• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səudiyyə Ərəbistanı və İran bu ölkədə müharibəyə başlayır

  • Dünya
  • 1 Oktyabr 2014 16:34
  • 688 Baxış
Səudiyyə Ərəbistanı və İran bu ölkədə müharibəyə başlayır

Bütün diqqətlər “İslam Dövləti”nin (İŞİD) İraq və Suriyada həyata keçirdiyi işğal və qətliamlara yönəldiyi bir vaxtda Orta Şərqin cənubunda yerləşən Yəmən fərqli bir vətəndaş müharibəsi astanasındadır.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının rəsmi saytında dərc olunan yazıda Yəməndə baş verən vətəndaş qarşıdurmasından danışılır.

Müəllifi Göktürk Tüysüzoğlunun olduğu həmin yazını ixtisarla təqdim edirik.

Yəməndəki bu vətəndaş müharibəsi şiə məzhəbindəki zeydilik inancına söykənən husiler ilə sünnilərin nəzarətindəki hökumət arasında yaşanır. Paytaxt Sananın şimalındakı Saada şəhəri və ətrafında yaşayan husiler sui-istifadə, artan qiymətlər, siyasi təzyiq kimi məqamları önə çəkərək bu ay paytaxta hücum etmiş və Müdafiə Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarını ələ keçirmişdi. Bundan sonra prezident Abdurabbu Mansur Hadi və BMT-nin Yəmən nümayəndəsi, eləcə də ölkədəki digər siyasi qrupların təmsilçilərinin də iştirakı ilə keçirilən danışıqlarda Ənsarullah Hərəkatı (Husilər) və hakimiyyət razılığa gələ bilib.

Yəməndəki bu mübarizə eyni zamanda Səudiyyə Ərəbistanı ilə İran arasında davam edən regional liderlik mübarizəsi kimi qiymətləndirilə bilər.

Yəmənin əhalisinin 55 faizi sünnilər (az qala hamısı şafidir), 45 faizi isə şiələr (böyük bir hissəsi zeydilərdir) təşkil edir. Paytaxtın da daxil olduğu ölkənin şimalı Səudiyyə Ərəbistanıdan verilən iqtisadi yardımlar nəticəsində cənuba nisbətən inkişaf edib. Ancaq Şimali Yəməndə husilerin mərkəzi olan Saada şəhəri və ətrafı istər infrastruktur sərmayələr, istərsə də iqtisadi inkişaf baxımından ölkə üzrə orta göstəricilərindən xeyli geri qalır. Üstəlik, bölgədəki iğtişaşları yatırmaq üçün Yəmənin icazəsi ilə Səudiyyə Ərəbistanı ordusunun xeyli sayda husini öldürdüyü bildirilir. Husilerin bir parçası olan zeydiliyin şiə məzhəbi daxilində olması və buna görə də husiler ilə İran arasında yaxın əlaqələrin olması Səudiyyə Ərəbistanı ilə İran arasındakı regional rəqabəti də gündəmə gətirir.

Yəmən Orta Şərqin cənubunda böyük hissəsi səhra olan bir torpaq parçasıdır. Ancaq bu torpaq parçası çox strateji bir coğrafi mövqeyə malikdir. Yəmən Qırmızı və Oman dənizlərinə, Bəsrə körfəzinə çıxışı olan, Qırmızı dəniz-Şərqi Afrika-Hind Okeanı üzərində olan ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi baxımından strateji bir ölkədir. Cənubi Yəmən uzun müddətdir ki, Yəməndən ayrılaraq əvvəlki statusuna qovuşmaq üçün mərkəzi hökumətlə qarşıdurma vəziyyətindədir. Əli Salamın liderlik etdiyi hərəkat bölgənin iqtisadi cəhətdən inkişaf etməməsini mərkəzi hökümətin yürütdüyü siyasətlə izah edir. Hesab olunur ki, “Əl-Qaidə” ilə mübarizə ancaq müstəqil bir Cənubi Yəmən hökumətinin qurulacağı halda mümkündür.

Yəməndəki daxili vəziyyət bugünkü İraqa olduqca bənzəyir. Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi mərkəzi hökumət isə İranın dəstəklədiyi husilər arasında ziddiyyətlər getdikcə dərinləşir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR