• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Gürcü Arzusu”nda təmsil olunan azərbaycanlı deputat: “İstefalar davam edəcək” - ÖZƏL

  • Dünya
  • 5 Noyabr 2014 17:49
  • 841 Baxış
“Gürcü Arzusu”nda təmsil olunan azərbaycanlı deputat: “İstefalar davam edəcək” - ÖZƏL

Gürcüstan parlamentinin iqtidardakı “Gürcü Arzusu” koalisiyasında təmsil olunan azərbaycanlı deputatı Mahir Dərziyev Gürcüstan hökumətinin bir neçə üzvünün istefaya göndərilməsi məsələsini şərh edib.

Deputat M.Dərziyev Publika.az-a açıqlamasında deyib ki, baş verən istefalar ölkədə aparılan demokratik proseslərlə bağlıdır.

Onun sözlərinə görə, Gürcüstanda koalisiyadan çıxmaq tam azad formada həyata keçirilir: “Bilirsiniz ki, “Gürcü Arzusu” koalisiyasında 6 siyasi partiya təmsil olunur. Onlardan biri olan və müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi Azad Demokratlar Partiyasının koalisiyadan çıxarılması məsələsi gündəmdədir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərib. Bundan sonra Avropa və Avroatlantik inteqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili vəzifəsindən istefa verdi. Bunlar ötən gün oldu. Bu gün isə Gürcüstanın xarici işlər naziri Maya Pandjikidze istefa verdi. Maya Pandjikidze İrakli Alasaniyanın partiyasının üzvü olmasa da, onun yaxın qohumudur. Əslində burada faciə baş verməyib. Bu, təbii və demokratik prosesdir. Bu gün “Gürcü Arzusu” koalisiyasında ən böyük və güclü partiya baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Demokratik Gürcüstan Partiyasıdır. Gürcüstan parlamentində də ən böyük fraksiya bu partiyaya məxsusdur. Çünki 60-a yaxın deputatla təmsil olunur”.

M.Dərziyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə yaxınlığı ilə tanınan İrakli Alasaniyanın “Gürcü Arzusu” koalisiyasına necə qoşulduğunu da açıqlayıb: “2009-cu ildə Gürcüstanda Mixail Saakaşviliyə qarşı böyük xalq hərəkatı başladı. Mən bu hadisələrin içərisində olan bir adam kimi deyirəm ki, 2003-cü ilin dekabrında Mixail Saakaşvili prezident seçilən zaman Gürcüstan əhalisinin 99 faizi ona əl çalırdı. Çünki o dövrdə həqiqətən də Mixail Saakaşvili ölkədə demokratiyanın inkişafı istiqamətində böyük işlər gördü. Ancaq 2006-cı ildən başlayaraq, Mixail Saakaşvilidə diktatorluq və avtoritarizm meylləri yarandı. Bunun nəticəsi olaraq Gürcüstanda 2007-ci ildən başlayaraq müxalifət və xalq hərəkatları formalaşmağa başladı. 2009-cu ilin aprelində bütün Gürcüstan müxalifəti birləşərək Mixail Saakaşviliyə qarşı mitinqlərin başlandığını elan etdilər. O dövrdə mitinqlərə 100-150 min arası insan toplanırdı. Hələ o vaxtı bu mitinqlərə başlanılan zaman artıq Mixail Saakaşvilinin gələcəyi sual altında idi. Hətta Mixail Saakaşvilini yaxından dəstəkləyən Qərb də himayə etdiyi prezidentin və Gürcüstan xalqının gələcəyinin təhlükə altında olduğunu yaxşı görürdü. Ona görə də Qərb Mixail Saakaşviliyə yaxından dəstək verməkdən imtina etdi”.

M.Dərziyev həmçinin qeyd edib ki, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxın əlaqələrinin olması barədə hökumətin əlində müvafiq məlumatlar var: “Mixail Saakaşvilinin gələcək aqibətinin heç də yaxşı olmadığını görən ABŞ bilərəkdən İrakli Alasaniyanın Saakaşviliyə müxalif olan “Gürcü Arzusu” koalisiyasına qoşulmasını istəmişdi. Ona görə də İrakli Alasaniya ABŞ-ın məsləhəti ilə müxalifətə qoşuldu. Ancaq mən sizə tam əminliklə deyim ki, bu gün Mixail Saakaşvilinin hakimiyyətə gəlmə şansı zərrə qədər yoxdur. Mixail Saakaşvili siyasi meyitdir. Hətta onun yaxın gələcəkdə belə hakimiyyətə gəlmə şansı mövcud deyil”.

Deputat bildirib ki, gün ərzində Gürcüstan hökumətinin daha bir neçə üzvünün istefası gözlənilir: “Gün ərzində bir sıra hadisələr baş verəcək. Ancaq onu da deyim ki, İrakli Alasaniyanın rəhbərlik etdiyi partiyanın “Gürcü Arzusu” koalisiyasından çıxarılıb-çıxarılmaması məsələsi hələ məlum deyil. Çünki İrakli Alasaniya müdafiə naziri postundan azad olunub, ancaq onun partiyasının da koalisiyadan çıxarılması dəqiq deyil”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR