Üzvlük, yoxsa “xüsusi status”? – Tiflis və Kiyev xilas yolu axtarır
Bizi izləyin

Dünya

Üzvlük, yoxsa “xüsusi status”? – Tiflis və Kiyev xilas yolu axtarır

Ukraynada vəziyyətin proqnozlaşdırılmayan bir hal aldığa vaxtda Uelsin Kardif şəhərində NATO-nun sammiti başlayır. Heç şübhəsiz ki, sammitdən ən çox gözləntiləri olan elə Ukraynanın özü, o cümlədən ərazisində iki “dövlət” yaradılan Gürcüstandır.

Hər iki dövlətin quruma üzvlüyü ilə bağlı söhbətlərin uzun illərdir ki davam etməsinə baxmayaraq, Rusiya və Qərb arasındakı indiki qarşıdurmanın fonunda bu, real görünmür. Qərbin özü də nümayiş etdirir ki, Ukrayna və Gürcüstanı NATO-ya cəlb etməklə qarşıdurmanın daha da genişlənməsində maraqlı deyil.

Əlbəttə, həm Gürcüstan, həm də Ukrayna çox istəyərdi ki, günü bu gün NATO-ya üzv olsun. Rusiyanın hərbi maşını bu ölkələri çox qorxudub və yeganə təhlükəsizlik çətiri NATO-dur. Amma yuxarıda da qeyd etdiyimiz kimi, indiki geosiyasi situasiyada bu mümkün görünmür.

Bunu Ukrayna rəhbərliyi də başa düşür. NATO-nun Uels sammitindən gözləntiləri barədə danışan Ukrayna baş naziri qeyd edib ki, hərbi alyansdan “blok xarici xüsusi ortaqlıq statusu” almaq əsas hədəfdir.

Gürcüstanın hədəfləri isə daha böyükdür. Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili Londonda “Azadlıq” radiosuna açıqlamasında NATO-nun Uelsdə keçiriləcək sammitində quruma üzvlük üçün xahiş edəcəyini deyib. O həmçinin bildirib ki, NATO tərəfindən Gürcüstanın üzvlüyü ilə bağlı qərarın qəbulunun o qədər də asan olmadığını başa düşür. NATO rəhbərliyi isə Uelsdə sammitin qurumun genişləndirilməyəcəyini bəyan edib. İttifaqın nümayəndələrinin sözlərinə görə, NATO Gürcüstana əməkdaşlıq təklif edəcək və bu, onun təşkilatla yaxınlaşmasına kömək edəcək. Hərbi alyansın təklif edəcəyi əməkdaşlıq formatı isə “blok xarici xüsusi ortaqlıq statusu” səviyyəsindədir.

Gürcü ekspertlərinin özləri də Gürcüstan və Ukraynaya NATO-nun partnyoru olaraq “xüsusi status”un verilməsini istisna etmirlər. Həm Kiyevə, həm də Tiflisə eyni təhlükələrin olduğunu bildirən gürcü ekspertləri indiki vəziyyətdə bunu məqbul hesab edirlər. Rusiyalı ekspert Viktor Litovkin isə hesab edir ki, “xüsusi status” Ukrayna və Gürcüstanın gözlədiyi kimi NATO-nun köməyinə zəmanət vermir.

Cürcüstanın NATO-ya üzvlüyü ittifaqın 2008-ci ilin aprelində keçirilən Buxarest sammitində fəal müzakirə edilib. Ancaq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin 2 dekabr 2008-ci ildə keçirilən Brüssel toplantısında Gürcüstana üzvlük üzrə Fəaliyyət Planı verilmədi. 2013-cü ilin oktyabrında NATO-nun baş katibi Andres Foq Rasmussen 2014-cü ildə Gürcüstan NATO-ya üzv olmayacağını bildirdi. Daha əvvəl isə deyilirdi ki, NATO ölkələri Gürcüstanı qəbul etməyə hazırdır, ancaq Abxaziya və Cənubi Osetiya problemi buna mane olur. Xatırladaq ki, 2008-ci ilin yanvarında, Rusiya-Gürcüstan müharibəsindən təxminən 7 ay əvvəl keçirilən referendumda da əhalinin 77 faizi NATO-ya üzvlüyü dəstəklədiyini ifadə edib.

Sentyabrın 3-də Ukrayna hökuməti ölkənin neytrallıq statusunun ləğvi və NATO-ya üzvlük kursunun qəbulu ilə bağlı qanun layihəsini bəyənib. Ukraynanın baş naziri A.Yasenyuk bildirib ki, NATO bloku Kiyevə “xüsusi partnyor statusu” verməyə məcburdur. O həmçinin ümid etdiyini deyib ki, ABŞ Ukraynaya əsas müttəfiq statusu verəcək.

Rusiyalı ekspert V.Litovkin Gürcüstan ərazi problemlərinə görə NATO-ya üzvü ola bilməyəcəyini bildirir. Onun sözlərinə görə, NATO-ya əlavə başağrı lazım deyil. “Klassik nümunə kimi Rumıniya və Macarıstan arasındakı mübahisəni göstərmək olar. Ölkələr Transilvaniyaya görə mübahisə edirdilər. Bunun nəticəsində də NATO nə Macarıstanı, nə də Rumıniyanı yaxına buraxmadı”, - ekspert xatırladıb.

Gürcüstan və Ukraynaya xüsusi statusun verilməsinə gəlincə, rusiyalı ekspert təxminən 15 dövlətin ona malik olduğunu və statusun mənəvi zövqdən başqa, onlara heç nə vermədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm