"Sahil" metrosunun üstündə mənzilin kvadratmetri 17 min manata - ŞOK
Bizi izləyin

Daşınmaz əmlak

"Sahil" metrosunun üstündə mənzilin kvadratmetri 17 min manata - ŞOK

Əgər siz 20 yanvar metrostansiyası ilə şəhərin mərkəzində, eləcə də dənizin sahili ilə kifayət qədər uzaq məsafədə eyni qiymətə satılan mənzilə rast gəlsəniz, təəccüblənməyin.

Çünki bura Bakıdır. Hansı ki mənzil bazarını bazar deyil, fərdlərin qaydaları tənzimləyir. Nəticədə isə əhalinin mənzillərə əlçatanlığı ildən-ilə aşağı düşür.

Publika.Az Bakının daşınmaz əmlak bazarı ilə bağlı mövcud vəziyyəti təqdim edir. Mənzil bazarının hazırkı durumunu bir kəlmə ilə belə ifadə etmək olar: YANĞIN. Qiymətlər gerçəkdən "yanır". Daşınmaz əmlak bazarında fantastik həddə bahalaşma ilin əvvəlindən qeydə alınıb.

Bazar ekspertlərinin araşdırmalarına görə, ilkin mənzil bazarında 5.85%, təkrar bazarda 2.06% artım müşahidə olunub. Konkret detallara varsaq, ilkin mənzil bazarının birinci zonasında 2113 $/kv, ikinci zonada 1594$/kv, üçüncü zonada 1006 $/kv, dördüncü zonada 887 $/kv dollar təşkil edib. Təkrar mənzil bazarına (kohnə binalardakı evlər) gəlincə, ortа qiymət mart ayı ərzində 2,06% artaraq 1992 $/кv.m-dən 2033$/кv.m-ə qədər yüksəlib.

Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 1,51%, ucuz evlərin qiymətləri isə 1,17% artımla yadda qalıb. Ay ərzində moda 2000 $/kv.m-dən 2548$/kv.m-ə və median isə 1930 $/kv.m-dən 3,01% artaraq 1988 $/kv.m təşkil edib.

Sual doğuran orta aylıq əməkhaqqının 434,3 manat təşkil etdiyi ölkədə mənzilə sahib olmağın bu qədər bahalığıdır.Qiymətlərə görə artıq təkcə Moskva ilə deyil, Londonla müqayisə edilən paytaxt bazarından 2 otaqlı ev almaq üçün nə az, nə çox, düz 20 il əməkhaqqına qənaət etməlisən. Lap 2015-ci ildə orta aylıq əməkhaqqının 520 manata, 2016-cı ildə isə 566 manata çatacağı halda belə.

Xarici ölkələrlə müqayisə

Bildirdiyimiz kimi, Azərbaycanda mənzillərin kvadratmetrinin dəyəri Avropanın bahalı şəhərləri ilə eyni səviyyədədir. Sadəcə, bir nüans var həmin ölkələrdə orta aylıq əməkhaqqı ilə mənzil bazarındakı qiymətlər arasında tarazlıq var. Götürək, Qərbi Avropanı. Araşdırmalara əsasən Qərbi Avropada mənzilin bir kvadrat metrinin qiyməti orta aylıq əmək haqqından azdır.

Ayda orta hesabla 3 min 300 avro qazanan Berlin vətəndaşı 3 ilə istədiyi mənzili ala bilər. Bu şəhərdə 193 min avroya elit mənzilə sahib olmaq mümkündür. 2013-cü ildə Bolqarıstanda mənzillərin kvadratmetrinin qiyməti əvvəlki illə müqayisədə cəmi 2 avro artıb və 739 avro təşkil edib. Mənzillərin ucuzluğuna görə ikinci yerdə Portuqaliya dayanır. Bazarı daha çox müqayisə edildiyi Rusiyada kvadratmetr 5300 dollardır. Bahalı mənzillərə gəlincə, ilk sırada İsveçrə qərarlaşıb – kvadratmetrin dəyəri 9 min 972 avrodur. Ən bahalı mənzillərin reytinqində ikinci yerdə Fransadır. Ölkədə mənzilin kvadratmetrinin qiyməti 8 min 706 avrodur.

Paytaxt Parisdə satılan mənzillərin kvadratmetri alıcılara 8900 avroya başa gəlir. Avstriyada orta qiymət 4858 avro, İsveçdə 3655, Niderlandda 3024, Almaniyada 2500, Çexiyada 1450 avrodur. Belarusun paytaxtı Minskdə Bakı ilə müqayisədə mənzillər xeyli ucuzdur. Burada müasir iki otaqlı mənzil 90 min dollardır. Pakistanda isə mənzillərin qiyməti orta hesabla 74 min dollardır. Türkiyədə Aralıq dənizi sahilində yeni tikilmiş binalarda 40 min avroya 2 otaqlı mənzil əldə etmək mümkündür.

Bakı 10 il sonra

Mənzil bazarı ilə bağlı problem təkcə qiymətlərdə deyil. Son illər zonalar arasında qiymət uçurumunun yaranmasıdır. Belə ki, şəhərin mərkəzi ilə bir qədər kənara doğru ərazilərdə mənzilin qiymətində fərq yoxdu. Mövzu ətrafında rəyini öyrəndiyimiz daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirir ki, əvvəllər şəhərin mərkəzi dedikdə İçərişəhər metrostansiyası və onun ətrafı başa düşülürdü: “Artıq “Gənclik” də şəhərin mərkəzi hesab olunur. Bu da kommunal şəraitin, infrastrukturun keyfiyyətinin yüksəldilməsi, iş yerlərinin mərkəzdən kənara çıxarılması ilə bağlıdır. Bütün bunlar əmlakın dəyərinə təsir edir. Qiymət arasındakı fərq də azalır. 10 ildən sonra Günəşli ilə Əhmədlidə mənzillərin kvadratmetrinin dəyəri şəhərin mərkəzi ilə eyniyyət təşkil edəcək”.

Bir kvadratmetr neçəyə başa gəlir?

Məlum olur ki, mənzilin kvadratmetrinin maya dəyəri şərtlərdən asılı olaraq dəyişir: “Yerindən, ərazisindən asılı olaraq maya dəyər artır. Sırf tikintini nəzərə alsaq, maya dəyər 170 manat təşkil edir. Amma torpağı, digər xərcləri əlavə etsək, kvadratmetrin dəyəri 334 manata çatır.

Şəhərin mərkəzində torpağın baha olduğunu nəzərə alsaq, maya dəyər 1000-1200 manat təşkil edir. Kənara getdikcə maya dəyər aşağı düşür”. Buradan da göründüyü kimi, zonalar arası qiymət tarazlığının pozulması təkcə ekspertin dediyi kimi kommunal təsərrüfatın, infrastrukturun yaxşılaşması ilə bağlı deyil. Normalda bu psixoloji amillər qiymətlərə 20-30 faiz təsir etməli olduğu halda alqı-satqı şikətləri rəqəmi 50 faizə çatdırırlar. N.İbrahimovun sözlərinə görə, ilin əvvəlindən ümumi mənzil bazarında 16,96 faiz artım baş verib: “Bu həm ilkin, həm təkrar bazara aiddir. İlin sonuna qədər bahalaşma bir qədər də güclənəcək”.

O ki qaldı artıma təsir edən amillərə, N.İbrahimov deyir buna əhalinin alıcıqlıq qabiliyyəti, kredit imkanları, eləcə də inflyasiya təsir edir: “Məsələn, Rusiya və Ukrayna arasındakı qarşıdurmanın da bahalaşmada payı var. Ümumən tələblə təklif tarazlığı pozulub. Tələb bir tərəfdən artırsa, təklif azalıb. Mənzil tikintisində bir neçə ildir azalmalar müşahidə olunur. Son nəticədə bazarda təklifin sayı azalır”. “Qiymətin yüksək həddi ərazinin biznes aktivliyindən çox asılıdır”. Ekspert Bakının Avropa ölkələri ilə müqayisə olunacaq qədər bahalı mənzil bazarına sahib olması yönündə fikirlərlə razılaşmır: “Avropanın elə ölkəsi var ki orada kvadratmetrin qiyməti 40 min dollara çatır. Bizdə elə qiymətlər yoxdur. Maksimal qiymət 5000 manatdır. Qiymətin yüksək həddi ərazinin biznes aktivliyindən çox asılıdır. Çoxları iddia edir ki, İstanbulda evlər Bakıdan ucuzdur. Lakin İstanbulun elə əraziləri var orada kvadratmetr 10 min manat təşkil edir. Ümumilikdə Azərbaycanı Türkiyə ilə müqayisə ediriksə bura regionları da əlavə etməliyik. Qonşu ölkənin regionlarında mənzillərin kvadratmetrinin orta qiyməti 600 dollar, bizdə 350-400 dollar ətrafındadır”.

P.S.Yazı çapa hazırlanarkən bir şokedici xəbər də aldıq: "Sahil" metrostansiyasının üstündəki məşhur binada mənzilin bir kvadratmetri 17 min manata satılır!

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm