• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kremlin geosiyasi “B planı” – İrəvan oturmağa yer axtarır

  • Dünya
  • 26 May 2014 14:53
  • 781 Baxış
Kremlin geosiyasi “B planı”  – İrəvan oturmağa yer axtarır

Son günlər erməni mətbuatının gündəmində olan əsas məsələlərdən biri də Ermənistanın Gömrük Şurasına daxil olacağı halda bunun Dağlıq Qarabağla, yoxsa Dağlıq Qarabağsız baş verəcəyidir. Söhbət Ermənistan və “Dağlıq Qarabağ Respublikası” sərhədində gömrük məntəqələrinin qurulub-qurulmayacağından gedir.

Bu məsələdə Gömrük Şurasının hazırkı üzvləri olan Rusiya, Qazaxıstan və Belorus Ermənistandan fərqli düşünür.

Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-politoloq Sergey Markov erməni mətbuatına müsahibəsində bildirib ki, Rusiya bu gün Ermənistanı Qarabağla birlikdə Gömrük Şurasına daxil edə bilmir. O, bunu Rusiyanın Azərbaycanı da Gömrük Şurasına cəlb etmək istəyi ilə izah edib.

S.Markov hesab edir ki, Ermənistanın Qarabağla birlikdə Gömrük Şurasına Qarabağın tanınması demək olardı. “Hesab edirəm ki, Rusiyanın bu məsələdə mövqeyi aydındır. Yalnız Ermənistan Gömrük Şurasına daxil olacaq”, - politoloq ifadə edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Gömrük Şurasına üzvlük prosesinə başlamaqda bir qədər tələsib. Rusiyalı ekspert Ermənistanın rəhbərliyinin hələ birmənalı qərar qəbul etmədiyini deyib: “Ermənistanın rəhbərliyi tərəfindən səsləndirilən bəyanatları nəzərə alaraq deyə bilərəm ki, Ermənistanın Gömrük Şurasına üzvlüyü uzunmüddətli, hətta sonsuz proses ola bilər”.

Dövlət Dumasının keçmiş deputatı həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi Rusiya-Qərb mübarizəsində məhz kimin qalib gələcəyini hələ bilmir və ona görə də prosesi müvəqqəti dondurmağa, Gömrük Şurasına üzvlük məsələsində tələsməməyə qərar verib. Yəni, Ermənistan rəhbərliyi hesablayır ki, ABŞ və Avropa Birliyi bu layihələri məhv edə bilər. Yəni, Ermənistan pauza götürüb”.

Bir neçə gün əvvəl Rusiya, Belorus və Qazaxıstan ekspertlərin qoşulduğu telekörpü zamanı da bu fikir ifadə olundu ki, Gömrük Şurasında Dağlıq Qarabağa yer yoxdur.

Ermənistan parlamentinin xarici işlər üzrə komissiyasının rəhbəri Artak Zakaryan isə bildirib ki, Dağlıq Qarabağ coğrafi baxımdan Avrasiya iqtisadi məkandadır və məsələnin həllində bu amil nəzərə alınmalıdır. Ermənistan baş naziri Ovik Abramyan Ermənistan və Qarabağın vahid məkan olduğunu bildirib və işarə edib ki, Ermənistan və Qarabağ arasında gömrük məntəqələri ola bilməz. Rusiyanın bir sıra siyasi ekspertləri isə rəsmi İrəvanın bu mövqeyini Moskvanın inteqrasiya layihələrindən imtina kimi qiymətləndirdilər.

Erməni mətbuatına müsahibəsində Şərq Əməkdaşlığının Vətəndaş Cəmiyyəti Forumunun Ermənistan üzrə milli koordinatoru Boris Navasardyan isə hesab edir ki, Ukrayna hadisələrindən sonra Rusiyanın ambisiyalarının konkretləşməsi baş verir. “Yəni, Rusiya A planından başqa planlara müraciət etməyə məcbuddur. Təbii ki, müxtəlif perspektivlər planlaşdırılır, həmçinin Ermənistanla bağlı. Güman etmək olar ki, yeni planlarda Avrasiya inteqrasiya layihələrinə Ermənistanı cəlb etmək mənasız olacaq. Çünki, Ermənistanın bu layihələrdə iştirakı həmişə siyasi və simvolik əhəmiyyətə malik olub”, - erməni ekspert bildirir.

Onun sözlərinə görə, əgər yeni imperiyanın formalaşması perspektivləri dumanlı və ya qeyri-mümkündürsə, Rusiya iqtisadi əməkdaşlıq üçün Ermənistanın olmadığı Gömrük Şurası ilə kifayətlənə bilər. Ekspert əsas maneənin siyasi xarakter daşıdığını bildirir: “Bu ittifaq Ermənistan üçün iqtisadi əhəmiyyətə malik deyil. Hətta Belarus və Qazaxıstan arasında ciddi maneələr var. Onlar Gömrük Şurasında Ermənistanı görməkdə maraqlı deyil. Çünki, ortaya belə bir sual çıxır: Niyə mən şərtləri yüz faiz yerinə yetirməliyəm, başqası, yəni Ermənistan 50 faiz yerinə yetirməlidir. Digər bir maneə siyasi şəraitlə bağlıdır. Belarus və Qazaxıstan üçün bu ilk növbədə Qarabağ məsələsinə görə Azərbaycanla siyasi problemlərin yaranması perspektividir. Bu ölkələr Azərbaycanla daha sıx münasibətdədir, nəinki Ermənistanla. Rusiya və Azərbaycan arasındakı sıx əməkdaşlığı da yaddan çıxarmaq olmaz”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR