• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sirli reseptlə hazırlanan içkinin sirri

Sirli reseptlə hazırlanan içkinin sirri

2012-ci ildə bu şirkətə qarşı xərçəng yaratması ittihamı irəli sürüldü və nəticədə əmtəəsinin hazırlanma formulu dəyişdirildi. Düzdür, bu, sözügedən məhsulun dadında özünü göstərmədi. Lakin karamel rəngi verən 4 - metilimidazol maddəsinin azaldılması rənglərini azacıq solğunlaşdırdı. Söhbət Meksikada qeydiyyatdan keçirilən, 2013-cü ildə bazar dəyəri 12 029 milyon dollar olan “Pepsi”dən gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Pepsi”nin yaranma tarixçəsini təqdim edir.

Həkim olmaq istədi, kimyagərə döndü

“Pepsi” Caleb Bradham adlı amerikalı tərəfindən yaradılıb. Bu şəxs 1867-ci ildə Şimali Karolinada anadan olub. İlk əvvəl həkim olmaq istəyən Caleb doğulduğu ştatda sözügedən ixtisas üzrə universitetə daxil olub. Sonra Merlend ştatında təhsilini davam etdirib. Lakin həmin vaxt bir tərəfdən tibb təhsilinin çətinləşməsi və bahalaşması, digər tərəfdən də atasının biznesinin iflas etməsi Calebin təhsilini yarımçıq buraxmasına səbəb olub. Dogma torpağına qayıdıb işləməyə başlayıb. Bununla belə, tibb sahəsinə sevgisini qoruyub saxlayan Caleb bir qədər işlədikdən sonra Merilend Universitetində əczaçılıq ixtisası üzrə təhsilini davam etdirir. Universiteti bitirib Şimali Karolinaya qayıdır. Nyu-Bern şəhərində aptek açır.

Alıcıları cəlb etmək üçün aptekə musiqi aləti qoyur. Növbəti mərhələdə isə aptekdə özünün xüsusi inqrediyentlərlə hazırladığı sərinləşdirici içkilərin satışını həyata keçirir. Beləliklə, gələcəyin “Pepsi-kola”sının əsasını qoyur.

“Pepsi” - mədənin dərmanı kimi

Caleb 1893-ildə təcrübədən keçirdiyi içkinin adını “Brad’s Drink” qoyur. 1898-ci ildə içki satışa çıxarılır. Tərkibi karbonatlı su, şəkər, vanil və nadir yağlar, kola fındığından ibarət olan içki bazara mədə dərmanı adı ilə təqdim olunur. Alıcılara “Brad’s Drink”in həzmi asanlaşdırdığı və enerji verdiyi bildirilir.

Bir müddət sonra C.Bradham məhsuluna “Pep-Cola“ adını verir. Bu ticarət markasını isə cəmi-cümlətanı 100 dollara satın alır. “Pep-Cola” bazarda çox qısa müddətdə populyarlıq qazanır.

1903-cü ildə Caleb həzm fermenti olan pepsinden ilhamlanaraq yaratdığı məhsulun adını dəyişdirib “Pepsi-Cola” edir və içkini rəsmi qeydiyyatdan keçirir. 1903-cü ildə Bradham “Pepsi-Cola”nın şüşələrə doldurulmasını əczaxanasından, kirayəyə götürdüyü bir anbara transfer edir. Həmin il kimyagər 7.968 qallon içki satır. Sonrakı il “Pepsi” 6 unsiyalıq şüşələrdə satılmağa başlayır. Satışlar 19,848 qallonadək artır. 1905-ci ildə Caleb “Pepsi”nin loqosunu 1898-ci ildəki orijinal dizaynından sonra ilk dəfə dəyişdirir.

Müflis olur, reseptini açıqlayır

1923-cü ildə Birinci Dünya müharibəsinin fəsadları nəticəsində qəndin qiyməti qalxır və şirkət iflas edir. Onun aktivləri naməlum milyarderə satılır. Hətta hər iki kolanın (“Pepsi”, “Coca-Cola”) eyni şəxsə məxsus olduğu belə deyilir. Bəzi mənbələrdə isə markanın Roy C. Megargel adlı iş adamının satın aldığı bildirilir.

Yeri gəlmişkən, nəzərə çatdıraq ki, 1923-cü ildə şirkətin iflası məşhur içkinin reseptinin məxfilyini pozur. Belə ki, iflasın rəsmiləşdirilməsi zamanı Caleb Bradham reseptini federal məhkəməyə təqdim edir. Səkkiz il sonra şirkət bir daha iflas edir. Bu dəfə müəssisəni “Loft Inc”in prezidenti Çarli Qutu satın alır. Maraqlıdır ki, Böyük Depresiya illərində “Pepsi” uğurlu bazar siyasəti yürüdərək rəqiblərini sıxışdırmağı bacarır. Konkret olaraq, 12 unsiyalıq “Pepsi-Cola” şüşələrini 5 sentə satır. Halbuki həmin dövrdə “Coca-Cola”nın 6 unsiyalıq şüşəsi 5 sentə idi. Beləliklə, “Pepsi-Cola” rəqibinin müştərilərini özünə çəkməyi bacarır. 1934-cü ildə brendin yaradıcısı Caleb vəfat edir. 1936-1938-ci illərdə şirkətin gəlirləri iki dəfə artaraq, 2 milyon dollara yüksəlir.

Maykl Cekson “Pepsi”yə görə rəngini dəyişir

1939-cu ildə “The Pepsi Cola Company”də yenə də əldəyişməsi baş verir. Bu dəfə onu “Phoenix Securities”in vitse-prezidenti Volter Mak əldə edir. Marketinqi əla bilən Mak qədim ingilis balladasının musiqisi əsasında reklam çarxı çəkdirir. Bu çarx o qədər uğur qazanır ki, dünyanın 55 dilinə tərcümə edilir. Onu da bildirək ki, Mak əsl diktator kimi xatırlanır. Belə ki, o, müştərinin reklamın mahiyyətini reklam agentliyindən daha yaxşı dərk etdiyini düşünürdü. Bir məqamı vurğulayaq ki, “Pepsi-Cola” dünyanın yeganə markasıdır ki, bir çox film, musiqi ulduzları, idmançılar onun reklamlarına çəkilib. Reklam tarixində bu qədər ulduzu bir araya toplayan ikinci şirkətin olmadığı irəli sürülür. “Pepsi”nin reklamları ilə bağlı yaddaqalan ən məşhur hadisə isə reklam çarxının çəkilişi zaman pop ulduz Maykl Ceksonun üzünün yanmasıdır. Məhz həmin hadisədən sonra Maykl Cekson üzünü əməliyyat etdirərək dərisinin rəngini dəyişdirdi.

Amerika əsgərlərinə dəstək

İkinci Dünya müharibəsi dövründə isə “Pepsi” rəqibləri “Royal Crown”, “Dr. Pepper”i arxada qoyaraq, bazar mövqeyinə görə “Coca-Cola”dan sonra ikinci içki olur. Bundan əlavə, “The Pepsi Cola Company” Amerika əsgərlərinə dəstək olmaq məqsədilə şüşələrinin dizaynını qırmızı-göy-ağ rəngdə edir. 1956-ci ildə artıq dünyanın 61 ölkəsində “Pepsi-Cola”nın 149 zavodu fəaliyyət göstərir. 1965-ci ildə “The Pepsi Cola Company”nin əsasında “PepsiCo” yaradılır. 1997-ci ildə “ PepsiCo” “Pizza Hut, Inc”, “Tricon Global Restaurants”, “Taco Bell” və “KFC” ni əldə edir. 1980-ci ildə şirkət ayrıca “PepsiCo Food Service International” açılır. 1985-ci ildə “PepsiCo” dünyanın ən böyük qazlı içki istehsal edən şirkəti olur. Şirkət 7.5 milyon dollar gəlirlə məhsullarını 150 ölkədə satır. 2010-cu ildə “PepsiCo”nun dövriyyəsi 57.838 milyard dollar, əməliyyat gəlirləri 8.332 milyard dollar, xalis gəliri 6.320 milyard dollar təşkil edir.

“PepsiCo” bu gün

Hazırda “PepsiCo” ikinci ən böyük qida-içki şirkətidir. Qrupun tərkibinə hər biri illik 1 milyard dolları aşan pərakəndə satışa sahib 22 ayrı marka daxildir. Bu müəssisələr dünyanın 215-dən çox ölkəsində fəaliyyət göstərir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR