• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropa Oyunlarına həsr olunan sərginin açılışı olub

Avropa Oyunlarına həsr olunan sərginin açılışı olub

Bu gün “28 Mall” Ticarət Mərkəzində “Bakı-2015” Avropa Oyunlarına həsr olunan sərginin açılışı olub. Publika.az-ın məlumatına görə, sərginin təşkilatçıları “28 Mall” Ticarət Mərkəzi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.

Açılış mərasimində çıxış edən Ticarət Mərkəzin meneceri Afaq Camalzadə bildirib ki, sərgi Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı təşkil olunub. Sərginin məqsədi şəhərimizin qonaqlarını, sakinlərinı Azərbaycanın milli incəsənət nümunələri ilə yaxından tanıtmaqdır. Onun sözlərinə görə, Avropa Oyunları müddətində mərkəzdə bir neçə sərgi də təşkil olunacaq: “Gün ərzində mərkəzə 35 min adam daxil olur. Hər kəsin təhlükəsizliyini təmin etmək məqsədilə Avropa Oyunları zamanı mərkəzdə kiçik tədbirlərin keçirilməsinə üstünlük verəcəyik. Bunlar kiçik konsertlər, sərgilər, xeyriyyə tədbirləri olacaq. Artıq indidən mərkəzdə xarici qonaqların sayı çoxalıb”.

Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanasının direktoru Elşən Məmmədov qeyd edib ki, sərgidə 18 ədəd xalça, 6 ədəd böyük formatda qobelen, 3 ədəd kiçik formatda qobelen, 5 ədəd keramika, 8 ədəd rəsm əsəri yer alır: “Əsərlərin hər biri öz orijinallığı ilə seçilir. Diqqət yetirsəniz görəcəksiniz ki, sərgidə Azərbaycan xalçaları, batika, rəngkarlıq, miniatür sənət əsərləri göz oxşayır. Onu qeyd edim ki, burda yer alan əsərlərin əksəriyyəti Rəssamlıq Akademiyasının tələbə heyətinin, məzunlarının diplom işləridir. Bununla yanaşı sərgidə qismən müəllimlərin də əl işləri sərgilənir”.

Rəssamlıq Akademiyasının Muzey - Sərgi kompleksinin mətbuat katibi Səkinə Zeynalova sərginin daha çox əcnəbi qonaqlar üçün təşkil olunduğunu bildirib: “Əsas məqsəd Azərbaycan incəsənətini, mədəniyyətini ölkəmizə gələn qonaqlara təqdim etməkdir. Bilirsiniz ki, Azərbaycan incəsənəti dünya miqyasına çıxacaq səviyyədə çox yüksək nümunələrə malikdir. Bu baxımdan bütün ölkə mədəniyyətini, incəsənətini xarici nümayəndələrə nümayiş etdirmək qürurvericidir”

Onun sözlərinə görə, sərgi Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində həm əcnəbi, həm də yerli sakinlərin üzünə açıq olacaq: “Biz sərgi üçün insanların çox toplaşdığı mərkəzi, yəni, buranı seçdik. Gördüyünüz kimi sərgi çox gözəl, möhtəşəm görüntüyə sahibdir. Sərgi nəinki xarici qonaqlara, həmçinin azərbaycanlı tamaşaçıların üzünə də açıqdır”.

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR