“Biz nüvə silahı əldə etmək istəsəydik…” – Tehrandan növbəti mesaj
Bizi izləyin

Dünya

“Biz nüvə silahı əldə etmək istəsəydik…” – Tehrandan növbəti mesaj

“Biz nüvə silahı əldə etmək istəsəydik…” – Tehrandan növbəti mesaj

“Biz sülh məqsədlərinə xidmət edən nüvə texnologiyalasının inkişafına nail olacağıq və böyük millətimiz bu hüquqa malikdir”.

Publika.az – ın İranın “Jamejam online” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri prezident Həsən Ruhani iki gün öncə Vyana şəhərində keçirilən nüvə danışıqlarını şərh edərkən deyib.

O, qeyd edib ki, bütün xalqlar beynəlxalq hüquq qarşısında bərabərdir: “Bu ölkələrdən biri beynəlxalq hüquq qarşısında başqasından üstün deyil. İran xalqı heç vaxt diskriminasiya ilə barışmayıb və bu vəziyyəti heç vaxt qəbul etməyəcək. Eyni zamanda biz heç vaxt hər hansı qeyri-qanuni hərəkətlərə yol verməmişik”.

İran prezidenti qeyd edib ki, bir çox Qərb ölkələri Tehranla nüvə əməkdaşlığından qaçaraq vədlərinə əməl etməyiblər: “Birləşmiş Ştatlar, Almaniya, Fransa və başqa ölkələr heç vaxt bizə verdiyi vədləri yerinə yetirməyib. ABŞ öz vədini pozaraq reaktor üçün yanacaq çatdırmaqdan imtina etdi. Almaniya inqilabdan sonra Buşehr nüvə elektrik stansiyasının tikintisini dayandırdı. Fransa da həmçinin birgə əməkdaşlıq üzrə öhdəliklərindən yayınaraq bizə təmiz uranın alınması üçün lazım olan məhsulu vermədi. İran uranı yalnız reaktor yanacağı üçün zənginləşdirib. Biz demək olar ki, Şərq və Qərbin bütün ölkələrinə kömək üçün müraciət etmişik. İddia edirlər ki, İran İslam Respublikası məxfi şəkildə nüvə silahı hazırlayır. Bu iddialar təmiz uydurmadır. Əgər biz nüvə silahı gizli şəkildə əldə etmək istəsəydik, sentrifuqalar və başqa avadanlıqlar üçün rəsmi şəkildə başqa ölkələrə müraciət etməzdik. Biz dünyaya sübut etmək istəyirdik ki, bizim hədəfimiz hərbi deyil”.

İsrail isə inanmır ki, İranın hədəfi məhz sülh məqsədlərinə xidmət edən nüvə texnologiyasıdır. Rəsmi Təl-Əviv iddia edir ki, İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında aparılan danışıqlar Tehrana nüvə silahı əldə etməsi üçün vaxt qazandırmaqdan başqa bir şey deyil. ABŞ isə hər addımında İsrailin narahat olmamağa çağırır. Vaşinton “altılıq”-İran danışıqlarını narahatlıqla izləyən İsrail və Körfəz ölkələrinə növbəti dəfə səslənib. ABŞ-ın müdafiə naziri Çak Hegel çərşənbə günü Səudiyyə Ərəbistanında müttəfiqlərini sakitləşdirdi: “Mən sizi iki məsələdə inandırmaq istəyirəm. Birinci, bu danışıqlarda regional təhlükəsizlik məsələsi heç bir halda ticarətin predmeti olmayacaq. İkinci, bizim diplomatik həllə üstünlük veririk, amma ABŞ İranın nüvə silah əldə etməməsi və razılaşmanın şərtlərinə riayət etməsi üçün bütün lazımı addımları atacaq”.

Qeyd edək ki, iki gün əvvəl Vyanada İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar keçirilib. Danışıqların əsas mövzusu İran və “altılıq” ölkələri arasında yekun sazişin hazırlanması olub. Diplomatik mənbələr tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasında irəliləyişin əldə olunduğunu bildirib.

Bildirilir ki, yekun sazişin 20 İyul tarixinə qədər imzalanması mümkün ola bilər. Bu halda İrana qarşı tətbiq olunan sanksiyalar tədricən qaldırılacaq. Danışıqlarda irəliləyiş həm də Ukrayna böhranı ilə izah edilir. Məlumdur ki, Ukrayna böhranından sonra Avropa Birliyi Rusiyadan enerji asılılığının azaldılması ehtiyacını daha çox hiss etməyə başlayıb. İranın qaz ehtiyatları isə Avropanın bu istəyinin yerinə yetirilməsinə kömək edə bilər.

ABŞ-ın yüksək vəzifəli bir məmuru isə yekun razılaşmanın hazır olması barədə mətbuatda yayılan informasiyaları təkzib edib. İran, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nümayəndələrinin bu həftə sənədin mətninin üstündə işə başladığını deyən məmur qeyd edib ki, bu, sənədin hazır olduğunu deməyə əsas vermir. O, qeyd edib ki, İranın uranın zənginləşdirilməsi üzrə gələcək fəaliyyətinin miqyası, uranın qarışıq metallardan təmizlənməsi üçün avadanlığın təkmilləşdirilməsi, sanksiyaların aradan qaldırılması templəri, razılaşmanın qüvvədə olacağı barədə məsələlər problem olaraq qalır. Bundan başqa, Vaşinqtonda hesab edirlər ki, İranın raket proqramı da yekun razılaşma paketinin tərkib hissəsi olmalıdır.

Eyni zamanda, Rusiyanın “altılıq”dakı nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov son danışıqlarda iki məsələ üzrə razılaşma ehtimalının daha az olduğunu deyib. “Bunlardan biri İranın "Arak" nüvə zavodundakı ağır su reaktorudur. Qərb ehtiyat edir ki, ağır su reaktorundan plutonium bombasının yaradılması üçün istifadə edilə bilər. Digər bir məsələ isə MAQATE-nin nüvə obyektlərində yoxlamalar həyata keçirməsidir”, - diplomat qeyd edib. Onun sözlərinə görə, danışıqların indiki mərhələsində hazır mətni gözləmək qeyri-realdır.

İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçi bildirib ki, ölkəsi iyul ayına qədər razılaşmaya nail olmağa tamamilə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm