• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan bankları: vəziyyət ingiliscədir – Araşdırma

  • Banklar
  • 18 İyun 2014 15:33
  • 3 727 Baxış
Azərbaycan bankları: vəziyyət ingiliscədir – Araşdırma

Ölkədə fəaliyyət göstərən bankların vəziyyəti getdikcə pisləşir. Belə ki, zərərlə işləyən kommersiya banklarıının sayının artması bir tərəfə, illik audit hesabatlarını təqdim edə bilməyən banklar da var. Halbuki qanunvericiliyə əsasən, bank və xarici bankın yerli filialı mühasibat uçotunu aparmalı, fəaliyyətlərini, maliyyə vəziyyətlərini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatlarını tərtib etməlidirlər. Maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində hesabat auditor rəyi ilə birlikdə səhmdarlara, habelə müştərilərə təqdim edilməlidir. Yenə də qanunvericiliyə görə, bankların maliyyə hesabatı martın 31-dək, audit hesabatları isə aprelin 20-dək hazır olmalı, rəsmi internet ünvanlarında yerləşdirilməlidir.

Publika.az bankların bu sahədə nə dərəcədə məsuliyyətli olub-olmadıqlarını monitorinq edib. Aşağıdakı mənzərə alınıb:

“AGBanK”

Bank 2013-cü ilin audit hesabatını yerləşdirib. Lakin yalnız hesabatın ingilis dilində variantına rast gəlmək olur.

“Amrahbank"

Başlayaq bankın maliyyə hesabatlarından. “Amrahbank" ASC 2013-cü ilin hesabatını yerləşdirsə də, ayrıca audit rəyini verməyib. Bankın cari ilin 3 ayı ilə bağlı hesabatı diqqət çəkir. Məlum olur ki, 3 ayda 99 832,80 manat əsas borc yaranıb. Bu borc üzrə vaxtı keçmiş kreditlərin həcmi 11 465,10 min manat olub. Kreditin əsas hissəsi 90 014,00 manatı şəxsi, ailəvi və s. məqsədlər üçün fiziki şəxslərə verilib. Ən çox vaxtı keçmiş kredit də bu portfel üzrə yaranıb. Bu arada bank maliyyə hesabatı kimi ancaq kredit portfelini açıqlayıb.

"Azər-Türk Bank"

İllik, rüblük hesabatını təqdim etsə də, 2012-ci ildən bu tərəfə audit rəyini öz rəsmi internet ünvanında yerləşdirməyib.

“Azərbaycan Kredit Bankı”

Bank 2013-cü ilin maliyyə hesabatını açıqlayıb. Cari ilin rüblük hesabatını təqdim etməyib. Bunun əvəzində ilin 3 ayına aid mənfəət və zərəri ilə bağlı hesabatı yerləşdirib.

“Bank BTB”

2012-ci ildən bu tərəfə illik hesabat verməyib. Lakin 2014-cü ilin rüblük hesabatını təqdim edib. “Bank BTB”nin audit hesabatına isə rast gəlmək mümkün olmadı.

”Bank of Baku”

Bank bütün hesabatlarını təqdim edib. Sadəcə, bir əmma var. O da kommersiya bankının audit hesabatı ilə ancaq ingilis dilini bilənlərin tanışlıq şansının olması.

“Bank Respublika”

2013-cü ilə dair illik hesabatını və cari ilin 3 aylı ilə bağlı rüblük hesabatlarını təqdim edib.

“Bank Standard”

Rüblük hesabatları yerləşdirsə də, 2013-cü ilin audit hesabatı yoxdur. “Bank Technique” də də audit rəyinə rast gəlmədik.

“Bank VTB”

İllik hesabatını ingiliscə yerləşdirib. Yəni il ərzində bankın nə ilə məşğul olduğunu bilmək istəsəniz lüğəti əyani vəsait kimi əlinizdən kənara qoymayın.

“DekaBank”

İllik, rüblük hesabatları açıqlansa da, audit hesabatından xəbər yoxdur.

“DemirBank

2013-cü ilin nə illik hesabatını, nə audit rəyini təqdim edib. Bunun əvəzində cari ilin ayları üzrə mənfəət və zərəri haqqında göstəriciləri dərc edib.

“Expressbank”

Sonuncu dəfə 2012-ci ilin sonunda illik hesabat verib. Rüblük hesabatlara gəlincə, cari ilin birinci rübündə vaxtı keçmiş kreditlərin təhlili, normativlərə riayət edilməsi, kapitalın adekvatlığı, balansarxası öhdəliklər, ödəniş müddətlərinin bölgüsü, sahələr üzrə kredit qoyuluşları, region üzrə kredit qoyuluşları, balans hesabatı, mənfəət və zərərini açıqlayıb.

“Gunay Bank”

Hesabat kimi audit rəylərinin açıqlayıb. Bu rəy də ingilis dilindədir.

“KredoBank”ın 2013-cü ilin illik hesabatı ilə tanış olsaq da, audit rəyini tapa bilmədik. “Muğanbank” da da vəziyyət eynidir. “Naxçıvanbank” ASC isə ümumiyyətlə, 2011-ci ildən bu tərəfə maliyyə hesabatı verməyib.

“NBC Bank”

Audit hesabatları RSM Kapital Karden MMC tərəfindən aparılan bank 2013-cü ildə audit sifariş verməyib. Hesabatlara gəlincə, kredit portfelinin əsas keyfiyyət göstəriciləri, gəlir, xərclər, səhmlər, balans, ehtiyatlar, kapitalın strukturu və adekvatlığı barədə məlumatlar, iqtisadiyyatın sahələri üzrə kredit portfeli, iqtisadiyyatın sahələri üzrə vaxtı keçmiş kreditlər, banka aidiyyatı olan şəxslərə verilən kreditlərin məbləği ilə bağlı ötən ilin və cari ilin birinci rübünü əks etdirən hesabatlar təqdim edib.

“NİKOIL BANK”

Rəsmi internet ünvanını ələk-vələk etsək də, nə 2013-cü ilin illik, nə də audit hesabatını tapmadıq. Bankın rüblük hesabat bölümü isə ümumiyyətlə, boşdur.

“Parabank”

Bankda son 1 il ərzində dövlət dilimizə hörmət simptomları yaranıb. İlk dəfə audit hesabatını ana dilimizdə açıqlayıb. Digər hesabatların adını çəkməyə dəyməz.

"Qafqaz İnkişaf Bankı"

2013-cü ilin illik audit hesabatını açıqlamayıb. Rüblük hesabata gəlincə, 31 mart 2014-cü il tarixinə maliyyə göstəricilərini yerləşdirib.

“Rabitəbank “

Bu bankın saytı da ölkədə ingilisdillilər üçün fəaliyyət göstərir. Bank 2010-cu ildən bu tərəfə audit hesabatlarını ancaq xarici dildə təqdim edir. Rüblük hesabatına isə rast gəlmədik.

“TuranBank”

2013-cü ilin illik hesabatını açıqlamayıb. Bununla belə, rüb ərzində maliyyə göstəricilərini və audit hesabatını veb səhfəsinə yerləşdirib.

“Xalqbank”

Sonuncu dəfə 2012-ci ildə illik hesabat verib. Audit hesabatla birlikdə. Bu hesabat da ingilis dilində olub.

“Yunayted Kredit Bank”

Cari ilin rüblük hesabatını təqdim etsə, də bankın illik hesabatından səs soraq yoxdur. Audit rəyi isə 2010-cu maliyyə ilinin fəaliyyətini əks etdirir...

“Zaminbank”

Sonuncu dəfə 2012-ci ildə hesabat verib. Bundan sonra yəqin ki, bank hesabatllılıqa “tövbə “ edib.

Göründüyü kimi, banklar hesabatlılığa meyilli deyillər. Bəs səbəb nədir?

Vəziyyəti şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bankların bəziləri əslində şəffaflığa maraq göstərmirlər. O, həmçinin deyir ki, burada rəqabət faktoru da rol oynayır: “Hesabatlarda bankların gəlirlərinin strukturu, mənfəətləri, xərcləri, pullarının hərəkəti yer alır. Bankların bir qismi sağlam rəqabət apara bilmədiklərindən belə məlumatların yayılmasına maraqlı deyillər”.

Bankların şəffaf fəaliyyət göstərmək istəməmələrinin digər səbəblərinə gəlincə, iqtisadçı bildirir ki, əksəriyyətində korporativ idarəçilik formalaşmayıb: “Bankların çoxunda idarə heyətinin üzvlərinin sayı azlıq təşkil edir”.

Məlum olur ki, Mərkəzi Bankın hesabat verməyən banklara təsir imkanları da məhduddur.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR