Soydaşlarımız I Avropa Oyunlarını Avropada təbliğ edir – FOTO
Bizi izləyin

Bakı 2015

Soydaşlarımız I Avropa Oyunlarını Avropada təbliğ edir – FOTO

“I Avropa Oyunlarının Bakıda keçirilməsi olduqca əhəmiyyətlidir”.


Bunu Publika.az-a açıqlamasında I Avropa Oyunlarının Avropanın müxtəlif yerlərində təbliğatı ilə məşğul olan “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyinin sədri Həsən Şıxəliyev deyib.


O, “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyi olaraq oyunların təbliği istiqamətdə müəyyən işlər gördüklərini bildirib: “I Avropa Oyunlarına dəstək məqsədilə bu ilin aprelin 20-də Paris şəhərində start götürən və Strasburq, Hamburq, Berlin, Praqa, Brno, Serged şəhərlərinə qədər davam edən veloyürüş keçirdik. Parisdə biz təkcə veloyürüş yox, eyni zamanda, insanların sıx olduğu yerlədə Avropa oyunları ilə bağlı təbliğat materialları paylayaraq onlara Azərbaycan haqqında məlumatlar verdik.

Qeyd etmək istəyirəm ki, Fransada Azərbaycana qarşı çox gözəl münasibət var. Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında ulu öndər Heydər Əliyev çox böyük işlər görüb. Bu gün də ölkə Prezidenti və birinci xanım bu missiyanı uğurla davam etdirirlər. Düşünürəm ki, bizlər də bu yolda müəyyən işlər görməliyik. Bu məqsədlə də biz belə bir tədbirin həyata keçirilməsinə qərar verdik. Parisdən sonra biz Fransanın Strasburq şəhərinə getdik. Strasburqda 20-24 aprel tarixlərində AŞPA-nın növbəti yaz sessiyası keçirilirdi. Bizdə sessiyada iştirak etdik və sessiyaya müxtəlif dövlətlərdən gələn media və QHT nümayəndələrinə təbliğat materialları payladıq. Eyni zamanda, Strasburqda veloyürüşümüzü də davam etdirdik. 24 apreldə ermənilər qondarma “soyqırımları” ilə bağlı tədbirlər keçirirdilər. Biz Azərbaycan bayrağı ilə şəhərdə veloyürüş həyata keçirdik. Həm də bundan çox böyük qürur duyduq. Daha sonra 25 apreldə Hamburq şəhərinə yollandıq və 26 aprel tarixində Hamburqda keçirilməsi nəzərdə tutulan 30-cu marafonda iştirak etdik. Hamburqda hər il belə bir marafon keçirilir. Bu artıq ənənə halını alıb. Bu dəfəki marafonda 25600 iştirakçı 42 kilometr 192 metr ənənəvi məsafəni qaçacaqdı. Biz də bu məsafəni Azərbaycan bayrağı ilə qaçdıq və finişə çatanda aparıcı “Azərbaycan” deyəndə çox fərəh hissi keçirdik.

Qaçmaq çətin idi, yağış da yağırdı. Ancaq Avropada Azərbaycan sevgisi, vətəndaş borcu bizi axıra qədər qaçmağa ruhlandırdı. Biz təbliğat kampaniyamızı daha sonra Berlin, Praqa, Brno və Serged şəhərlərində də davam etdirdik. Macarıstanın Seged şəhərində 1 mayla bağlı bayram tədbirləri keçirilirdi. Bura Rumıniya və Macarıstanın müxtəlif şəhərlərindən çoxlu sayda qonaqlar gəlmişdi. Biz də bu fürsəti dəyərləndirdik və təbliğat materiallarını insanlara payladıq, Azərbaycan və I Avropa Oyunlarının rəmzləri, ən əsası Azərbaycan bayrağı ilə bayram təbirində iştirak etdik. İnsanlar özləri yaxınlaşıb bizimlə şəkil çəkdirirdilər. Bütün bu fəaliyyətimizdə məqsəd Avropada insanlar arasında I Avropa Oyunlarını təbliğ etmək, onları bu idman yarışlarında iştiraka səsləmək, bu tədbirdən zövq alacaqları mesajını vermək idi. Hesab edirəm ki, fəaliyyətimizin nəticəsi oldu”.


H. Şıxəliyev bu aksiyanın davam edəcəyini, Vyanada keçiriləcək “Eurovision” mahnı yarışmasında təbliğat aparılacağını deyib.

“Azərbaycanın inkişafı, zəngin mədəniyyəti, I Avropa Oyunları barədə məlumatlar yayacaq və o insanları Avropa Oyunlarna dəvət edəcək. 19-23 may tarixlərində keçiriləcək mahnı yarışmasında müxtəlif dövlətlərdən yüz minlərlə insanın iştirakı gözlənilir. Təbliğat işlərimiz gələcəkdə də davam edəcək. Ölkəmizin təbliği üçün vətəndaş olaraq bu yolda dövlətimizin apardığı siyasi kursu dəstəkləyəcəyik”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm