Samira: “Avropa Oyunlarını canlı izləmək bizi tarixin bir hissəsinə çevirir” - VİDEO/FOTOLAR
Bizi izləyin

Bakı 2015

Samira: “Avropa Oyunlarını canlı izləmək bizi tarixin bir hissəsinə çevirir” - VİDEO/FOTOLAR

“Bakı-2015” Birinci Avropa Oyunlarına 32 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Müğənni Samirə Allahverdi Publika.az-a müsahibəsində hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

- İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə maraqlanırsınızmı?

- Çox sevincli və pozitivəm. Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi qürurvericidir. Paytaxt Bakımızın gözəlləşməsi, Azərbaycanın inkişafı istiqamətində dövlətimiz böyük iş görür. Lakin bu bir həqiqətdir ki, ölkədəki inkişaf bəzən haqq səsimizin dünyaya çatdırılması bir yana, sadəcə, ölkəyə turist cəlb etmək üçün də yetərli olmur. Bu işlər xalqımızın özü üçün lazımdır. Yəni, millətimizin rahat yaşaması, gözəlliklərdən zövq alması üçün nəzərdə tutulur. Bakıda keçiriləcək Avropa oyunlarını xalqımızın haqq səsinin dünyaya çatdırılması, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin qəbul etdirilməsi istiqamətində prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın gördüyü genişmiqyaslı işlərdən biri hesab edirəm. Mənim fikrimcə, həmin siyahıda Avropa Oyunları birinci olmadığı kimi, sonuncu da deyil. Lakin ayrılıqda böyük bir idman hadisəsidir. Dünyada ildən-ilə güclənən bir dövlət, öz sözünü deyə bilən millət olaraq tanınmağımız üçün əhəmiyyətlidir. Ona görə də bu işi ancaq alqışlamaq lazımdır. Çünki iyun ayında biz bütün Avropanın, dünya ölkələrinin diqqətini özümüzə çəkə biləcəyik.

- Bəs, siz özünüz həmin yarışları izləyənlər sırasında olacaqsınız?

- Əlbəttə. Düzdü, hələlik bilet almamışam. Amma alacağam. Bu oyunları ailə üzvlərimlə birlikdə izləyəcəm. Xüsusən də, açılışı görmək istəyirəm. Dünya tarixinə yazılacaq hadisələrdən birini öz gözlərimlə canlı olaraq izləməliyəm. Həmin anı hiss edib, yaşamaq istəyirəm. Bu, dünyada bir ilkdir. Düzdür, əksəriyyət bunu sözlə bəlkə də tam olaraq dərk etmir. Amma bir qədər ayıq başla fikirləşəndə anlayırsan ki, sən müasir Azərbaycan tarixinin bir hissəsi olursan və bu tarixi canlı olaraq öz gözlərinlə görürsən. Bu, pulla, maddiyyatla ölçülmür.

- Hansı idman növünə marağınız var?

- İdmanı çox sevirəm. Sevmədiyim idman növü yoxdur. İdmançılara isə xüsusi rəğbətim var. Özüm də hərəkəti, idmanı, dinamikanı sevən insanam. Xüsusi marağım isə karate idman növünədir. Ümumiyyətlə, idman həyatımın ayrılmaz tərkib hissəsidir. İdmanı təkcə formada qalmaq üçün deyil, sağlam olmaq üçün etmək lazımdır. Əbəs yerə deməyiblər ki, sağlam bədəndə sağlam ruh olar.

- İdmançılarımızdan gözlədiyiniz nəticə varmı? Sizcə, onlar üçün oyunların Azərbaycanda keçirilməsi stimul olacaqmı?

- İdmançılarımızdan böyük nəticələr gözləyirəm. Bunun üçün onların çox böyük şansı var. Əvvəla, idmançılarımız çox güclüdür. Bunu illərdir ki, qazandıqları qalibiyyətlərilə sübut ediblər. Hər biri Azərbaycan bayrağını dəfələrlə dünyanın müxtəlif arenalarında yüksəklərə ucaldıblar. Özü də mənəvi, psixoloji və fiziki cəhətdən çox ağır bir şəraitdə bunu ediblər. Çətinliklərə baxmayaraq, onlar qalib olub. Bu dəfə isə onlar ev sahibidir. Sadəcə, fiziki cəhətdən deyil, mənəvi cəhətdən də üstünlükləri olacaq. Rəqiblə öz doğma meydanında qarşılaşacaqlar. Gücünü məhz doğma arenada göstərəcəklər. Bütün bu amillər idmançılarımızın qalib olmaq şansını artırır. Onları hər zaman qalib görmək istəyirik. Ona görə də, əminəm ki, Avropa Oyunlarında da idmançılarımız layiqli nəticələr əldə edə biləcək.

- Gənclərimizə nə çağırış edərdiniz?

- Artıq “Çağırış” adlı mahnım, ona çəkilmiş klipim ilə bütün idmançlarımıza çağırış etmişəm. Mahnı ilə öz dəstəyimi nümayiş etdirirəm. Bu dəstək son nəfəsimə qədər davam edəcək. Ümid edirəm ki, enerji dolu mahnım ilə idmançılarımızı ruhlandıra bilmişəm. Çünki idmançılar hərəkətli mahnıları eşidəndə daha yaxşı döyüşürlər. Mahnımla onları ruhlandıra bilsəm, deməli, Azərbaycanın bu böyük işinə mən də öz töhfəmi vermişəm və bundan özümü çox xoşbəxt hesab edərəm.

İsa Şükürov

Foto:Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm