməlidir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycana xüsusi dividendlər gətirəcək: “Birincisi, ölkə siyasi dividend qazanacaq. Azərbaycan beynəlxalq arenada daha çox tanınacaq, dost ölkələrin sayı çoxalacaq. Bu isə avtomatik olaraq ikinci dividendin əldə edilməsinə səbəb olacaq. Hansı ki, indiyə qədər ermənilərin yalan təbliğatına görə dünyada bizim haqqımızdan yanlış rəy formalaşıb. Bu oyunlar zamanı dünyanın gözü Azərbaycanda olacaq və beynəlxalq ictimaiyyət Azərbaycan xalqının nə qədər humanist və sivil olduğunu görəcək. Üçüncü dividend isə iqtisadiyyatla bağlıdır. Ölkəyə turist axını olacaq və bu axın təkcə oyunların keçirilməsi ilə bitməyəcək. Çünki bu böyük idman tədbiridir və respublikanın müxtəlif yerlərində keçiriləcək. Beləliklə, ölkənin turizm potensialı olan yerlər tanınacaq və gələcəkdə turistlərin daha çox gəlməsinə səbəb olacaq”.

Partiya sədri hesab edir ki, bu gün oyunların keçirilməsi üçün tikilən infrastruktur da Azərbaycanın inkişafına qoyulan kapitaldır.

F. Əliyev Avropa Oyunlarının insan haqlarına bağlanması və siyasiləşdirilməsini doğru hesab etmir. Onun sözlərinə görə, eyni təcrübə “Eurovision” yarışması zamanı da yaşandı: “İndi isə Avropa oyunlarını siyasiləşdirməyə cəhdlər edilir. Bu, Avropanın özü üçün mənfi haldır. Hesab edirəm ki, bu tipli cəhdlər baş tutmayacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm