• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Fransalı olimpiya çempionu Bakıya iddialı gəlir

Fransalı olimpiya çempionu Bakıya iddialı gəlir

Fransız cüdoçu, olimpiya çempionu Teddi Riner birinci Avropa Oyunlarında qalib gəlmək əzmindədir.

Publika.az xəbər verir ki, Fransanın dənizətrafı Kuadelup departamentində 1989-cu il aprelin 7-də doğulan Teddi Riner kiçik yaşlarından cüdo ilə məşğul olmağa başlayıb. Ailəsi ilə birlikdə Parisə köçən gənc idmançı bir çox komandanın heyətində uğurlu çıxışları ilə məşqçilərin diqqətini cəlb edib və cüdo üzrə yığma komandaya qəbul olunub. O, 2005-ci ildə Fransada gənclər arasında cüdo çempionatında birinci yeri tutub.

Cüdo üzrə Fransa yığmasının heyətində yarışlarda iştirak edən Teddi Riner 2007-ci ildə - 18 yaşında olarkən ilk dəfə həm Avropa, həm də dünya çempionu titullarını qazanıb. Ölkənin kişi cüdoçulardan ibarət yığma komandasının ən parlaq idmançısı hesab edilən Teddi Riner Avropa və dünya çempionatlarının əksəriyyətini qələbə ilə başa vuraraq qalib adına layiq görülüb. Yarışlarda 100 kiloqram çəki dərəcəsində çıxış edən gənc cüdoçu dünya çempionatlarında 7 qızıl, 2008-ci il Pekin Olimpiadasında gümüş, Avropa birinciliklərində isə 4 qızıl medala sahib olub.

Teddi Rinerin ən böyük uğuru isə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında çempion olmasıdır. Fransalı idmançı bu mötəbər yarışda polşalı və tunisli rəqiblərinə qalib gələrək 1/4 finalda kubalı Oskar Braysonu məğlub edib. O, yarımfinalda koreyalı həmkarı Kim Sunq-Minə böyük üstünlüklə qalib gəlib və finalda rusiyalı cüdo ustası Aleksandr Mixaylini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Ötən il Çelyabinskdə keçirilən dünya çempionatı da Teddi üçün uğurlu olub və o, turniri qızıl medalla başa vurub.

Hazırda cüdo ustası kimi tanınan Teddi Riner İlk Avropa Oyunlarında da qələbə qazanacağına inanır.

Fransa Milli Olimpiya Komitəsi uğurlu çıxışları ilə dəfələrlə komandasına qələbə qazandıran Teddi Rinerin iyunda Bakıda keçiriləcək İlk Avropa Oyunlarında da qalib gələcəyinə böyük ümid bəsləyir.

Azərtac

Xəbər lenti

DAHA ÇOX XƏBƏR