Gülyanaq: “Bu möhtəşəm bayram təntənəsini qaçırmaq axmaqlıq olardı” – FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

Gülyanaq: “Bu möhtəşəm bayram təntənəsini qaçırmaq axmaqlıq olardı” – FOTOLAR/MÜSAHİBƏ

Artıq o möhtəşəm tədbirə sayılı günlər qaldı. İyun ayında Azərbaycan bayram təntənəsi yaşayacaq. “Bakı-2015” Birinci Avropa Oyunlarının izdihamını izləmək üçün dünyanın 50-dən artıq ölkəsinin nümayəndələri paytaxtımıza təşrif buyuracaq.

Xalq artisti Gülyanaq Məmmədova Avropa Oyunları ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.

- Gülyanaq xanım, ölkəmizdə ilk dəfə keçirilən Avropa Oyunları, sizcə, bizə hansı uğurları qazandıracaq?

- “Bakı-2015” Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi artıq özü elə ən böyük uğur, qalibiyyət deməkdir. Bəlkə də, nə vaxtsa, biz bunu xəyal edə bilərdik, amma artıq bu hadisə gerçəyə çevrildi. Buna görə ilk növbədə prezidentimizə və “Bakı-2015”-in Təşkilat Komitəsinin rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etmək istəyirəm. Bu gün bütün dünyanın gözü Azərbaycana dikilib. Hər kəs bu möhtəşəm beynəlxalq tədbirdən danışır. Sevindirici hal bundan ibarətdir ki, bu ilkə ölkəmiz imza atır. Bu tarixi hadisənin Azərbaycanda keçirilməsi həm inkişafımız, həm dünya miqyasında tanınmamız deməkdir. Müsbət imic və nüfuz deməkdir. Baxmayaraq ki, bəzən ölkəmizin uğurlarını görmək istəməyən, buna kölgə salmaq istəyən mənfur insanlar da var. Bu beynəlxalq tədbir bir daha həmin insanlara sübut edəcək ki, siz yanlış fikirdəsiniz. Azərbaycan sülhsevər, barış ölkəsidir. 50-dən artıq ölkənin idmançılarının, jurnalistlərinin üzünə qapı açmaqla bir daha bunu sübut edəcəyik. Əcnəbi jurnalistlər qoy gəlib öz gözləri ilə bu gözəllikləri, bu uğurları və xalqımın, millətimin qonaqpərvərliyini görsünlər.

- Sizcə, tədbir kulinariyamızın, milli-adət ənənələrimizin, mədəniyyətimizin təbliğində hansı rolu oynayacaq?

- Çox böyük rol oynayacaq. Harda var Azərbaycanın kələm, yarpaq dolmasından, qutabından, dovğasından, pitisindən, düşbərəsindən, şah plovundan? Milli yeməklərimizi saymaqla qurtarmaq olmur. Mən inanıram ki, xörəklərimizin dadı uzun müddət paytaxtımıza gələn əcnəbilərin damağından getməyəcək. Yeri gəlmişkən, mən bir məqama da toxunmaq istərdim. Dəfələrlə şahidi olmuşuq ki, erməni dolmamızı, kababamızı, plovumuzu öz adına çıxır, musiqilərimizi özününküləşdirir. Qoy əcnəbilər gəlib öz gözləri ilə görsünlər ki, bu mətbəx bizə məxsusdur, bu mədəniyyətin əsasını biz qoymuşuq, bu musiqilərin bəstəkarı azərbaycanlılardır. Canlı sübut, yerindəcə təbliğat buna deyərəm. Bu mənada da Azərbaycanda keçiriləcək Avropa Oyunları bizə fürsət yaradacaq ki, öz mədəniyyətimizi, musiqimizi, kulinariyamızı təbliğ edək, nümayiş etdirək. Avropa Oyunlarının Azərbaycana verə biləcək uğurlarını sayıb qurtarmaq mümkün deyil. Azərbaycan son illər görün nə qədər dəyişib, gözəlləşib, abadlaşıb. Mən musiqiçi kimi tez-tez rayonlara qastrol səfərlərinə gedirəm. Bölgələrimiz necə abadlaşıb, necə inkişaf edib. Məktəb binaları, mədəniyyət evləri, tibb müəssisələri, idman kompleksləri - baxanda lap adamın ürəyi açılır. Elə paytaxtımızın özündə möhtəşəm tədbirə hazırlıq işlərinə baxanda sevinirəm. Qısa vaxt ərzində stadionun tikilməsi, qonaqlar üçün xüsusi məkanın hazırlanması, insanlarda olan yüksək bayram əhvali-ruhiyyəsi - bunlar o deməkdir ki, Azərbaycan hər zaman güclü iqtisadiyyatı olan dövlətlərlə eyni sırada dayanır. Bu tədbir bir daha ölkəmizin dünya ölkələri sırasında yerini, mövqeyini möhkəmləndirəcək.

- Gülyanaq xanım, özünüzün idmanla aranız necədir? Xarici görkəminizə baxanda ağla ilk gələn bu olur ki, Gülyanaq xanım hər gün idman edir…

- İdmanı çox sevirəm, amma durum deyim ki, hər gün vaxtımın çoxunu idman salonlarında keirirəm, yalan olar. İmkan daxilində idmanla məşğul oluram. Yeriməyi çox sevirəm. Amma uşaq vaxtlarımda hər kəs məni idmançı kimi tanıyırdı. Qaçmaqda mənə çatan olmazdı. Məktəblər arasında keçirilən yarışlara qatılırdım, özü də həmişə qalib olurdum. Hətta rayonlararası keçirilən idman yarışlarında da qaçış üzrə mənə tay olan yox idi. Anam buna görə çox qəzəblənirdi, həmişə deyirdi ki, qız uşağısan, oğlanlara qoşulub az qaç. Amma onun sözünə məhəl qoymurdum, bildiymi edirdim. Anam indi o günləri xatırlayıb gülür.

- Bəlli ki, qaçış üzrə yarışan idmançılara azarkeşlik edəcəksiniz, eləmi?

- İndi zövqüm bir qədər dəyişib. Atıcılıq üzrə yarışlar, eləcə də tennis məni daha çox maraqlandırır.

- İdmançılarla münasibətiniz necədir, hansısa idmançı ilə tanışlığınız varmı?

- Cüdo üzrə dünya çempionu Zülfiyyə xanımla dostluq edirik. Yeri gəlmişkən, mən cüdo yarışlarının da azarkeşiyəm. Atıcılıq üzrə dünya çempionu Zemfira Meftahətdinova ilə yaxın dostluq münasibətlərimiz var. Ümumiyyətə, idmançıları, idman aləmini çox sevirəm. Həmişə idmançılarımızın uğurlarına sevinmişəm.

- Avropa Oyunlarında da favoritləriniz olacaq, yəqin?

- Çox istərdim ki, medalların çoxu öz idmançılarımıza qismət olsun. Amma biz qonaqsevər insanlarıq və onların da ölkəmizdən öz vətənlərinə medalsız qayıtmalarını istəmirəm. Hər halda, bu, oyundur, kim güclüdürsə, qalibiyyət də onun olacaq.

- Bir sənətçi olaraq, burdan insanlara səslənib nə deyərdiniz?

- Mən hər kəsə arzulayıram ki, böyük evimizə - Azərbaycanımıza gələn qonaqları gülərüzlə, xoş sima ilə qarşılayaq. Qoy əcnəbilər öz ölkələrinə gedəndən sonra xalqımızın qonaqpərvərliyi, sülhsevərliyi haqqında danışsınlar.

- Özünüz necə, Avropa Oyunlarını yaxından izləyəcəksiniz?

- Artıq həyat yoldaşım Ziya bilet alıb; mənə də, özünə də. Belə bir möhtəşəm bayram təntənəsini qaçırmaq, məncə, axmaqlıq olardı.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm