Növbəti “elektromaydan” Gürcüstanda baş verə bilər
Bizi izləyin

Dünya

Növbəti “elektromaydan” Gürcüstanda baş verə bilər

Ötən ay Ermənistanda yaşanan “elektromaydan” Gürcüstanda da baş verə bilər.


Publika.az xəbər verir ki, Gürcüstanın energetika naziri Kaxe Kaladze avqustun 1-dən etibarən ölkədə elektrik enerjisinin 22 faiz qalxacağını bildirib. Onun sözlərinə görə, tariflərin artımı ilk növbədə Gürcüstanı elektriklə təmin edən “Energi-Pro Georgia” şirkətinin abunəçilərinə toxunacaq.


“Biz güman edirik ki, alınan enerji ilə nisbətdə tariflərin artımı qaçılmaz olacaq”, - deyə o bildirib.


Artıq regionların enerji ilə təminində tariflərin artımı haqda qərar qəbul olunub. Hökumət maddi cəhətdən çətinlik çəkən ailələrə bu məsələdə yardım edəcəyinə söz verib. Ekspertlər hesab edir ki, vəziyyət İrəvandakı kimi ola bilər.


Qeyd edək ki, iyunun 17-də Ermənistanda elektrik enerjisinin qiyməti 16 faiz qalxıb, kv/saatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır. Yeni artımla insanlar orta əmək haqqının 10 faizini elektrik enerjisinə verməlidir. Əhali buna etiraz olaraq iyunun 22-də küçələrə çıxdı. Lakin polis bir neçə gün ardıcıl güc tətbiq etməklə etirazları dağıtdı. Dünya mətbuatı Ermənistanda baş verənləri “elektromaydan” olaraq adlandırdı.

Gürcüstanda Strateji araşdırmalar institutunun rəhbəri Pyotr Mamradze isə hesab edir ki, “elektromaydan” təhlükəsi bu ölkədə də mövcuddur: “Lakin bunun yaxın vaxtlarda baş verəcəyini demək hələlik tezdir. Hökumət ən kasıb ailələrinə güzəşt edəcəyini açıqlayıb. Bu o deməkdir ki, hökumət belə bir təhlükəyə qarşı öz addımlarını atacaq. Hər şey tariflərin artmasından sonra əhalinin verəcəyi reaksiyadan asılıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm