Çin Avropanı dondurmağa qərar verib
Bizi izləyin

Dünya

Çin Avropanı dondurmağa qərar verib

Çin “Cənub qaz dəhlizi”nə Türkmənistanı cəlb etməyə çalışan ABŞ-ın müvəffəqiyyətsiz cəhdləri fonunda bu ölkədən “Mərkəzi Asiya-Çin” qaz kəmərinin dördüncü budağını inşa etməyə başlayıb.

Publika.az-ın politrus.com saytına istinadən verdiyi məlumata görə, qaz kəmərinin Tacikistan hissəsinin təməlqoyma mərasimində Tacikistan prezidenti Emomali Rahmon və Çin Xalq Respublikasının sədri Si Tszinpin iştirak edib.

Türkmənistandan başlayacaq kəmər Özbəkistan, Tacikistan və Qırğızıstan ərazisindən keçəcək. Kəmərin 2016-cı ildə istismara verilməsi planlaşdırılır. "Mərkəzi Asiya-Çin” kəmərinin A və B budaqları Çinə il ərzində 29 milyard kubmetrdən çox mavi yanacaq ötürür. 2013-cü ilin may ayında kəmərin C budağı işə salınıb. Onun ötürücü gücü isə 25 milyard kubmetrdir. Yeni D budağı isə il ərzində ötürücü qabiliyyəti 35 milyard kubmetr olmaqla ən güclüsü olacaq.

Proqnozlara görə, 2020-ci ildə Çinin təbii qaza olan tələbatı 400-420 milyard kubmetr qədər artacaq. Türkmənistanla yanaşı, Çinin artan tələbatını Rusiya da ödəyəcək. Sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin ildə 38 milyard ötürücü qabiliyyəti olan “Sibirin gücü” boru kəmərinin təməlqoyma mərasimində iştirak edib. Bu Avropanı Rusiya qazından imtina etməyə məcbur edən ABŞ-a Kremlin cavabı oldu.

Heç də təsadüfi deyil ki, “Yaxın gələcəkdə ABŞ-ın dünyadakı əsas rəqibi Rusiya deyil, Çin olacaq” fikirləri son illər daha tez-tez eşidilir. Dünyanın enerji ehtiyatlarına nəzarət etmək üçün ABŞ-ın xüsusi güc sərf etdiyi bir vaxtda Çinin zəngin enerji ehtiyatlarına sahib Orta Asiyada güclənməsi Vaşinqtonda sakit qarşılana etməyə bilməz.

Orta Asiya beynəlxalq ticarətdə, xüsusilə Çinlə ticarətdə kiçik rol oynayır. Regionun əhalisi 70 milyona belə çatmır, bu isə İranın əhalisindən də azdır. Bununla belə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın olduğu region ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri işləyən Sbiqnev Bjezinskinin sözləri ilə desək, “Avrasiya Balkanı”dır. Bu müqayisə Orta Asiyanın strateji mövqeyini bariz şəkildə göstərir.

Avropa və Asiya arasındakı strateji mövqeyi Orta Asiyaya aşkar üstünlük təmin edir. Region zəngin enerji resurslarına malikdir. Hələ 1990-cı illərdə ABŞ Dövlət Departamenti Fars körfəzinin bəzi ölkələrinin enerji resurslarını Qazaxıstanın sahib olduğu ehtiyatlarla müqayisə edirdi, bəzi məmurlar isə Qazaxıstanı “ikinci Səudiyyə Ərəbistanı” adlandırırdı. Özbəkistan və Türkmənistan da 1991-ci ildə müstəqilliyini elan edən kimi böyük beynəlxalq neft və qaz şirkətlərinin diqqətini cəlb etdi.

Ekspertlər Orta Asiyada Çinin fəallaşmasının ABŞ və Rusiya üçün ciddi nəticələrinin olacağını bildirir. Rusiya 2009-cu ildə Türkmənistan-Çin boru kəmərinin açılması ilə türkmən qazı üzərindəki inhisarçılıqdan məhrum oldu. Bundan başqa Çin Türkmənistanla energetika əlaqələrini möhkəmlədərək “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPİ) qaz kəməri layihəsini sıradan çıxara bilər. Hansı ki, bu kəmər ABŞ-ın layihəsi hesab olunur və onu “dünyanın boru kəməri” də adlandırırlar. Əgər Aşqabad Çinə daha çox qaz satmağa qərar verərsə, TAPİ “həlak” olacaq.

Çin həmçinin İranın bütün qazını da almağa hazır olduğunu bəyan edir. Bu isə İran qazını Rusiya qazına alternativ olaraq düşünən Avropa üçün heç də xoş xəbər deyil.

Ömər Əmirov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm