NATO və Rusiya orduları Avropada qarşı-qarşıya gəldi
Bizi izləyin

Dünya

NATO və Rusiya orduları Avropada qarşı-qarşıya gəldi

NATO və Rusiya orduları Avropada qarşı-qarşıya gəldi

Rusiya Federasiyası Qərb hərbi dairəsinin komandanlığı altında Avropada genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təlimlər Kalininqrad vilayəti və Baltika dənizində keçiriləcək.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda təlimlərin eyni vaxtda Avropada başlamış “Saber Strike-2014” və “BALTOPS-2014” beynəlxalq təlimlərinə cavab olduğu bildirilib.

Qeyd edək ki, dünən “Saber Strike-2014” adı altında NATO-nun Litva, Latviya, Estoniya və Polşada genişmiqyaslı beynəlxalq təlimlərinə start verilib. Hərbi manevrlərdə 9 ölkədən 2 minə yaxın hərbçi iştirak edir. Təlimlər iyunun 20-nə qədər davam edəcək. NATO-nun “Saber Strike-2014” hərbi təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır.

Eyni vaxtda Baltik dənizi, Danimarka və İsveçin dəniz sularında hələ iyunun 6-da başlayan “Baltops-2014” adlı beynəlxalq təlimlər davam edir. Bu hazırlıq prosesində Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniyanın gəmi və hərbi təyyarələri iştirak edirlər. Bu manevrlər isə iyunun 21-də başa çatacaq.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Kalininqrad vilayətində keçirilən hərbi təlimlər şəxsi heyətin sayı, silahlar və hərbi texnikanın miqdarı baxımından NATO təlimləri ilə müqayisə edilə bilər. Baltika donanmasının gəmiləri təlimlərdə Rusiya Federasiyası dövlət sərhədinin mühafizəsi ilə məşğul olacaq, dəniz kommunikasiyalarının müdafiəsi, sualtı qayıqlar və şərti rəqibin suüstü gəmilərinin məhv edilməsi işini yerinə yetirəcək.

“Baltika donanmasını havadan “Su-34” qırıcı-bombardmançıları və “Mİ-24” vertolyotları, həmçinin Rusiyanın mərkəzindən Kalininqrad vilayətinə köçürülən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 1-ci komandanlığı dəstəkləyəcək. “Tu-22M3” uzaq aviasiya bombardmançıları hava patrul xidməti ilə Baltika dənizinin akvatoriyası üzərində məşq uçuşları seriyasını yerinə yetirəcək”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi dairəsinin son 10 gün ərzində keçirdiyi ikinci hərbi təlimlərdir. Bu ayın əvvəlində Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi dairəsi böyük uçuş məsafəsinə malik silahlarla hərbi təlimlər keçirmişdi.

Təlimlərdə böyük uçuş məsafəsinə malik yüksək dəqiqlikli silahlarla təchiz edilmiş Rusiya Silahlı Qüvvələrinin döyüş imkanları yoxlanılmışdı. Təlimlərə Qərb hərbi dairəsinin raket birləşmələrindən biri cəlb edilmişdi. Hansı ki, sözügedən raket birləşməsinin silahlanmasına “İskəndər" operativ-taktiki raket kompleksi və uzaq aviasiya təyyarələri daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm