“Qərb gələndə heç olmasa həm “pryanik”, həm də “qamçı” gətirir” - Müqayisə
Bizi izləyin

Dünya

“Qərb gələndə heç olmasa həm “pryanik”, həm də “qamçı” gətirir” - Müqayisə

“Qərb gələndə heç olmasa həm “pryanik”, həm də “qamçı” gətirir”-maraqlı müqayisə

REAL hərəkatının icraçı katibi Qərb və Rusiya arasında maraqlı müqayisə aparıb.

Publika.Az xəbər verir ki, liberal mövqeyi ilə daha çox Qərbyönümlü hərəkatın rəsmisi bildirib ki, bəzi insanlar Rusiyanı tənqid edəndə havalanırlar, həmən Qərb dövlətlərinin etdiklərini yada salırlar: “Heç kim demir ki, Qərb süddən çıxmış ağ qaşıqdır, xeyr, elə deyil, son 100 ildə Qərb dövlətləri bir çox qətliamlara, insan haqq və azadlıqlarının tapdalanmasına yol veriblər. Amma, Rusiyadan fərqli olaraq, bir çox hallarda işğal etdikləri, təcavüz etdikləri ölkələrə orta və uzun vadədə xoşbəxtlik və tərəqqi də gətiriblər. Rusiyanın belə bir uğuru yoxdur, tam tərsi, ayaqları dəyən yerə bədbəxtlik, konfliktlər gətiriblər”.

Onun sözlərinə görə, Rusiyanın caynağından son 100 ildə 2 dəfə qaçmağı bacaran Finlandiya indi dünyanın ən xoşbəxt və inkişaf etmiş 5 ölkəsindən biridir.

“ABŞ, Qərb Koreyada Rusiya və Çinlə vuruşdular, Cənubi Koreya Qərb təsirinə keçdi, Şimali Koreya isə Rusiya, sonra da Çin təsirində qaldı. İndi Cənubi Koreya dünyanın yeni model “imperiyasıdır”, öz malları, məhsulları, elmi, texnikası ilə dünyanı “işğal” edib, Şimali Koreyada isə axmaq, insan şüuruna yad, vəhşi bir rejim qurulub. ABŞ 2-ci dünya müharibəsindən sonra Qərbi Avropanı, Qərbi Almaniyanı, Yaponiyanı öz təsiri altına aldı, kömək etdi, indi bu ölkələr, əsas da, Almaniya və Yaponiya dünyanın ən inkişaf etmiş 3 ölkəsindən biridir.

Rusiya isə Şərqi Avropanı istila etdi və hələ də bu ölkələr o işğalın zibillərini təmizləyib, normal inkişafa gedə bilmirlər, Bolqariya kimi, Rumıniya kimi ölkələr hələ də çapalayırlar ki, rus-sovet sisteminin ənənələrini sındıra bilsinlər. Onlara bu işdə yenə Qərb kömək etdi.

Əfqanıstanı Rusiya da istila etdi, 10 il saxladı, ABŞ və Qərb dövlətləri də işğal etdilər. Rusiya işğalı 1 milyondan çox əfqanın ölümünə səbəb oldu, Qərblilərin də istilası ölümsüz ötüşmədi, amma, Qərb orada bir sistem qurdu, azad seçki keçirildi, 2 dəfədən artıq prezidentliyə qadağa gəldi, müxalifət seçkidən qalib çıxdı. İraq işğalında da Qərb çox eybəcər işlər gördü, amma, indi İraqda koalision hökumətdir, azad seçki keçirilir, söz və mətbuat azadlığı MDB ölkələrinin hamısından çoxdur”-deyə o bildirib.

N. Cəfərli bildirib ki, Rusiya işğalı bizə Qarabağ, Gürcülərə Osetiya və Abxaziya, Moldovaya Dnestryanı Respublika, Orta Asiyaya Oş və digər qırğınlar, dərdlər gətirdi: “Ukraynanın vəziyyəti də göz qabağındadır. Bir sözlə, Qərb gələndə heç olmasa, həm “pryanik” gətirir, həm də “qamçı”, Rusiya isə “qamçıdan” başqa alət tanımır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm