Arvadından gələn zəngə görə rəsmi müzakirələri dayandırdı - Nazirin kitabında daha nələr var?
Bizi izləyin

Dünya

Arvadından gələn zəngə görə rəsmi müzakirələri dayandırdı - Nazirin kitabında daha nələr var?

ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeytsin "Duty: Memoirs of a Secretary at War" ("Vəzifə: döyüşdəki nazirin xatirələri") adlı kitabını dünən satışa çıxardı. Kitabda irəli sürülən iddialar isə hələ keçən həftə gündəm yaratmışdı. R.Qeyts kitabında prezide

ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeytsin "Duty: Memoirs of a Secretary at War" ("Vəzifə: döyüşdəki nazirin xatirələri") adlı kitabını dünən satışa çıxardı. Kitabda irəli sürülən iddialar isə hələ keçən həftə gündəm yaratmışdı. R.Qeyts kitabında prezident Barak Obamanı Əfqanıstan müharibəsində tutduğu mövqeyi ilə bağlı sərt tənqid etmişdi.

Həm Obama dövründə, həm də bir əvvəlki prezident Corc Buş dövründə Müdafiə Nazirliyi postunda olan Qeyts kitabında 2010-cu ilin əvvəllərində prezidentin "öz strategiyasına inanmadığını, bu döyüşü öz döyüşü olaraq görmədiyini, onun üçün tək əhəmiyyətli şeyin oradan çıxmaq olduğu" istiqamətində qənaətə gəldiyini ifadə edir.

“İsrailin geri addımlar atma zamanı olmadığını söylədim”

Satışa çıxarılan kitabda keçmiş müdafiə nazirinin Türkiyə ilə bağlı xatirələri də yer alıb. Qeyts İsrailin “Mavi Mərmərə” əməliyyatının strateji olaraq səhv olduğunu, israilli həmkarlarını Türkiyə ilə barışmağa təşviq etdiyini yazır.R.Qeyts kitabın “Çətin düşmənlər, çətin dostlar” hissəsində İsrail və Türkiyədən bəhs edir. Qeyts “İsrailin strateji vəziyyətinin pisləşdiyini, hərəkətlərin onun təcrid olunmasına fayda təmin etdiyini düşünürəm” yazır. O, “Mavi Mərmərə” hadisəsini nümunə göstərir. “İsrailin 31 May 2010-cu ildə Qəzzaya gedən gəmiyə hücum etməsi və bunun nəticəsində 8 türkü öldürməsi İsraillə səssiz bir şəkildə hərbi əlaqələr yaradan Türkiyə ilə münasibətlərinin pisləşməsinə səbəb oldu”, - kitabda qeyd olunub.

İsrailin güclü bir dostu və dəstəkçisi olaraq strateji vəziyyətini yenidən düşünməsinin lazım olduğuna inandığını bildirən ABŞ-ın keçmiş müdafiə naziri 2011-ci il mart ayında İsrailə səfərində İsrail müdafiə naziri Ehud Barakı da Türkiyə mövzusunda xəbərdar etdiyini vurğulayır. Qeyst “Bir dost olaraq İsrail üçün indi geri getmək deyil, bölgədə daha cəsur addımlar atmağın -Fələstinlə sülh prosesində irəliləmə, Türkiyə ilə barışıq və İordaniyaya yardım etmə zamanı olduğunu söylədim” deyir.

İran məsələsindən daha vacib zəng

R.Qeyts Fransanın keçmiş prezidenti Nikolas Sarkozi ilə əlaqədar maraqlı bir xatirəsini yazıb. 2010-cu il Qeyts və Sarkozi İranın nüvə proqramını müzakirə etdiyi vaxtda Fransa prezidentinin mobil telefonuna zəng gəlir. Sarkozi telefonu açaraq həyat yoldaşı Karla Bruni ilə danışır. Qeyts kitabında daha əvvəl bir dövlət başçısının toplantıya şəxsi telefon danışığı ilə fasilə verdiyini nə gördüyünü, nə də eşitdiyini qeyd edib.

“Türkləri razı sala bilmədik”

R.Qeyts kitabın İraq müharibəsi ilə bağlı hissəsində 2007-ci ildə Türkiyənin PKK-ya görə yaşadığı problemlərə də toxunur. Qeyts Türkiyənin əməliyyatlara başlaması ilə vəziyyətin “nəzarətdən çıxmağa çox yaxın hala gəldiyini” söyləyir. O, bu müddəti belə qeyd edir: “General David Petraus türk və Amerikan güclərinin səhvən qarşılaşmasına maneə olmaq üçün heç olmasa bizi əvvəlcədən xəbərdar etmələri barədə razı salmağa çalışdı. Ancaq türklər təsadüf hallarda və ümumiyyətlə sonradan xəbər verirdilər. Türkiyənin hava hücumlarının bəziləri İran sərhədinə çox yaxın idi. İranlılar cavab vermək üçün hazırlıq görürdü. Bizim əsas narahatlıqlığımız Türkiyə və Amerikan təyyarələrini bir-birindən ayıra bilməmək ehtimalı ilə bağlı idi”.

Qeyts bunun Türkiyə-ABŞ əlaqələrinə təsirindən də danışıb: “Türklərə kürd terrorçuları ilə mübarizədə yardım edə bilməməyimiz və digər ikitərəfli məsələlər əlaqələrdə həqiqətən də bir enişə səbəb oldu. Əlaqələr ancaq Ankaranı terrorçuları daha qəti şəkildə hədəf ala biləcək yeni kəşfiyyat texnologiyalarla təmin etdikdən, Kürdüstan liderlərini Türkiyə daha yaxın əməkdaşlıq etməyə razı saldıqdan və prezident Buşun baş nazir Ərdoğanla daha əhatəli bir əməkdaşlıq planı qəbul etməsindən sonra düzəlməyə başladı”.

Ərdoğana “müharibə ola bilər” xəbərdarlığı

Qeyts İranın nüvə proqramına qarşı bölgədəki ölkələrə inkişaf etmiş raketdən müdafiə sistemləri və silahlar sataraq hərbi əlaqələri gücləndirmək qərarı verdiklərini bildirir. O, 2010-cu il fevral ayında Türkiyəyə etdiyi səfərində baş nazir Ərdoğan ilə İran məsələsini müzakirə etdiyini söyləyir. Qeyts “Hər zaman olduğu kimi diplomatik üslubumla iranlıların nüvə silahı əldə etmək niyyətindən imtina etməyəcəyi halda bölgədə nüvə silahlanmasının qaçılmaz olacağı, İsrailin hərbi addımlar atacağı və bölgədə yeni bir müharibənin başlaya biləcəyi ilə bağlı baş naziri xəbərdar etdim” deyir.

Qeyts raketdən müdafiə sistemi ilə bağlı Ərdoğanla etdiyi söhbət haqqında bunları yazıb: "Ərdoğan Türkiyəni qoruya biləcək raketdən müdafiə sistemləri ilə maraqlanırdı. Ancaq bunun İran kimi hər hansı bir təhdidə qarşı deyil, müttəfiqlər arasında “ortaq təhlükəsizlik” adı altında tərtib edilməsini istəyirdi. Ərdoğan İranı provokasiyaya çəkəcək biləcək hər mövzuda çox ehtiyatlı idi”.

Robert Qeyts kimdir

70 yaşlı Qeyts 1966-cı ildə ABŞ Kəşfiyyat Təşkilatına (CIA) daxil olub. Burada yüksələn Qeyts 1991-93-cü illərdə təşkilatın direktoru vəzifəsində çalışıb. Müxtəlif dövrlərdə Ağ Ev Milli Təhlükəsizlik Şurasında işləyən Qeyts Corc Buşun prezidentliyi dövründə - 2006-cı ildə müdafiə naziri olub. Barak Obama prezident olduqdan sonra 2011-ci ilə qədər Qeytsi bu postda saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm